Məhkəmə qərarları › İş №2(103)-1836/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1836/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1836/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: borcun tutulması X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3118/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X12 İcrayyə komitəsinin (26 Bakı Komisarlığı) tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 039281 saylı orderə əsasən Bakı şəhəri, Rəsul Rza kücəsində yerləşən 4 saylı evin, 37 saylı mənzili yaşayış hüququ ilə X14 verilmiş, orderdə onun ailə üzvləri qismində arvadı Cavabdeh1, qızları Cavabdeh2 və Cavabdeh3 göstərilmişdir. Həmin mənzilə dair X13 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 xx.xx.2022-ci il tarixdə mədəaltı vəzi başının bədxassəli yeni törəməsi səbəbi ilə vəfat etmişdir. Onun vərəsələri: arvadı Cavabdeh1 (xx.xx.2023-cü il), onunla birgə nikahdan doğulmuş qızları Cavabdeh3 (xx.xx.2023-cü il) və Cavabdeh2 (xx.xx.2023-cü il), habelə başqa nikahdan doğulmuş Cavabdeh4 (xx.xx.2023-cü il) Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edərək, ondan miras qalmış həmin mənzilin qəbul edilməsi ilə bağlı onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bundan sonra Cavabdeh1 həmin notariat ofisinə müraciət edərək, vərəsələrlə onun arasında miras qalmış əmlakla əlaqədar ixtilafın olduğunu bildirmiş və mərhum ərindən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mübahisə məhkəmədə həll edilənədək dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Cavabdeh4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda vərəsələrlə onun arasında baş vermiş anlaşılmazlıq aradan qaldırıldıqdan sonra onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxılmasının mümkün olduğu bildirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5501/2024 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3603/2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun xeyrinə cavabdehlərdən müştərək qaydada verilmiş borc hesabına 35.000 manat, 600 qramlıq qızıl hesabına 36.600 manat, yas mərasiminə xərclənmiş pul hesabına 6.500 manat, qəbir daşı hesabına 4.000 manat, bank krediti hesabına 2.500 manat, cəmi 84.600 manat məbləğində pulun, bu pulun ona vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6.556,50 manat faiz məbləğinin, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 363,47 manat dövlət rüsumu olmaqla, cəmi 91.519,97 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun bacanağı X17 2021-ci ilin yanvar ayında ona müraciət edərək, borcu olduğu bir sıra şəxslərin öz pullarını tələb etdiklərini bildirmiş və köməklik etməsi üçün 15.000 manat məbləğində pulun borc olaraq verilməsini xahiş etmişdir. O, əvvəlcə 15.000 manat məbləğində pulun, daha sonra isə Bayram Babayevin borclu olduğu qonşu Aynurə Ağayeva adlı qadına 20.000 manat məbləğində pulun verilməsi üçün köməklik göstərmişdir. Sözügedən vaxtlarda Bayram Babayev “mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” xəstəliyindən əziyyət çəkmiş, onun müalicəsi və müayinəsi üçün o, hər dəfə xeyli miqdarda ona borc pul vermişdir. Bundan sonra Bayram Babayev dəfələrlə müxtəlif məqsədlər üçün ondan yenə borc pul istəmiş, o, isə yoldaşına və qızına məxsus olan 600 qramlıq qızıldan istifadə edərək və qızının adına 5.000 manat məbləğində bankdan kredit götürərək Bayram Babayevə köməklik etmişdir. Onun qızının adına götürdüyü kreditin bir hissəsi, ayda 200 manat olmaqla cavabdehlər tərəfindən ödənilmiş, lakin digər hissəsi isə onun qızının pensiya kartına yönəldilmişdir. Bayram Babayev aldığı borc pulları Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 4 nömrəli evin 37 nömrəli mənzilinə çıxarış verilən kimi həmin mənzili satıb onun satışından əldə olunan pul hesabına qaytaracağına dair ona söz vermişdir. X8 “mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” xəstəliyindən xx.xx.2022-ci il tarixdə ölmüş və onun ailə üzvlərinə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. O, mərhumun ölümündən sonra Heydər məscidində keçirilən yas mərasiminə 3.500 manat, mərhumun evində keçirilən yas mərasiminə isə 3.000 manat məbləğində pul xərcləmişdir. Mərhumun arvadı Cavabdeh1 ərinin ölümündən bir il müddət keçdikdən sonra ona müraciət edərək ərinin məzarına bir il müddətində qəbir daşı qoydura bilməməklərini bildirmiş, o, isə qəbir daşının qoyulması üçün 4.000 manat məbləğində pul sərf etmişdir. Göründüyü kimi, Bayram Babayevin sağlığında özünə, ölümündən sonra isə ailə üzvlərinə xeyli miqdarda borc pul vermişdir. Lakin mərhumun birinci növbə vərəsələri, hazırkı iş üzrə cavabdehlər həmin borcu qaytarmaqdan imtina edirlər.

4. İddiaçı tərəfin vəsatətinə əsasən Cavabdeh4 cavabdeh qismində mülki işə cəlb edilmişdir.

5. Cavabdeh4 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona və digər cavabdehlərə qarşı irəli sürdüyü borc iddiasını qəbul etmir. İddiaçı atası X13 ona borclu olduğunu təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Çünki belə bir borc yoxdur və bunu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə aralarındakı sövdələşməyə əsasən Cavabdeh1 və Cavabdeh3 saxta şahidliyi ilə sübut etməyə çalışırlar. Mərhum atası dövlət tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzində müayinə və müalicə alıb. İddia ərizəsində ən absurd borc tələbi atasınının ölümündən sonra onun Heydər Məscidində keçirilən yas mərasiminə (3.500 manat), evdə keçirilən yas mərasiminə (3.000 manat), baş daşının salınmasına (4.000 manat) sözdə xərclənmiş pulun artıq vəfat etmiş bir adamın borcu olaraq göstərilməsidir. Bu borc iddiası Cavabdeh1 və qohumu arasındakı razılıq əsasında onun vərəsəlik payının borca yönləndirilməsi üçün qaldırılıbdır. İddiaçı onun anasının qohumları ilə yaxın qohumluq əlaqəsi var. İddiaçı qızı onu tanıyır, bir neçə dəfə qarşılaşmışlar. Yəni, iddia ərizəsi kimi onun barəsində məlumatı da son anda bilməkləri də yalandır. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

6. Cavabdeh1 iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, onun əri X17 5 il kəskin onkoloji xəstəlikdən əziyyət çəkmişdir və bu dönəmdə gəlir mənbəyi olmamışdır. Kimyəvi terapiya üçün müalicə vasitələri ödənişli şəkildə “Ülkər” Aptekdən alınırdı. Bakıdan hər dəfə Türkiyəyə gedən şəxslərə Türkiyədəki aptekdən dərmanları almaları üçün ödənişlər olunurdu. Cavabdeh4 iddia edir ki, onun atası ilə sıx təması olub. Atası ağır xəstəlikdən əziyyət çəkəndə maraqlanmayıb, indi pay istəyirsə, atası o vəziyyətdə olanda gəlib tələb edərdi. Atası ölən gün belə xəbəri yox idi, qızı zəng vurub onu çağırıb. Mərhum 3 ay ağır şəkildə yataq xəstəsi olub. İkincisi, Babayev Bayramın şəxsi kitabçasında kimdən nə qədər borc pul və qızıl götürdüyü qeyd olunmuşdur. Cavabdeh4 onlarla yaşamayıb, hardan bilə bilərdi ki, kimdən nə borc alıblar. İddiaçı onun bacısının əridir, onun çətin vəziyyətində əllərindən tutmuşdur. Ərinin qəbir daşını sifariş verəndə də İddiaçı iştirak etmişdir. Bəhmənin qəbr daşının sifarişində iştirak etməsini sifariş götürən şəxs təsdiq edə bilər. Babayev Bayram öz xətti ilə yazıb ki, o, xəstədir hər dəfə 3.200 manat kimyəvi terapiyaya pul verir və yaşamaq istəyir. Bu xəstənin sağlığında olan ürək sözləridi. 400 manat aylıq məvacibi olan adam 3.200 manatı necə verirdi?! İddiaçı həmişə onların evində süfrə başında olub, bu barədə şəkillər təqdim edilə bilər. O, öz adına da kredit götürüb ərinə kömək məqsədilə vermişdir və hələ də hər ay təqaüdündən 250 manat tutulur. Qızları da adına pul götürülüb atalarına baxmağa məcbur idilər. Bəs Cavabdeh4 atası ilə necə sıx əlaqədə olub ki, atasından pay istəməyib və ölməyini gözləyib. Cavabdeh4 anası 5 dəfə rəsmi nikaha daxil olub və onun yaşamağı üçün 3 evi və avtomobili də vardır. Bayram Babayevin isə avtomobili yox idi və borca görə hər şey satılmışdır. Ərindən yalnız bir ev və borclar qalmışdır. Burdan da kim ona deyir ki, ata payı verilməyəcək, amma o da atasının qızıdır, atasının xəstəliyində və çəkilmiş əziyyət və borclara sahib çıxmalıdır, heç olmasa qəbrinin divarları hələ də natamamdır, onun xərcini çəksin. Vərəsəliyi qebul edirsə, əziyyətini qəbul etsin. Evini nə satır, nə də kiminsə adına rəsmiləşdirir. Əlavə olaraq qızı Aygünün borcu deyildir. Qızının qızıllarını qaytarmaq adı ilə götürdü ki, pula ehtiyacı var idi ve rəsmi öz xətti ilə götürdüyü qızılların siyahısını əlavə edir. Qızıllar Fineks banka qoyulub. Kağızda öz xətti görülür ki, Nabatın adına 9.000 manat, Aynurun adına Beynəlxalq Bankdan 7.824 manat kredit götürmüşdür. Onkoloji xəstə havadan yaşaya bilməzdi, tək pet analizi 1.500 manat idi, 4 defe pet analizinə girib 10.000 manat təkcə Onkologiya Xəstəxanasında əməliyyatına xərclənibdir. Heydər məscidində də tam yasın ödənişi də İddiaçı etmiş ve axıra kimi yasda iştirak etmişdir.

7. Daha sonra Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı mülki iş üzrə cavabdehlər Bayram Babayevin birinci növbə qanun üzrə vərəsələridir. Onunla digər vərəsələr arasında miras qoyanın borclarının ödənilməsi ilə əlaqədar narazılıq var, fikir ayrılığı yaranmışdır. Belə ki, miras qoyan X13 borclarının həddən artıq çoxluğu buna səbəb olmuşdur. Vərəsələr borcları ödəməkdən yayınırlar. Hazırda həmin borclarla bağlı məhkəmə işləri vardır. Onun daimi qazanc mənbəyi yoxdur, bu səbəbdən miras qoyan B.Babayevin borclarını ödəməyə imkanı çatmır. İddiaçı X10 mərhum ərinə verdiyi borcların, onun xəstəliyi və dəfni ilə əlaqədar çəkdiyi xərclərin həqiqətə uyğun olduğunu təsdiq edir. Lakin maddi imkanının olmaması, borcların çox olması, getdikcə yeni iddia tələblərinin ortaya çıxması səbəbindən İddiaçı borclarını ödəməkdən imtina edir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3118/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X11).

9. Məhkəmə iddianı rədd edərkən bu barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə almasalar da, notariat ofisinə müvafiq ərizə ilə müraciət etməklə mirası qəbul etmiş sayılırlar və vərəsələr kimi miras qoyanın öhdəlikləri üzrə də hər birinin payına mütənasib surətdə məsuliyyət daşıdıqlarından, miras qoyanın ölümündən sonra dəfn xərclərinə münasibətdə isə miras şəriki kimi birgə cavabdehlik daşımalı olduqlarından iddiaya cavab verməli olan şəxslərdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması onlar üçün yalnız miras əmlakdakı paylarının həcminin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edəcəkdir. İddia ərizəsində tələb olunan məbləğlərin bir qismi X2 ona verildiyi iddia edilən pul vəsaitləri, digər qismi isə ölümündən sonra dəfn və yas mərasimlərinə çəkilmiş xərclərlə bağlıdır. Mərhumun İddiaçı aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə mərhumun sağlığında verilməsi bildirilən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir.

10. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, cavabdehlər Bayram Babayevin birinci növbə vərəsələri olmaqla, mərhumdan miras qalmış əmlaka dair aralarında mübahisə vardır, sözügedən mübahisə yalnız Cavabdeh4 münasibətdə mövcuddur. Belə ki, işin faktiki halları mərhumun arvadı Cavabdeh1, qızları Cavabdeh3 və Cavabdeh2 Cavabdeh4 mirasdan pay almasına mane olmaq və ya onun mirasdakı payını azaltmaq niyyətində olmaları qənaətinə gəlməyə əsas verir. Belə ki, cavabdehlər 91.519,97 manatın ödənilməsinə dair iddia tələbini etiraf etməklə (hətta bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6.556,50 manat faiz məbləğinin tələb olunmasını mübahisələndirmədən), mərhumun borclarının süni surətdə çoxaldılması istiqamətinə yönəlmişlər. Bunu həmçinin hazırkı iddia üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclaslarında Cavabdeh3, məhkəməyə ünvanladığı müraciətlərində isə Cavabdeh1 bu yükü öz üzərinə götürərək cavabdeh kimi öz müdafiələrini həyata keçirmək əvəzinə, həqiqətən X16 Sadiqiyə borclu olmasını hər vəchlə sübut etməyə çalışmaları, məhkəmə icraatının iddiaçı və cavabdehlər arasında çəkişmə əsasında həyata keçirilməli olduğu halda, hazırkı icraatın cavabdehlərlə Cavabdeh4 çəkişməsi fonunda aparılması təsdiq edir. Belə ki, onlar mərhumun sağlığında müalicəsi ilə bağlı çəkdiyi xərclər üçün zəruri olan pul vəsaitinin borc alınaraq xərcləndiyini bildirdikləri mərhumun “borc kitabçası”ndakı əlyazmaları məhkəməyə təqdim etməklə, dəfn və yas mərasimlərinə verilən pulun həqiqətən İddiaçı tərəfindən verilməsinin təsdiq edilməsi üçün mərasim evindəki videogörüntülərin əldə olunması, qəbir daşının sifarişini qəbul edən şəxsin şahid qismində dindirilməsini təklif etməklə iddianın əsaslı olması istiqamətində fəaliyyət göstərirlər.

11. İddianın etirafı faktının məhkəmə tərəfindən qəbul edilməməsinin digər səbəbi ondan ibarət olmuşdur ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər qismində göstərmiş, yalnız məhkəmə hazırlıq iclasında məhkəmənin elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən mərhumun daha bir qızının olması bildirildikdən sonra onun əlavə cavabdeh kimi işə cəlb olunmasına dair vəsatət verilmiş, halbuki mərhumun bacanağı, yəni ona yaxın olan şəxs kimi İddiaçı İndira X3 olmasından məlumatlı idi. Belə olan halda, əgər iddiaçının məqsədi mərhuma verdiyini iddia etdiyi pul məbləğlərini və ölümündən sonra çəkdiyi xərcləri mərhumun vərəsələrindən almaq idisə, birinci növbə vərəsə olan Cavabdeh4 nəyə görə öncədən cavabdeh kimi cəlb etməməsi qeyd edilənlərin, yəni, cavabdehlərin iddiaçı ilə danışığa girib hazırkı iddianı qaldırmasına nail olaraq məhkəmə qətnaməsi əsasında mərhumun xeyli miqdarda borcunun olmasını təsbit etməklə, Cavabdeh4 mirası qəbul etməkdən yayındırmaq, həmin “”borcları” miras əmlaka yönəltmək” məqsədinə xidmət edir. Göründüyü kim, cavabdehlərdən üçünün iddianı etiraf etməsinin digər Cavabdeh4 mənafeyinə toxunduğu, işin hallarının gizlədilməsi məqsədilə edildiyi aydın şəkildə müşahidə edilir. Cavabdeh3 və Cavabdeh1 İddiaçılə münasibətlərinin çox yaxşı olduğunu, onu böyükləri kimi qəbul edərək mərhuma və onlara kifayət qədər maddi köməklik etdiyini danmadıqlarını bildirirlər. Münasibətlərin bu cür yaxşı səviyyədə olması halında müvafiq pulların məhkəmə qaydasında tələb olunmasına nə qədər zərurət olması işdən məlum deyil. İşdən də görünür ki, mərhumun digər qızı Cavabdeh4 miras əmlakda payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və iş üzrə icraat, çıxarışın mübahisələndirilməsinə dair inzibati işə baxılanadək dayandırıldıqdan sonra - xx.xx.2024- cü il tarixdə hazırkı iddia irəli sürülmüşdür. X20 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin ildə el-adəti ilə yas mərasimləri keçirilmiş və bir müddət sonra mərhuma baş daşı qoyulmuşdur.

12. Eyni zamanda Cavabdeh1 məhkəməyə göndərdiyi etirazı iddia tələbinə qarşı deyil, digər Cavabdeh4 iddiaya etirazında irəli sürdüyü dəlillərinə münasibət bildirilməsindən ibarətdir ki, bu da onların Hacıyevaya qarşı barışmaz mövqedə olduqlarını göstərməklə, xəstəlik dönəmində atasına qulluq etməyən övlad kimi onun miras əmlakdan digər vərəsələrlə bərabər pay tələb etməsini yolverilməz hesab edirlər. Nəzərə alınmalıdır ki, hazırda irəli sürülən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Cavabdehlərdən üçünün iddianı etirafı faktı məhkəmə tərəfindən qəbul edilmədiyindən, iddia ümumi qaydada sübuta yetirilməlidir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi X2 ona pul verməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir.

13. İddianın yas mərasimlərinin təşkil olunması və qəbir daşının qoyulması ilə əlaqədar çəkilmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırda cavabdeh kimi göstərilən mərhumun ailə üzvləri iddiaya cavab verməli olan şəxslərdir. Lakin bu hissədə sözügedən xərclərin (10.500 manat) çəkildiyinin cavabdehlərdən yalnız üçü tərəfindən etiraf edilərək, digər Cavabdeh4 tərəfindən təkzib edilməsi, eyni zamanda xərclərin çəkilməsi ilə bağlı hər hansı sübutun təqdim edilməməsi həmin xərclərin müştərək qaydada miras şərikləri kimi cavabdehlərdən tutulmasını istisna edir. Eyni zamanda, iddiaçı həmin xərclərin onun tərəfindən çəkilməsini bildirsə də, bunun qohumluq münasibətlərindən irəli gələrək ailəyə dəstək məqsədilə edildiyini yaxud həmin məbləğləri geri qaytarmaq şərtilə ödəməsini müəyyən etmək mümkün olmamışdır. O da qeyd olunmalıdır ki, iddiaçının və Bayram Babayevin ailə üzvlərinin (cavabdehlər Cavabdeh1 və Cavabdeh3) özlərinin bildirdiyinə görə mərhumun İddiaçı də daxil olmaqla başqa şəxslərə də kifayət qədər borclarının olduğunu, lakin həmin pulların qaytarılmadığını bildikləri halda Heydər Məscidində və evdə yas mərasiminin təşkil edilməsinə 6.500 manat, qəbir daşının qoyulmasına 4.000 manat xərcin çəkilməsinə nə qədər zərurətin olması müəyyən edilmir. Odur ki, bu hissədə də iddianın təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir.

14. İddia tələbinin “84.600 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6.556,50 manat faiz məbləğinin tutulması”na dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu tələb əsas tələb – 84.600 manat məbləğin ödənilməsi tələbi ilə bağlıdır və onun təmin olunubolunmamasından asılıdır. İddia tələbi həmin hissədə təmin edilmədiyindən bu hissədə də rədd edilməsi məqsədəuyğun hesab edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1093cü, 1157-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü, 14-cü, 52ci, 77.1-ci, 106-107-ci, 119.1-ci, 191-ci və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlarla tərəflərin, o cümlədən cavabdeh İndira Haciyevanın özünün verdiyi izahatlarla təsdiq edilmişdir ki, miras qoyan Bayram Babayev ölümündən xeyli əvvəl ağır formada onkoloji xəstəliyə düçar olmuş, onun müalicəsi üçün külli miqdarda vəsait xərclənmiş, xarici ölkələrdən bahalı dərmanlar gətirmişdir. Bu xərclərin demək olar ki, hamısını Cavabdeh3 çəkmiş, atasına qulluğu özü tək etmişdir. Digər birinci növbə vərəsə Cavabdeh3 çəkmiş, atasına qulluğu özü tək etmişdir. Digər birinci növbə vərəsə atasının müalicəsini və ona qulluqla bağlı heç bir maddi vəsait xərcləməmiş, ona heç bir qulluq göstərməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu faktın üstündən keçmiş, ona hüquqi qiymət verməmişdir. Hakim Mülki Məcəllənin 1057-ci maddəsini istinad etsə də, həmin maddənin düzgün şərh etməmiş, cavabdeh İndira Hacıyvanın mövqeyindən çıxış edərək, ona xeyrinə təsvir etmişdir. Birinci instansiya məhkəməsi miras şərikliyi mərhələsində şəriklərin müəyyənləşmiş paylarının olmamasını əsas götürərək şəriklik ifadəsinin qanuna əsasən yaranmış, paylar müəyən olunana və miras bölüşdürülənərək olan hüquqi vəziyyətin, ümumuliyin iştirakçılarını birgə mülkiyyətçi olmalarına dəlalət etməsi, sözü gedən xərclərin cavabdehlərin yalnız 3-ü tərəfindən etiraf edilərək, digər Cavabdeh4 tərəfindən təkzib edilməsi, eyni zamanda xərclərin çəkilməsi ilə bağlı hər hansı sübutun təqdim edilməməsi, həmin xərclərin müştərək qaydada miras şərikləri kimi cavabdehlərdən tutulmasını istisna etməsi barədə gəldiyi qənaət əsassızdır. Belə ki, o, cavabdehlərin ən yaxın qohumu olmuşdur. Onun maddi durumu iddia ərizəsində göstərdiklərini etməyə qadir olması, Cavabdeh4 tərəfindən də inkar edilmir. İddiaçının mərhum Bayram Babayevə sonuncunun, ağır xəstə olduğu dövrdə müalicəsi üçün borc pul verməsi və ölümündən sonra yas mərasimi, qəbr daşı və s. mərhumun ailə üzvlərinə borc pul verməsi üçün hər hansı sənədin tərtib edilməsi absurtdur. Digər tərəfdən həmin faktın kənar şəxslər tərəfindən təsdiq edilməsi və ya hər hansı sübutun təqdim olunmasına ehtiyac yoxdur. Bu ailə daxili problemin həll olunması yoludur. Bu faktların Cavabdeh4 məlum olması mümkün deyildir. Çünki, Cavabdeh4 heç vaxt atasının xəstəliyi ilə maraqlanmamış, tanış olmamış, bu sahədə heç bir təşəbbüs göstərməmiş, belə güman edilir ki, miras əmlakdan pay alması üçün atasının ölümünü gözləmişdir. Cavabdeh4 başqa digər cavabdehlər iddianı bütövlükdə etiraf etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh4 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə və iddia ərizəsinə qarşı yazılı etirazların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; 1159-cu və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, “yas mərasiminə xərclənmiş pul hesabına 6.500 manat, qəbir daşı hesabına ödənilmiş 4.000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə qismən təmin edilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı mərhum X13 bacanağıdır. Cavabdehlər isə mərhumun ailə üzvləri arvadı və qızlarıdır. Cavabdehlərdən Cavabdeh4 mərhum X13 digər nikahdan olan qızıdır. X17 xx.xx.2022-ci il tarixdə mədəaltı vəzi başının bədxassəli yeni törəməsi səbəbindən vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza kücəsində yerləşən 4 saylı evin, 37 saylı mənzili ondan miras qalmışdır. Onun vərəsələri: arvadı Cavabdeh1 (xx.xx.2023-cü il), onunla birgə nikahdan doğulmuş qızları Cavabdeh3 (xx.xx.2023-cü il) və Cavabdeh2 (xx.xx.2023-cü il), habelə başqa nikahdan doğulmuş Cavabdeh4 (xx.xx.2023-cü il) Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edərək, ondan miras qalmış həmin mənzilin qəbul edilməsi ilə bağlı onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Lakin vərəsələr arasında mübahisə yarandığından Cavabdeh1 müraciəti əsasında şəhadətnamənin verilməsi dayandırılmış və məhz bu səbəbdən notariat ofisi tərəfindən Cavabdeh4 şəhadətnamə verilməmişdir.

29. Hazırda iddiaçı X14 müxtəlif vaxtlarda hissə-hissə 35.000 manat borc verdiyini, 600 qramlıq qızılı (36.600 manat hesablamaqla) ona borca pul vermək üçün kredit götürmək məqsədilə banka girov qoyduğunu bildirir, həmin borc məbləğinin və girov qoyulmuş qızılın dəyərinin, bankdan kredit götürülmüş 2.500 manat pull birlikdə hazırda cavabdehlər kimi qoyulmuş mərhumun vərəsələrindən onun xeyrinə tutulmasını tələb edir. Bununla yanaşı iddiaçı həm də mərhumun yas mərasiminin keçirilməsi üçün 6.500 (3.500+3.000) manat, qəbir daşının qoyulması üçün 4.000 manat pulun mərhumun ailə üzvlərinə verildiyinə istinad edərək həmin pulun, ümumilikdə 84.600 manat məbləğinin və bu məbləğin ona vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə) 6.556,50 manat faiz məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsini tələb edir.

30. Bu baxımdan iddia tələbi şərti olaraq beş hissədən ibarətdir: 1) mərhum X13 vərəsələri kimi cavabdehlərdən mərhuma verilmiş və qaytarılmamış pul vəsaitinin tutulması (35.000 manat); 2) 600 qramlıq qızılın dəyərinin ödənilməsi (36.600 manat); 3) mərhumun yas mərasiminin və qəbir daşının düzəldilməsi üçün pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsi (3500 + 3.000 + 4.000); 4) ödənilməmiş məbləğə görə bank uçot dərəcəsi ilə dəymiş maddi zərərin ödənilməsi (illik 7,75 faizlə 6.556,50 manat); 5) iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (363,47 manat) cavabdehlərdən tutulması.

31. Məhkəmə kollegiyası hazırki iddia, o cümlədən qeyd edilən ilk iki tələblə bağlı qeyd edir ki, mübahisəli miras əmlak xx.xx.1990-cı il tarixli orderə əsasən X14 verilmiş və orderdə onun ailə üzvləri qismində hazırki iş üzrə cavabdehlər - arvadı Cavabdeh1, habelə qızları Cavabdeh2 və Cavabdeh3 göstərilmişdir. Həmin əmlaka dair X13 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun xx.xx.2022-ci il tarixdə ölümündən sonra isə cavabdehlər, o cümlədən Cavabdeh1 miras əmlakdan pay almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etmişdir. Həm bu, həm də onun qızları olan digər iki cavabdeh öz müraciətlərində vərəsə kimi yalnız özlərini göstərmişdilər. Lakin Cavabdeh4 da miras əmlakdan pay almaq üçün notariat ofisinə müraciət etdikdən sonra, tərəflər arasında miras əmlakın bölüşdürülməsi, yəni ona da payın ayrılması ilə bağlı mübahisə yaranmışdır. Nəticədə Cavabdeh1 müraciəti əsasında Notariat ofisində şəhadətnamənin verilməsi proses dayandırılmış, bundan sonra isə bu cavabdeh həmin mənzilin çıxarışının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəmədə iddia qaldırmışdır. Halbuki, onun notariat ofisinə müraciəti öz növbəsində miras əmlakın hüquqi vəziyyətində, yəni mərhumun mülkiyyəti kimi qeydiyyata alınmasında hər hansı problemin olmadığını təsdiq edir. Məhz çıxarışın ləğv edilməsi tələbinə dair iddiaya baxılması əsası ilə Cavabdeh4 bu cavabdehlərə qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat dayandırılmışdır.

32. Cavabdeh1 həmin iddiası Bakı İnzibati Məhkəməsi tərəfindən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi də bu nəticə ilə razılşamışdır. Lakin həmin iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı hələ ki mövcud deyil.

33. Hazırki iddia da tarix etibarı ilə miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə yarandıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə və ilk olaraq 3 cavabdehə qarşı qaldırılmış, daha sonra isə Cavabdeh1 da cavabdeh qismində işə cəlb edilmişdir. Halbuki, iddiaçının X13 İndira adlı qızının olmasını bilməməsi mümkün deyil. Hazırki iddia ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddiaçı qeyd edilən ilk iki tələbin əsaslığına dair hər hansı sübut təqdim etmir, hər hansı sübutun olmadığını özü də etiraf edir (“qızıllarla da, pullarla da bağlı heç bir rəsmiləşdirmə yoxdur” – xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolu, i.v. səhvə 37). X13 ölümündən sonra iddia qaldırılan tarixədək hər hansı bir vaxt, hər hansı bir şəraitdə qeyd edilən məbləğlərin iddiaçı tərəfindən cavabdehlərdən tələb ediməsi müəyyən edilmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında münasibətlərin nəinki gərgin və prinsipial olması, ümumiyyətlə onların münasibətlərində hər hansı problemin olması müşahidə olunmur. Əksinə bu cavabdehlər iddiaçının onlara daim köməklik göstərdiyini, o cümlədən maddi baxımından dəstək olduğunu bildirirlər və iddianı etiraf edirlər (Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə ilə, digər iki cavabdeh isə məhkəmə iclasında). Hətta bu borcu qaytarmaq üçün maddi imkanlarının olmamasını bildirdikləri bir halda, onlar üçün əlavə maddi yük yaradan və maddi baxımdan daha da əlverişsiz vəziyyətə salan illik 7,75 faiz dərəcəsi ilə hesablanmış 6.556,50 manat faiz borcunun onlardan tutulmasını da qəbul edirlər.

34. Yalnız Cavabdeh4 hazırki iddianı qəbul etmir, mərhum atasının iddiaçıya hər hansı borcunun olmadığını, iddianın əsassız olduğunu qeyd edir və bu iddianın onun mirasdan pay tələb etməsi ilə bağlı qaldırıldığını, yəni iddianın ondan mirası qəbul etmiş şəxs olaraq miras qoyanın borclarının əvəzi olaraq pulun tutulması yolu ilə mirasdan məhrum edilməsi məqsədi daşıdığını bildirir və iddiaya qarşı belə bir məzmunda yazılı etiraz təqdim edir. Cavabdeh1 da iddiaya qarşı etiraz təqdim edir, lakin həmin etiraz Cavabdeh4 etirazından sonra verilir və mahiyyət etibarı ilə iddiaya qarşı deyil, Cavabdeh4 etirazına qarşı etiraz xarakteri daşıyır. Bu baxımdan həmin cavabdeh hüquqi nəticə etibarı ilə cavabdehin deyil, iddiaçının mövqeyindən çıxş edir. Ümumiyyətlə iddianın əsaslı olmasının sübuta yetirilməsində iddiaçı ilə müqayisədə, cavabdehlər daha əsaslı və tutarlı mövqedən çıxış edirlər və hər bir vasitə ilə iddianın əsaslı olmasını sübuta yetirməyə çalışırlar.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, qeyd edilən, o cümlədən bu hissədə illik faiz dərəcəsinin tutulması tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və vurğulayır ki, hazırki iddia cavabdehlərlə razılaşdırılmış bir halda, məhz yüksək məbləğdə pulun tutulmasına nail olaraq və bu barədə məhkəmə qətnaməsi əsasında mərhumun xeyli miqdarda borcunun olmasını təsbit etməklə, Cavabdeh4 mirası qəbul etməkdən yayındırmaq, həmin ““borcları” miras əmlaka yönəltmək” və bu yolla Cavabdeh4 miras payından məhrum etmək məqsədi ilə qaldırılmışdır. Bunu müəyyən etmək üçün xüsusi biliyə və ya hüquqi savada malik olmağa ehtiyac yoxdur, anlaqlı olmaq və yuxarıda göstərilənləri xronoloji ardıcıllıqla düzmək kifayətdir. Sübutların olmadığı bir halda, qeyd edilənlər, o cümlədən cavabdehlərdən üçünün Cavabdeh4 miras əmlakda pay almasının əleyhinə olması və iddianı etiraf etməsi hüquqi nəticə etibarı ilə Cavabdeh4 mənafeyinə toxunur. Bu baxımdan həmin etiraflar qəbul edilə bilməz və qeyd edilən tələblər təmin edilə bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin bu tələblər üzrə dəlilləri əsassızdır, bu səbəbdən təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisəli (miras qalmış) əmlakla bağlı dövlət reyestrindəki çıxarışın ləğv edilməsi tələbinə dair iddiası artıq iki instansiyada təmin edilmişdir. Nəzərə alınmalıdır ki, həmin iddianın sonadək uğurlu olması və hüquqi nəticə etibarı ilə mübahisəli miras əmlakla bağlı dövlət reyestrindən çıxarışın ləğv edilməsi artıq mənzilə münasibətdə hüquqi qiymətləndirmənin xx.xx.1990-cı il tarixli orderə münasibətdə aparılmasını şərtləndirmiş olacaqdır. Belə olan halda, mirasla bağlı tam fərqli hüquqi vəziyyətin yaranması da istisna deyil.

37. Məhkəmə kollegiyası mərhumun yas mərasiminə və qəbir daşının qoyulmasına çəkilmiş xərclərin cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı həmin məqsədlərlə verilmiş pul vəsaitini Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verildiyini bildirir, həmin cavabdehlər də bu məbləği mübahisələndirmir və verildiyini etiraf edir. Cavabdeh4 isə iddianı bu hissədə də qəbul etmir, iddiaçı da ona münasibətdə tələbini sübuta yetirə bilmir.

38. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, yas mərasiminə ümumilikdə 6.500 manat və X13 ölümündən bir il sonra onun qəbir daşına 4.000 manat məbləğində pulun xərclənməsinin Cavabdeh4 ilə razılaşdırılması müəyyən edilmir. Digər cavabdehlər də bu mövqedən çıxış etmir və həmin məbləğin qeyd edilən məsələlərə xərclənməsində Cavabdeh4 da razılığının olduğunu bildirmirlər. Digər tərəfdən bu xərclərin X13 dəfni ilə bağlı çəkilməli olan zəruri xərclər kimi qiymətləndirilməsi üçün də hər hansı əsas yoxdur. Etiraf edilən, habelə mövcud olan (iş materiallarında Cavabdeh1 X6 xeyrinə 46.500 manat dəyərində əmlakın tutulması barədə qətnamə də var) borclar qarşılığında belə bir məbləğin xərclənməsi yalnız həmin cavabdehlərin şəxsi iradə və istəyinə bağlı olmaqla onlar tərəfindən X13 xatirəsinə göstərilmiş ehtiram kimi qiymətləndirilə bilər. Bununla belə, həmin xərclər hüquqi nəticə etibarı ilə dəfn xərcləri kimi qəbul edilə bilməz və bu baxımdan Mülki Məcəllənin 1157-ci maddəsinin təsiri dairəsinə düşmür. Qeyd edilənlər öz növbəsində bu məbləğin Cavabdeh4 tutulmasını istisna edir. Belə olan halda, digər cavabdehlərin bu tələb üzrə etirafı hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olmur və həmin məbləğin müştərək qaydada qeyd edilən cavabdehlərdən tutulmasını şərtləndirir.

39. Məhkəmə kollegiyası iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 121,50 manat məbləğində pulun tutulmasını əsaslı hesab edir.

40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən “yas mərasimlərinin keçirilməsi və qəbir daşının düzəldilməsi üçün verilmiş 10.500 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməli, yas mərasimlərinin keçirilməsi üçün verilmiş 6.500 manat, habelə qəbir daşının düzəldilməsi üçün verilmiş 4.000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 121,50 manat hissəsinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3118/2024 nömrəli qətnaməsi qismən “yas mərasimlərinin keçirilməsi və qəbir daşının düzəldilməsi üçün verilmiş 10.500 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilsin. Yas mərasimlərinin keçirilməsi üçün verilmiş 6.500 (altı min beş yüz) manat, qəbir daşının düzəldilməsi üçün verilmiş 4.000 (dörd min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 121,50 (bir yüz iyirmi bir manat, əlli qəpik) manat hissəsinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar