Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-186/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “fərdi evin bərpası” hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı ” fərdi evin bərpası “ tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh1 MMC tərəfindən sökülmüş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin cavabdehlər tərəfindən bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi evin istismar müddəti Bakı şəhərinin digər evləri ilə müqayisədə heç də seçilmirdi. Evin texniki vəziyyətində və kommunikasiya xətlərində heç bir problem olmamışdır. Buna baxmayaraq fərdi evin yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılması üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə Cavabdeh1 MMC-yə icazə verilmişdir. Fərdi evin qarşısında yerləşən çoxmənzilli C.Hacıbəyli küçəsində 2 saylı binanın sakinləri öz mənzillərindən Cavabdeh1 MMC ilə qarşılıqlı razılaşma əsasında köçürülmüş və bina tam sökülmüşdür. Həmin binanın sökülməsindən sonra cavabdehlər İddiaçı məxsus, sökülən bina ilə heç bir əlaqəsi olmayan, fərdi yaşayış evini mülkiyyətçinin razılığı olmadan sökülmüşlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən evin söküntü işlərinin Cavabdeh1 MMC tərəfindən aparılması dayandırılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 26 saylı mənzili İddiaçı anası X2 məxsus olmuşdur. X4 və Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 2 ünvanda yerləşən 26 saylı mənzilin söküntüsünü və əvəzində digər yaşayış sahəsini iddiaçının anasının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC tərəfindən İddiaçı mülkiyyətində olan fərdi ev sökülərkən iddiaçı ilə heç bir razılaşma olmamışdır. İddiaçı sökülmüş evinə görə Cavabdeh1 MMC tərəfindən inşa olunan evdə iki mənzil veriləcəyi halda cavabdehlərlə barışıq sazişi bağlaya bilər. Lakin cavabdehlər mübahisəni sülh yolu ilə həll etmək üçün heç bir cəhd göstərmir.
2. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, məhkəmə iclasında təqdim edilmiş evin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərdən də görünür ki, evin istismarı müddəti ötmüşdür. İddiaçıya məxsus ev və digər ona yaxın mənzillər istismara yararsız olduğundan Cavabdeh1 MMC tərəfindən sökülmüşdür. Bu barədə iddiaçının özünün təqdim etdiyi Nərimanov Rayon İcra Hakimiyyətindən aldığı Tamara Əlimərdovaya və başqalarına başlıqlı cavab məktubunda da qeyd edilir. Məktuba istinad edərək demək olar ki, ev tam istismara yararsız olmuşdur. Həmin evlərin sökülməsi və yenidən inşası Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərarları əsasında və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 saylı Sərəncamı əsasında icra edilmişdir. İşlər icra edilərkən iddiaçının özünün də qeyd etdiyi kimi digər sakinlərlə yanaşı onun anası X4 ilə müqavilə bağlanmış və bundan sonra evlər sökülmüşdür. Əlimərdanova Tamara xarici ölkədə yaşayır və onun evi sökülməzdən əvvəl MMC ilə əlaqə saxlamış və onunla müvafiq müqavilə bağlanmışdır. Belə olan halda niyə iddiaçı Bakı şəhərində ola-ola MMC ilə əlaqə saxlamamış, qeyri-adi tələblər irəli sürərək müqavilə bağlamaqdan yayınmışdır. Sonradan iddiaçı özü və nümayəndəsi vasitəsilə Cavabdeh1 MMC-yə ona qarşı çoxsaylı şikayətlər etdikdən sonra yaxınlaşmış və müqavilə bağlamağı təklif etmişdir. Lakin müzakirə vaxtı mənzildən başqa məsələyə aidiyyəti olmayan tələblər irəli sürülmüşdür. Buna görə müzakirələr yarımçıq qalmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Onda sual meydana çıxır əgər hazırkı iş üzrə cavabdeh iddiaçı ilə müvafiq müqavilə şərtlərini müzakirə etməyə hazır olduğu halda niyə məhkəmədə iddia qaldırılmışdır. İddia tələbinin bir neçə dəfə verilməsi və onun geri qaytarılması, iddia üçün nəzərdə tutulmuş rüsumların müxtəlif məbləğlərdə hissə-hissə ödənilməsi, sonuncu iddianın isə forma və məzmunu deməyə əsas verir ki, iddiaçının müqavilə bağlamaq istəyi olmamış, başqa sözlə Cavabdeh1 MMC-yə təzyiq göstərməklə onu əlverişsiz şərtləri qəbul etməyə sövq edir. Həmin ünvanda yerləşən evlərin sökülməsi qanunvericilik əsasında icra edilmişdir. İddiaçının tələbi isə düzgün formalaşdırılmamışdır. Belə ki, artıq sökülmüş və yerində inşa edilməkdə olan binanın yerində necə iddiaçının mənzilini bərpa etmək olar. Cavabdeh tərəfindən iddiaçıya inşa edilən binada bir mənzil təklif olunmuş, iddiaçı isə razılaşmamışdır. Ona görə də İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı fərdi yaşayış evinin bərpası tələbinə dair iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin bərpa edilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi, Cavabdeh1 MMC-dən dövlət rüsumuna görə 100 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.10, 152.11, 153.4, 157.1, 157.2, 157.4, 157.9; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7731, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 MMC-yə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə C.Hacıbəyli küçəsində yerləşən 2 saylı çoxmənzilli yaşayış binasının, qarşılıqlı razılaşma əsasında sakinləri köçürüldükdən sonra, sökülməsi həvalə edilsə də, iddiaçının mülkiyyətində olan, 2 saylı binanın həyətində, yəni Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili Cavabdeh1 MMC tərəfindən sökülmüşdür. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin cavabdehlərdən Cavabdeh1 MMC tərəfindən söküldüyündən, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə sökülmüş fərdi yaşayış evinin bərpa olunmasının mümkün olması müəyyən olunduğundan, Cavabdeh1 MMC-nin öz hərəkətlərinə görə iddiaçıya vurulmuş ziyanı öz maraqlarına uyğun həlli qaydasını iddiaçıya təklif etdiyi üçün tərəflər arasında qarşılıqlı razılaşma əldə edilmədiyindən, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə C.Hacıbəyli küçəsində yerləşən 2 saylı çoxmənzilli yaşayış binasının sakinlərinin qarşılıqlı razılıq əsasında köçürüldükdən sonra həmin binanın sökülməsinə icazə verildiyindən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, İddiaçı Cavabdeh1 MMC-yə qarşı fərdi yaşayış evinin bərpa edilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilmir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı № 109660 saylı qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 589 saylı reyestr kitabında xx.xx.1997-ci il tarixdə 24860 nömrəli qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunun surətinə əsasən, ünvan 2 ünvanında yaşayan vətəndaş X8 yaşadığı 3 mərtəbəli binanın sakinləri tam köçürülmədən, söküntü və tikintiquraşdırma işləri aparılan zaman təhlükəsizlik qaydalarına riayət olunmaması barədə Fövqəladə Hallar Nazirliyinə xx.xx.2019-cu il tarixli müraciətlər ünvanlamış və baxış zamanı müraciətdə göstərilən pozuntular qismən təsdiqini taparaq Cavabdeh1 MMC-nin rəhbərliyinə tikinti-quraşdırma işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tapşırılmışdır; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Tamara Əlimərdanovanın və Mədinə Rəcəbovanın yaşadığı C.Hacıbəyli küçəsi 2 saylı bina söküntü zonasına düşdüyü üçün sifarişçi tikinti təşkilatı tərəfindən həmin şəxslərin mülkiyyətinə və rahat yaşam tərzinə zərər vurulması barədə Vəkil1 ərizəsinə baxılaraq əvəzləndirmə prosedurunun hər iki tərəfin qarşılıqlı razılaşması əsasında bağlanmış müqaviləyə uyğun aparıldığı, belə bir razılaşma əldə olunmadığı təqdirdə, hüquq və mənafelərinin, həmçinin qanunla qorunan maraqlarının təmin olunması üçün mülkiyyət sahibləri qismində məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Tamara Əlimərdanovaya və başqalarına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, binanın yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılması üçün Nərimanov RİH başçısının xx.xx.2017 il tarixli 529 №-li sərəncamı ilə Cavabdeh1 MMC-yə icazə verilmişdir. Uzun müddət əvvəl inşa edilmiş, istismar müddəti bitmiş dörd mərtəbəli binanın texniki vəziyyətini müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, heç bir antiseysmik və şəhərsalma tələbləri nəzərə alınmadan çox primitiv şəkildə binaya bitişik, metal borular və şvellerlər üzərində inşa edilmiş əlavə tikililər (artırmalar) konstruktiv cəhətdən əsaslandırılmamış üslubda, nizamsız, layihəsiz, əsasən də, qanunsuz tikildiyindən, binaya memarlıq baxımından xələl gətirmiş və əlavə yüklənmə dayanıqlıq nöqteyinəzərdən binanın möhkəmliyinin zəifləməsinə zəlzələ təkanlarında təhlükəli olmasına səbəb kimi ehtimalı artırmışdır. Nəticədə binanın texniki vəziyyətinin qəzalı olduğu barədə akt tərtib edilmişdir. Binanın yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulan yeni binanın eskiz layihəsi müvafiq qaydada razılaşdırılmış, torpaq ayrıc aktı tərtib edilmiş, ərazi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Göstərilənləri, tikinti üçün ayrılmış ərazidəki evlərdə yaşayan sakinlərin əksər hissəsinin, yəni 126 ailədən 86-nın heç bir təzyiq olmadan, qarşılıqlı razılaşma əsasında artıq köçürüldüyünü nəzərə alaraq Cavabdeh1 MMC ilə razılaşma əsasında yaşadıqları mənzillərin müqabilində şirkət tərəfindən yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq (20-25%) tam təmirli mənzillər veriləcək və həmin müddət ərzində kirayə haqları ilə təmin olunacaqları və bu tədbirlərin bütövlükdə həyata keçirilməsinə ciddi nəzarətin təmin ediləcəyi bildirilmişdir; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı ıl tarixli 86 №-li Qərarına uyğun olaraq C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən qəzalı evlərin sökülərək həmin ərazidə yeni binaların layihələndirilməsi və tikintisi üçün Nərimanov RİH başçısının xx.xx.2017-ci tarixli 529 №-li sərəncamı ilə Cavabdeh1 MMC-yə (Olympus Park) icazə verilmişdir. Uzun müddət öncə inşa edilmiş, istismar müddəti bitmiş dörd mərtəbəli həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiziyə Nəzarət Dövlət Agentliyinin Azərinşaatlayihə Dövlət Baş Layihə X3 tərəfindən xx.xx.2018-ci il tarixli rəy verilmişdir. Qeyd edilən ünvana 130 ailənin köçürülməsi planlaşdırılmış, hazırkı tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə həmin ailələr köçürülmüşdür. Məsələ ilə bağlı şifahi sorğuya əsasən şirkət rəhbərliyindən əldə edilmiş xx.xx.2021-ci il tarixli 88 №-li rəsmi məlumatda bildirilmişdir ki, Ayrıc aktına əsasən Cavabdeh1 MMC-yə (Olympus Park) ayrılmış torpaq sahəsində sakinləri köçürülmüş evlərin söküntüsü həyata keçirilən zaman C.Hacıbəyli küçəsi 18 ünvanında mövcud olmuş 20 №-li mənzil ehtiyatsızlıq səbəbindən uçmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, dəfələrlə tərəflərindən həmin mənzilin mülkiyyətçisi X1 axtarılmasına baxmayaraq, onunla əlaqə yaradılması mümkün olmamışdır. Sonradan ailəsinin X7 yaşadığı məlum olmuşdur. Hazırda şirkət rəhbərliyi rəsmi nümayəndəsi ilə görüşüb dəymiş maddi ziyanın kompensasiya şəklində ödənilməsini və əvəzləndirilməsini öhdəlik olaraq üzərinə götürmüşdür. xx.xx.2021-ci tarixdə şirkət rəhbərliyi nümayəndə ilə görüşmüş C.Hacıbəyli küçəsi 18 ünvanında mövcud olmuş vətəndaş X1 mülkiyyətində olan sahəsi 43 m2 olan mənzilin və sahəsi 11 m2 əl damının ümumilikdə 54 m2 sahənin əvəzində 72 m2 sahənin verilməsini təklif etmişdir. Lakin nümayəndə mənzilin kompensasiya şəklində dəyərinin ödənilməsi tələbini irəli sümüş və eyni zamanda şirkətin təklifini müzakirə edəcəyini bildirmişdir. Məsələ Rayon İcra Hakimiyyətinin nəzarətindədir və qarşılıqlı razılaşma əsasında narazılıqlar aradan qaldırıldıqdan sonra həlli Rayon İcra Hakimiyyətindən asılı olan tədbirlər görüləcəkdir; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, C.Hacıbəyli və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,92 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmiş, rayonun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh1 MMC-yə ayrılmış torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh1 MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə etməsi, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması, tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, rayonun Təbriz 16, C.Hacıbəyli 2, 4, Ü.Bünyadzadə 1, 3 və C.Zeynalov 28 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz 16, C.Hacıbəyli 2,4, Ü.Bünyadzadə 1,3 və C.Zeynalov 28 nömrəli yaşayış binasının sökülməsi həvalə edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4697 saylı rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda mövcud olmuş 20 saylı evin bütünlüklə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə Cavabdeh1 MMC-yə ayrılmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 4 evin 20 saylı mənzilinin tikinti norma və qaydalarına əməl edilməklə əvvəl yerləşdiyi ünvanda yenidən inşa edilərək bərpa edilməsi, yalnız həmin sahədə inşa edilmiş tikililər söküldükdən, həmçinin özül çalası doldurularaq torpaq sahəsi ilkin vəziyyətinə gətirildikdən sonra mümkün ola bilər. Tədqiq olunan yaşayış evinin tikinti norma və qaydalarına əməl edilməklə əvvəl yerləşdiyi ünvanda yenidən inşa edilərək bərpa edilməsi mümkün olduğundan, mənzilinin sökülməsi nəticəsində İddiaçı vurulan maddi ziyanın müəyyən edilməsi sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (iş səh. 8-10, 13, 38, 59, 79). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-148/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və ünvan 6 ünvanda yerləşən fərdi evin hər iki Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1; Mülki Prosessual Məcəlləsinin 14, 385.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin yerində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən çoxmərtəbəli bina inşa edilir. Həmin binadan sakinlərə, o cümlədən iddiaçının anası X2, mənzil verilib. Lakin İddiaçı heç bir təklif olunmayıb. Hər iki cavabdehin hərəkətləri qanuna ziddir və İddiaçı qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlər tərəfindən mübahisənin sülh yolu ilə həll etmək üçün heç bir cəhd göstərilmir. İddiaçının mülkiyyətində olan və hal-hazırda sökülmüş ünvan 6 ünvanında yerləşən fərdi evin hər iki Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən bərpa edilməsi qanuna müvafiqdir.
6. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, məhkəmə qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.5, 1115; Mülki Prosessual Məcəlləsinin 54, 63.2, 64, 102-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsinə əsaslı etiraz təqdim edilməsinə baxmayaraq məhkəmə həmin əsaslara sadəcə öz qətnaməsində yer verməklə kifayətlənmiş, onların mahiyyətinə fikir verməmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili istismara yararsız vəziyyətdə olmuş və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli sərəncamı ilə həmin ev daxil olmaqla müvafiq ərazidə istismara yarasız binaların sökülməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Sərəncamın qəbul olunmasından keçən müddət ərzində sözügedən mənzildə heç kim yaşamamışdır. Sərəncamın icrası ilə bağlı evə baxış keçirilən vaxt məlum olmuşdur ki, evdə ümumiyyətlə yaşayış üçün şərait yoxdur və köhnə bir neçə əşyalar olmuşdur. Artıq həmin ərazidə söküntü və tikinti işləri başladıqdan xeyli sonra iddiaçı cavabdehlə heç bir danışığa getmədən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı da cavabdeh qeyri-adi tələblər irəli sürərək köhnə vaxtı keçmiş fərdi evə görə yeni tikilən binada 2 ədəd 3 otaqlı mənzil tələb etmişdir. İşin müzakirəsiz məhkəməyə verilməsi və qeyri-adi tələbin mövcudluğu deməyə əsas verir ki, iddiaçı tərəfindən bu kimi hərəkətlər qəsdən edilmişdir. Lakin bu qəsdən edilən hərəkətlərin məzmunundan asılı olmayaraq iddiaçı tərəfindən iddianın düzgün qaldırılmaması və məhkəmənin onu təmin etməsi heç bir qanuni əsasa söykənmir. İddiaçı əslində dəymiş maddi ziyanla bağlı iddia qaldırmalı idi. Bu halda onun iddiası təmin oluna bilərdi. İddiaçın məhz fərdi yaşayış evinin bərpası barədə iddia qaldırmasının səbəbi qiymətləndirilməyən iddia kimi ərizənin verilməsi olmuşdur. Bu halda məlumdur ki, dövlət rüsumu az ödənilir. Bu məqsədlə qaldırılmış iddianın dolayısı ilə təmin olunması əsassızdır. Bundan başqa məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən tikinti işləri aparılan ərazinin Sərəncamla Cavabdeh1 həvalə edildiyi göstərilmiş, evin bərpa edilməsi yalnız həmin sahədə inşa edilmiş tikililər söküldükdən, həmçinin özül çalası doldurularaq torpaq sahəsi ilkin vəziyyətə gətirildikdən sonra mümkün olduğu bildirilmişdir. Başqa sözlə ekspert öz rəyində göstərir ki, fərdi yaşayış evini bərpa etmək mümkün deyildir. Vaxtı keçmiş köhnə tipli binaların yenisi ilə əvəz olunması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin normativ aktları əsasında həyata keçirilir. Burada əsas məqsəd vaxtı keçmiş binaları yeniləri ilə əvəz etməklə müvafiq rayonların sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin yaşayış səviyyəsini artırmaq və şəhərin infrastrukturunun yenilənməsidir. Bu məntiqlə çıxış etsək onda belə anlaşılır ki, həmin fərdi yaşayış evini bərpa etmək üçün yeni tikilmiş binalar sökülməli, digər sakinlərin hüquqları pozulmalı, onları yeni mənzillərdən məhrum etməklə məhz həmin köhnə fərdi yaşayış evi bərpa olunmalıdır?! Başqa sözlə əgər məhkəmənin bu qətnaməsi qüvvəyə minərsə onun icrası necə olacaq?! Digər tərəfdən qətnamə qanuni qüvvəyə minərsə onda belə çıxır ki, iddiaçı düzgün olmayan iddia tələbi üzrə xeyrinə həll olunmuş məhkəmə qətnaməsi ilə Cavabdeh1 MMC-yə təzyiq göstərməli və cavabdehin kiçik kv.mə sahib evinin əvəzinə yeni binada 2 ədəd 3 otaqlı mənzil verməlidir?! Bu halda məhkəmə qətnaməsi ədalətsiz olduğundan və cavabdehin hüquq və mənafelərini pozduğundan işə apellyasiya məhkəməsində yenidən baxılmalı və ədalətli qətnamə qəbul olunmalıdır. Digər tərəfdən nədənsə məhkəmə bu iş üzrə birtərəfli mövqe tutmuş, həm qiymətləndirilməyən iddianın rüsumu olan 100 manat və ekspertiza xərci olan 100 manat vəsaitlərin cavabdehdən tutulmasını qərarlaşdırmışdır. Ən azı bu xərcləri tərəflər arasında bölüşdürməklə, yaxud iddiaçıya aid etməklə məhkəmə qismən ədalətə nail ola bilərdi. Hesab edirlər ki, həmin xərclər iddiaçıya aid edilməlidir. Əgər məhkəmə ədalətli qərar qəbul etsə idi artıq həmin qətnamədən apellyasiya şikayəti verməyə lüzum qalmazdı. İndiki halda əlavə iddiaçıya aid xərclərlə yüklənmiş cavabdeh şikayət vermək üçün əlavə rüsumlar ödəməlidir. Digər diqqət çəkən hal ondan ibarətdir ki, iddiaçı iki cavabdehə - Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh2 MMC-nin fəaliyyət göstərmədiyi və VÖEN-nin dayandırıldığı məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə olan halda MPM-in tələbi əsasında məhkəmə həm iddianın düzgün olmaması, həm də fəaliyyətdə olmayan şəxsə qarşı qaldırdığı iddia üzrə iddianı təmin etməməli idi, yaxud əsl olmayan tərəfi əsl cavbdehlə əvəz etməli idi. Bu hal da prosessual pozuntu sayılmalı və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hala hüquqi qiymət verilməlidir. Belə ki, Cavabdeh2 MMC-nin iştirakı olmadan işə baxan məhkəmə niyə evin bərpasını təkcə digər Cavabdeh1 MMC-yə həvalə etmişdir?! Məhkəmə qətnaməsi həm Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə qətnaməsi haqqında Qərarına, həm də prosessual qanunvericiliyin tələblərinə zidd çıxarıldığından ədalətli və qanuni sayıla bilməz. Qanunun tələbinə əsasən ekspert rəyində ziddiyyətli məqamlar olduqda məhkəmə yenidən ekspertiza keçirməklə qarşıya qoyulmuş digər sualları aydınlaşdıra bilərdi. Məhkəmə isə ekspert rəyindəki mötəbərliyə əhəmiyyət verməmişdir. İş üzrə əhəmiyyətli olan faktiki hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia qanunvericiliklə müəyyən edilmiş tələblər əsasında qaldırılmamış və əsl olmayan cavabdehlərə qarşı qaldırılmışdır. Bu hallar məhkəmə prosesi zamanı araşdırılmamışdır. İddianın düzgün qaldırılmaması, eləcə də yaşayış evinin bərpasının necə həyata keçiriləcəyi məhkəmə qətnaməsində göstərilmir, işin halları bu iddia və bu qətnamə ilə müəyyənləşdirilə bilmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən mütəxəssis cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur:qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda mövcud olmuş 20 saylı evin bütünlüklə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə "N-Turan” MMC-yə ayrılmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu,C.Hacıbəyli küçəsi 2 saylı evin 20 saylı mənzilinin tikinti norma və qaydalarına əməl edilməklə əvvəl yerləşdiyi ünvanda yenidən inşa edilərək bərpa edilməsi, yalnız həmin sahədə inşa edilmiş tikililər söküldükdən sonra həmçinin özül çalası doldurularaq torpaq sahəsi ilkin vəziyyətinə gətirildikdən sonra mümkün ola bilər. Qərardadda qoyulmuş üçüncü sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
8. Cavabdeh1 MMC-nin vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəciyini, təqdim olunmuş sənədlər əsasında və iştirakları olmadan işə baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək Binəqədi rayon Məhkəməsinin qətnaməsinin tam düzgün və qanuni olduğunu , məhkəmə tərəfindən obyektiv araşdırma aparıldığını qeyd etmiş, iştirakları olmadan işə baxılmasını və Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 21, 139-158, 178, 324, 385-388, 404, 425, 442, 443, 454, 560; Mülki Prosesual Məcəllənin 77, 88, 385-390-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən aidiyyəti maddi və prosessual hüquq normalarına qismən istinad edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş və edilməmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, iddia üzrə iddiaçının istinad etdiyi hallar sübuta yetirilsə də, binanın tikinti - istismar mümkünlüyü və digər vətəndaşların yeni mənzil (əmlak) gözləntiləri bu hüquqların tələb edilən tərzdə ictimai mənafelər naminə aradan qaldırmaq mümkünsüzlüyünü müəyyən edir. Belə ki, ayrıc aktına əsasən Cavabdeh1 MMC-yə (Olympus Park) ayrılmış torpaq sahəsində sakinləri köçürülmüş evlərin söküntüsü həyata keçirilən zaman C.Hacıbəyli küçəsi 18 ünvanında mövcud olmuş 20 №-li mənzil ehtiyatsızlıq səbəbindən uçmuş və artıq iddiaçıya məxsus əmlakın sökülməsi müəəyyən edilsə də, əmlakın bərpa edilməsi tikilməkdə olan binanın sökülmədən mümkün olmasını istisna edir. Binanın sökülməsi digər sakinlərin hüquqlarını (ictimai mənafeləri) pozmuş olur. Belə olan, yəni deliktin mövcud olduğu halda iddiaçının deliktdən irəli gələn ziyanı başqa formada tələb etmək hüquqları vardır.
13. Kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməli, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaiti həcmində və ya naturada ədalətli kompesasiya hüququ təmin olunmalıdır. Şəxsin mülkiyyət hüquqlarının kompensasiya edilməsi, iddia hədlərinin müəyyən etdiyi çərçivələrdə və mümkünlüyü baxımından, qeyd edilən dəyərlər müstəvisində qiymətləndirilməlidir. Ona görə, iddia tələbi və apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən mümkün təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, cavabdeh məhkəmə proseslərində konkret təkliflər verməmiş və tərəflər bu növ iradə ifadəsin nümayiş etdirməmişlər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4.Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır; 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. Göründüyü kimi, cavabdeh ” N-Turan” MMC-nin istinad etdiyi dəlillər sübuta yetirildiyindən onun apellyasiya şikayəti təmin edilməli, İddiaçı isə şikayətini müdafiə etmədiyindən onun təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının nümayəndəsi qətnaəmədən razılıq bildirsə də qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə əsas olan müraciət etməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməliu və iddia rədd edilməklə qeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə, ekspertiza xərcləri isə iddiaçıya aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406 -cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti rədd edilsin. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı fərdi evin bərpası tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.