Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1840/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 22 noyabr 2006-cı il tarixli qiyabi qətnaməsinə əsasən iddia qismən təmin edilərək İddiaçı xeyrinə Cavabdeh1 və Cavabdeh2 Əhliman qızından 4000 (dörd min) ABŞ dolları və ödənilmiş 19.80 (on doqquz manat səksən qəpik) dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 22.10.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 2540/2006 saylı, 22 noyabr 2006-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edərək bərpa edilməsi, eləcə də həmin qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizələr ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş; qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizəsi isə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh1 şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı vəkili Vəkil tərəfindən məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmiş vəsatətində hazırki şikayətə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmasını; eləcə də şikayətə etirazını təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər işdə iştirak edən şəxslər tərəfindən isə məhkəməyə hər hansı bir sübut və ya izahat təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmasına əsas yoxdur. Həmçinin şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra tərəflərə mülki iş üzrə təyin olunan məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh1 ünvanına göndərilən teleqramı şəxsən almış, Cavabdeh1 faktiki nikah münasibətləridə olduğu digər Cavabdeh2 mülkiyyətində olan Azərbaycan Beynəlxalq Bankı qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin üzərinə iddianın təmini tədbiri olaraq həbs qoyulmuş, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsi tərəflərin ünvanına göndərilmiş, 15 ildən çox vaxt keçdikdən sonra buraxılmış müddətin bərpası ilə məhkəməyə müraciət edən Cavabdeh1 müddətin üzrlü səbəblərdən buraxılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. ...Cavabdeh1 qeydiyyatda olduğu ünvanda yaşamaması halı onu həmin ünvan üzrə bildirişləri almaq vəzifəsinin icrasından azad edən hal olmadığından bu dəlil müddətin bərpa edilməsi üçün üzürlü səbəb olaraq qəbul edilə bilməz. Cavabdeh şikayətində də müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edə biləcək sübutlarını əlavə etmədiyindən, Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edərək bərpa edilməsinə dair ərizənin təmin edilməməsinə, Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2540/2006 saylı qərardadı əsaslıdır, ona görə də şikayət təmin edilmir. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Əvvəla, cavabdeh müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. İkincisi, iddiaçının 15 ildən artıq müddət keçdikdən sonra bu cür ərizələrlə məhkəməyə müraciət etməsi anlaşılan deyildir. Çünki, bu müddətdə qeyd olunan qətnamədən məlumatsız olması inandırıcı və ağlabatan sayıla bilməz. Bu müddət ərzində icra sənədinin icrası ilə əlaqədar məcburi icra tədbirlərində iştirak etməsi də cavabdehin qeyd olunan qətnamədən məlumatsız olmadığına dəlalət edir. Üçüncüsü, cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması da müddəti üzrlü səbəbdən ötürməsinə dəlalət etmir. Əksinə, qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamırsa, yaşadığı ünvanda qeydiyyata alınmaq öhdəliyi olmuşdur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2540/2006 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1840/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1840/2022
03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver