Məhkəmə qərarları › İş №2(103)-1871/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1871/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1871/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə payın satın almaqda üstünlük hüququnun tanınması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsiri altına düşür. Lakin birinci instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, iddia ərizəsini əsassız olaraq geri qaytarmışdır. Bakı şəhəri Binəqədi Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə mülki prosessual qanunvericilikdə müstəsna aidiyyət qaydaları da nəzərdə tutulmuşdur. MPM-in 39.1-ci maddəsinin məzmununa görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, MPM-in 39-cu maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələrə aid edilmir, yalnız maddədə öz əksini tapmış tələblər üzrə verilmiş iddialara tətbiq olunur. Sözügedən işdə iddiaçı satın almaqda üstünlük hüququnun əldə olunmasını tələb etdiyindən bu iddiaya müstəsna aidiyyət qaydaları tətbiq olunmur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar