Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1851/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2106/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı məxsus bank kartı hesabından çıxarışa əsasən onun hesabından xx.xx.2023-cü il tarixdə Cavabdeh2 hesabına 234,20 manat, Cavabdeh5 hesabına 2180,50 manat, Cavabdeh3 hesabına 1372 manat, Cavabdeh7 hesabına 1591,60 manat, Cavabdeh4 hesabına 345,78 manat, Cavabdeh1 hesabına 215 manat məbləğində vəsait köçürülmüşdür.
2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə istifadəsində olan 055 272 38 16 saylı mobil nömrəyə 055 320 03 53 saylı nömrə ilə zəng edib özünü "xxxx"-ın əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən ona məxsus bank hesablarının təhlükəsizliyinin artırılacağı barədə yalan məlumat verilməsindən sonra həmin şəxsin istifadəsində olan +**********2 saylı mobil nömrədən ona məxsus 055 272 38 16 saylı mobil nömrəyə göndərilən link-ə özünə məxsus "xxxx" ASC-yə aid 4169 7385 4921 0916 saylı və 4169 7414 7633 3925 saylı kartların məlumatlarını daxil etdikdən sonra həmin kart hesablarından ümumilikdə 6.430 manat pul naməlum şəraitdə çəkilmişdir. Aparılmış araşdırma pulu ələ keçirən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 489,43 manat məbləğində, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2180,50 manat məbləğində, Cavabdeh3 1372 manat məbləğində, Cavabdeh7 1591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pulun və cavabdehlərdən müştərək qaydada 84,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus "xxxx" ASC-yə aid 4169 7385 4921 0916 saylı “Birkart” ve 4109 7414 7033 3925 saylı maaş kartlarına aid bank hesabları vardır. O, həmin hesablarını mobil telefonuna yüklədiyi "Birbank" mobil tətbiqi vasitəsilə idarə etmişdir. Müəyyən vaxtlarda həmin kartlarından “online” ödənişlər də həyata keçirmişdir. xx.xx.2023- cü il tarixdə saat təxminən 15 radələrində Masallı şəhəri ərazisində olduğu zaman özünü "xxxx" bir nəfər tanımadığı şəxs ***-***-**-** sayli mobil nömrədən onun istifadəsində olan 28 may Filialının əməkdaşı kimi təqdim edən “Kamran Qasımov” adlı şəxs ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onun "xxxx" hesablarına kiber hücumların olduğunu, kartına müdaxilə etmek istəyən şəxslərin olduğunu, hesab məlumatlarının təhlükəsizliyini artırmaq məqsədi ilə kartların üzərində olan 16 rəqəmli şifrəni “WhatsApp” hesabına göndəriləcək linkə daxil olduqdan sonra açılacaq proqramda müvafiq yerə daxil etməyini istəmişdir. O, həmin vaxt kart hesabına kiber hücumun olacağından ehtiyat edib həmin şəxslə razılaşmış və həmin şəxsin +**********2 saylı mobil nömrə ilə açılmış “WhatsApp” hesabından onun nömrəsinə göndərilən linkə daxil olmaqla özünə məxsus 4169 7385 4921 0916 saylı ve 4169 74147033 3925 saylı kartların nömrələrini həmin linkdə ayrılan xanalara daxil etmişdir.Bundan sonra mobil telefonunda olan “Birbank” tətbiqindən gələn bildirişlərlə bank hesablarında olan ümumilikdə 6.430 manat pulun hissəhissə olmaqla mexaric olunduğunu görmüşdür. O, həmin vaxt dələduzluğa məruz qaldığını başa düşmüşdür. Elə həmin vaxt ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə həmin nömrəyə zəng çatmadığını bilmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmiş və Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Masallı rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixli qərarla “cinayət işinin başlanması” rədd edilmişdir. Masallı rayon Polis Şöbəsi tərəfindən sorğu nəticəsində əldə olunmuş bank hesab çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:28-də 489.43 manat pul vəsaiti Cavabdeh6 hesabına, saat 16:33-də 234 manat pul vəsaiti Cavabdeh2 hesabına, saat 16:17-də 2180.50 manat pul vəsaiti Cavabdeh5 hesabına, saat 16:19-da 1372 manat pul vəsaiti Cavabdeh3 hesabına, saat 16:21-də 1591.60 manat pul vəsaiti Cavabdeh7 hesabına, saat 16:30-da 345.78 manat pul vəsaiti Cavabdeh4 hesabına, saat 16:36-da 215 manat pul vəsaiti Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh5 ilə Cavabdeh3 ərarvaddır. Göründüyü kimi, İddiaçı müvafiq linkə daxil olduqdan dərhal sonra bir neçə dəqiqə ərzində ümumilikdə 6428.31 manat İddiaçı kart hesabından yuxarıda adları çəkilən şəxslərin hesabına köçürülmüşdür. Bank çıxarışından açıq-aydın görünür ki, 7 nəfər cavabdeh şəxsə köçürülən pullarla bağlı əməliyyatların növü “bir bank tətbiqi il kartdan karta köçürmə” olmuşdur və sözügedən köçürmələr kart sahibi İddiaçı iradəsi olmamış, o, cavabdehləri tanımamış və onlarla hər hansı şəkildə əlaqəsi olmamışdır. Kart sahibinin aksepti olmadan, qanuni əsas olmadan cavabdehlər əsassız olaraq varlanmışdır.
5. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2.180,50 manat məbləğində, Cavabdeh3 1.372 manat məbləğində, Cavabdeh7 1.591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pulun və cavabdehlərdən müştərək qaydada 72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2106/2023 nömrəli tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2.180,50 manat məbləğində, Cavabdeh3 1.372 manat məbləğində, Cavabdeh7 1.591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər.
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı aldadılaraq kart məlumatları ələ keçirildikdən sonra onun iradəsinə zidd və ondan xəbərsiz qısa vaxt ərzində cavabdehlərin hesablarına müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər bir-birini tanımırlar və öncədən də heç zaman birbirini görməmişdirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh4 və Cavabdeh7 məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdirlər ki, iddiaçı tərəfindən həmin məbləğ kriptovalyuta alqı-satqısı zamanı onların hesabına köçürülmüşdür. Məhkəmə buna münasibətdə qeyd etmişdir ki, əvvəla cavabdehlər tərəfindən təqdim olunmuş qəbzlərdən onların iddiaçıya hər hansı bir əmtəə satması halı təsdiq olunmur. Belə ki, qəbzlərdən iddiaçının alıcı qismində çıxış etməsi görünmür. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehlər özləri də ödənişin onların hesabına kimin tərəfindən ödənildiyini bilmirlər. Göründüyü kimi, iddiaçının kart hesabının məlumatları ələ keçirildikdən sonra ondan xəbərsiz cavabdehlərin hesabına müxtəlif məbləğlərdə pul məbləğləri köçürülmüş və cavabdehlər bunun nəticəsində əsassız varlanmışdırlar. Cavabdehlərdən Cavabdeh6 özü bu halı etiraf edərək, iddiaçıya dəymiş zərəri könüllü olaraq ödəmişdir. İşin bu halı da eyni zamanda təsdiq edir ki, iddiaçının bank hesabından cavabdehlərin hesabına köçürülmüş pul vəsaitləri əsassız və heç bir hüquqi əsas olmadan cavabdehləri varlandırmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “Binance”-da (dijital varlıqları birbaşa istifadəçilər arasında almağa və satmağa imkan verən dijital platforma) onlayn kripto alış-verişi ilə məşğul idi və indiyə qədər heç bir qeyri-qanuni əməliyyat etməmişdir. Qeyd edir ki, birjada satış zamanı pulun kim tərəfindən, hansı kartdan göndərildiyi məlum olmur və o, satış edib pulunu almışdır. Burada vasitəçilik, gizlilik və təhlükəsizliyi “Binance” özü təmin edir, onə görə də ondan asılı olan heç bir şey yoxdur. Bu barədə bir neçə dəfə polis tərəfindən zəng olunub və gedib polislə danışıb vəziyyəti izah etmişdir. Polis əməkdaşları da haqlı olduğunu təsdiqləyiblər və zərərçəkmişlərə şəxsi məlumatlarını üçüncü bir şəxsə verməməyi bildiriblər. Buna görə də bu işdə heç kim məsuliyyət daşımır və cinayət işi açılmadılar. Bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş və haqqında düzgün qərar verilməmişdir. Məhkəmə isə iddia tələbini əsassız varlanma kimi tövsif edərək mülki və prosessual qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. O, həmin valyuta qarşılığında birjadan ona məxsus kripto valyutanı satmış, yəni həmin pul onun hesabına alqı-satqı prosesinin nəticəsində ödəniş olaraq daxil olmuş, o da həmin ödənişin müqabilində özünə məxsus USDT kripto valyutasını vermişdir. Əlavə olunan köçürmə sənədləri bunu təsdiq edir. Bank kartlarından istifadə qaydalarına görə kart istifadəçisi PİN-kodun məxfiliyini təmin edir, onu heç bir halda başqasına açıqlamır və ya vermir. Bu məxfiliyin qəsdən, səhlənkarlıq və ya hərhansı digər səbəb nəticəsində pozulması ilə bağlı bütün risklər istifadəçiyə aiddir və gələcəkdə banka qarşı bu öhdəliyin pozulması ilə bağlı hər hansı iddia irəli sürülə bilməz. Bu qayda eyni zamanda bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə ödəniş etmiş və ya qəbul etmiş şəxslərə münasibətdə də analogiya təşkil edir və həmin şəxslər də təhlükəsizlik tədbirlərini keçməklə edilmiş özdənişlərə görə heç kəs istifadəçi qarşısında məsuliyyət daşımır. Lakin məhkəmə bu halları araşdırmadan, qiymət vermədən əsassız varlanma kimi yanaşaraq iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. O, “Binance” şirkətinə müraciət etmişdir. Onlar şəxsi məlumatları yalnız rəsmi qaydada polis əməkdaşlarına verə biləcəklərini bildirmişlər. Müraciət üçün link də təqdim edilmişdir. Lakin məhkəmədə bunlara da baxılmamış, bu hal polis orqanları tərəfindən də araşdırılmamışdır. Rəsmi istintaq orqanları tərəfindən müraciət edilsə, sorğu verilmiş olsa idi, dələduzun şəxsi məlumatlarını əldə edə bilərdilər. Bank kartının və məxfi məlumatların gizli saxlamaq öhdəliyi cavabdehin öz üzərinə düşür. Onun öz şəxsi gizli kart məlumatlarını kimlərəsə təqdim etməsinin, qanunla qadağan edilməyən formada kripto valyuta satmağı nəticəsində kart hesabına gəlmiş pulun tələb edilməsi üçün əsas olması konstitusion pozuntudur. O, pulu qarşılıqsız olaraq kimdənsə almamışdır. İddiaçının kart məlumatlarına sahiblik edə bilməməsi onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. O, vicdanlı alıcıdır.
12. Cavabdeh4 da qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Binance" adlı kriptovalyutaların alqı-satqısını təmin edən kriptovalyuta birjasında P2P (kriptovaylutanın birbaşa istifadəçilər arasında alqı-satqısı) vasitəsi ilə xx.xx.2023-cü il saat 16:29-da 345,78 manat dəyərində 195,35 USDT adlı kriptovayluta satmışdır. Bunun üçün alıcı “Binance” adlı birjada onunla sifariş açır və aldığı USDT müqabilində ödənişi onun kartına köçürür, o isə ödəniş olduqdan sonra sifarişi təsdiqləyir və USDT adlı aktiv alıcının hesabına köçür. Burada vasitəçiliyi “Binance” təmin edir, həmçinin istifadəçilərin məxfiliyini və təhlükəsizliyini qoruyur. Yuxarıda qeyd edilənlərdən aydın olur, onun tərəfindən üçüncü şəxsə xidmət göstərilmiş, və həmin xidmətin nəticəsi olaraq 345,78 manat məbləğində vəsait ödənilmişdir. O, qeyd edilən məbləği vicdanlı sahibkar olaraq əladə etmişdir. Həmin vəsaitin oğurluq olmağını və ya qeyri-qanuni yollarla əldə edilməsini qabaqcadan müəyyən etmək qeyri-mümkündür. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən iş düzgün araşdırılmamış, iş üzrə icraata düzgün cavabdehlər cəlb edilməmişdir. Qətnamədə qeyd olunur ki, "cavabdehlər tərəfindən təqdim olunmuş qəbzlərdən onların iddiaçıya hər hansı bir əmtəə satması halı təsdiq olunmur. Belə ki, qəbzlərdən iddiaçının alıcı qismində çıxış etməsi görünmür. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlər özləri də ödənişin onların hesabına kimin tərəfindən ödənildiyini bilmirlər", ancaq bu fikir heç bir araşdırma olmadan irəli sürülüb və məsələyə birtərəfli baxılıb. Çünki onun təqdim etdiyi “Binance” birjasından olan qəbzdə və ekran görüntülərində alıcının adı, soyadı qeyd olunur, lakin ödənişin olunduğu "xxxx" ASC-yə aid "Birbank" mobil tətbiqində ödənişin kim tərəfindən olunduğu göstərilmir. Bu səbəbdən də, satış etdiyi zaman ödənişin iddiaçıya aid olduğunu bilmək mümkün deyil. Həmçinin, məhkəmədə alıcının Cherepovsky Yan olduğunu bildirmişdir və “Binance” birjası istifadəçilərinin məxfiliyini qoruduğuna görə alıcı haqqında ətraflı məlumatı yalnız məhkəmə və ya hüquq mühafizə orqanları tərəfindən rəsmi sorğu olduğu halda təqdim edə bilər. Təəssüf ki, dələduzun kim olduğunu müəyyən etmək üçün heç bir sorğu göndərilmədən və araşdırma etmədən qətnamə qəbul edilib.
14. Cavabdeh5 məhkəməyə müraciət ünvanlayaraq bildirmişdir ki, İddiaçı naməlum şəxs zəng edərək şəxsi məlumatlarını öyrənmiş və həmin o dələduz öz komputerində Rəmziyyə xanımın “Birbank” hesabına daxil olmuşdur. Daha sonra “Binance” platformasına tez daxil olmuş və cavabdehlərdən məhsulu alaraq əvəzində pul köçürmüşdür. Cavabdehlər satıcıdır. Onlar gələn pulun oğurluq olduğunu bilmirlər. Elan açılır və məhsul online satılır. “Binance” platformasında alıcı və satıcı bir-birlərini tanımırlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, “Binance” platformasında alıcı şəxsin yalnız “nickname”-i olur. Onlar pul göndəriləndə ad, soyadı görürlər. Ancaq kripto göndərdikdə isə ad, soyad görmürlər. Çünki buna “Binance” platforması özü nəzarət edir. İddiaçı tələbini həmin kriptonu alan şəxsdən tələb etməlidir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Suallara cavab olaraq bildirdi ki, onlar “Binance” platformasında satış elanı yerləşdirirlər və həmçinin kart məlumatlarını daxil edirlər ki, kimsə almaq istəsə ödəniş etsin. Əgər kimsə almaq istəyirsə, onlar sifariş göndərir və alıcı kart məlumatlarını görür, həmin karta ödəniş edir. Onlar lazımi məbləğdə ödəniş olunubsa təsdiqləyirlər və kriptovalyuta həmin alıcı şəxsin hesabına keçir. Orada həmin şəxsin ad və soyadı görünür. Ödəniş alıcı Cherepovskı Yan tərəfindən olunub.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.1. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edildiyindən, qətnamə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən onlara aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin cavabdehlərə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi onlara qarşı rədd edilməlidir.
25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı özünü "xxxx"-ın əməkdaşı kimi təqdim edən şəxsə ona aid bank məlumatlarını təqdim etmiş, bunun nəticəsində həmin şəxs iddiaçının bank kartlarından istifadə etməklə onun hesablarından vəsait əldə edərək cavabdehlərin hesabına köçürmüşdür.
26. Cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən isə müəyyən olunur ki, onlar “Binance” platformasında kriptovalyuta satışını həyata keçirmişlər və alıcı tərəfindən həmin məbləğ alqı-satqı zamanı onların hesabına köçürülmüşdür.
27. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 182.2-ci maddəsinə müvafiq olaraq, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus pul vəsaitini əvəzsiz qaydada əldə etməmişlər, habelə həmin məbləğin iddiaçının hesabından qeyri-qanuni olaraq çıxarılmasında onların təqsirli olmaları müəyyən edilməmişdir. İddiaçı özü ona aid bank məlumatlarını qorumalı olduğu halda, həmin məlumatları tanımadığı şəxsə təqdim etmiş, bunun nəticəsində zərərə məruz qalmışdır.
29. Bundan başqa, cavabdehlər mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən iddiaçının iradəsinin ziddinə olaraq onun sahibliyindən çıxmış pula münasibətdə vicdanlı əldə edən hesab edilirlər.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2106/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir.
31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2106/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbi rədd edilsin. İddiaçı apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 18 manatı tutularaq Cavabdeh3, 15 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh4 ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: