Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1872/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qüsurlu məmulatın qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2(010)-5457/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən Abşeron rayonu Quşçuluq sovxozu ərazisində 0,025 ha torpaq sahəsində inşa etdiyi tikilinin – hasarın və evin kürsüsünün sökülərək, həmin tikililərə istifadə edilmiş materialların – mişar daşları və armaturların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Abşeron Quşçuluq sovxozu ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tikintisi ilə əlaqədar tərəflər arasında 15 mart 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 05 yanvar 2018-ci ildən başlayaraq 05 dekabr 2021-ci ilədək Cavabdeh tərəfindən ödəniş edilməli və 11 noyabr 2019-cu il tarixə qədər iddiaçı Abşeron rayonu Abşeron Quşçuluq sovxozu ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh təhvil verməli idi. Müqaviləyə uyğun olaraq İddiaçı torpaq sahəsinin hasarını və evin kürsüsünü tikmiş, lakin Cavabdeh tikintinin qüsurlu olmasını bəhanə gətirib məhkəmədə ona qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmış, o isə müqaviləyə xitam verilməsi və maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ondan maddi zərərin əvəzi kimi 8600 manat və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertizanın rəyinə əsasən tədqiq olunan ünvanda aparılmış tikinti təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunmuşdur. Müqaviləyə əsasən onun tərəfindən tikinti materialları sərf edildiyinə görə tikinti materiallarını tikinti sahəsindən aparmaq hüququ yaranmışdır. Hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən onun inşa etdiyi tikili sökülərək həmin tikiliyə istifadə edilmiş materiallar, mişar daşları və armaturlar ona qaytarılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2(010)- 5457/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2(010)-5457/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında 15 mart 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən sifarişçi (Cavabdeh) Abşeron rayonu Abşeron Quşçuluq sovxozu ərazisində 0,025 ha torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tikintisini podratçıya (İddiaçı) sifariş etmiş, podratçı işlərin müqaviləyə, eləcə də tikinti qaydalarına uyğun, keyfiyyətlə yerinə yetirilməsini və tikintinin 11 noyabr 2019-cu il tarixdə başa çatdırılmasını, sifarişçi isə ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişlər etməyi öz üzərinə götürmüşdür. 25 oktyabr 2017-ci il tarixdə tərəflər arasında yeni podrat müqaviləsi bağlanmış, bu müqavilə ilə əvvəlki müqavilədə tikiləcək evin ölçüsü azaldılaraq 70 m2 ölçüsündə tikilməsi, tikintinin 06 iyun 2018-ci il tarixdə başa çatması müəyyən edilmişdir. Lakin bu müqavilə ilə bağlı tərəflər arasında mübahisə yaranmış, müqavilə üzrə sifarişçi Cavabdeh podratçı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikintinin keyfiyyətsiz aparılması və vaxtında başa çatdırılmaması əsası ilə müqavilə üzrə ödədiyi bütün pulu cavabdeh İddiaçı geri tələb etmişdir. Öz növbəsində İddiaçı da Cavabdeh qarşı qarşılıqlı iddia qaldıraraq aralarında bağlanmış müqaviləyə xitam verilməsi və ona dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən, müqavilə üzrə ödədiyi 8600 manat məbləğində pul tələbi hissəsində təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı İddiaçı tərəfindən tikilməli olan fərdi yaşayış evi yarımçıq olduğu üçün podrat müqaviləsində nəzərdə tutulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, binanın dayanıqlılığına təsir edən bünövrə tikinti-texniki normalara uyğun tikilməmişdir. Göründüyü kimi podrat müqaviləsi üzrə podratçı İddiaçı sifarişi keyfiyyətsiz və yarımçıq yerinə yetirdiyi, bu səbəbdən sifarişçi Cavabdeh müqavilə üzrə ödədiklərini geri tələb etməkdə haqlı olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə yenidən sübuta yetirilmir və məhkəmə tərəfindən mübahisələndirilmədən tanınır. Lakin iddiaçı iddia ərizəsində müvafiq tikintiyə istifadə edilmiş materialların – mişar daşları və armaturların ona qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, cavabdehdən tələb etdiyi bu əşyalar əvəzedilən daşınar əşyalardır və mütləq say, ölçü və ya çəki ilə ifadə edilərək tələb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi nə tərəflərin qarşılıqlı razılığı, nə də məhkəmə qərarı ilə xitam verilməmişdir. Lakin məhz sifarişçi Cavabdeh iddia ərizəsi əsasında işə məhkəmədə baxılması və podratçı İddiaçı sifarişi keyfiyyətsiz yerinə yetirdiyi aşkar edilərək sifarişçi tərəfindən ona ödənilmiş bütün pulun məhkəmə qətnaməsi ilə geri qaytarılmasının qət edilməsi ilə müqaviləyə faktiki olaraq sifarişçi Cavabdeh təşəbbüsü ilə xitam verildiyi nəticəsinə gəlmək olar. O da nəzərə alınmalıdır ki, sifarişçinin bu təşəbbüsü göstərməsinə bilavasitə podratçı İddiaçı hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən hallar səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı işdən isə müəyyən edilir ki, sifarişçi Cavabdeh podratçı İddiaçı tərəfindən görülmüş işlərə o dərəcədə marağı olmamışdır ki, İddiaçı tikdiyi qüsurlu yarımtikilini sökmüşdür. Ekspert rəyinə əsasən, tikintinin bünövrəsinin dayanıqsız olduğu nəzərə alındıqda, sifarişçi kimi Cavabdeh bu hərəkəti tamamilə başa düşüləndir. Belə olan halda podratçı İddiaçı tərəfindən yerinə yetirilmiş işlərə sifarişçi Cavabdeh hansısa marağının olması istisna edilir. Lakin iddiaçı yuxarıda qeyd edildiyi kimi əvəzedilən əşya kimi tikinti materiallarının sayı, ölçüsü ilə bağlı zəruri məlumatları belə məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı 4-5 sıra daş hasar tikmiş, bünövrə qoymuş, tikinti qüsurlu olduğundan, cavabdeh tərəfindən sökülmüşdür. Söküntüdən sonra daşların bir hissəsi oğurlanmış, bir hissəsi isə yararsız vəziyyətə düşmüşdür. Beləliklə, iddiaçının tələb etdiyi tikinti materiallarının hal-hazırda cavabdehdə olması iş materialları ilə sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellator şikayətinin əsasları kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, ekspert rəyinə görə iddiaçı tərəfindən podrat müqaviləsinə əsasən görülmüş işlərin dəyəri 2730,1 manat təşkil edir. İş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2(010)- 5457/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1872/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1872/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver