Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1877/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdeh Məmmədova (hazırda Adilova) Şəfa Fazil qızının iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədova (hazırda Adilova) Şəfa Fazil qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Kia Cerato” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dərəcəsi təyin edilməyən xəsarətllər aldığı müəyyən edilmiş və bu xəsarətlər cinayət işinin başlanmasına səbəb olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hadisə avtomobilin sürücüsü Cavabdeh ehtiyatsızlığından baş verdiyindən, hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində AR İXM-in 330.0.1-ci maddəsinə əsasən inzibati tənbeh görülməsi üçün toplanmış material müvafiq orqana göndərilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərə görə 2677,4 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi ziyana görə 2677,4 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Hadisənin nəticəsində ev şəraitində müalicə almış, bir ay müddətinə iş qabiliyyətini itirmişdir. Bu müddət ərzində məcburiyyət qarşısında qalaraq qulluq etmək üçün bir günə 20 manat məbləğində dayə tutmuşdur. Baş ağrıları davam etdiyi üçün xx.xx.2020-ci il tarixdə “İstanbul NS Klinika”sında həkimə müraciət etmiş, müayinədən keçmiş, müalicə almaq üçün bir sıra dərmanlar yazılmışdır. Klinikada olan ödənişləri və dərmanları öz vəsaitilə almışdır. Bundan başqa hadisə baş verən zaman “İrshad” mağazada 1000 manata “İphone 6” markalı aldığı mobil telefon yerə düşdüyü üçün yararsız vəziyyətə düşmüş,“Vigas” mağazada 800 manata aldığı “şuba” və 25 manata aldığı ayaqqabı cırılmışdır. Bundan əlavə bir ay müddətində ev şəraitində müalicə aldığı üçün işə çıxa bilməmişdir. Ona görə də, ünvan 1 ünvanında yerləşən ayı 50 manata icarəyə götürdüyü sahənin icarə haqqının verilməsində ziyana düşmüşdür. Bu müddət ərzində Cavabdeh heç bir dəfə də vəziyyətilə maraqlanmamış, əksinə ona və həyat yoldaşına kobudluq etmişdir. Evdə müalicə aldığı zaman bir dəfə cavabdehin atası və bacısı gəlmiş, üzrxahlıq əvəzinə mübahisə etmişlər. Bundan əlavə baş vermiş hadisə nəticəsində əsəb, sarsıntı keçirmiş, mənəvi cəhətdən əziyyət çəkmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/22 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 322,4 manat, mənəvi zərərin əvəzi olaraq 800 manat, cəmi 1122,4 (min yüz iyirmi iki manat, qırx qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4,40 (dörd manat, qırx qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini 1 aylıq icarə haqqının əvəzinə görə 50 manat, müayinə və dərman xərclərinə görə 260,90 manat və etibarnamə verilməsi üçün çəkilmiş xərcə görə 11,5 manat olmaqla, ümumilikdə 322,4 manat pul ödənilməsi hissəsində sübuta yetirdiyinə görə həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərəri 800 manat məbləğində qiymətləndirmiş, yararsız vəziyyətə düşmüş mobil telefona görə 1000 manat, cırılmış “şuba” və ayaqqabıya görə 825 manat, dayə xərclərinə görə 500 manat ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyinə görə həmin hissələrdə iddianı rədd etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin həm maddi, həm də mənəvi zərər hissəsi ilə bağlı məhkəmə gəldiyi nəticəni sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh bildirmişdir ki, hadisə zamanı xanımın necə vurulduğunu hiss etmədiyini, yıxıldıqdan sonra ayağa duraraq getdiyini, daha sonra arxasınca gedərək xəstəxanaya apardığını və bütün xərclərini çəkdiyini bildirmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehin çəkdiyi xərcləri əsassız olaraq, ondan bir daha tələb etmişdir. Məhkəmə özü də qəbul etdiyi qətnamədə qeyd edir ki, “İddia tələbinin yararsız vəziyyətə düşmüş mobil telefona görə 1000 manat, cırılmış “şuba” və ayaqqabıya görə 825 manat, dayə xərclərinə görə 500 manat ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianı həmin hissədə təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən zədələnmiş üst geyimi olan “şuba” və 1 cüt zədələnmiş ayaqqabı fotoşəkilləri, həmçinin məhkəmə iclasında telefon təqdim edilsə də, həmin əşyaların məhz yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsini müəyyən etmək mümkün olmamışdır”. Məhkəmənin gəldiyi bu nəticə özü də sübut edir ki, iddiaçının qaldırdığı tələb əsassızdır. İddiaçı ondan vurmadığı ziyanı da tələb edir. Mənəvi zərərlə bağlı da məhkəmənin mövqeyi əsassız və qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə şikayət vermədiyindən qətnamənin əsaslılığı yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
18. Belə ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, material üzrə təyin edilmiş və Nərimanov RPİ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsindən verilmiş 864 saylı ekspert rəyi ilə İddiaçı almış olduğu xəsarətlər – sol almacıq nahiyyəsinin və sol dirsək oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
19. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2022-ci il tarixli, 392 nömrəli ekspert rəyi ilə İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadığı, lakin birliyin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 864 saylı ekspert rəyinə əsasən onda sol almacıq nahiyəsinin və sol dirsək oynağının qançırları aşkar edildiyi, bu xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bildiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş 392/MEŞ nömrəli, xx.xx.2022-ci il tarixli təkrar ekspertiza rəyi də əvvəlki rəyi təkrarlamışdır.
20. Beləliklə, iş materiallarından və çoxsaylı ekspert rəylərindən görünür ki, iddiaçının sağlamlığında qeyd edilən probelemlər xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaranmışdır.
21. X2 xəstənin tibbi kartasından çıxarışdan İstanbul NS Klinikasının tibbi müayinə sənədlərindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə sol yuxarı ətraf yumşaq toxuma əzilməsi diaqnozu qoyulmuş, müalicə yazılmış, ümumi tibbi müayinə və dərmanlara 260,90 manat vəsait sərf olunmuşdur.
22. “İcarəyə verən” X3 ilə “İcarəçi” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını aylıq 50 manat kirayə haqqı ödəmək şərti ilə 10 il müddətinə “İcarəçi”yə icarəyə vermişdir;
23. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı müvəqqəti olsa da, əmək fəaliyyətini dayandırmalı olmuş və icarəyə götürdüyü əmlakdan istifadə etməsə belə icarə haqqını ödəməli olmuşdur.
24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
26. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını və onlara dair ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hadisə nəticəsində iddiaçıya dəymiş mənəvi zərəri ağlabatan məbləğdə - 800 manat məbləğində qiymətləndirməkdə haqlı olmuşdur.
27. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Məmmədova (hazırda Adilova) Şəfa Fazil qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.