Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1884/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamədən cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi Nümayəndə, apellyatorun vəkili (nümayəndəsi) X2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, dəymiş zərərin əvəzi olaraq 19.178,36 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin - 148 manat məbləğində pulun cavabdeh İcra Şöbəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilərək, həmin İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı Bankın hesabından tutulmuş cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Banka qaytarılması vəzifəsinin İcra Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən İcra Şöbəsinin verdiyi apellyasiya şikayətinə əsasən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən İcra Şöbəsinin verdiyi kassasiya şikayətinə əsasən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(102)-8023/2019 saylı qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bununla da, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə əsasında xx.xx.2020-ci il tarixdə “İcra vərəqəsi” verilmişdir. İcra edilməsi üçün “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq “İcra vərəqəsi” icra edilməmişdir. Həmin “İcra vərəqəsi” üzrə tələbkar olan Bank, İcra Şöbəsinə və aidiyyəti olan digər orqanlara dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. İcra Şöbəsi icra sənədinin icrasından boyun qaçıraraq, Banka ödəməli olduğu 53.521 manat pul məbləği barədə qərarı icra etməməklə və həmin vəsaiti özündə saxlamaqla Banka 19.178,36 manat məbləğində zərər vurmuşdur. Belə ki, Bank, Azərbaycan Respublikasının valyutası olan manatda saxladığı pul vəsaitlərinə (əmanətlərə) illik 10% olmaqla əmanət faizi hesablayır ki, ötən müddət ərzində Bank 19.178,36 manat məbləğində faydanı əldə etmək imkanından məhrum olmuşdur. Vurulmuş zərərin ödənilməsi ilə bağlı Bank tərəfindən xx.xx.2023-cü il tarixdə İcra Şöbəsinə KBD-6601 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin zərərin əvəzi ödənilmədiyi üçün Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh İcra Şöbəsinin böyük icra məmuru X5 işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, iddianın əsassız olmasını bildirmiş və iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Banka dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 9.775 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin – 76 manat məbləğində pulun cavabdeh İcra Şöbəsindən tutularaq iddiaçı Banka ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank, xx.xx.2020-ci il tarixdə verilmiş “İcra vərəqəsi” üzrə borclu olduğu məbləğin ödənilməsi cavabdeh İcra Şöbəsi tərəfindən gecikdirildiyindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 % ilə hesablanmış pul məbləğini cavabdeh Şöbədən ödənilməsini tələb etməyə hüququ vardır. “İcra vərəqəsi” xx.xx.2020-ci il tarixdə verildiyindən və iddiaçı Bank hazırkı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə verdiyindən məhkəmə hesab edir ki, cavabdeh Şöbə tərəfindən borc məbləğinin gecikdirildiyi 1.315 gün üçün icra sənədi üzrə tələb olunan məbləğə hesablanmış 5 %, yəni (53.521 manat x 5 % / 360 gün x 1.315 gün=) 9.775 manat məbləğində pul həmin Şöbədən iddiaçı Bankın xeyrinə tutulmalıdır. İddiaçı Bankın manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilməsinə dair Bankın sənədinə istinad edərək tələb etdiyi bütün məbləğin cavabdeh Şöbədən tutulmasının qanuni əsası olmamaqla yanaşı, göstərilən əsasla edilən tələb ehtimallara söykənir. Belə ki, Bank tutulmasını cavabdeh Şöbədən tələb etdiyi pul məbləğini həqiqətən də, depozit kimi Banka qoyaraq ondan gəlir əldə edəcəyini məhkəmədə müvafiq qaydada sübuta yetirməmişdir. Halbuki, iddiaçıya dəymiş olduğu iddia edilən ziyan real və əldən çıxmış fayda isə ağlabatan olmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh İcra Şöbəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra Şöbələrinin özlərinə məxsus vəsaitləri yoxdur, icra xidməti icra məmurlarının xüsusi fonduna daxil olan vəsaitlər üzərində sərəncam verilməsi isə icra xidmətinin özünün səlahiyyətlərinə aid deyil. Özünün hər hansı gəlirləri, vəsaiti olmayan (və olması da istisna edilən), xərclənməsi və üzərində sərəncam verilməsi konkret dövlət orqanları tərəfindən müəyyən edilən və həyata keçirilən, dövlət büdcəsi və xüsusi fonda daxil olan vəsaitlər hesabına maliyyələşən icra orqanından “öhdəliyin icrasının gecikdirilməsinə görə pul tələbinə dair” iddianın hazırki iş üzrə cavabdeh kimi cəlb edilmiş İcra Şöbəsindən tələb edilməsi və məhkəmə tərəfindən də müvafiq araşdırma aparılmadan, həmin pulun tutulmasına dair qətnamə qəbul edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Hazırki işdə dövlət büdcəsinin və üzərində sərəncam verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə hesabat verilməklə həyata keçirilən vəsaitlərin tutulması ilə bağlı münasibətlərdə Azərbaycan Respublikasının səlahiyyətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi həyata keçirə bilərdi və cavabdeh qismində də həmin nazirliklər çıxış edə bilərdi. e) apellyasiya icraatı zamanı üçüncü şəxsin işə cəlb edilməsi barədə məlumat
8. İşə apellyasiya qaydasında baxılan zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir. f) apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh Şöbənin vəkili (nümayəndəsi) Vəkil və apellyasiya baxışının sonuncu iclasında iştirak etmiş nümayəndə X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
10. İddiaçı Bankın nümayəndəsi Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
11. İş üzrə üçüncü şəxs olan Maliyyə Nazirliyinin nümayəndəsi X7 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, icra sənədində dövlət büdcəsinin hər hansı öhdəliyi müəyyən edilməmişdir. Maliyyə Nazirliyi iddiaya cavab verməli şəxs ola bilməz. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-8023/2019 nömrəli qərarından görünür ki: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (iş № 2(006)-1223/2019) ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s. tələbi barədə” iddiasının təmin edilməsi, həmin İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Banka qaytarılması vəzifəsinin İcra Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. - Həmin qətnamədən İcra Şöbəsinin verdiyi apellyasiya şikayətinə əsasən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardan həmçinin görünür ki, həmin qərarla, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsindən İcra Şöbəsinin verdiyi kassasiya şikayətinin təmin edilməməsini, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
15. İşdə olan sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə əsasında xx.xx.2020-ci il tarixdə “İcra vərəqəsi” verilmişdir. İcra edilməsi üçün “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin “İcra vərəqəsində” borclu kimi Nəsimi Rayon İcra Şöbəsi göstərilmişdir.
16. İşdə olan “Əmanətlər” adlanan vərəqədə qeyd edilmişdir ki, manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilir.
17. “İcra vərəqəsi” üzrə tələbkar olan hazırki iş üzrə iddiaçı Bank tərəfindən Nəsimi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 1223/2019 saylı icra vərəqəsinin icra olunmasından ötrü görülmüş icra tədbirləri barədə tələbkara məlumat verilməsi xahiş edilmişdir.
18. Bank tərəfindən İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank İcra Şöbəsini xəbərdar etmişdir ki, əgər İcra Şöbəsi 3 gün müddətində 19.178,36 manat məbləğində pul vəsaitini könüllü şəkildə ödəmədiyi təqdirdə Bank İcra Şöbəsinə qarşı “pul vəsaitinin tutulması tələbi barədə” iddia ilə müvafiq məhkəməyə müraciət edəcək.
19. İcra Şöbəsi tərəfindən Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin verdiyi (və yuxarıda qeyd edilən) “İcra vərəqəsi” üzrə Banka ödənilməli olan 53.521 manat məbləğində pul vəsaiti İcra Şöbəsinin depozit hesabında mövcud deyil, 50.020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan “Naiqin X12” MMC-nin hesabına ödənilmişdir.
20. İşdə olan xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Nəsimi Rayon İcra Şöbəsi yuxarıda qeyd edilən MMC-yə qarşı 50.020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə iddia tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir.
21. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən çıxarışdan görünür ki, "xxxx" İKB-dən 1.162.635 manatın alınaraq yuxarıda qeyd edilən həmin MMC-yə ödənilməsi qət edilmişdir.
22. İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
23. Cavabdeh İcra Şöbəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İcra Şöbəsi həmin icra sənədinin icra istiqaməti barədə göstəriş verilməsini İdarədən xahiş etmişdir.
24. İddiaçı Bank tərəfindən cavabdeh İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bank yuxarıda qeyd edilən icra vərəqəsinin icra olunmasından ötrü görülmüş icra tədbirləri barədə ona məlumat verilməsini İcra Şöbəsindən xahiş etmişdir.
25. Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, cavabdeh İcra Şöbəsinin “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin edilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)- 44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmuş, cavabdeh İcra Şöbəsinin “qətnaməyə izah verilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır.
27. Cavabdeh Nəsimi Rayon İcra Şöbəsi tərəfindən iddiaçı Banka ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “qətnaməyə izah verilməsi barədə” ərizə məhkəmə təmin edilməmişdir (səbəb məktubda qeyd olunmamışdır).
28. İcra Şöbəsi tərəfindən banklara ünvanlanmış məktublardan görünür ki, həmin məktub Nəsimi Rayon Məhkəməsinin verdiyi xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə tərtib edilmiş inkasso sərəncamı icra olunması üçün göndərilir.
29. İşdə olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, həmin sərəncamlar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə borcun ödənilməsi və icra ödənişi təyinatları ilə “Naiqin X12” MMC-nin hesablarına dair verilmişdir.
30. Nəsimi Rayon Məhkəməsinin 8(006)-124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1223/2019 nömrəli icra sənədi üzrə “Naiqin X12” MMC-nin borclu kimi tanınması haqqında Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir.
31. Tovuz Rayon Məhkəməsinin 2(062)-976/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Nəsimi Rayon İcra Şöbəsinin cavabdeh “Naiqin X12” MMC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılmışdır.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra şöbəsinin borclu olduğu icra sənədinin onun özü tərəfindən icra edilməsi obyektivliyə və qərəzsizliyə xələl gətirə biləcəyindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinin icraatından alınaraq inzibati ərazi bölgüsü üzrə yaxın olan Səbail Rayon İcra Şöbəsinin icraatına verilməlidir.
33. İşdə olan sənələrdən görünür ki, qeyd edilən “İcra vərəqəsi” icra edilməsi üçün Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir.
34. Səbail Rayon İcra Şöbəsi tərəfindən Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, icra sənədi icra edilməsi üçün göndərilmiş, icrasını təmin edib nəticəsi barədə Şöbəyə məlumat verilməsi xahiş olunur.
35. Məhkəmə işləri barədə elektron məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş, iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə qarşı 2(102)- 3688/2023 nömrəli iş üzrə yekun aktın nəticəsi “qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilmədi” məzmunundadır.
36. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin məbləğ icra şöbəsinin depozit hesabında mövcud deyil, 50.020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan “Naiqin X12” MMC-nin hesabına ödənilmişdir.
37. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi İcra Şöbəsinin depozit hesabında olan pul vəsaitlərinin hər biri təyinatlı məbləğdir və depozit hesabdan tələbkar Bankın tələbinin təmin edilməsi qeyri-mümkündür.
38. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilərək, həmin İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı Bankın hesabından cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Banka qaytarılması vəzifəsinin İcra Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə yuxarıda instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və qətnamə əsasında xx.xx.2020-ci il tarixdə “İcra vərəqəsi” verilmişdir. İcra edilməsi üçün “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarla icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixdə İcra Şöbəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məktub ünvanlanaraq icra sənədinin icra istiqaməti barədə göstəriş verilməsi, habelə “icra sənədinə izah edilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş, Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Nəsimi Rayon İcra Şöbəsi uzun müddət ərzində icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində heç bir tədbir görməmiş, hərəkətsizlik nümayiş etdirmişdir. Uzun müddətdən və tələbkar Bankın çoxsaylı müraciətlərindən sonra, xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon İcra Şöbəsi tərəfindən qərar qəbul edilərək “Naiqin- Ko Tovuz-Baltiya” MMC icra sənədi üzrə borclu kimi tanınmış və MMC-nin hesabları barəsində tərtib edilmiş inkasso sərəncamları icra olunması üçün bir sıra banklara göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. İcra Şöbəsi “X8” MMCyə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ədliyyə Nazirliyi İcra Baş İdarəsi xx.xx.2023-cü il tarixli qərarına əsasən “İcra vərəqəsi” Nəsimi Rayon İcra Şöbəsinin icraatından alınaraq Səbail Rayon İcra Şöbəsinin icraatına verilmişdir. Səbail Rayon İcra Şöbəsi dəfələrlə məktub yazaraq, icra sənədinin icrasının təmin edilməsini Nəsimi Rayon İcra Şöbəsindən tələb etmiş, lakin Nəsimi Rayon İcra Şöbəsi icra sənədini icra etməmişdir. Bundan sonra Nəsimi Rayon İcra Şöbəsi tələbkar Banka və Səbail Rayon İcra Şöbəsinə məktublar ünvanlayaraq, icra sənədində göstərilən məbləğin İcra Şöbəsinin depozit hesabında mövcud olmadığını, İcra Şöbəsinin depozit hesabında olan pul vəsaitlərinin hər biri təyinatlı məbləğ olmasını, həmin məbləğin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan “Naiqin X12” MMC-nin hesabına ödənildiyini, depozit hesabdan bankın tələbinin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Nəsimi Rayon İcra Şöbəsi xx.xx.2023-cü il tarixdə həmin MMC-yə qarşı “50.020 manat məbləğində pul vəsaitinin qaytarılması tələbi barədə” iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir.
39. “İcra vərəqəsi” üzrə tələbkar olan hazırki iş üzrə iddiaçı Bank həmin “İcra vərəqəsi” üzrə cavabdeh olan hazırki iş üzrə İcra Şöbəsinə qarşı hazırki iddia ilə müraciət edərək, manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilməsinə dair bankın sənədinə istinad edərək, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən məbləğə həmin faizə müvafiq olaraq hesabladığı zərərin və hazırkı iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdeh Nəsimi rayon İcra Şöbəsindən tutulmasını xahiş edir.
40. Cavabdeh İcra Şöbəsi isə depozit hesabda olan pul vəsaitlərinin hər birinin təyinatlı məbləğ olmasını, icra sənədində göstərilən məbləğin depozit hesabda olmadığını, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı iddiaçının hesabından tutularaq “X13-Baltiya” MMC-nin hesabına səhvən ödənildiyini, bu səbəbdən hazırda həmin cəmiyyətə qarşı əsassız varlanma qaydalarına uyğun olaraq pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, iddianın təmin edilməməsini xahiş edir.
41. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və cavabdeh İcra Şöbəsinin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında təxminən 4 il bundan əvvəl verilmiş icra sənədi üzrə borclu – cavabdeh İcra Şöbəsi ötən illər ərzində həmin icra sənədini icra etmir. Bu hal iş materiallarından, habelə İcra Şöbəsinin iddiaya qarşı etdiyi etirazın və Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmunundan aşıq şəkildə görünür.
42. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.).
44. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 445.7-ci maddə). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (xx.xx.2023-cü il tarixdən etibarən qüvvədə olan 445.7-ci maddə). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).
45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
46. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən “İcra vərəqəsi” üzrə borclu olduğu məbləğin ödənilməsi cavabdeh İcra Şöbəsi tərəfindən gecikdirildiyindən iddiaçı Bankın gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizlə hesablanmış pul məbləğini cavabdehdən tələb etməyə hüququ vardır.
47. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə verildiyindən və iddiaçı hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə tərtib edildiyindən cavabdeh İcra Şöbəsi tərəfindən borc məbləğinin gecikdirildiyi 1.315 gün üçün icra sənədi üzrə tələb olunan məbləğə hesablanmış 5 %, yəni (53.521 manat x 5 % / 360 gün x 1.315 gün =) 9.775 manat pulun iddiaçının xeyrinə cavabdehdən tutulması ilə bağlı Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə işin hallarına uyğundur.
48. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Bankın manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10% ödənilməsinə dair bankın sənədinə istinad edərək tələb etdiyi bütün məbləğin cavabdehdən tutulmasının qanuni əsası olmamaqla ehtimallara əsaslanır.
49. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
51. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
52. Hazırkı mübahisədə cavabdeh Şöbədən tələb etdiyi pul məbləğini həqiqətən də, depozit kimi banka qoyaraq ondan gəlir əldə edəcəyini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Lakin Bank bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən və ağlabatan olmayan tələb isə əsaslı hesab edilə bilməz.
53. Məhkəmə apellyasiya şikayətinin hazırki iş üzrə cavabdeh İcra Şöbəsinin iddiaya cavab verməli şəxs olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.
54. Göründüyü kimi cavabdeh İcra Şöbəsi yuxarıda qeyd edilən maddəndə göstərilən orqanların kateqoriyasına daxil olmadığından və vurulmuş ziyanın səbəbi həmin maddədə qeyd edilən hallarla əlaqədar deyil. Hazırkı iş üzrə iddiaçı Bank ilə üçüncü şəxs Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibəti mövcud deyil, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri iddiaçı Banka münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir.
55. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş şəxslərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.
56. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, icra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür (maddə 78.3.). İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur və tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür (maddə 81.1.).
57. “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 105 nömrəli qərarında qeyd edilir ki, Fondun vəsaiti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin operativ istifadəçiliyində və sərəncamında olur, bundan başqa həmin fondun istifadəçi (sərəncamçısı) dəyişdirilə bilməz.
58. Eyni zamanda qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdeh Nəsimi Rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilərək, həmin Şöbənin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Banka qaytarılması vəzifəsinin Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə yuxarıda instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(102)-8023/2019 saylı qərarından da müəyyən edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə ondan irəli gələn iddiaçının pul tələbi təmin edilmişdir.
59. Qeyd edilən qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayiş etdirdiyi hüquqi mövqedən apaellyasiya şikayətinin müzakirə edilən dəlilinə yanaşdıqda müəyyən edilir ki, dəli əsassızdır. h) apellyasiya baxışının nəticəsi
60. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
62. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə həmçinin bildirir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
64. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
65. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməzlər.