Məhkəmə qərarları › İş №2(103)-1832/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1832/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1832/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Respublika Perinatal Mərkəzi” X5rşı (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə inzibati icraat qaydasında baxılmalı olması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Respublika Perinatal Mərkəzi” X5rşı (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publlik Hüquqi şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6692/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 3.500 manat, mənəvi zərərə görə 100.000 manat – cəmi 103.500 (yüz üç min beş yüz) manatın cavabdeh “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsdən tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. xx.xx.2022-ci il tarixdə iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2005-ci ilin aprel ayında uşaq dünyaya gətirmək üçün Azarbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinda olan "Respublika Doğum Evi" tibb müəssisəsinə müraciət etmişdir. Həmin ilin aprel ayının 19-dan 20-nə keçən gecə, təxminən saat 03:00 radələrində cərrahiyə əmaliyyatı yolu ilə qız uşağı dünyaya gətirmişdir. Doğuş çətin olduğu üçün əməliyyatdan sonra uşağın sağ olub-olmaması ilə maraqlananda onu əməliyyat edən Nəzakət adlı həkim sarı bir qız uşağının olduğunu demişdir. Müəyyən problemi olduğundan uşaq iki gün ərzində kuvezdə saxlanmış va aprel ayının 22-də onu küvezdə saxlanan otağa apararaq “uşaq hansıdır" deyə soruşduqda, orada olan uşaqlar arasında ağ-sarı dərili uşaq göstərərək onun olduğunu demişdir. Lakin Nəzakət həkim "səhv edirsən" deyərək ona dərisi qara olan qız uşağını göstərərək, "budur səninki" demişdir. Uşaq tibbi əməliyyat yolu ilə və vaxtından əvvəl doğulduğundan xəstəxanada 7 gün saxlanılıb. Evə yazıldıqdan sonra evdə uşağı bələkdən açanda, bələyin içində "Gülnara Mirzəliyeva" sözü yazılan kağız tapıb. Həmin vaxt Gülnarə adlı qadın xəstə qismində onunla eyni palatada olmuşdur və onunla eyni vaxtda qız uşağı dünyaya gətirmişdir. Uşaqların səhv salındığını ehtimal edib dərhal Nəzakət həkimə zəng edib və bu barədə bildirmişdir. Belə bir halın mümkün olmayacağını həkim ona bildirdikdən, habelə ailə üzvləri ilə müzakirələrdən sonra tədricən şübhələrinə son qoyub. Xarici görünüşcə o ağ dərili, həyat yoldaşı bir qədər qara qarabuğdayı olduğu halda hazırda böyütdüyü Mədinə adlı qız uşağı qara dərilidir. Bununla belə, 2005-ci ilin aprel ayında doğulmuş və hazırda 17 yaşı olan Mədinə adlı qızı tibb institutuna hazırlaşan abituriyent kimi oxuduğu tibb ədəbiyyatından öyrənmişdir ki, qan qrupu ilə onların bigə nikahından doğulmuş uşağın qan qrupu arasında müəyyən tibbi uyğunluq var. Odur ki, qızının təkidi və tələbi ilə 2022-ci ilin yanvar ayında o, həyat yoldaşı Ratiq Əkbərov və qızları Mədinə Əkbərli müvafiq analizlər verməklə atalıq va analıq faktının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X6 müraciət ediblər. Adı çəkilən tibb müəssisəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, o1-P/2022- MTBŞ No-li ekspert aktının nəticə hissəsindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq İddiaçı və X2 ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji valideynləri olması faktı inkar olundu. Beləliklə ona məlum oldu ki, 2005-ci ilin aprel ayında həmin vaxt Respublika Doğum Evi", hazırda isə "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsi adlanan tibb müəssisəsində dünyaya gətirdiyi qız uşağı əvəzinə ona bioloji valideynləri başqa şəxslər olan uşaq verilərək evə yazılmışdır. "Respublika Doğum Evi"nin hüquqi varisi hesab olunan cavabdeh "Respublika Perinatal Mərkəzi" X6 ünvanladığı, təqsirli şəxslərin müəyyən olunması, vurulmuş mənəvi və maddi ziyanın ödənilməsinə dair müraciətinə xx.xx.2022-ci il tarixli cavabla bildirilmişdir ki, "Respublika Perinatal Mərkəzi" Azərbaycan Respublikası Səhiyyə nazirinin xx.xx.2009-cu il tarixli, 163 №-İi əmri ilə yaradılmış, xx.xx.2019-cu il tarixli, 147 №-li qərarı ilə X9 çevrilmişdir. Cavabdeh həmçinin diqqətə çatdırmışdır ki, "... şikayət etdiyiniz hadisənin 2005-ci ildə "Respublika Doğum Evi" tibb müəssisəsində baş verdiyi məlum olmuşdur. ... pozuntu törətməkdə təqsirləndirdiyi tibb işçisi "Respublika Perinatal Mərkəzi" PHŞ-də əmək fəaliyyəti göstərmir. Bu səbəbdən müraciəti üzrə əlavə araşdırmanın aparılması mümkün olmamışdır." Onunla eyni palatada olub eyni tarixdə uşaq dünyaya gətirən "Gülnarə" adlı qadınla bağlı məlumat verilməsi barədə şifahi xahişini cavabdeh o əsasla yerinə yetirməmişdir ki, digər şəxs barəsində məlumatların verilməsi qanunla qadağandır. Bununla belə, 2005-ci ilin aprel ayında onunla eyni palatada olan və qız uşağı dünyaya gətirən "Gülnarə" adlı qadını öz şəxsi imkanları hesabına müəyyən etmişdir. Məlum oldu ki, həmin qadın ailə üvləri ilə birlikdə hazırda Saatlı şəhərində yaşayır. Ailə üzvləri arasında bütün xarici əlamətləri ilə ona, həyat yoldaşına və oğluna oxşayan 17 yaşında qız uşağı var. Hazırda böyütdüyü Mədinə adlı qızı isə Saatlı şəhərində yaşayan "Gülnarə" adlı qadının oxşarıdır. İlkin vaxtlar "Gülnarə" və onun həyat yoldaşı bioloji qızı ilə görüşməyə müxtəlif bəhanələrlə maneçilik yaratsalar da, təkidli tələbindən sonra bu maneçilik aradan qalxmışdır. Ailəvi tanışlıqdan sonra onlarla müəyyən əlaqələr saxlamış, bir-birilərinə qonaq getmiş, hədiyyələr etmiş, xeyli şəkillər çəkmişlər. Lakin qısa müddətli ünsiyyətdən sonra "Gülnarə" adlı qadın və ailə üzvləri, o cümlədən bioloji uşağı onunla bütün əlaqələrini kəsmiş, bioloji qızı ilə ünsiyyət yaratmaq cəhdləri nəticə verməmişdir. Cavabdeh tibb müəssisəsindən uşağın səhv verildiyi üçün hazırda uşağın mənşəyinə dair hüquqi faktın müəyyən olunmasının onun, ailə üzvlərinin, həmçinin qızı Mədinənin psixoloji vəziyyətinə daha da pis təsir edəcəyini nəzərə alıb həmin hüququndan istifadə etməyi zəruri hesab etmədi. Hesab edir ki, cavabdeh tibb müəssisəsində işləyən tibbi personal tərəfindən qəsdən yaxud da səhlənkarlıqla bioloji valideynləri digər şəxslər olan qız uşağı ona, faktiki dünyaya gətirdiyi qız uşağı isə başqa ailəyə verilmiş və bununla da ona ciddi sarsıntı və iztirablarla müşayət olunan sağalmaz mənəvi zərər, həmçinin, baş vermiş hadisə ilə bağlı həqiqətin müəyyən olunması üçün böyük maddi zərər vurulmuşdur. Belə ki, baş vermiş hadisənin təsdiqi ilə bağlı məhkəmə-genetik ekspertizasının nəticəsi məlum olandan sonra, habelə ondan sonrakı hadisələr ona ciddi mənəvi zərər vurmuşdur. Ötən müddət ərzində davamlı stres keçirmiş, uzun müddət ərzində iztirablar çəkmiş, sağlamlığını itirmiş, hətta intihar etmək dərəcəsinə çatmışdır. Fikirlərini toplayıb ailədə üzərinə düşən vəzifələrini icra edə bilməmiş, fərdi əmək fəaliyyətində uzun müddətli dayanmalar yaranmış, həyata nikbin baxa bilməmiş, müxtəlif mərhumiyyətlərə düçar olmuş, hal-hazırda da bu vəziyyəti davam etməkdədir. Psixoloji vəziyyətinin azyaşlı Mədinə adlı qızına da pis təsir edəcəyini düşünərək çox zaman hissələrini açıq şəkildə büruzə verməməyə çalışmış və belə bir vəziyyət sağlamlığına və psixoloji durumuna daha da pis təsir etmişdir. Baş vermiş hadisə nəticəsində yaranmış sağlamlıq problemləri ilə bağlı psixoloqa və psixiatra müraciət etmiş, tibbi müayinələrə məruz qalmış, məcburi xarakter daşıyan müalicəvi dərmanlar qəbul etmişdir. Bütün bunlara səbəb, cavabdeh tibb müəssisəsinin qəsdi və ya səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, belə hesab edir ki, ona vurulmuş mənəvi ziyana görə cavabdeh tibb müəssisəsi maddi məsuliyyət daşımalıdır. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, atalıq və analıq tibbi faktının müəyyən olunması ilə bağlı keçirilmiş məhkəmə-genetik ekspertiza xərcləri cəmi 2500 manat təşkil edir, 2300 və 200 manat olmaqla iki qəbzlə təsdiq olunur. Bundan başqa, pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası məqsədilə hüquqi yardım almaq üçün cəlb etiyi vəkilə ödədiyi qanarar 300 manat təşkil edir və bu iddia ərizəsinə əlavə edilmiş bank qəbzi ilə təsdiq olunur. Həmçinin həkim qəbullarına və aptekdən aldığı dərmanlara təxminən 300 manat pul xərcləmiş və hal-hazırda da xərcləməkdə davam edir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərci kimi dövlət rüsumu olaraq 400 manat ödəmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(011)- 6692/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Respublika Perinatal Mərkəzi” X3rşı (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publlik Hüquqi şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana (maddi və mənəvi) görə kompensasiyanın ödənilməsi barədə olduğundan və tələbin yönəldiyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqan olduğundan, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Məhkəmənin həmin qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6692/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını ləğv edib, cavabdeh “Respublika Perinatal Mərkəzi” PHŞ-yə qarşı iddia tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-yə qarşı məhkəmədə iddia qaldırmışdır, cavabdeh “Respublika Perinatal Mərkəzi” PHŞ mülki hüquq pozuntusunun baş verdiyi dövrdə fəaliyyətdə olmuş “Respublika Doğum Evi”- nin hüquqi varisi olmaması səbəbindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir, mülki iş üzrə cavabdehlər sırasında inzibati orqanla yanaşı həm də publik hüquqi şəxs vardır və iddia tələbi bilavasitə həmin publik şəxsə qarşı olmuşdur.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6692/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6692/2022 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Cavabdeh “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən şikayətə dair yazılı etiraz verilərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməlidir. İddiaçı “Respublika Perinatal Mərkəzi” PHŞ-nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İcraatda iştirak edən cavabdehlərdən biri publik hüquqi şəxsdir, digəri isə inzibati orqandır. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-nın 10-cu bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqandır. Hazırki mübahisə ümumi publik münasibətlərdən irəli gəlir, ictimai publik vəzifələri icra edən və dövlət orqanı statusuna malik subyektlərə qarşı irəli sürülmüşdür və bu səbəbdən bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin

11. 261.0.1-ci maddəsinin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin

12. 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

14. Həmin Qərarın 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 2.0.2-ci bəndlərinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

18. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

19. Lakin inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

20. Göründüyü kimi mübahisə üzrə cavabdeh qismində cəlb edilmiş subyektlərdən biri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsanamə”nin birinci bəndinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-nın 10-cu bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqandır.

21. “Respublika Perinatal Mərkəzi” X9 münasibətdə isə məhkəmə kollegiyası həmin Təsnifatın V bəndinə istinadən müəyyən edir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər – inzibati orqan sayılır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna və sözügedən təsnifata görə müvafiq şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edən həm fiziki həm hüquqi şəxs inzibati orqan anlamına gələ bilər.

22. Hər iki cavabdehin iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirmək üçün məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək tibb müəssisəsinin ona vurduğu zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tibb müəssisəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində uşaqların səhv salındığına, bununla əlaqədar mənəvi iztirablar keçirdiyinə istinad etmişdir. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır.

23. Göründüyü kimi iddiaçıya vurulması istinad edilən zərər "Respublika Doğum Evi" tibb müəssisəsinin əməkdaşlarının inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirdiyi faktiki xarakterli fəaliyyəti nəticəsində vurulmuşdur.

24. Belə ki, Azərbaycan Respubliakası Nazirlər Kabinetinin 2003-cü il 31 oltyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.2-ci bəndinin tələblərinə görə doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri inzibati məsuliyyət daşıyırlar.

25. Məlumdur ki, doğum haqqında tibbi şəhadətnamə doğumun həyata keçirildiyi tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatların qeydiyyata alınması üçün valideynlərə təqdim edilir. Bu şəhadətnamənin düzgün tərtib olunması üçün müvafiq tibb müəssisəsinin əməkdaşları məsuliyyət daşıyırlar. Bu cür səhvlərin aradan qaldırılması və ya dəyişiklik edilməsi həmin əməkdaşların səlahiyyətindədir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

27. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Belə ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu bu qənaətə gəlmişdir ki, iddia tələbi inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana (maddi və mənəvi) görə kompensasiyanın ödənilməsi barədə olduğundan, mübahisənin ümumi publik hüquq sahəsindən irəli gəldiyindən hazırki işə məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də hər iki cavabdehə münasibətdə iş üzrə icraata xitam verilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6692/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar