Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-188/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-188/2023 Açar sözlər: (Dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri SuraxanıRayon Məhkəməsinin 23 dekabr2021-ci il tarixli, 2(010)-1436/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı1 xx.xx.2018-ci il tarixdə özünə məxsus “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh2-nin istifadəsinə vermişdir. 2.Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanılmış, avtomobil 3 günlüyünə (günü 60 manatdan) sonuncuya icarəyə verilmiş, avtomobil icarə müqaviləsi əsasında idarəsinə verildikdən bir gün sonra – xx.xx.2019-cu il tarixdə Cavabdeh1 avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 3.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı iddiaçıya məxsus avtomobilə zərər dəymiş, iddiaçı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh2) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları AD №259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşına dəymiş ziyana görə 21740 manat, mülkiyyətindən olan həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3900 manat olmaqla, cəmi 25640 manat məbləğində maliyyə vəsaitinin ona müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan, mülkiyyət hüquqları AD №259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşınını beş il müddətinə Cavabdeh2-yə xx.xx.2018-ci il tarixli etibarnamə əsasında vermişdir. Cavabdeh2 24 dekabr 2019cu il tarixli, 110 nömrəli icarə müqaviləsinə əsasən həmin avtomobili Cavabdeh1 bir gün üçün icarə haqqı 60 manat olmaqla, üç gün müddətinə icarəyə vermişdir. Cavabdeh1 icarəyə götürdüyü həmin nəqliyyat vasitəsini idarə edərkən, 25 dekabr 2019-cu il tarixində saat 15-58-də Bakı-Qazax yolunun 409-cu kilometrində “Kamaz-5511” markalı, ** BV *** dövlət nömrə nişanlı yük maşını ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə barəsində Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən İXP ******* nömrəli, xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Protokolla tanış olmuş Cavabdeh1 inzibati xəta törətdiyini qeyd etməklə həmin protokolu imzalamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan avtomobilə ciddi ziyan dəymişdir. Avtomobilə “Auto Azərbaycan” şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və 13 yanvar 2020-ci tarixli qüsur aktı tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, avtomobilin ehtiyat hissələrinin alınması və təmir edilməsi üçün cəmi 21740 manat xərc tələb olunur. Cavabdehlərdən həmin xərcin ödənilməsini tələb etdikdə cavabdehlər avtomobili təmir etdirməkdən imtina etmişdirlər. Nəticə etibarilə cavabdehlər qanunla üzərlərinə düşən öhdəlikləri icra etmədiklərindən həmin avtomobili təmir etdirib istismara yararlı vəziyyətə gətirməmişlər. Həmin tarixdən o, avtomobildən istifadə etmədiyi üçün mülkiyyətində olan əmlakdan fayda götürə bilməmişdir. Avtomobilin bir günü 60 manat məbləğində icarəyə verilmiş, nəticədə iddiaçı bu günə qədər 65 gün üçün 65x60=3900 manat həcmində faydadan məhrum olmuşdur. 6.Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus, mülkiyyət hüququ AD 259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşınına dəymiş ziyana görə 21740 manat, həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3900 manat olmaqla cəmi 25640 manat məbləğində maliyyə vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, iddiaçıya məxsus, mülkiyyət hüququ AD 259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, Hyundai Elantra markalı minik maşının evakuator vasitəsi ilə daşınması üçün onun tərəfindən ödənilmiş 150 manat məbləğində maliyyə vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçıya müştərək qaydada ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçı hazırda bu ziyanı tələb edir. Verilmiş ekspert rəyindən də görünür ki, avtomobilin böyük hissəsi yararsız vəziyyətdədir. Həmçinin, avtomobil icarəyə verildiyindən əldən çıxmış fayda da tələb edilmişdir. Avtomobilin sığorta olunması və dəymiş zərərin sığortaçı tərəfindən ödənilmiş olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Çünki avtomobil ümumiyyətlə sığorta olunmamışdır. Eyni zamanda, avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş vəsatəti də əsassız hesab edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 8.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək bildirmişdir ki,ümumiyyətlə, İddiaçı1 Cavabdeh1 qarşı iddia qaldırması əsassız olmuşdur. Belə ki, iddiaçı avtomobili Cavabdeh2-nin istifadəsinə vermiş, yol nəqliyyat hadisəsi də avtomobil MMC-nin istifadəsində olarkən baş vermişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı1 hazırkı iddianı yalnız Cavabdeh2-yə qarşı qaldırmalı idi. Sonra Cavabdeh2-nin belə bir tələbi olarsa, reqres qaydasında pul tələbi ilə Cavabdeh1 qarşı iddia qaldıra bilərdi. O da nəzərə alınmalıdır ki, tərəflərindən iddiaçıya avtomobilin təmir etdirilməsi, yaxud eyni modelli, buraxılış illi başqa bir avtomobilin alınması təklif edilmiş, lakin iddiaçı bunu qəbul etməmişdir. Lakin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar verilmiş ekspert rəyi ilə cavabdeh razı deyil. Belə ki, ekspert tərəfindən avtomobilə heç bir baxış keçirilmədən, formal şəkildə, qüsur aktı əsasında rəy verilmişdir. Həmçinin, rəydə avtomobilin dəyərinin 18000 manat olduğu qeyd edilmişdir. Halbuki, respublika ərazisində heç bir halda həmin avtomobil bu qiymətə alınıb-satılmır. Belə ki, bu avtomobilin bazar qiyməti heç vaxt 14000 manatdan yuxarı olmamışdır. Beləliklə, rəydə avtomobilin dəyəri kimi göstərilmiş 18000 manat məbləğində pul avtomobilin real satış dəyərindən əhəmiyyətli dərəcədə çoxdur. Bu səbəbdən məhkəməyə vəsatət təqdim edərək, hesab edir ki, avtomobilə baxış keçirilərək avtomobilə dəymiş real zərərin məbləği ekspert rəyi əsasında müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. 9.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə)23 dekabr 2021-ci il tarixli 2(010)-1436/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva)iddia qismən təmin edilərək Cavabdeh1 9600 manat məbləğində real zərər və 15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh1 tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir. 10.İş materiallarında olan ƏN-İV №725901 seriyalı etibarnamənin surətindən müəyyən edilir ki, ** MX *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomaşın xx.xx.2018-ci il tarixdə İddiaçı1 tərəfindən Cavabdeh2-yə 5 il müddətinə, yəni 08 dekabr 2023-cü il tarixədək etibar edilmişdir. 11.Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində onun barəsində İX Tağım Yol patrul xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 25 dekabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 12.İş materiallarında olan AD seriyalı, 259008 nömrəli “Nəqliyyat vasitəsinin” qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. 13.İş materiallarında olan 24 dekabr 2019-cu il tarixli, 110 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair icarə müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh2 “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomaşını hər gün üçün 60 manat olmaqla, cəmi 180 manat olmaqla Cavabdeh1 icarəyə vermişdir. 14.İş materiallarında olan İX Tağımın YPX inspektoru, polis baş serjantı R.V.Məmmədov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 023534 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, saat 15:58-də Bakı-Qazax yolunun 402-ci km-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin qabaq sol qanad qabağı, sol qapı, arxa sol qapı, qabaq kapot, qabaq bufer, qabaq sol təkər, qabaq şüşə, qabaq sol güzgü zədələnmişdir. 15.İş materiallarında olan “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, həmin avtomobilinə dəymiş zərər 21740 manat məbləğindədir. 16.İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 9/4212 saylı rəyindən görünür ki, tədqiq edilən 2011-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 (18000,0 m- 40%) manat müəyyən edilir. 17.İş materiallarında olan bir ədəd CD-yə yerləşdirilmiş iki videodan görünür ki, əsasən ön hissəsinə zədə dəymiş avtomobilin görüntüsü videoya çəkilmişdir. 18.Məhkəmə müəyyən etmişdir ki,İddiaçı1 məxsus “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobil 8 dekabr 2018-ci il tarixdə Cavabdeh2-yə etibarnamə əsasında verilmişdir. Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanaraq, avtomobil 3 gün müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 402 km ilə hərəkət edərkən başqa bir avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Bu zərərin məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən 21740 manat məbləğində qiymətləndirilmiş, iş üzrə avtomobilə dəymiş zərərin qiymətləndirilməsi məqsədilə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydə isə dəymiş zərər 10800 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilin mülkiyyətçisi olan İddiaçı1 avtomobilə dəymiş zərər və əldən çıxmış faydaya görə cəmi 25640 manat məbləğində pulu əvvəlcə hər iki cavabdehdən müştərək qaydada tələb etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək, göstərilən pul vəsaitini yalnız Cavabdeh1 tələb etmiş, maşının daşınma xərci və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunu isə hər iki cavabdehdən müştərək qaydada tələb etmişdir. Cavabdeh adından çıxış edən onun nümayəndəsi (vəkili) avtomobilə dəymiş zərərin məbləği ilə razılaşmayaraq, zərərin təkrar qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. 19.Məhkəmə qeyd etmişdir ki, hazırkı işin bir sıra mübahisələndirilməyən halları vardır. Belə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir və iş materialları ilə də təsdiq edilir ki: “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir.İddiaçı1 xx.xx.2018-ci il tarixdə bu avtomobili etibarnamə əsasında Cavabdeh2-nin istifadəsinə vermişdir. Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanılmış, avtomobil 3 günlüyünə (günü 60 manatdan) sonuncuya icarəyə verilmişdir. Avtomobil icarə müqaviləsi əsasında idarəsinə verildikdən bir gün sonra – xx.xx.2019-cu il tarixdə Cavabdeh1 avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. 20.Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 idarə etdiyi avtomobillə inzibati xəta törədərək həmin avtomobilə zərər vurmuşdur. Bu baxımdan avtomobilin mülkiyyətçisi olan İddiaçı1 bu zərəri Cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. 21.Lakin tələb edilən zərərin məbləği ilə məhkəmə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı baş vermişyol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər kimi 21740 manat məbləğində pul tələb edir. O, avtomobilə tələb etdiyi məbləğdə zərər dəymiş olmasını təsdiq edən sənəd kimi “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş aktı iddia ərizəsinə əlavə etmişdir. 22.Məhkəmə isə həmin aktı avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsi üçün etibarlı sübut kimi qəbul etməmiş, ona görə ki, aktın sonunda imzalanması üçün servis, ehtiyat hissələri və sığorta xanaları və xanalara müvafiq adlar yazılsa da sonda yalnız bir imza çəkilmişdir. Digər tərəfdən, bu aktla avtomobilə dəymiş zərər kimi müəyyən edilmiş 21740 manat məbləğində pul zərər dəymiş avtomobilin bazar qiymətindən əhəmiyyətli dərəcədə yüksəkdir. 23.Belə ki, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı verilmiş ekspert rəyində avtomobilin bazar qiymətinin 18000 manat olduğu və avtomobilin 60% hissəsinin yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. 24.Məhkəmə avtomobilə dəymiş zərərin faizini ağlabatan və inandırıcı hesab edərək qeyd etmişdir ki, iş materiallarına avtomobilin yol nəqliyyat hadisəsindən sonrakı video görüntüsünün əks olunduğu CD əlavə edilmiş, həmin görüntüdən müəyyən edilmişdir ki, avtomobilin ön hissəsi böyük ölçüdə yararsız vəziyyətdədir. 25.Bununla belə məhkəmə müvafiq ekspert rəyində avtomobilin satış qiyməti kimi müəyyən edilmiş məbləğlə qismən razılaşmamış, qeyd etmişdir ki, rəyin tədqiqi hissəsində qeyd edilir ki, ekspert avtomobilin bazar qiymətinin 18000 manat məbləğində olduğunu müəyyən edərkən Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı, 2011-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobilin istismar müddətini nəzərə alaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti əsasında bu məbləği müəyyən etmişdir. 26.Məhkəmə tərəfindən avtomobillərin satışını həyata keçirən internet səhifələrində hazırkı iş üzrə zərər dəymiş avtomobillə eyni göstəricilərə malik avtomobillərin bazar qiymətlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, bu avtomobillərin orta bazar qiyməti 16000 manatdır. 27.Belə olan halda məhkəmə ekspert rəyi ilə qismən – avtomobilin zərər dəymiş hissəsinin faizi ilə (60%) razılaşmış, lakin avtomobilin bazar qiymətini rəydə qeyd edildiyi kimi 18000 manat yox, 16000 manat məbləğində qiymətləndirmişdir. 28.Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 9600 manat (16000x60/100) məbləğində olduğu nəticəsinə gəlmiş və hesab etmişdir ki, bu məbləğ Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. 29.Lakin məhkəmə əldən çıxmış fayda kimi cavabdehdən tələb edilən 3900 manat məbləğində pula münasibdə iddianı əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçı bu hissədə iddiasını belə əsaslandırmışdır ki, bu avtomobilin bir günlük icarəsi 60 manatdır. Bu hesabla o, 65 gün üçün 3900 manat məbləğində əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etmişdi. 30.Bundan başqa, məhkəmə iddia tələbinin avtomobilin evakuatorla daşınması üçün çəkilmiş 150 manat xərcin tələb edilməsi ilə bağlı olan hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, bu təyinatla iddiaçı tərəfindən hər hansı məbləğdə xərc çəkilmiş olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, əgər iddiaçı həmin pulu çəkilmiş xərc kimi cavabdehlərdən tələb edirsə, bu xərci həqiqətən çəkdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmək də istənilən halda onun üzərinə düşür. 31.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 9600 (doqquz min altı yüz) manat məbləğində real zərər və 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin21, 1096.1, 1097.1, 1108.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 103.2, 14.2, 77.1, 217.3, 217.4, 107, 119.1, 214-cü maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 33.Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı1 Cavabdeh1 qarşı iddia qaldırması əsassız olmuşdur. Belə ki, iddiaçı avtomobili"xxxx" MMC-nin istifadəsinə vermiş, yol nəqliyyat hadisəsi də avtomobil MMC-nin istifadəsində olarkən baş vermişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı1 hazırkı iddianı yalnız Cavabdeh2-yə qarşı qaldırmalı idi. Sonra Cavabdeh2MMC-nin belə bir tələbi olarsa, reqres qaydasında pul tələbi ilə Cavabdeh1 qarşı iddia qaldıra bilərdi. Cavabdeh avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı ekspert rəyi ilə razı olmadığını bildiriərək, qeyd edir ki, ekspert tərəfindən avtomobilə heç bir baxış keçirilmədən, formalşəkildə, qüsur aktı əsasında rəy verilmişdir.Həmçinin, rəydə avtomobilin dəyərinin 18000 manat olduğu qeyd edilmişdir. Halbuki, respublika ərazisində heç bir halda həmin avtomobil bu qiymətə alınıb-satılmır. Belə ki, bu avtomobilin bazar qiyməti heç vaxt 14000 manatdan yuxarı olmamışdır. Beləliklə, rəydə avtomobilin dəyəri kimi göstərilmiş 18000 manat məbləğində pul avtomobilin real satış dəyərindən əhəmiyyətli dərəcədə çoxdur.Bundan başqa, ekspert rəyinə əsasən avtomobilin 60 faiz hissəsinin zədə görməsi və qiymətinin 60 faizi miqdarında zərər hesablanması da absurddur. Həmin 60 faiz necə alındı, nə ilə əsaslandı, bu barədə ekspert heç bir əsaslandırma aparmamışdır.Bundan başqa, rəyi verən ekspertin məhkəmə iclasına dəvət olunaraq dindirilməsi barədə cavabdehin vəsatəti hakim tərəfindən təmin edilsə də, ekspert məhkəmə iclasına gəlməmişdir. Hakimin özünün tərəfindən avtomobilə 14.000 qiymət qoyulması və 60 faizi miqdarında ekspertrəyinə əsasən əmsalçıxartmağı da absurddur.Ümumiyyətlə iddia ərizəsi ərazi aidiyyatı üzrə də Suraxanı Rayon Məhkəməsində baxıla bilməzdi. Belə ki, iddia ərizəsinin mahiyyətindən də görünür ki, əsas tələb Mustafazadə Vüqar Ələsgər oğluna qarşı yönəlmişdir və o, Şəki rayonunda rəsmi qeydiyyatdadır. Lakin iddiaçı Şəki rayon Məhkəməsinə müraciət etməsində əlavə olaraq MMC-ni də cavabdeh qismində cəlb etməklə ərazi aidiyyatı qaydalarını kobud pozmuş və məhkəmə də buna göz yummuşdur. Bütün bunları nəzərə alaraq qətnamə ləğv edilməli və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkmə kollegiyasınıniclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etdi, onun təmin edilməsini xahiş etdi. 37.Məhkəmə kollegiyasının iclasındaİddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 38.Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 39.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 40.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 41.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 42.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 43.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 44.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 47.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 48.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 49.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası tərəflərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(010)- 1436/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 53.Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir, İddiaçı1 xx.xx.2018-ci il tarixdə bu avtomobili etibarnamə əsasında Cavabdeh2-nin istifadəsinə vermişdir.Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanılmış, avtomobil 3 günlüyünə (günü 60 manatdan) sonuncuya icarəyə verilmişdir.Avtomobil icarə müqaviləsi əsasında idarəsinə verildikdən bir gün sonra–xx.xx.2019-cu il tarixdə Cavabdeh1 avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. 54.Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur və iş materiallrında olan sübutlarla öz təsdiqini tapmışdır. 55.Kollegiya zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2022-ci il və 14 sentyabr 2022-ci il tarixli qərardadları ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspert rəyləri alınmışdır. 56.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 9/4130 saylı ekspert rəyinə əsasən, tədqiq edilən 2011-ci il buraxılışlı “Hyundai Elantra” markalı, Az ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 (18000 m.- 40%) manat müəyyən edilir. 57.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2022-ci il tarixli, 9/7508 saylı ekspert rəyinə əsasən təmiri məqsədə müfaviq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəl orta bazar qiyməti təxminən 18000,00 manat olmuş, 2011-ci il buraxılışlı, gümüşü rəngli, mühərrik həcmi 1797 sm3 “Hyundai Elantra” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2019-cu ilin dekabr ayına nəzəri qaydada təxminən 10800,00 (10800-40%) manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş 21 sentyabr 2021-ci tarixli, 9/4212 №-li və 01 avqust 2022-ci il tarixli 9/4130 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinin nəticələri təsdiq edilir. 58.Göründüyü kimi cavabdeh zərərin məbləği ilə razılaşmadığından iki dəfə təkrar ekspertiza keçirilməsinə baxmayaraq hər 3 ekspert rəyi ilə avtomobilə dəymiş ziyanın məbləği eyni məbləğdə qiymətləndirilmişdir. 59.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş,ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 60.Məhkəmə ekspert rəyi ilə qismən – avtomobilin zərər dəymiş hissəsinin faizi ilə (60%) razılaşmış, lakin avtomobilin bazar qiymətini rəydə qeyd edildiyi kimi 18000 manat yox, 16000 manat məbləğində qiymətləndirmiş, avtomobilə dəymiş ziyanın 9600 (16000x60/100) manat miqdarında olması qənaətinə gəlmişdir. 61.Belə ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən internet resurslarından istifadə edilməklə avtomobil bazarında olan eyni markalı, mübahisə predmeti olan avtomobillə təxminən eyni məsafə qət etmiş avtomobillərin qiyməti araşdırılaraq, avtomobilin bazar qiyməti obyektiv olaraq müəyyən edilmişdir. 62.Məhkəmə kollegiyası avtomobilə dəymiş zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin qeyri-mötəbər sübut hesab etməsinə əsaslansa da, bu hal məhkəmənin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı iddiaçının avtomobilinin zərər dəymiş ehtiyat hissələrin müəyyən edilməsi üçün nəzərə alınmış, həmin hissələr üzrə bazar dəyərinə uyğun qiymətləndirmə aparılması göstərilmişdir. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyri-mötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. 63.Kollegiya apellyatorun avtomobilə dəymiş zərərin iddiaçı tərəfindən Cavabdeh2-dən tələb edilməsi, sonda Cavabdeh2 tərəfindən ondan reqres qaydada tələb edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə Cavabdeh1 idarə etdiyi avtomobillə inzibati xəta törədərək həmin avtomobilə zərər vurduğu üçün, iddiaçının avtomobilin mülkiyyətçisi olaraq zərəri Cavabdeh1 tələb etməkdə haqlı olması ilə bağlı düzgün qənaətə gəlmişdir. 64.Belə ki, hadisə baş verən zaman avtomobil Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh1 sahibliyində və istifadəsində olmuş, zərərin əmələ gəlməsi üçün baş vermiş hüquqazidd əməl cavabdeh tərəfindən törədilmişdir. 65.Məhkəmə kollegiyası apellyatorun məhkəmənin aiddiyyət qaydalarını pozması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan məsələyə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4429/2021 saylı qərardadı ilə qiymət verilmişdir. 66.Kollegiya hesab edir ki, qətnamə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1 tutulması hissəsində dəyişdirilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manatın 93 manatı cavabdehdən, 157 manatı isə İddiaçı1 tutulmalıdır. 67.Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 70.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 71.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(010)-1436/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1 tutulması hissəsində dəyişdirlisin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının tədqiqatı dəyəri olan 250 (iki yüz əlli) manatın 93 (doxsan üç) manatı Cavabdeh1, 157 (yüz əlli yeddi) manatı isə İddiaçı1 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-188/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-188/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver