Məhkəmə qərarları › İş №2(103)-1861/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1861/2020

11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1861/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7627/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 96.300 manat, mənəvi ziyana görə isə 50.000 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx xxxxxxx 2009-cu il təvəllüdlü Bəkir adlı oğullarının və xx xxxxxxxx 2012-ci il təvəllüdlü Aişə adlı qızlarının onunla qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nikahlarının pozulmasına səbəb cavabdehin Ramil Muradov adlı şəxslə cinayət əlaqəsinə girib, bir hissəsi birgə ailə təsərrüfatı hesabına qazanıldığı, bir hissəsi isə borc kimi götürdüyü, mənzillərindəki seyfdə saxladığı 57.700 ABŞ dolları (98.090 manat) məbləğində nəğd pul vəsaitinin və 27.290 ABŞ dolları (46.400 manat) dəyərində olan qızıl-zinət əşyalarının (qiymətləndirmə əsasında 144.490 manat) icazəsiz götürüb sonuncuya verməsi, sonuncunun isə həmin vəsaiti dələduzluq yolu ilə mənimsəməsi olmuşdur. Bu faktla bağlı cinayət işi açılmış və Ramil Muradov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə onun cəzası 7.6 ilədək azaldılmışdır. Həmin hökm qüvvədədir. Bu əmlaklar birgə nikah dövründə qazanıldığından, habelə hər iki uşaqları onun himayəsində qaldığından, onun 2/3 hissəsi, yəni 96.300 manat hissəsi ona, 48.170 manat hissəsi isə cavabdehin payı hesab edilməlidir. Bununla yanaşı, cavabdehin ona xəayanət etməsi, Ramil Muradovla qanunsuz əlaqəyə girməsi, uşaqlarının və özünün gələcəkləri üçün topladıqları pulları və qızıl-zinət əşyalarını evdən oğurlayaraq əvəzsiz olaraq ona verməsi onun uzun illər səyi nəticəsində qurduğu ailə bağlarını qırmış, cəmiyyətdəki nüfuzunu aşağı salmışdır. Bütün bunlar ona ağır mənəvi iztirab verir. Ona dəymiş mənəvi ziyan 50.000 manat məbləğində qiymətləndirir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7627/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunun təfsirində səhvə yol verib. Məhkəmə cinayət məsuliyyəti ilə mülki məsuliyyəti eyniləşdirib. Belə ki, əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-732/2018 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş hallar iddianın əsasım təşkil edən bir sıra hallarla üstüstə düşür və müəyyən mənada həmin hökm iddianın təmin edilməsi üçün əsas rolu oynayır. Belə ki, həmin hökmlə təsdiq edilib ki, Cavabdeh öz iradəsinə uyğun olaraq, ona məlumat vermədən illərlə birgə təsərrüfatları hesabına əldə etdikləri pul vəsaitini və qızılzinət əşyalarını Ramil Muradova verib. O, Cavabdeh cinayət törətdiyini iddia etməmişdir. Şəxs cinayət törətmədən də, mülki məsuliyyətin yaranmasına əsas olan hərəkətlər, o cümlədən delikt törədə bilər və buna görə müstəqil qaydada məsuliyyət daşıyır. Cavabdeh həmin əşyaları ondan xəbərsiz Ramil Muradova verməsi cinayət əməli olmasa da, mülki hüquq pozuntusudur. Belə ki, həmin əşyalar və pul vəsaiti onların birgə nikah dövründə əldə edilib və onlar üzərində hər ikisinin birgə razılığı əsasında sərəncam verilə bilərdi. Həmin əşyaların və pulun ən azı yarısı üzərində onun mülkiyyət hüququ var və məhz buna görə mən həmin cinayət işində zərərçəkmiş şəxsdir. Qeyd edilən vəsaiti o, həm birbaşa Ramil Muradovdan, həm də, Cavabdeh tələb edə bilər. Məhkəmənin mənəvi ziyanın ödənilməsi barədə gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, o, cavabdehlə 10 ildən artıq ailə həyatlarında ailəsinə sadiq olmuş və onun qorunub saxlanması üçün əlindən gələni etmişdir. Cavabdehin isə qeyd olunan hərəkəti onu mənəvi cəhətdən çox sarsıtmışdır. Eyni zamanda o, bir neçə təşkilatda maliyyə üzrə rəhbər vəzifəsində işləmiş və cəmiyyətdə kifayət qədər tanınan şəxsdir. Cavabdehin onun həyat yoldaşı olması və bu hərəkətləri barədə KİV-də kifayət qədər məlumatların yayılması onun nüfuzunu zədələmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nüməndəsi və vəkilinin izahıtını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-732/2018 saylı hökmün surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(103)-244/2019 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-732/2018 saylı hökmündən məhkumun müdafiəçisi G.S.Zamanov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)- 732/2018 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə X5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası 07 il 06 aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən olunur ki, X6 2017-ci ilin iyun ayının əvvələrindən 2018-ci ilin yanvar ayının əvvələrinə qədər olan müddət ərzində, etibardan sui-istifadə etməklə və aldatmaqla İddiaçı və Cavabdeh məxsus 98.090 manat pulu (57.700 ABŞ dolları) və 46.400 manat dəyərində müxtəlif çeşiddə olan qızıl-zinət əşyalarını, ümumilikdə 144.490 manat məbləğində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2).Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 181.2-ci və 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər rəsmi nikahda olmuş, həmin nikah məhkəmə qaydasında pozulmuşdur. Cinayət işi üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri 98.090 manat pul və 46.400 manat dəyərində müxtəlif çeşiddə olan qızıl-zinət əşyaları etibardan sui-istifadə etmə və aldatma yolu ilə X6 tərəfindən ələ keçirilmiş və nəticədə zərərçəkmiş şəxslər İddiaçı və Cavabdeh ümumilikdə 144.490 manat məbləğində ziyan vurmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak cinayət əməli nəticəsində ələ keçirilmiş və cinayət işi üzrə hər iki tərəf zərərçəkmiş şəxs qismində tanınmışlar. Qeyd olunan əmlak da hazırda cavabdehdə olmadığı üçün, cavabdehdən həmin əmlakın bir hissəsinin tələb edilə bilməz. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Apellyasiya şikayətinin mənəvi ziyan tələbinə dair dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X7 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7627/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar