Məhkəmə qərarları › İş №2(103)-1867/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1867/2025

26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1867/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması)) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-140/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24-cü məhəllədə yerləşən ümumi sahəsi 110.4 kv.m olan 19 nömrəli fərdi yaşayış evinin (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ¾ hissəsi İddiaçı (bundan sonra – iddiaçı), ¼ hissəsi isə Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətindədir.

2. Tərəflər bacı-qardaşdır.

3. Mübahisəli fərdi yaşayış evi tərəflərin mülkiyyətinə vərəsəlik yolu ilə keçmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh 2019-cu ilin yanvar ayından onun evinə köçmüş və onu ailə üzvləri ilə birlikdə evdən qovmuşdur. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmuş, o, işdə olan müddət ərzində həyat yoldaşını və uşaqlarını söyüb təhqir etmiş, iddiaçının özü ilə də dalaşmışdır. Bacısı olduğuna görə hüquq mühafizə orqanına müraciət etməmiş və öz ailə üzvlərinə şikayət etməyi qadağan etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili iddianın qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7197 nömrəli ekspert rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin iddiaçının ¾ hissə və cavabdehin ¼ hissədə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 18 nömrəli ekspert rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin hazırkı dövrə likvid qiyməti 70.000 manat müəyyən edilmişdir.

9. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən mübahisəli fərdi yaşayış evinin hazırkı dövrə likvid qiyməti (real bazar dəyəri) olan 70.000 manatın cavabdehin payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olubolmamaları barədə təklif göndərilmiş və cavabdehə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat vermələri xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir məlumat məhkəməyə bildirilməmişdir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 140/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia təmin edilmiş, mübahisəli fərdi yaşayış evinin açıq hərracda satılması, evin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi iddiaçıya, ¼ hissəsi cavabdehə verilməsi, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, ev açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə baxılarkən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməmiş, ayrılan mülkiyyətçinin, yəni iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etməməsinə əhəmiyyət verilməmiş, cavabdehin isə kompensasiya vermək imkanının olub-olmaması və ya kompensasiya vermək istəyib-istəməməsi araşdırılmamışdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməli idi. Qətnamədə məhkəmə tərəfindən cavabdehə iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamaları barədə təklif göndərildiyi qeyd edilsə də, cavabdeh belə məktub almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənovdan) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarına əməl etmiş, iddianı təmin etməklə paylı mülkiyyətdə olan mübahisəli əmlakın açıq hərracdan satılaraq tərəflər arasında paylarına mütənasib olaraq bölünməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/7197 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən payın naturada ayrılmasının mümkün olmaması qənaətinə gəlməklə, eyni zamanda tərəflərin fikrini soruşaraq onlardan birinin digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmə imkanının olub-olmaması halını da aydınlaşdırmışdır.

19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə istinad edərək qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu almadığını qeyd etsə də, işdən görünür ki, bütün məhkəmə bildirişləri də məhz həmin ünvana (ünvan 1nçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 2, ev 6) göndərilmiş, cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Eyni zamanda, apellyasiya şikayətindən də görünür ki, cavabdeh hazırda da faktiki yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvan kimi məhz həmin ünvanı, yəni ünvan 2tmişdir. Hazırda da məhkəmə tərəfindən 3 dəfə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəməyə dəvət edilsə də, məhkəmə iclasında iştirak etməməklə, səlahiyyətli nümayəndəsinin də iştirakını təmin etməmişdir. O cümlədən, şikayətdə qeyd edilən dəlilinə uyğun olaraq hər hansı bir təklif də göndərməmişdir. Kollegiya bunu apellyasiya şikayətinin formal olaraq verilməklə işin məhkəmədə baxılması müddətinin uzadılması kimi qəbul etmişdir.

20. Bununla yanaşı kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi barədə nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmış və Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasının tələbini pozmuşdur.

21. Kollegiya qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə tələb olmadığı halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq evin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir. Qeyd edilən normanın tələbinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə məhkəmənin iddia tələbindən kənara çıxmasını zəruri edən qanunda göstərilən hər hansı müstəsna hal olmamışdır.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 1759/2024 nömrəli qərarı ilə (hakimlər E.R.Vəliyeva(məruzəçi), E.Y.Şamayev və Ə.M.Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqi ilə bağlı qətnaməsində gəldiyi qənaət və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində əks olunan hüquqi məsələlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilmiş və həmin qərardadda Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə paylı əmlakın 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.

27. Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə həmin qərardadda göstərilən qaydada həll olunmalıdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin Mülki Məcəllənin 220-ci maddəsinə istinad etməklə qəbul etdiyi qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, yuxarıda qeyd edilən qərardaddakı hüquqi mövqelər nəzərə alınmaqla hazırkı işə yenidən baxılmalıdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edimişdir.

30. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB/03-2567/2025 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24-cü məhəllədə yerləşən ümumi sahəsi 110,4 kv.m olan 19 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 82.000 manat təşkil edir.

Proses iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının cavabdehin payını almaq üçün maddi imkanı çatmır. İddiaçı açıq hərracın keçirilməsini istəyir. Cavabdeh qapalı hərracla qarşı tərəfin payının əvəzini ödəmək iqtidarında deyil. Lakin qapalı hərracın keçirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.

32. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı: Bənd 19. .... əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Bənd 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

38. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı, satış pulu tərəflərin paylarına uyğun bölünməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 82.000 manat müəyyən edilməlidir.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

41. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişləri nəzərə alaraq aşağıdakıları qeyd edir.

42. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 220-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

43. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 24, 19 saylı evin ¾ hissəsi iddiaçının, ¼ hissəsi isə cavabdehin mülkiyyətindədir.

44. İddiaçının tələbi həmin fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsidir.

45. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə paylı əmlakın 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə qərardadında Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

47. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

48. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evinin İddiaçı ¾ hissə və Cavabdeh ¼ hissədə paylarının naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

49. Kollegiya hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır.

50. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan qərardadında göstərilənləri nəzərə alaraq qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyanın bölünməsi prosedurunda digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

51. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçının cavabdehin payını almaq üçün maddi imkanı çatmır, o, açıq hərracın keçirilməsini istəyir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyindən bununla bağlı onun mövqeyini öyrənmək mümkün olmamışdır. Lakin həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində cavabdeh tərəf qeyd etmişdir ki, iddiaçı ondan öz payının dəyərinin ona ödənilməsini tələb etməmiş, bununla bağlı heç bir rəsmi müraciəti olmamış, işə baxan məhkəmə tərəfindən tərəflər arasında razılığın əldə edilib-edilməməsi imkanının olması araşdırılmamışdır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.

53. Bundan başqa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

54. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli, 18 nömrəli ekspert rəyində fərdi yaşayış evinin yalnız likvid dəyəri göstərilmişdir.

55. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB/03-2567/2025 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24-cü məhəllədə yerləşən ümumi sahəsi 110,4 kv.m olan 19 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 82.000 manat müəyyən edilmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-140/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24-cü məhəllədə yerləşən ümumi sahəsi 110,4 kv.m olan 19 nömrəli fərdi yaşayış evi ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun bölünsün. Fərdi yaşayış evinin ilkin satış qiyməti 82.000 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 100 manatı İddiaçı, 100 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsaitin 250 manatı İddiaçı, 250 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar