Məhkəmə qərarları › İş №2(103)-1857/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1857/2020

13.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1857/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, cavabdeh “X2 Mərkəzi” MMC-nin qanuni nümayəndəsi X5, müstəqil tələb irəli sürməyən üçüncüşəxs X8 nümayəndəsi X9 iştiraklarıilə İddiaçı1 və İddiaçı2 “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 “X2 Mərkəzi” MMC-yə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası 1-ci döngə ünvanında yerləşən 52 saylı fərdi yaşayış evinə və 0.0258 ha torpaq sahəsinə dair MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx xxxx 2019-cu il tarixli Y-188 saylı yekun protokolun, habelə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1 43 000 manat məbləğində borcun, ödənilmiş 61 manat dövlət rüsumunun və 500 manat məbləğində xidmət haqqının X8 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası 1-ci döngə ünvanında yerləşən 52 saylı fərdi yaşayış evinə və 0.0258 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54 000 manat müəyyən edilməsi, Oruc X1 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, tələb tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı1 qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində İddiaçı1 və İddiaçı2 oradan məcburi çıxarılması qət edilmiş, icra sənədi icraya yönəldilərək əmlak hərraca çıxarılmış, “X4 Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş, hərracın nəticələri haqqında xx xxxx 2019-cu il tarixli Y-188 saylı yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu tarixli müqavilə tərtib olunmuşdur. Hərraclar barəsində təsadüfən öyrənmiş, hərrac mərkəzinə müraciət edərkən bildirmişlər ki, guya onların ünvanına bildirişlər göndərilmişdir. Hesab edirlər ki, evin və torpaq sahəsinin qiymətləndirilməsi düzgün aparılmamış, əmlaklar qiymətindən xeyli aşağı qiymətə dəyərləndirilmiş, hərrac qanunsuz keçirilmiş, hərracın keçirilməsi vaxtı, yeri və müddəti onlardan gizli saxlanılmıs və onlara rəsmi məlumat verilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı1 onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin faktiki hallarını araşdırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin və üçüncü şəxs X8 nümayəndələri isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 43 000 manat məbləğində borcun, 61 manat ödənilmiş dövlət rüsumunun və 500 manat məbləğində xidmət haqqının X8 xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası 1-ci döngə ünvanında yerləşən 52 saylı fərdi yaşayış evinə və 0,0258 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54 000 (əlli dörd min) manat müəyyən edilməsi, İddiaçı1 X10 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına odənilməsi, tələb tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı1 qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində İddiaçı1 və İddiaçı2 fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılmaları qət edilmişdir. İş materiallarından aydın olur ki, həmin qətnamə xx xxxx 2019-cu il tarixdə icraya yönəldilmiş, “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan əmlak 54 000 manat ilkin satış qiyməti ilə xx.xx.2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 45 900 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak xx.xx.2019-cu il tarixdə X11 (icra sənədi üzrə tələbkar) tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 34 425 manata alınmış, bu barədə həmin tarixdə Y-188 №-li “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Göründüyü kimi, İddiaçı1 məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də kollegiya, əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına ümumiyyətlə zərurət olmadığını vurğulayır. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin tələbkara satılmasının qanunsuzluğu ilə əlaqədar apellyatorun irəli sürdüyü arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, “X3 Mərkəzi” MMC,Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 54 000 manat müəyyənləşdirilmiş əmlak 34 425 manata tələbkara satılmışdır. İş materiallarından görünür ki, “X3 Mərkəzi” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı1 qeydiyyatda olduğu (məlum olan) ünvanına göndərilmiş bildirişlər poçt qəbzlərinə “Səlimova” (ehtimal ki, digər İddiaçı2) tərəfindən imza edilməklə qəbul edilmiş, “Market” qəzetinin müxtəlif tarixli buraxılışlarında əmlakın ilkin satış qiyməti 54 000 manat olmaqla hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, xx.xx.2019-cu il tarixdə satış qiyməti 45 900 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə apellyatorun arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2335/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar