Məhkəmə qərarları › İş №2(103)-1836/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1836/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1836/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyəti və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli qətnamədən Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X2 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 151 saylı Satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Cavabdeh1 göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1650/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə cavabdehlərdən biri olan kreditor "xxxx" ASC-nin hazırki iş üzrə iddiaçı olan borclu İddiaçı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbi barədə” iddiasının qismən təmin olunması, borclu ilə kreditor olan həmin Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış cəmi 22.196 manat məbləğində pulun borcludan kreditor Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - borcluya (ipoteka qoyan) məxsus “Chevrolet Camaro” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borcun ödənilməsinə yönəldilməsi və sair məsələlər qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra yönəldilmiş, qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra İddiaçı məlumatı olmadan həmin avtomobil İcra Şöbəsinin sifarişinə əsasən hazırki iş üzrə cavabdehlərdən biri olan Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılmış və iddiaçıya məlumat verilmədən, onun iştirakı təmin olunmadan keçirilmiş hərracda avtomobil Bankın problemləri kreditlər üzrə tələb etmə hüququnu qəbul etmiş hazırki iş üzrə digər Cavabdeh3 BOKT QSC tərəfindən alınmışdır. İddiaçı bildirir ki, hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının mülkiyyətində olmuş mübahisəli avtomobilin açıq hərracdan satılmasına dair cavabdeh Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsini, avtomobilin hərracdan satılmasına dair cavabdeh Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli, YP seriyalı, 151 saylı satış protokolun və həmin tarixdə Hərrac Mərkəzi ilə Cavabdeh3 BOKT arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsini, avtomobilin iddiaçıya qaytarılmasını qət etmişdir.

5. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5, 415.5, 416.1, 416.2; Azərbaycan Respublikası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-41.3, 41.5, 42.1, 42.3, 42.6, 42.8, 43.1-43.5, 44 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 119.1 və 218.3-cü maddələrinə istinadən iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobilin satılması ilə bağlı təşkil edilmiş hərrac qanunvericiliyin tələblərinin pozuntusu ilə həyata keçirilmiş, hərracın təşkilatçısı icra məmurundan sifarişini aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməmişdir. Eyni zamanda təkrar hərrac barədə də eyni tələblərə əməl edilməmişdir. Bundan əlavə ilkin və təkrar hərracın baş tutmadığı barədə kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının rəsmi internet səhifəsində məlumat dərc elətdirilməmişdir. Hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə etibarsız hesab edilməli, avtomobil iddiaçıya qaytarılmalıdr. c) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 BOKT həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hərracın keçirilməsi barədə hərrac təşkilatının bildirişindən və hərrac prosedurundan məlumatlı olmuşdur. Çünki hərracın keçirilməsi ilə bağlı bütün bildirişlər ipoteka saxlayan qismində BOKT-un ünvanına göndərilmişdir. Bu bildirişlər BOKT-a çatdırılıbsa, deməli iddiaçıya da çatdırılıb. Əgər bildirişlər iddiaçıya çatdırılmamışdırsa, onda bunun səbəbləri barədə sübutlar post tərəfindən Hərrac Mərkəzinə təqdim olunmalı idi. Lakin poçt tərəfindən bu kimi məlumatlar Hərrac Mərkəzinə verilməmişdir. Amma işə baxmış Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Bundan əlavə, mübahisə predmeti olan avtomobili iddiaçı tərəfindən BOKT-a məlum olmayan şəxsə etibarnamə əsasında verilmişdir. Həmin etibarnamə Rayon Məhkəməsinə təqdim edilməmiş, Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Daha sonra qeyd edilməlidir ki, kredit borcunun mübahisəli avtomobilə yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu halda iddiaçı həmin avtomobili İcra Şöbəsinə və ya BOKT-a təqdim etməmiş, qətnamənin icrasından yayınmışdır. Rayon Məhkəməsi işin bu halını da nəzərə almamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasını həyata keçirən İcra Şöbəsi də üzərinə düşən vəzifəni yerinə yetirməmiş, avtomobil BOKTa təhvil verilməsini təşkil etməmişdir. İşə baxmış Rayon Məhkəməsi işin bu halını da nəzərə almamışdır. Rayon Məhkəməsi daha bir pozuntuya yol verərək işə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Bundan başqa işə baxmış Rayon Məhkəməsi tərəfindən yol verilmiş pozuntularından biri də iddiaçının əsassız iddia tələbini təmin edərkən, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində təsbit edilmiş tələbə riayət etməmiş, həmin maddi hüquq normasının tələbləri kobud şəkildə pozmuşdur. Çünki həmin maddənin məzmunundan da aydın olduğu kimi əqd etibarsız sayıldığı təqdirdə əqdlərin bağlanmasınadək olan vəziyyət ilkin vəziyyətə qaytarılmalıdır. Yəni keçirilmiş hərracın nəticələri, habelə alğı-satqı müqaviləsi etibarsız sayıldığı halda, bu zaman məhkəmə qətnaməsininin qət hissəsində hərracın yenidən və qanunun tələblərinə uyğun keçirilməsinə dair müvafiq göstəriş olmalı idi. Belə bir göstəriş isə qətnamənin qət hissəsində yoxdur. İşə baxmış Rayon Məhkəməsi iddia tələbindən kənara çıxaraq qətnamənin nəticə hissəsində mübahisə predmeti olan avtomobilin geri alınaraq iddiaçıya qaytarılması göstərmişdir. Bu hissədə Rayon məhkəməsi tələbdən kənara çıxmaqla yanaşı mübahisəli avtomobilin kimdən alınaraq iddiaçıya qaytarılmasını göstərməmişdir. Halbuki bu avtomobil nə Hərrac Mərkəzində, nə İcra Şöbəsində, nə də ki, BOKT-a yoxdur. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. Apellyatorun – iş üzrə cavabdeh BOKT-un nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh Bankın, cavabdeh Hərrac Mərkəzinin, iş üzrə üçüncü şəxs olan İcra Şöbəsinin nümayəndələri və iddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə hesab etmişdir ki, qeyd edilən bu hal işin baxılmasına mane olmur və işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki MPM-nin 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1650/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə cavabdehlərdən biri olan kreditor "xxxx" ASC-nin hazırki iş üzrə iddiaçı olan borclu İddiaçı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbi barədə” iddiasının qismən təmin olunması, borclu ilə kreditor olan həmin Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış cəmi 22.196 manat məbləğində pulun borcludan kreditor Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - borcluya (ipoteka qoyan) məxsus “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borcun ödənilməsinə yönəldilməsi və sair məsələlər qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra yönəldilmiş, qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilmişdir.

13. İcra vərəqəsinin icrasını həyata keçirən Xaçmaz Rayon İcra Şöbəsi tərəfindən hazırki iş üzrə cavabdehlərdən biri olan Hərrac Mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli sifarişdən görünür ki, İcra Şöbəsi icra vərəqəsinin verilməsinə əsas olmuş qətnamənin icrası ilə bağlı avtomobilin açıq hərracdan satılması üçün hərracın təşkil edilməsini Hərrac Mərkəzindən xahiş etmişdir.

14. İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, avtomobilin açıq hərracdan satılması ilə bağlı cavabdeh Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir.

15. Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, avtomobilin açıq hərracdan satılması ilə bağlı təkrar hərrac xx.xx.2021-ci il tarixə təyin etmişdir.

16. İşdə olan sənədlərə əsasən işin halı kimi müəyyən edilir ki, Hərrac təşkilatı icra məmurundan sifarişini aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində hərrac ilə bağlı elan dərc etdirməmiş, hərrac barədə məlumatı özünün rəsmi internet saytında da yerləşdiməmiş, hərrac barədə ipoteka qoyana, yəni hazırki iş üzrə iddiaçıya sifarişli poçt göndərişi ilə bildiriş göndərməmişdir.

17. Bundan başqa müəyyən edilir ki, bu hallar təkrar hərrac zamanı da təkrarlanmışdır.

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün yuxarıda qeyd edilən hərracın keçirilməsi ilə bağlı sənədlərin Hərrac Mərkəzindən və Xaçmaz Rayon İcra Şöbəsindən götürmək qərarına gəlmiş, Hərrac Mərkəzindən sənədlərin götürülməsi mümkün olmasa da, icra işinin surəti Xaçmaz Rayon İcra Şöbəsindən götürülmüş və Məhkəmə tərəfindən tədqiq etmişdir.

19. İcra işində olan sənədlərdən də müəyyən edilmişdir ki, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və Hərrac Mərkəzinin rəsmi internet saytında elan dərc edilməmiş, bu barədə ipoteka qoyana, yəni hazırki iş üzrə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməmiş, təkrar hərrac barədə də eyni tələblərə əməl edilməmiş, eləcə də ilkin və təkrar hərracın baş tutmadığı barədə kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının rəsmi internet səhifəsində məlumat dərc etdirilməmişdir.

20. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Lakin işin hallarından görünür ki, iş üzrə cavabdehlər, o cümlədən apellyator olan cavabdeh BOKT mübahisəli avtomobilin satılması ilə bağlı ilkin və təkrara hərracın qanunun tələblərinə uyğun olaraq təyin edilməsini, hərracın yeri və vaxtı barədə bildirişlərin ipoteka qoyana, yəni hazırki iş üzrə iddiaçıya çatdırılmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər.

22. Bu səbəbdən də Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin hərracın qanuna uyğun qaydada təşkil edilməsi və keçirilməsi barədə dəlili əsassızdır.

23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1.).Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir (maddə 41.3.). Hərrac açıq auksion formasında keçirilir (maddə 41.5.). Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir (maddə 42.1.). Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın (maddə 43.1.). Bu Qanunun 43.1-ci maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (maddə 43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (maddə 43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (maddə 43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.5.). Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44.).

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (maddə 415.5.). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).

25. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işdə olan sübutlara yanaşdıqda müəyyən edilir ki, mübahisəli avtomobilin açıq hərracdan satılması ilə bağlı təşkil edilmiş hərrac və təkrar hərrac qanunvericinin müəyyən etdiyi qaydaların tələblərinin pozulması ilə həyata keçirilmişdir.

26. Məhkəmə işin müəyyən edilmiş bu halını nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən əsaslarla hərracı və hərracın yekunlarına dair tərtib edilmiş protokolu etibarsız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlilləri əsassızdır.

27. Bununla yanaşı Rayon Məhkəməsi iddia tələbindən kənara çıxaraq hesab etmişdir ki, hərrac və hərracın yekunlarına dair protokol etibarsız hesab edildiyindən, hərracın nəticəsi olaraq Hərrac Mərkəzi ilə BOKT arasında avtomobilə dair bağlanmış müqavilə də etibarsız hesab edilməli və mübahisəli avtomobil iddiaçıya geri qaytarılmalıdır.

28. Məhkəmə işə baxmış Rayon Məhkəməsinin bu yanaşmasını əsaslı hesab edir. Çünki MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Göründüyü kimi apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri də əsassızdır.

31. Cavabdeh BOKT-un apellyasiya şikayətinin digər (mübahisə predmeti olan avtomobili iddiaçı tərəfindən BOKT-a məlum olmayan şəxsə etibarnamə əsasında verilməsi, kredit borcunun mübahisəli avtomobilə yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu halda iddiaçının həmin avtomobili İcra Şöbəsinə və ya BOKT-a təqdim etməməsi, qanuni qüvvəyə minmiş qətnamənin icrasını həyata keçirən İcra Şöbəsinin üzərinə düşən vəzifəni yerinə yetirməyərək avtomobilin BOKT-a təhvil verilməsini təşkil etməməsi, Rayon Məhkəməsinin işə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxması barədə) dəlillərinə qiymət verən Məhkəmə bildirir ki, qeyd edilən dəlillər əsassızdır. Həmin dəlillər əsaslı olmuş olsalar belə hazırki apellyasiya baxışının predmeti olan iddianın rədd edilməsinə səbəb ola bilməzlər. f) apellyasiya baxışının nəticəsi

32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd edilənləri nəzərə alan Məhkəmə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar