Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1846/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən birgə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən məcburi çıxarılmaları və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Suraxanı rayonu X3 yerləşən 4 sot torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, evin təhvil verildiyi günədək həy ay 250 manat kirayə haqqının hesablanaraq cavabdehlərdən tutulması, bundan başqa dəymiş zərər olaraq, ələ keçirdikləri qızıla görə 4500 manat və nağd pul 10000 manat və əmlaka vurulan zərər olaraq, 10 000 manat olmaqla cəmi 24 500 (iyirmi dörd min beş yüz) manat pulun, həmçinin 165 manat dövlət rüsumunun və vəkilə etibarnamənin verilməsinə görə ödənilmiş 19 manatın onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Təranə Mahmudova) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Bundan sonra həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilmiş, həmin şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
7. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdehlərin torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddiaya MPM-nin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət qaydasına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması.
9. Hazırkı halda iddiaçılar mübahisəli torpaq sahəsinin və evin Suraxanı rayonunda yerləşməsini qeyd edərək, iddianı Suraxanı Rayon Məhkəməsinə versələr də, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli ərazi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu deyil, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozudur.
10. Beləliklə, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mülki iş üzrə iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsiri altına düşdüyündən, rayon məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur.
11. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
14. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onların şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.