Məhkəmə qərarları › İş №2(103)-1856/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1856/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1856/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-2843/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya hüququ üzrə 8368,96 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC tərəfindən «avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış X4 məxsus ** GT *** dövlət qeydiyyat nişanlı «Toyota Camry» markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadiəsi nəticəsində Cavabdeh idarə etdiyi ** DC *** dövlət qeydiyyat nişanlı «VAZ 21099» markalı nəqliyyat vasitəsi ilə zərər vurulmuşdur. «xxxx» ASC-nin sığorta müqavilələri qanunvericiliyə uyğun olaraq «xxxx» ASC-yə ötürüldüyündən baş vermiş hadisə ilə əlaqədar «xxxx» ASC tərəfindən zərəçəkənə 13185,70 manat sığorta ödənişi edilmişdir. Cavabdeh mülki məsuliyyəti “xxxx” ASC tərəfindən icbari qaydada sığortalandığına görə zərərçəkmişə ödənilmiş məbləğdən 4816,74 manat “xxxx” ASC tərəfindən ödənilmişdir. Bu səbəbdən də 8368,96 manat məğləğində subroqasiya hüququ yaranmışdır. Bundan irəli gələrək Cavabdeh xx xxxxxx 2017-ci il tarixində şirkət tərəfindən məktub ünvanlanaraq 15 təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Tələbin irəli sürülməsinə baxmayaraq bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd eidlənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)- 2843/2018 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, dəymiş ziyanın obyektiv olaraq araşdırılmaması, tələb olunan zərər məbləğinin real olmasının yoxlanılmaması, yalnız «Toyota Bakı Mərkəzi»nin qiymətləndirmə aktına əsaslanması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş mübahisəsiz hallarına əsasən - cavabdeh xx xxxxx 2016-cı il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 21099» markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində sərxoş vəziyyətdə idarə edərək qarşıdan gələn “Toyota Camry” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb olunmuşdur (cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərar, inzibati xəta haqqında xx.xx.2016cı il tarixli protokol və s.). Həmçinin, işdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İşdə olan xx xxxx 2014-cü il tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Şəhadətnamə”dən görünür ki, X4 məxsus “Toyota Camry” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən xx xxxx 2014-cü il tarixdə xx xxxx 2017-ci il tarixədək sığortalanmışdır. İşdə olan “xxxx” ASC ilə X6 arasında imzalanmış MVB 13820 saylı sığorta müqaviləsi “xxxx” ASC-nin X2 xx xxxxxx 2015-ci il tarixli qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin xx xxxxxx 2016-cı il tarixli razılığı əsasında yüksək sabitliyinə malik olan digər bir sığortaçı – “xxxx” ASC-yə ötürülmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli sığorta aktının surətindən görünür ki, M-VB- 13820/14 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək “Avtonəqliyyat vasitələrinin tam sığortası” növündə sığortalanmış “Toyota Camry” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 13685,70 manat müəyyən olunmuş, 500 manat azadolma nəzərə alınmaqla sığorta ödənişi 13185,70 manat təşkil etmişdir. İşdə olan Toyota Bakı Mərkəzinin 013 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Toyota Camry” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 13685,70 manat məbləğində müəyyənləşdirilmişdir. İşdə olan xx xxx 2016-cı il tarixli 1539 saylı «ödəniş tapşırığı»nın surətindən görünür ki, “xxxx” ASC tərəfindən X3 hesabına sığorta ödənişi kimi 13185,70 manat məbləğində pul köçürülmüşdür. Eyni zamanda, Cavabdeh mülki məsuliyyəti “xxxx” ASC tərəfindən sığortalandığına görə baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən zərərçəkən X4 ödənilmiş 13185 manat məbləğində sığorta ödənişinin əvəzinə həmin sığorta şirkəti (“xxxx” ASC) tərəfindən 4816,74 manat məbləğində sığorta ödənişi “xxxx” ASC-ya ödənilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21099» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü ilə sığortalanmış X4 məxsus «Toyota Camry» markalı, 99 GT-066 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə maddi zərər vurmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Qeyd olunan sığorta müqaviləsi “xxxx” ASC tərəfindən “xxxx” ASC ötürüldüyünə görə X3 avtomaşınına dəymiş zərərin ümumi həcmi müəyyən olunduğdan sonra sığortaçı tərəfindən 13185,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh mülki məsuliyyəti “xxxx” ASC tərəfindən sığortalandığına görə baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 4816,74 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı madəsinə uyğun olaraq “xxxx” ASC-nin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı subroqasiya hüququ yarandığından, cavabdehə məktub ünvanlanaraq 15 təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüş, lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunur. MM-nin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Beləliklə, işdə olan sübutlardan görünür ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə ziyan dəymişdir. Cavabdeh həm apellyasiya şikayətində, həm də izahatında dəymiş zərərin məbləğini mübahisələndirmiş, «Toyota Camry» markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə iddia ərizəsində göstəriləndən daha az zərər dəydiyini bildirmişdir. Bu səbəbdən də apellyasiya icraatı zamanı qeyd olunan halların aydınlaşdırılması üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2842 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan «Toyota Camry» markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13514 manat edilir. Göründüyü kimi, ekspertiza rəyi ilə “Toyota Camry” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin “Toyota Bakı Mərkəzi”nin xx xxxxxx 2017-ci il tarixli, 013 №-li qiymətləndirmə aktında göstərilənlərə uyğun olması müəyyən edilir. Həmçinin, iddiaçı tərəfindən zərər çəkmiş şəxsə sığorta ödənişi kimi cəmi 13185,70 manat məbləğində pul köçürülmüşdür. Yəni, iddiaçının tələb etdiyi məbləğ ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğdən yüksək deyildir. Cavabdeh isə zərərin daha az olması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin sığorta ödənişini həyata keçirmiş iddiaçı qarşısında subroqasiya qaydasında öhdəliyi mövcuddur. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-2843/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)- 2843/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar