Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1833/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4197/2020 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə B-104/03 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə ilə kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 , yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin payçıya verilməsi barədə öhdəlik götürmüşdür. Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1300 manat təşkil etməklə mənzilin ümumi dəyəri 127959 manat təşkil etmiş və payçı İddiaçı ümumi məbləği xx.xx.2018-ci il tarixdə 080 saylı maliyyə arayışı ilə MTK-ya tam ödəmişdir. İddiaçı dəfələrlə inşa olunan binaya getmiş, mənzilin vəziyyəti ilə maraqlanmış, iddiaçıya mənzillərin sakinlərə müqavilədə qeyd olunan müddətdən əvvəl təhvil veriləcəyi də bildirilmişdir. Lakin təxminən 2020-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsində Cavabdeh MTK-nın ofisinin yerində Orxan-TİT MMC-nin əməkdaşları yerləşərək kooperativdən mənzil alan sakinlərə Cavabdeh MTK-nın qeyd olunan binada mənzil satmaq hüququnun olmaması, Cavabdeh MTK-nın podratçı şirkət olaraq yalnız tikinti işləri aparmaq səlahiyyətinin olmasını bildirmişlər. Bu anlaşılmazlıq ilə bağlı iddiaçı Orxan-TİT MMCdə olmuş və oradan iddiaçıya İddiaçı aid ünvan 1 ünvanında inşa olunan binada mənzilin olmaması bildirilmişdir. İddiaçı həmçinin digər mənzil alan şəxslərlə dəfələrlə Cavabdeh MTK-da olmuş və oradan problemlərin tezliklə həll olunacağı deyilsə də, artıq 4 aydan çoxdur ki, sakinlərin xeyrinə heç bir müsbət nəticə yoxdur. Həmçinin xx.xx.2020-ci il tarixdə 377 saylı Ədalət Vəkil Bürosunun sorğusu ilə Cavabdeh MTK-ya müraciət edərək qeyd olunan binaya münasibətdə kooperativin hansı hüquqlarının olması barədə məlumat verməklərini xahiş etsələr də, bu günə qədər cavab ala bilməmişlər. Eyni mənzumlu suallarla Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, OrxanTİT MMCyə müraciət olunmuş lakin nəticəsi olmamışdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa olunan binaya və oradakı mənzillərə dair sərəncam vermək hüququ olmamış, yanlız tikinti işləri aparmaq üçün Orxan-TİT MMC-dən sifariş almışdır. xx xxxxxx 2018-ci il tarixli B-104/03 saylı müqaviləyə və xx xxxxxx 2018-ci il tarixli 080 saylı maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh MTK-ya 127959 manat ödəniş etmiş, lakin Orxan-TİT MMC-yə məxsus ərazidə inşa olunan binaya Cavabdeh MTK-nın heç bir aidiyyatı olmadığı üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Kooperativin mənzil satmağa hüququ olmadığı üçün tərəflər arasında bağlanmış müqavilə özlüyündə etibarsız əqddir. Cavabdeh qanunsuz şəkildə iddiaçının pulunu ələ keçirmiş, əsassız şəkildə varlanmışdır. İddiaçı Cavabdeh MTK tərəfindən aldadılaraq əqd bağlanılmış və iddiaçının əmlakı ələ keçirilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı dərin mənəvi sarsıntı və iztirablar keçirmişdir. Həmin pulu iddiaçı uzun illər zəhməti bahasına mənzil sahibi olmaq üçün toplamış, lakin məlum olmuşdur ki, cavabdehin həmin binaya və mənzillərə dair sərəncam vermək üçün heç bir səlahiyyəti, hüququ yoxdur. İddiaçının psixoloji vəziyyəti çox ağır formada pozulmuş, əsəb sistemi tarıma çəkilmişdir. Bütün bunlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Ona görə də İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış B-104/03 saylı müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh MTK-dan mənzilə görə aldığı 127959 manat, mənəvi ziyana görə 20000 manat, vəkilə ödənilən xidmət haqqına görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 148289 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 4197/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, podratçı Cavabdeh MTK-nın icraçı direktoru X5 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B- 104/03 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129289 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti və xx.xx.2021-ci il tarixdə apellyasiya şikayətinə əlavə verərək verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4197/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən ləğv edilməsi və Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129289 manat İddiaçı xeyrinə tutulması hissəsində rədd edilməsi və həmin hissədə 70.000, o manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Binəqədi Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən İddiaçı iddia tələbi əsassız olduğundundan iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Müqavilənin bağlanmasında rol oynayan, vasitəçi və sövdələşməni aparan X13 və X17 olmuşlar. Həmin Cavabdeh MTK-nın icraçı direktoru X5 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilədə göstərilən 127959 (Bir yüz iyirmi yeddi min doqquz yüz əlli doqquz) manat məbləğ deyil X17 vasitəsi ilə X2 və X10 70000 (yetmiş min) manat ödənmişdir. Ancaq məhkəmə tərəfindən qəbul edilən qətnamə əsassızdır və iddia üzrə iddiaçının maraqlarına xidmət edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı bilərəkdən məhkəməyə əsassız iddia ilə müraciət etmişdir. Məhkəmə yaddan çıxarmışdır ki, Cavabdeh MTK-nın mənzilləri yoxdur və belə olan halda məhkəmə iddia tələbini qismən təmin edərək, Podratçı Cavabdeh MTK-nın icraçı direktoru X6 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilə etibarsız hesab edir və Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129289 manat İddiaçı xeyrinə tutulmasını qət edir. Daha sonra məhkəmə icraatında olan mülki işin tərkibində cinayət əməlinin olduğu və cavabdeh tərəfindən həmin iş üzrə xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə prokurora məlumat verməsinə dair vəsatət verilsədə hakim tərəfindən münasibət bildirilmədi. Hansı ki, məhkəmə tərəfindən bir qrup dəstənin hərəkətlərinə xüsusi qiymət verməli olduğu halda bilərəkdən qiymət verməmişdir. Beləliklə cavabdeh mübahisəli mənzilin sahibi deyil və onun balansında heç bir yaşayış və qeyri-yaşayış yoxdur. Belə olan halda cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-l04/03 saylı nömrəli müqavilə bağlandığı andan etibarsızdır. Beləliklə qeyd ediləməlidir ki, İddiaçı Hə Cavabdeh ararsında xx.xx.2018-ci il tarixli B-l04/03 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m yaşayış sahəsi 87,90 m olan 2 otaqdan ibarət B01 saylı mənzilə dair müqavilə qeyri-qanuni olaraq bağlanmışdır. Belə ki, Cavabdeh ilə "Orxan-TİT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə Cavabdehnə podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X18, X7, X13 etibardan sui-istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq külli miqdarda vəsaitlərini mənimsəmişlər. Cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuş, mənzilin dəyərini kimə nə vaxt ödəmiş, Cavabdeh mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair Cavabdeh adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, tərəf nədənsə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişdir, yəni ünvan 2 ünvanında tikilən ev kimə məxsus olması soruşulmamışdır. Daha sonra mənzilin dəyəri Cavabdehnə deyil, MTK-ya heç bir aidiyyatı olmayan şəxs X10 ödənilmişdir. Bir daha diqqətinizə çatdırıram ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Qeyd edilməlidir ki, Cavabdeh balansında mənzil olmayıb və hal-hazırda da yoxdur. Beləliklə bildirir ki, İddiaçı tərəfindən verilən iddia əsassız olduğundan qismən ləğv edilməlidir. Əlavə olaraq İddiaçı ilə Cavabdeh MTK arasıda xx.xx.2018-ci il tarixli, B-104/03 saylı müqavilə bağlanan zaman niyyət mənzilin alınması olmadığını bildirmişdir. Cavabdeh MTK xx.xx.2021-ci il tarixli apellyasiya şikayətinə əlavədə isə İddiaçı ilə Cavabdeh MTK arasıda xx.xx.2018-ci il tarixli, B-104/03 saylı müqavilə bağlanan zaman niyyət mənzilin alınması olmadığını, iddiaçı Cavabdeh MTK –nın nümayəndələri X12 və X10 faizə verdiyi 70.000,0 manatın təminatı olaraq bağlandığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4197/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən ləğv edilməsi və Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129289 manat İddiaçı xeyrinə tutulması hissəsində rədd edilməsi və həmin hissədə 70.000, o manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi X19 iddia tələbinin dəlillərinə istinad etməklə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, təmsil etdiyi şəxsdən mənzil satmaq adı ilə pul almışlar. Sonradan məlum olmuşdur ki, Cavabdeh MTK-nın mənzil satmaq səlahiyyəti olmamışdır. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sifarişçi Orxan TİT MMC ilə podratçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli № 0507/01-18 saylı müqavilənin surətindən müəyyən olunur ki, podratçı ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair sifarişçinin texniki tapşırığının şərtlərinə uyğun olaraq yerinə yetirilən tikinti quraşdırma işlərini müvafiq qaydada təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.1-4.2.22-ci bəndlərindən müəyyən olunur ki, müqavilə üzrə podratçının hüquq və vəzifələri aşağıdakılardır: tikinti norma və qaydalarına riayət etməklə layihə-smeta sənədlərinə tam uyğun olaraq müqavilə üzrə tikinti-quraşdırma işlərini öz gücünə, müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirir, təmiri başa çatdırılmış obyekti istismara təhvil verir; yerinə yetirilən işlərin, istifadə olunan material və konstruksiyaların keyfiyyətinə görə məsuliyyət daşıyır; obyektin işçi sənədlərini hazırlayır; qrafik üzrə, müqavilə qiymətləri dəyərində tikintiyə lazım olan materialları, avadanlıqları, konstruksiyaları, komplektiəşdirici məmulatları və inşaat texnikasını inşaat meydançasına gətirir və onların qəbul edilməsini, boşaldılmasını və işlərin görülməsi üçün buraxılmasını təmin edir; obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür; inşaat meydançasına gətirilən və əmlakın o cümlədən inşaat materiallarının, maşınların, avadanlıqların boşaldılmasını, akt üzrə qəbulunu, saxlanmasını və işlərin görülməsi üçün buraxılmasını yerinə yetirir; lazım gəldikdə işlərin yerinə yetirilməsi üçün istifadə olunan maşın, avadanlıq, alət və qurğuların təmirini, onlara texniki xidməti yerinə yetirir; işlərin icrası dövründə obyektdə yanğına qarşı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təmin edir, bununla əlaqədar məsrəfləri öz üzərinə götürür; obyekti lazımi işıqlandırıcı qurğularla təmin edir və lazım gələrsə, meydançanı hasarlayır; sifarişçi ilə razılaşdırılmış qaydada texniki və başqa vasitələrlə obyektin mühafizəsini təmin edir; müqavilə üzrə tikinti işlərinin yerinə yetirilməsi üçün obyektə lazım olan müvəqqəti qurğu və kommunikasiyaların tikintisini yerinə yetirir; təmir-tikinti işinin gedişi prosesində müntəzəm olaraq obyekti inşaat tullantılarından təmizləyir və tikinti-quraşdırma işləri tamamlandıqdan sonra son təmizləmə işlərini aparır; gizli işləri müayinə üçün sifarişçiyə təqdim edir və onunla bu haqda gizli aktları tərtib edir; gizli işlərin aktlarını və mühüm konstruksiyaların aralıq qəbulu aktlarını qəbul komissiyasına təqdim edir; sifarişçinin tələblərinə uyğun olaraq təchizatla əlaqədar bağlanmış müqavilələr, aparılmış ödəmələr, həmçinin yerinə yetirilmiş işlər üzrə ödəmələr haqqında sifarişçiyə məlumat verir; bütün işlər başa çatdıqdan sonra artıq qalan özünə aid material və avadanlıqların obyektdən çıxarılmasını, o cümlədən sifarişçinin göndərdiyi material və avadanlıqların geri qaytarılmasını təmin edir; yerinə yetirilmiş işlərin keyfiyyətinə verilən təminat müddəti ərzində özünün təqsiri üzündən yaranmış qüsür və çatışmamazlıqları öz vəsaiti hesabına aradan qaldırır; şifariş hazır olduqda onu təhviltəslim aktı ilə təhvil verir; bu müqavilədən irəli gələn öhdəliklərin icrası zamanı əldə etdiyi sifarişçinin kommersiya sirrinin konfidensiallığını qoruyub saxlayır, bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edir və onların pozulmasına yol vermir; öz iş icraçılarının partlayış və yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərinə əməl edilməsinə nəzarət edir; öz iş icraçılarının ərazidə yanğın təhlükəsizliyi qaydalarına, daxili rejim, nizam-intizam qaydalarına riayət edilməsini təmin və tələb edir. Podratçı Cavabdeh MTK-nın icraçı direktoru X5 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh MTK dəyəri ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzili təmirsiz vəziyyətdə payçıya təhvil verməyi, payçı İddiaçı isə mənzilin hər m2 dəyəri 1300 manat olmaqla 127959 manatı Cavabdeh MTK- ya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli № 080 saylı maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzilinin dəyərini tam ödəmişdir. Arayış Cavabdeh MTKnın icraçı direktoru X5 tərəfindən imzalanaraq Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Ədalət Vəkil Bürosuna 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X22 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli № 0507/01- 18 saylı müqaviləyə əsasən şifarişçi Orxan TİT MMC podratçı Cavabdeh MTK-ya ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa etməsini sifariş etmiş, sonuncu səlahiyyəti olmadığı halda xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqaviləyə əsasən inşasını ödəsinə götürdüyü həmin binada yerləşən mənzili yəni, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzili hər m2 dəyəri 1300 manat olmaqla cəmi 127959 manata inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürərək özünün xx.xx.2018ci il tarixli № 080 saylı maliyyə arayışına əsasən mənzilin dəyərinin tam olaraq almasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 6, 389-390-cı mad). Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. (MMnin 358.1., 358.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normaların tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunan sübutlarla Cavabdeh MTK-ya bağladığı xx.xx.2018-ci il tarixli № 0507/01-18 saylı podrat müqaviləsinə əsasən inşa etməli olduğu binada yaşayış və ya qeyri-yaşayış sahələrinin inşasını üçüncü şəxslər üçün icra etməsinə və bunun əvəzini almasına dair Orxan TİT MMC tərəfindən səlahiyyət verilmədiyindən məhkəmə iddiaçının podratçı Cavabdeh MTKnın icraçı direktoru X5 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbini əsaslı hesab edib təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilə üzrə ödənilən 127959 manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. X22 Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. X22 Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X4rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, nəzərə alıb mənəvi ziyana görə cavabdehən iddiaçının xeyrinə 1000 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, İddiaçı ilə Cavabdeh MTK arasıda xx.xx.2018-ci il tarixli, B-104/03 saylı müqavilə bağlanan zaman niyyət mənzilin alınması olmaması, yəni iddiaçı Cavabdeh MTK –nın nümayəndələri X12 və X10 faizə verdiyi 70.000,0 manatın təminatı olaraq bağlanması ilə ilə bağlı sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 4197/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1833/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1833/2021
04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver