Məhkəmə qərarları › İş №2(103)-1865/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1865/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1865/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2(011)-8734/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı 14 noyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin yaşayış yeri və ya məlum olan axırıncı yaşayış yerinin Bakı şəhəri Xətai rayonu ərazisində olması iş materialları ilə təsdiq olunmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, Cavabdeh qeydə alındığı ünvan 2 ünvanından xx.xx.2022-ci il tarixində qeydiyyatdan çıxmışdır. Həmçinin, şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin) qeydiyyatda verildiyi tarix mövcud deyil. Hal-hazırda Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Cavabdeh axırıncı yaşayış yeri ünvan 2 olduğundan iddiaçı iddia ərizəsini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bundan əlavə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunda müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və buna görə də qanunvericiliklə müəyyən olunmuş qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin qaytarılması barədə qərar qəbul etməklə iş üzrə üzrə qəbul etdiyi qərardadla iddiaçının məhkəməyə müraciət etmək və məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarrında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, heç bir halda məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafiəsinə xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar