Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1885/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələblərinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 mənzil 5 ünvanında Cavabdeh Əziz oğlunun buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikdiyi özbaşına tikilinin sökülməsi, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 ünvanında 1/12 hissədən ibarət mülkiyyətində olan əmlakını özbaşına tikinti aparması nəticəsində zədələməsi və rütubətli hala salması nəticəsində iddiaçıya dəyən real zərərin əvəzi olaraq 3000 (üç min) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat, ümumilikdə 8000 (səkkiz min) manat pulun Cavabdeh Əziz oğlundan tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəriman Nərimanov rayonu, X5 küçəsi 70-də yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8279 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçıya məxsus yaşayış sahəsinə qonşu ünvanda Cavabdeh aid mənzil vardır. Bir müddət öncə həmin şəxsin yaşadığı ərazidə qanunsuz, özbaşına tikilinin inşasına başlanmışdır. Bu zaman iddiaçının tam mülkiyyətində olan əraziyə cavabdehin qanunsuz əməli nəticəsində maddi zərər dəymiş, mənzildə olan əmlaklar və yeni təmir yararsız vəziyyətə düşmüşdür. İddiaçı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə və Nərimanov Rayon 16-cı Polis Bölməsinə müraciət etmişdir. İcra Hakimiyyətindən gələn bildiriş əsasında 16-cı Rayon Polis İdarəsinin işçiləri ünvana gəlib, dəymiş zərərə baxış keçiriblər. Korlanmış tavan, divar, geyim əşyaları və digər mülkiyyətdə olan əşyaların şəkilləri iddiaçı tərəfindən saxlanılmış və hazırkı ərizəyə əlavə edilmişdir. Eyni zamanda iddiaçı bildirir ki, cavabdeh tərəfindən övladları 1-ci tip ağır forma diabet şəkərli 2-ci dərəcəli əlil Məmmədli Orxan və psixoloji pozuntuları olan Eldarov Ayxana, həmçinin iddiaçıya hədə-qorxu gəlinmişdir. Dəfələrlə şəxsən özünə müraciət edilməsinə baxmayaraq özbaşına tikilinin inşası dayanmır və iddiaçıya dəyən maddi ziyan artmaqda davam edir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı 100 (yüz) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə bir mətəbəli mənzilə mülkiyyət hüququna dair çıxarış təqdim etsə də, onun sökülərək yerində iki mərtəbəli evin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının icazəsini almadığı, bu orqanların yuxarıda qeyd edilən rəsmi məktubları təsdiq edir. Məhkəmə icraatı dövründə Nərimanov rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardada uyğun olaraq Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən 26 oktyabr 2021-ci il tarixli 10/3315 saylı müvafiq rəy verilmişdir. Həmin rəydə tikinti işlərinə dair hər hansı bir icazə sənədi olmadığından və həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2000-ci il 160 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 4.1-ci və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Bundan əlavə tərəflərindən "xxxx" MMC-yə müraciət olunaraq əmlaka dəymiş ziyan qiymətləndirilməsi xahiş edilmiş, mütəxəssinin 01 noyabr 2021-ci il tarixli rəyi ilə evin təmir bərpa işlərinə çəkiləcək xərcin dəyəri 3000,9 (üç min) manat, mebel və avadanlıqların yenisi ilə əvəz edilməsi üçün çəkiləcək xərclərin 3380,0 (üç min üç yüz səksən) manat olmasını bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsinə uyğun olaraq 2(005)-1786/2021 saylı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi, ekspertiza keçirilməsi digər ekspertə həvala edilməsi xahiş edilmiş, Məhkəmə bu vəsatəti təmin etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən hazırkı məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 xüsusi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70, mənzil 5 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70, mənzil 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticələrinə əsasən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3315 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 70 saylı ünvanında cavabdeh tərəfindən 6,6 m enində 17,0 m ölçüdə 2 mərtəbəli yeni tikili inşa olunmuşdur. Lakin inşa edilmiş yeni tikilinin özbaşına olubolmamasının müəyyən olunması hüquqi xarakter daşıdığından, bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir içazə sənədləri iş materiallarında olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun deyildir. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70, mənzil 5 ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə və iddiaçının və ya digər qonşuların tikililərinə ayrıayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikili iddiaçının və ya digər qonşuların öz əmlaklarından istifadə etməsinə hər hansı maneçilik törətmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının və digər qonşuların mənzillərinin divarlarında yaranmış qaralma, rütubət izləri kondesant nəticəsində yaranmasına xarakterdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3315 nömrəli ekspertiza rəyində iddiaçının və digər qonşuların mənzillərinin divarlarında yaranmış qaralma, rütübət izləri kondesant nəticəsində yaranmasına xarakter olduğu qeyd edilmişdir. Cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan dəyməsi müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallaına əlavə edilmiş fotoşəkilləri və mübahisəli sahənin çəkilmiş videogörüntüləri tərəflərin iştirakı ilə məhkəmə baxış iclasında tədqiq edilərkən iddiaçının tələbinin əsaslılığı sübuta yetirilməmişdir. İddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatının nəticələrinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 ünvanında yerləşən mənzilin divarlarının künc hissəsində qaralma və rütubət izlərinin olduğu müşahidə olunmuşdur. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 70 ünvanında yerləşən mənzilin divarlarının künc hissələrində yaranmış qüsurlar Cavabdeh Əziz oğlu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 70, mənzil 5 ünvanda aparılan tikilisinin inşası nəticəsində baş vermədiyi və həmin izlərin kondesant nəticəsində yarandığı müəyyən edilmişdir. Ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla hal-hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 850.0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması və bunun nəticəsində ona maddi ziyan dəyməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın vurulmamasını müəyyən etməklə iddia tələbini rədd etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələri ilə razılaşmadıqlarını təkrar ekspertizanın keçirilməsini qeyd etmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatının nəticələrinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 ünvanında yerləşən mənzilin divarlarının künc hissəsində qaralma və rütubət izlərinin olduğu müşahidə olunmuşdur. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 70 ünvanında yerləşən mənzilin divarlarının künc hissələrində yaranmış qüsurlar Cavabdeh Əziz oğlu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 70, mənzil 5 ünvanda aparılan tikilisinin inşası nəticəsində baş vermədiyi və həmin izlərin kondesant nəticəsində yarandığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, təkrar təyin edilmiş məhkəmə ekspertiza tədqiqatının nəticələri də cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyanın vurulması faktını təsdiq etmədi. Həmçinin, ekspert rəylərini mötəbər sübut kimi qəbul etməmək üçün digər əsaslar müəyyən edilmədi. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh tərəfindən özbaşına tikintinin aparılması nəticəsində iddiaçının mülkiyyətində olan evin zədələnməsi və rütubətli hala salınması sübut olunmadığından bundan başqa iddiaçının həmin özbaşına tikilinin sökülməsi barədə iddia tələbi onun subyektiv hüqüqunun pozulması müəyyən edilmədiyindən təmin edilə bilməz. Belə olan halda, iddiaçı özbaşına tikilinin sökülməsi, maddi və mənəvi zərərin vurulması barədə tələblərinin əsasını sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri 100 manat məbləğində pul isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1885/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1885/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver