Məhkəmə qərarları › İş №2(103)-1870/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1870/2022

24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1870/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4 qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin və bağ sahəsinə dair mülkiyyət sənədlərinin Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdeh tərəfindən bağ sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iki dəfə iddia tələbini dəqiqləşdirərək və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ramiz oğlunu, Cavabdeh6, Cavabdeh7, X3 və X4 da cavabdeh qismində müəyyən edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X1 və X2 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362 V nömrəli bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən onun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün, habelə texniki pasportun cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdehlər isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar