Məhkəmə qərarları › İş №2(103)-1880/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1880/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1880/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı “hesabatın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(004)-8070/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən tərtib olunmuş 190/21 nömrəli 10.11.2021-ci il tarixli qiymətləndirilmə hesabatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(004)- 8070/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya icra hərəkətlərini mübahisələndirmək və aidiyyəti üzrə icra üzrə icraat qaydasında məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilmiş, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərfindən verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, iddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsini istiyər, əmlakın qiymətləndirilməsinə dair hesabat (rəy) sübut növü hesab edilir və özü-özlüyündə hüquqi nəticələrə səbəb olmur. İddiaçı icra hərəkətləri zamanı icra məmurunun qanunsuz hərəkət və qərarlarından narazı olarsa, icra üzrə icraat qaydasında aidiyyəti üzrə müvafiq orqana və ya məhkəməyə şikayət edə bilər. Həmçinin iddiaçı iddia ərizəsində bir neçə cavabdeh göstərsə də, onların hər birinə qarşı yönələn tələbi göstərməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, icra orqanının qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələndirilmiş və müsbət qərar qəbul edilmişdir, lakin icra məmurunun sifarişi əsasında hazırda mübahisələndirilən hesabat tərtib edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, əmlakın qiymətləndirilməsinə dair hesabat (rəy) sübut növü hesab edilir və özü-özlüyündə hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). 153.3-cü maddəyə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur, iddiaçının şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(004)- 8070/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar