Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1863/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə İş № 2(103)-1863/2023 Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X6 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)-6487/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh müxətlif vaxtlarda borc pul vermiş, lakin cavabdeh həmin pulları qaytarmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddərdir ki, tanıdığı Qalya Rafiq qızı onu Cavabdeh ilə tanış etmişdir. Sədərəkdə ticarətlə məşğul olduğuna görə Könülə pul lazım idi. Pulu borc istəyirdi, lakin qaytardıqda ondan alacağı 7200 (yeddi min iki yüz) manat pula görə 5600 (beş min altı yüz) manat əlavə şirinlik kimi qaytaracaqdı. Lakin 2020-ci ildən bu günə kimi, heç aldığı pulu da qaytarmamışdır. Dəfələrlə telefon vasitəsilə şirin vədlər vermişdir. Könüllə iki dəfə Bakı şəhərində görüşmüşlər (həmin müddətdə Könülün səsini yazdırmışdır), lakin pulu qaytarmamışdır. 4.xx.xx.2022-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iddiaçıdan 3000 manat məbləğində faizlə pul götürdüyünü və həmin borcu faizi ilə birlikdə qaytardığını bildirmişdir. 5.Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, tanışı vasitəsi ilə iddiaçıdan cəmi 3.000 manat məbləğində borc almış və həmin borcu faizi ilə birlikdə iddiaçının ona dediyi adama qaytarmışdır. Onun iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 dekabr 2022-ci il tarixli, 2(001)-6487/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Fərid Hətəmzadə) iddia qismən təmin edilərək, Cavabdeh 4.200 (dörd min iki yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manatının İddiaçı xeyrinə tutulması qət edilmişdir. 7.İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. 8.İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdeh X8 xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 207,91 manat cərimə borcu olmaqla, cəmi 10918,07 manat məbləğində borcu yaranmışdır. 9.İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. 10.İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 400 manat məbləğində pul göndərilmiş və onun 1 manatı komissiya məbləğinə çıxılmışdır. 11.İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 451 manat məbləğində pul göndərilmiş və onun 1,26 manatı komissiya məbləğinə çıxılmışdır. 12.İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 350 manat məbləğində pul göndərilmiş və onun 1,75 manatı komissiya məbləğinə çıxılmışdır. 13.İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. 14.İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, X3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “X4 ilə münasibətləri yaxşı olmuşdur, hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Nigarın onun barəsində yazdıqları şər və böhtan xarakterlidir. O, Nigardan heç vaxt pul almamışdır. Çünki onun puluna ehtiyacı yoxdur. Hətta Nigarın ona 2000 manat borcu vardır. Nigarın ona şər atmasının səbəbi ondan ibarətdir ki, onun öz borcları çoxdur, o, istəyir ki, ondan istifadə edərək onun qeyri rəsmi əri Hüseyndən pullar alsın. Lakin, o buna icazə verməz. Ona görə də Nigar belə yollara əl atır. X10 heç bir məbləğdə borcu yoxdur. X2 ərizəsi barədə demişdir ki, həmin şəxsi tanımır, hər hansı ünsiyyəti və söhbəti olmamışdır. O, Nigarın bacısı olduğu üçün belə izahat yazmışdır. O, Şəbnəmdən heç vaxt pul istməmişdir. Heç bir pul alış-verişi olmamışdır. Onun Şəbnəmə heç bir məbləğdə borcu yoxdur. X5 tanııyır, münasibətləri yaxşı olmuşdur, onunla arasında pul alış-verişi olmuşdur. Qalya Qasımlı sələmə pullar vermişdir. O, 2020-ci ildə özünə lazım olduğu təqdirdə ondan pullar götürmüşdür. Hüseyn ona pul göndərdikdə həmin pulları geri qaytarmışdır. O, Qalyadan müxtəlif vaxtlarda müxtəlif miqdarda təxminən 20.000-25.000 manat pullar almışdır. Lakin vaxtı-vaxtında həmin pulları faizləri ilə birlikdə qaytarmışdır. Hal-hazırda həmin pulların qaytarılması barədə qəbzləri təqdim edir. Onun Qalyaya heç bir məbləğdə borcu yoxdur. İddiaçı qiyabi olaraq tanıyır. Onun heç vaxt üzünü görməmişdir. Onunla hər hansı münasibəti olmamışdır. Onu Nigar və Qalya vasitəsi ilə sələmə pul verən kimi tanımışdır. Bəsti Qalya ilə qonşudur. Onun təqdim etdiyi çeklər barədə demişdir ki, o, Qalyadan sələmə pullar götürmək istəyərkən bəzən onun özündə olmamışdır. Qalya onun pulları vaxtı-vaxtında ödədiyini bildiyi üçün Bəstidən alıb vermişdir. Bəsti də həmin pulları göndərdiyini təsdiqləmək üçün pulu onun adına göndərdikdən sonra şəklin çəkib atmışdır. Yəni Bəstinin ona verdiyi 4200 manat pul Qalyadan aldığı 20000- 25000 manat pula daxildir. Onun Bəstiyə heç bir məbləğdə borcu yoxdur. Nigar Bəstidən 20000 manat pul almışdır. Həmin pulları nə üçün aldığını bilmir..... ” 15.İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan 7200 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 4200 manat məbləğində borc vermişdir. Həmçinin məhkəmə iclasında cavabdeh iddiaçıdan 3.000 manat məbləğində borc aldığını və həmin borcu qaytardığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında iddiaçının ona 4.200 manat məbləğində borc verdiyini bildirmişdir. 17.Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4.200 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 427.3, 442, 443.1 və 448.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 14.2, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəfindən pul məbləğinin ödəniş terminalları vasitəsilə göndərildiyinə dair ödəniş qəbzləri tam şəkildə olmasına baxmayaraq, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sübutlar araşdırılmadan qətnamə qəbul edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş səs yazmadakı danışığın məzmunundan 7200 manat pulun borc verildiyi məlum olsa da, məhkəmə tərəfindən həmin sübut da araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 23.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, xəstəliyi ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 28.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 29.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 30.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 31.Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 37.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)-6487/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 41.Kollegiya ilk olaraq qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması 25 iyul 2022-ci il tarixli qərarla rədd edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. 42.Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin ondan 7200 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında olan qəbzlərin surətindən məlum olmuşdur ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 4200 manat məbləğində borc vermişdir. 43.Həmçinin məhkəmə iclasında cavabdeh iddiaçıdan 3.000 manat məbləğində borc aldığını və həmin borcu qaytardığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında iddiaçının ona 4.200 manat məbləğində borc verdiyini bildirmişdir. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 45.Məhkəmə kollegiyasının iclasında mülki iş materiallarında olan səs yazısı tədqiq olunmuşdur. Qeyd olunan səs yazısında üç nəfər qadın səsi müəyyən olunur. Səs yazısında 27200 manat ana borc məbləği ilə bağlı danışıqlar aparılmışdır. 46.Kollegiya qeyd edir ki, səs yazısında olan danışıqlar işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçının işdə olan sübutlarla 7200 manat cavabdehə borc verməsi halı öz təsdiqini tapmır. Əksinə işdə olan sübutlarla iddiaçının cavabdehə 4200 manat məbləğində borc verməsi sübut olunur. 47.Digər tərəfdən məhkəmə tərəfindən səs yazısının tədqiq edilməməsi qətnamənin ləğvinə o zaman səbəb olardı ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuş olsun. Hazırki vəziyyətdə qeyd olunan hal müəyyən olunmur. 48.Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya mərhələsində birinci instansia məhkəməsinə təqdim etdiyi disk MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. 49.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilərək, cavabdehdən 4.200 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. 50.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 55.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 3000 manat təşkil etdiyindən, MPM-nin 402.1-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilməz. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)-6487/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1863/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1863/2023
01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver