Məhkəmə qərarları › İş №2(103)-1822/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1822/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1822/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X2 qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun barəsində olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 07 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsas göstərilməklə imtina edilmiş, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, icra məmurunun qərarlarından iddia vermək yolu ilə deyil, “İcra haqqında” Qanuna əsasən şikayət verilməli olduğundan, iddiaçı müvafiq şikayət ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman da vurğulamışdır ki, sözügedən məsələ yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında (“İcra haqqında” Qanunun XXİ fəslinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində həmçinin müvafiq icraat qaydasını (“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Məhkəmə qərarına əsasən bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı icra məmurunun qərarından şikayət etmiş və onun üzərinə müəyyən vəzifə qoyulmasını istəmişdir; icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi isə “İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. ...Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. Şərh olunanlardan göründüyü kimi, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilərlər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Kollegiya onu da qeyd edir ki, məhkəmə öz qərardadında mövqeyini tam aydın şəkildə izah etmədiyindən iddiaçı şikayətində “işə inzibati məhkəmədə baxılması mümkün deyildir” arqumentini irəli sürmüşdür; buna görə də iddiaçıya izah olunmalıdır ki, o, icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra sənədini vermiş və icraya nəzarət edən müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5587/2022 saylı iş üzrə 07 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar