Məhkəmə qərarları › İş №2(103)-1882/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1882/2025

09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1882/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit reyestrindən borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(006)-3862/2024 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı tutulmalı olan borc ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi nəzərdə tutulmuş, həmin əmlak 8000 manat qiymətləndirilməklə, açıq hərracda LPO Cavabdeh2 ASC tərəfindən 5100 manata əldə edilmişdir. 2.LPO Cavabdeh2 ASC-nin iddiaçıya ünvanladığı məktubda iddiaçının mövcud borc öhdəliyinin məbləği göstərilərkən ipoteka predmetinin satışından əldə olunan 5100 manat məbləğində vəsait nəzərə alınmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5100 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2012ci il tarixli 1-1-212200010S********** saylı Kredit müqaviləsinə əsasən 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, "BMW-745" minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. O, bank qarşısında öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1722/2016 saylı qətnaməsi ilə, ondan Cavabdeh2 ASC-nin xeyrinə 8255,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən kredit borcu formal olaraq onun adına götürülmüş və o, heç ipoteka ilə yüklü olan avtomobili görməmiş və heç bir vaxt idarə etməmiş, onun heç sürücülük vəsiqəsi yoxdur. O, xx.xx.2024-cü il tarixdə Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna rəsmi ərizə ilə müraciət edərək, bildirmişdir ki, qətnamə çıxarıldığı tarixdən sonra, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, 3000 ABŞ dolları məbləğində pul vəsaiti borcundan silinmişdir. Bundan başqa, girov qoyulmuş avtomobil xx.xx.2018-ci il tarixdə hərrac vasitəsi ilə, 5100 manata "xxxx" ASC-yə satılmışdır. Rəsmi ərizəsinə cavab olaraq Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Əmanətlərin Sığortalanması Fondu 01 iyul 2024-cü il tarixli, №**********431 nömrəli məktubuna cavab olaraq bildirmişlər ki, Cavabdeh2 ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1-1-212200010S********** saylı Kredit müqaviləsinə əsasən 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, "BMW-745" minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1722/2016 saylı qətnaməsi ilə, ondan Cavabdeh2 ASC-nin xeyrinə 8255,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən məhkəmə qərarına əsasən hesaba Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 3800,48 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Tərəfinizdən isə 351,78 ABŞ dollar məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixə sözügedən qətnamə üzrə ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında 4.103,21 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi ona tövsiyyə olunmuşdur. Cavabdeh2 ASC ərizəsinə olan cavabında "xxxx" MMC-nin № Y-375 protokolu ilə, "BMW-745" minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı 5100 manata satılmasını qeyd etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin № Y-375 protokolunun surətindən görünür ki, “BMW-745” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı 5100 manata satılmışdır, (protokol №Y-375). Hesab etmişdir ki, irəli sürdüyü iddia tələbim tam qanuni və əsaslı olduğundan təmin edilərək, onun kredit borcundan 5100 manat silinməlidir. 5.Sonradan iddiaçının ərizəsinə əsasən ləğv prosesində olan Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir. 6.Daha sonra iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcdan 5100 manat pulun silinməsi vəzifəsinin cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. 7.Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaçının banka borcunun mövcud olduğunu bildirməklə, onun tərəfindən heç bir ödənişin aparılmadığını qeyd etmişdir. Həmçinin izahatında bidlirmişdir ki, hərrac keçirilsə də avtomobil yararsız vəziyyətdə olduğu üçün balansa qəbul edilməmişdir. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 dekabr 2024-cü il tarixli, 2(006)-3862/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddia qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcundan 5100 manat pulun silinməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdirş. İş materiallarında olan: 9.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2(003)-1722/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə əsas borc üzrə 7601 ABŞ dolları, faiz borcu üzrə 654.47 ABŞ dolları, cəmi 8255.47 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, tələbin girovla yüklü edilmiş cavabdeh İddiaçı məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına İddiaçı Cavabdeh2 ASC-yə borcunun ödənilməsi qət edilmişdir. 10.LPO Cavabdeh2 ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2800,48 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Onun tərəfindən 351,78 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixə sözügedən qətnamə üzrə ləğv prosesində olan Cavabdeh2 ASC-nin qarşısında 4103,21 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. 11."xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2017-ci il tarixli hesabatda ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinin qiyməti 8000 manat müəyyən edilmişdir. 12."xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli, Y-375 saylı yekun protokoldan görünür ki, ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 8000 manat, əmlakın satılmış qiyməti 5100 manat olmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 5100 manata almışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan Cavabdeh2 ASC tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. 13.Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)- 1722/2016 saylı icra sənədinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixinə LPO Cavabdeh2 ASC qarşısında 3970,85 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borc öhdəliyi mövcuddur. İpoteka predmetinin hərrac vasitəsi ilə LPO Cavabdeh2 ASC tərəfindən alınmasına baxmayaraq həmin əmlak yararsız vəziyyətdə olduğunu nəzərə alaraq LPO Cavabdeh2 ASC tərəfindən balansa götürülməmişdir. 14.Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı LPO Cavabdeh2 ASC qarşısında 3926,74 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borc öhdəliyi mövcuddur. 15.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı tutulmalı olan borc ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi nəzərdə tutulmuş, həmin əmlak 8000 manat qiymətləndirilməklə açıq hərracda LPO Cavabdeh2 ASC tərəfindən 5100 manata əldə edilmişdir. Cavabdeh tərəfin sözügedən əmlakın yararsız olması səbəbindən balansa götürülməməsi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, girov və ipoteka hüququnun əsas təyinatı borclunun (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədiyi halda kreditorun (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüquqa malik olmasıdır. İpotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Əşyanın real dəyəri ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşdırılmaqla ipoteka predmetini təşkil edən əşyanın ilkin satış qiyməti olub konkret məbləğdə ifadə edilir. 16.Məhkəmənin qənaətinə görə, əgər əmlaka müəyyən qiymət qoyulmaqla açıq hərracda əldə edilmişdirsə həmin əmlakın “yararsız” hesab edilməsi və məbləğin borcdan silinməsindən imtina edilməsi ipoteka institutunun prinsiplərinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsaslı olmaqla təmin edilməli, Mərkəzləşdirilmiş Kredit Reyestrindən cavabdehdin avtomobilin açıq hərracda aldığı məbləğdə (5100 manat) borc İddiaçı adından silinməlidir. 17.Məhkəmə iddianın “borcun silinməsi vəzifəsinin cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilsə də, sonuncu tam olaraq ləğv edilməmiş, onun hüquq qabiliyəti onun ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış sayılacaqdır. Nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə isinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Maliyyə bazarlarına nəzarət orqanının (AMB) xx.xx.2016-cı il tarixli, 07/3 nömrəli qərarı ilə Cavabdeh2 ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(102)-1471/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və Cavabdeh2 ASC müflis elan edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 nömrəli qərardadı ilə ləğvedici qismində ƏSF təyin olunmuşdur. Hesab edir ki, iddiaçı X3 “kredit borcunun silinməsinə” dair tələb üzrə cavabdeh düzgün seçilməyib. Belə ki, məhkəmə ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə xx.xx.2024-cü il tarixli, e-2(006)- 3862/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1722/2016 saylı icra sənədi üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcundan 5.100 manat pulun silinməsi vəzifəsini ləğv prosesində Cavabdeh2 ASC-nin üzərinə qoyulmasını qət etmişdir. Hesab edir ki, bu hissədə məhkəmə haqlı deyil. Yuxarıda qeyd etdiyi kimi, ləğv prosesində olan banka və ya Əmanətlərin Sığortalanması Fondu ayrıca iddia qaldırıla bilməz. Ləğv prosesində olan banka qarşı hər hansı iddia tələbləri onun ləğvedicisi-iddia tələbləri Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmalıdır. Yəni hazırkı iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmalı idi, hazırki iş üzrə LPO Cavabdeh2 ASC cavabdeh ola bilməz. “Banklar haqqında” Qanunun tələblərinə əsasən banklara qarşı hər hansı tələb olduqda iddia onun ləğveicisinə qarşı, yəni LPO Cavabdeh2 ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmalıdır. Bu halda iş üzrə cavabdeh LPO Cavabdeh2 ASC yox, LPO Cavabdeh2 ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmalıdır. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcundan 5.100 manat pulun silinməsi yalnız əmlakın balansa alındığından sonra həyata keçirilə bilər. Qeyd olundu kimi, "BMW-745" minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil hərracda satılmşdir, ancaq yararsız vəziyyətdə olduğu üçün AR DİN BDYPİ-də qeydiyyata almaq mümkün deyil. Bu səbəbdən bu günə qədər həmin avtomobil İddiaçı mülkiyyətidir və bankın balansına alınmayıb. Balansa alınmayan əmlakın müqabilində 5.100 manat vəsaitin silinməsi mümkün deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi prosessual baxımdan da səhvə yol vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 44.1.Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 25.Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 26.Maddə 59.4.Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 27.Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 28.Maddə 60.3.Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 29.Maddə 61.12.Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 30.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.Maddə 415.5.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 32.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 33.Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 34.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 35.Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibtdə iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh LPO Cavabdeh2 ASC qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(006)-3862/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 41.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı tutulmalı olan borc, ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi nəzərdə tutulmuş, həmin əmlak 8000 manat qiymətləndirilməklə açıq hərracda LPO Cavabdeh2 ASC tərəfindən 5100 manata əldə edilmişdir. 42.Cavabdeh2 ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2800.48 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Onun tərəfindən 351.78 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixə sözügedən qətnamə üzrə ləğv prosesində olan Cavabdeh2 ASC-nin qarşısında 4103.21 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. 43.İddiaçı ipoteka predmeti olan avtomobilin açıq hərrac vasitəsi ilə 5100 manata LPO Cavabdeh2 ASC-yə satılması, lakin sonuncunun həmin məbləği onun borcunda nəzərdə almadığı üçün, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 44.Məhkəmə kollegiyası iddianın əsaslı olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, girov və ipoteka hüququnun əsas təyinatı borclunun (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədiyi halda kreditorun (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüquqa malik olmasıdır. İpotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Əşyanın real dəyəri ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşdırılmaqla ipoteka predmetini təşkil edən əşyanın ilkin satış qiyməti olub konkret məbləğdə ifadə edilir. 45.Belə ki, istinad olunan normalardan göründüyü kimi ipoteka və ya girovun əsas məqsədi borclunun borc öhdəliyini icra etmədiyi halda kreditorun həmin əmlakın (ipoteka predmeti) dəyəri hesabına tələbinin ödənilməsini təmin etməkdir. İpoteka institutu kreditora əsas öhdəlik icra olunmadıqda, ipoteka predmeti olan əmlkaın satışından əldə olunan vəsait hesabına tələbin ödənilməsinə imkan yaradır. Bu baxımdan əgər ipoteka predmeti olan avtomobil satılmış və satışdan 5100 manat əldə olunmuşdursa, bu vəsait borcun bir hissəsi kimi nəzər alınmalı idi. Əks halda bu, ipoteka hüququnun mahiyyətini pozar və kreditorun əsas öhdəlik üzrə aldığı təminat funksiyasını mənasız edərdi. 46.Məhz qeyd olunanlara əsasən kollegiya apellyatorun sözügedən əmlakın yararsız olması səbəbindən balansa götürülməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin qeyd olunan əsasla ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş vəsaitin borc məbləğində nəzərə almaması ipoteka institutunun prinsiplərinə zidd hesab edilməlidir. 47.Məhkəmə kollegiyası həmçinin cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin iş üzrə cavabdeh kimi düzgün seçilməməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilsə də, sonuncu tam olaraq ləğv edilməmiş, onun hüquq qabiliyəti onun ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış sayılacaqdır. Nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 48.Digər tərəfdən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, -Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:

1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;

2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar; - Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır; -Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır; -Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır; -Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. 49.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(006)-3862/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar