Məhkəmə qərarları › İş №2(103)-1871/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1871/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1871/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə müraciət edərək cavabdehlərdən subroqasiya hüququ üzrə 5750 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxx» ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx xxxx 2017-ci il tarixdən «xxxx» ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 qeyd edilən avtonəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi 90 SH374 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur.Bundan başqa, həmin hadisə nəticəsində ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X2 yüngül xəsarət almışdır. Hadisənin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarına əsasən ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitəlırinin təmiri üçün dəymiş ziyanın ümumu miqdarı mütənasiblik nəzərə almaqla 5000 manat miqdarında müəyyən olunmuş və həmin vəsait hadisə nəticəsində zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul olunmuş və icra edilmişdir. Həmçinin, ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarət alması ilə bağlı 750 manat sığorta ödənişi zərərçəkmişin hesabına köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarçı subroqasiya hüququnun yarandığı hallar göstərilmiş və həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduğda sığortaçının bu hüququ yaranmış olur. Odur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığına görə, Cavabdeh2 isə sonuncunun idarə etdiyi və sığortalanmış ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi kimi subroqasiya qaydasında mülki məsuliyyətinə cəlb olunmalıdılar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Anar Qasımov). Qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, hadisə baş verdikdən sonra özünü piss hissetdiyi üçün hadisə yerindən çıxıb getmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş cavabdehin izahatında da bu özəksini tapır. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş tədqiqatçısı X4 xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 İXMnin 327.8-cimaddəsi ilə təqsirli hesab edilmiş və sürücü Cavabdeh1 İXM-nin 327.8-cimaddəsi ilə (həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır) tənbeh verilməsi üçün qərar Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadan heç bir şikayət edilməmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin 3(001)-1161/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Quliyev X1 Xətalar Məcəlləsinin 327.8-cimaddəsiilətəqsirli bilinmiş və 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 14, 77, 88, “İcbari Sığorta haqqında” Qanunun 63, Mülki Məcəllənin 448, 916, 936, 1096, 1114, 1097-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hüquqi dəyərləndirmə: Belə ki, işin materialları, apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatlarına əsasən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 məxsus ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx xxxx 2017-ci il tarixdən «xxxx» ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 qeyd edilən avtonəqliyyat vasitəsini idarə etmiş və onun, eləcə də 90 SH374 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X3 xx xxxxxx 2018-ci il tarixli qərarı ilə həmin tarixdə Cavabdeh1 iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlərin xəsarət almaları faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh verilməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Kollegiya iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar əsaslar müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh verilməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alılnmışdır. Bununla belə Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb olunması, yəni qeyd olunan yol-nəqliyyat hadisəsini təqsirli olaraq törətdiyini müəyyən edən və qanunla bu qərarı qəbul edilməsi səlahiyyətinə aid edilmiş müvafiq icra hakimiyyəti orqanın qərarı iddiaçı tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya tələbi ilə müraciət edilmənin əsası kimi Cavabdeh1 yol-nəqliyyat hadisəsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə vermiş olduğu izahatını əsas hesab etməsi əsassızdır. Çünki, iddiaçının istinad etdiyi qərarla Cavabdeh1 barəsində inzibati tənbeh verilməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alılnsa da, bu zaman ona tənbeh verilməsinin əsası kimi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə deyil, həmin Məcəllənin 327.8-ci maddəsi kimi göstərilmişdir. Qeyd etmək lazımdır ki, İXM-nin 327.8-ci maddəsi göndərici xarakterli normadır, yəni həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrindən birində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət müəyyən edir. Lakin, hazırki işdə iddiaçı 327.8-ci maddənin dispozisiyasında qeyd edilən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinin məhz 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsində təsbit olunan səbəbdən yaranmasını sübuta yetirə bilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında cavabdehin nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olması halına istinad etsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, səlahiyətli orqanın baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmədiyindən həmin cavabdehə qarşı subroqasiya qaydasında iddia tələbinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar