Məhkəmə qərarları › İş №2(103)-1886/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1886/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1886/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: valideynlik hüququndan məhrumetmə X1 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “valideynlik hüququndan məhrumetmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-357/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2016-cı il tarixdə X8 doğulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay uşağa görə 140 manat və xx.xx.2019-cu il tarixindən başlayaraq Cavabdeh uşağı X8 üçün çəkilməsi zəruri olan əlavə xərclərə görə 50 manat sabit pul məbləğinin tutularaq X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-398/2019 nömrəli hökmünə əsasən Cavabdeh CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2 il 1 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(001)- 171/2020 nömrəli qərarına əsasən məhkum Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(001)-398/2019 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 (bir) il 07 (yeddi) ayı, 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5683/2023 saylı qətnaməsinə əsasən xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli qətnaməsi ilə qət edilmiş 190 manat məbləğində alimentin artırılması və hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya xərclərinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-517/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh 14 saylı cəzacəkmə müəssiəsində cəza çəkdiyindən həmin icra sənədi də borclunun cəza çəkdiyi yerdə yəni 14 saylı cəzaçəkmə müəssiəsində icraatda olmuşdur. 14 saylı cəzaçəkmə müəssiəsi tərəfindən həmin icra sənədi Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuşdur. Elektron icra sistemində borclunun adında əmlak, nəqliyyat vasitəsi, əmək haqqı, pensiya, təqaüd və digər gəlirlər aşkar edilməmişdir. Aparılmış icra hərəkətləri zamanı borclunun yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi və hal-hazırda Qaradağ rayonu ərazisində yerləşən Umbakı penitensiar müəssəsində cəza çəkdiyi müəyyən edilmişdir. Həmin illər ərzində borclu tərəfindən aliment ödənilməmişdir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli “valideynlik hüquqlarından məhrumetmənin uşağın mənafelərinə uyğunluğu haqqında” rəyinə əsasən komissiya uşağın mənafeyinin üstünlüyü baxımından Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 münasibətdə valideynlik hüququndan məhrum edilməsini məqsədəmüvafiq hesab etmişdir. 6 saylı Cəzaçəkmə Müəssisəsinin məktubuna əsasən məhkum Cavabdeh 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olmadığından heç bir gəliri olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 dair valideynlik hüququndan məhrum edilməsi, 60 manat mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Qaradağ rayonu ərazisində yerləşən Umbakı penitensiar müəssəsində cəza çəkməkdədir. Cavabdeh tərəfindən xx.xx.2019-cu ildən bu günə qədər aliment pulu ödənilmədiyi üçün, ümumilikdə 190 ay üzrə 11.400 manat məbləğində aliment borcu yaranmışdır. Belə ki, cavabdeh öz validenlik borcunu yerinə yetirmir, uşağın sağlamlığı və təlim-tərbiyəsi ilə maraqlanmır. Cavabdehin aliment öhdəliyi məhkəmə tərəfindən müəyyən edilsə də, ödəməkdən boyun qaçırır. 2023-cü ildə alimentin məbləğinin artırılması barədə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və aliment məbləği artırılaraq və hər ay 220 manat olmaqla sabit pul məbləğində qət edilmişdir. Lakin cavabdeh bu günə qədər heç bir aliment ödəməmişdir.

4. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-357/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X9)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək bildirmişdir ki, iddianın faktiki əsası kimi iddiaçı cavabdehin öz valideynlik vəzifələrini yerinə yetirməməsinə, alimenti ödəməkdən qəsdən yayınmasına söykənmişdir. İddiaçı alimenti ödəməkdən qəsdən yayınmasının sübutu kimi icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etmişdir. Lakin həmin məktubda eyni zamanda qeyd olunmuşdur ki, cavabdeh 2019-cu ildə 14 saylı cəzaçəkmə müəssisəsində, hazırda isə Umbakı penitensiar müəssisəsində cəza çəkir. Cavabdehin ondan aliment tutulduğu vaxtdan hazırki vaxta qədər azadlıqdan məhrum olması səbəbindən işləməməsi obyektiv hal kimi qiymətləndirilir. Çünki, cavabdeh aliment ödəmək üçün iqtisadi imkanlara sahib olmalıdır. Cavabdeh isə azadlıqdan məhrum edilməklə hazırda hər hansı gəlirə malik deyil. Əgər şəxs aliment ödəmək iqtidarına üzürlü səbəbdən malik deyilsə, onun bu hərəkətləri məsuliyyətsizlik kimi qəbul edilməyə bilər. Əgər həqiqətən cavabdeh gəlir mənbəyi olduğu halda alimentin ödənilməsindən qəsdən və davamlı olaraq boyun qaçırsaydı bu halda, onun valideynlik hüququndan məhrum edilməsi üçün əsas yaranmış ola bilərdi. Hazırki işdə bu hal mövcud deyil. Nəzərə alınmalıdır ki, valideynlik hüququndan məhrum etmə çox ciddi qərardır və yalnız ağır hallar mövcud olduqda tətbiq edilməlidir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, qəyyumluq orqanının rəyi sübut növlərindən biri olmaqla işə baxan məhkəmə tərəfindən ayrılıqda deyil, işdə olan digər sübutlarla əlaqəli şəkildə öyrənilir və qiymətləndirilir. Həmin rəyin məhkəmə üçün hər hansı məcburi hüquqi qüvvəsi yoxdur.

8. Məhkəmə öz mövqeyini “BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu, 18-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci, 49-cu, 52-ci, 58-ci, 64-cu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci, 17-18-ci, 27-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində “cavabdehin ondan aliment tutulduğu vaxtdan hazırki vaxta qədər azadlıqdan məhrum olunması səbəbindən işləməməsi obyektiv hal kimi qiymətləndirilir.” qeyd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehə qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə o, Quba Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsinə nəzər saldıqda müəyyən etmək olur ki, cavabdeh özü də məhkəməyə rəsmi şəkildə müraciət edib iddianın təmin edilməsinə razı olduğunu bildirmişdir. Buradan da aydın olur ki, cavabdeh barəsində heç bir cinayət işi olmadığı vaxtlarda cavabdeh ailəsinə baxmadığı üçün və münasibətləri də pozulduğundan ona qarşı qaldırılan iddiadan da xəbərsiz olmamışdır. Əksinə iddianın təmin edilməsinə dair yazılı razılıq da vermişdir ki, həmin iş üzrə də xx.xx.2019-cu il tarixində məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Cavabdeh faktiki olaraq uşağa baxmadığından uzun müddət sonra onun barəsində xx.xx.2019-cu il tarixində hökm qəbul edilmiş və o 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra o məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasından 1 il 7 ay 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə də 2023-cü ilin yanvar ayının 27-si cavabdehin cəzasının müddəti bitmiş və o, azadlığa çıxmışdır. Bundan 1 il 1 ay müddət sonra isə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü seçilmiş və o 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə tərəfindən onun azadlığının məhdudlaşdırıldığı tarixlər, ardarda cinayətlər törətməsi, reabilitasiya olmaması, normal fərd kimi özünü formalaşdırmaması və bu kimi bütün hallar nəzərə alınmamış və mövcud qətnamə qəbul edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyində azadlığı məhdudlaşdırılmış şəxslərin işləmək hüququ qanunvericiliklə tənzimlənir. Məsələn, məhkəmə qərarında həmin şəxsin işləmək hüququna dair xüsusi məhdudiyyətlər qoyula bilər və ya cəzanın icrası müddətində müəyyən fəaliyyət növləri qadağan edilə bilər. Lakin cavabdehin azadlığının məhdudlaşdırıldığı məhkəmə qərarında belə məhdudiyyətlər nəzərdə tutulmayıb. Buna görə də hər kəs kimi azadlığı məhdudlaşdırılmış şəxslər də məhkəmə qərarında xüsusi bir hal müəyyən edilməyibsə qanunvericiliyə uyğun olaraq işləmək hüququna malikdirlər. Bu halda, onların işləməsi cəzanın icrası rejiminə və müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Onun da hər gün saat 23:00-dan 06:00-dək öz yaşayış yerini tərk etməməsi qərarda qeyd edilmişdir. Həmin 7 saatlıq vaxt istisna olmaqla cavabdeh işləyə və öz uşağını saxlaya bilərdi. Xüsusilə qeyd edilməlidir ki, həmin saatlar da ümumi iş praktikasında ən passiv saatlar hesab edilir. Normal iş saatları 08-09:00 dan 18,19,20:00-dək müəyyən edilmişdir. Cavabdeh isə 06:00dan 23:00-dək yəni gün ərzində 17 saat vaxtı olur ki, o da o saatlardan istifadə edərək işləməyi deyil işləməməyi seçmişdir. Beləliklə də qeyd edilənlərdən yekun qənaətə gəlinir ki, azadlığı məhdudlaşdırılmış şəxslərin işləmək hüququ mövcuddur bu hüquq yalnız məhkəmə qərarının şərtləri və qanunvericiliyin tələbləri ilə məhdudlaşdırıla bilinər. Bununla yanaşı, cavabdeh şəxs artıq bir neçə dəfə narkotik vasitələrin istifadəsi və onların dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətə cəlb edilmişdir. Bu əsasla valideynlik hüququndan məhrum etmək üçün valideyndə bu xəstəliyin olduğunun tapılması və onun istifadəçisi, aludəçisi, onunla bağlı olan digər növ əlaqələrin olması yetərlidir. Çünki belə xəstəliyə tutulmuş valideyn və ya bu işlərlə məşğul olan valideyn özlüyündə uşaq üçün böyük qorxu yaradır. Onun uşaqla ünsiyyəti, hər hansısa münasibəti real təhlükədir. Bu günki cinayətlərə baxsaq sosial həyatda uşağın kölgəsi altında gizlənin kifayət qədər narkokuryerlər, narkomanlar, bu qəbildən olan digər şəxsləri görə bilərik ki, onlar uşağın görüntüsü altında gizlənib bu kimi cinayətləri törədirlər. Hazırda cavabdehin valideynlik hüququ məhrum olunmasa, o, uşağı ilə birlikdə kifayət qədər valideynlik hüququnu həyata keçirə bilər. Belə olan halda, məhkəmənin qətnaməsi ona yol açır ki, belə bir adam uşağını götürüb istər narkotik qəbul edə bilər, istər satışı həyata keçirər, istərsə də uşağa verər ki, daşınmanı vəya başqa prosedurları həyata keçirsin. Dəfərlərlə xəbər portallarında“ baba öz nəvəsiilə narkotik satmağa gedərkən tutuldu”, “ata öz oğlunun məktəb çantasında narkotik daşıyarkən tutuldu”, “ata öz övladını narkotik satışı məqsədilə göndərərkən tutuldu” , “Azyaşlı oğlundan narkotik vasitələr əldəetmək üçün istifadə edən ata saxlanılıb” və sair kimi məlumatlar dərc olunur. Məhkəmə tərəfindən cavabdehin valideyn kimi funksiyalarının yerinə yetirməməsi araşdırılmamış, bunun üçün xüsusi bilik tələb edən ekspertiza belə təyin edilməmişdir. Narkotik vasitələrin istifadəsi, qanunsuz dövriyyəsi və bu kimi cinayətləri törədən şəxsin hansı valideynlik hüququnun olması, valideynlik hüquqlarını yerinə yetirib-yetirə bilməməsi və sair hallara məhkəmə tərəfindən qiymət verilməmiş, məhkəmənin bu faktları müəyyən etmək üçün vasitələri yoxdursa, psixoloji ekspertiza təyin edilib aşkar edilməmişdir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyummluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli valideynlik hüququndan məhrum etmənin uşağın mənafeyinə uyğunluğu haqqında rəyində valideynlik hüququndan məhrumetmə məqsədə müvafiq hesab edilsə də, məhkəmə qətnaməsində bunun tam əksi, yəni valideynlik hüququndan məhrum edilmənin məqsədə müvafiq hesab edilmədiyi qeyd edilmişdir. Bu da qətnamənin işin hallarına uyğun olmamasını göstərən və ləğv olunmasına əsas olan səbəblərdən biridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. İştirakı məhkəmə kollegiyası tərəfindən təmin edilmiş və Penitensiar Xidmətin əməkdaşları tərəfindən məhkəmə iclasına gətirilmiş Penitensiar Xidmətin 06 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, uşağını çox istədiyini, uşağı ilə daim maraqlandığını, onunla görüşmək istədiyini, lakin iddiaçının buna maneə olduğunu, hazırda isə yaranmış vəziyyətlə əlaqədar uşaqla görüşə bilmədiyini və alimenti ödəyə bilmədiyini, hazırda müalicə olunduğunu və narkotik vasitələrdən istifadə etmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

16. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, əsas diqqəti uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməlidirlər. Həmin Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər. Valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməlidir, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; 49.2-ci və 49.3-cü maddələrə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 58.2-ci maddəinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından suiistifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər; 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir; 65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir; 66.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər; 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır; 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır; 27-ci maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazıda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2016-cı il tarixdə X8 doğulmuşdur X8 tərəflərin yeganə uşağıdır. Uşağın hazırda 9 yaşı var. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, uşaq iddiaçının yanında saxlanılmış və hazırda da iddiaçı ilə yaşayır. Cavabdehdən birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 190 manat sabit pul məbləğində, sonradan həmin məbləğ artırılaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5683/2023 saylı qətnaməsinə əsasən 220 manat məbləğində sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-517/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

25. Hazırda iddiaçı cavabdehin övladı ilə maraqlanmadığına və üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirmədiyinə, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini ödəmədiyinə, nəticədə cavabdehin 11.400 manat məbləğində aliment borcunun yaranmasına istinad edir, digər tərəfdən cavabdehin narkotik aludəçisi olduğunu, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və birgə nikahdan doğulmuş uşağın cavabdehlə qalmasının (cavabdehin davranışı baxımından) onun üçün təhlükəli olduğunu bildirir, bu səbəbdən də cavabdehin xx.xx.2016-cı il təvəllüdlü X6 münasibətdə valideynlik hüququndan məhrum edilməsini tələb edir. Cavabdeh isə uşağını çox istədiyini, uşağı ilə daim maraqlandığını, onunla görüşmək istədiyini, lakin iddiaçının buna maneə olduğunu, hazırda isə yaranmış vəziyyətlə əlaqədar uşaqla görüşə bilmədiyini və alimenti ödəyə bilmədiyini, hazırda müalicə olunduğunu və narkotik vasitələrdən istifadə etmədiyini qeyd edir və iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş edir.

26. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehin valideynlik hüququndan məhrum edilməsinin qanuni əsası kimi iddia ərizəsində Ailə Məcəlləsinin 64.0.1, 64.0.2 və 64.0.6-cı maddəsindəki əsaslara istinad etmişdir.

27. Bu baxımdan məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd edir ki, valideynlik hüquqlarından məhrum etmə valideynlərin qarşılaşa biləcəyi ən son ölçüdür və uşağın hüquq və mənafelərinin başqa yolla qorunmağın mümkün olmadığı hallarda tətbiq olunur. Valideynlik hüququndan məhrum etmə üçün Ailə Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulan əsaslardan birinin olması yetərlidir. Valideynlər yalnız həmin maddədə nəzərdə tutulan əsaslarla valideyn hüquqlarından məhrum edilə bilərlər.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cavabdehin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi onun davranışlarının uşaq üçün təhlükəli olması qənaətinə gəlmək üçün əsas yaratmır və özü-özlüyündə hazırki iddianın bu əsasla təmin edilməsini və cavabdehin valideynlik hüquqlarından məhrum edilməsini şərtləndirmir. Digər tərəfdən, iddiaçı özü də bu halla - cavabdehin hər hansı bir davranışında özünü biruzə verən və nəticə etibarı ilə uşağın həyatı üçün təhlükə yaradan hər hansı halın mövcud olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qəbildən olan dəlillərini əsassız hesab edir.

29. Digər tərəfdən, işin faktiki hallarından göründüyü kimi, uşaq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının himayəsinə verilmişdir. Cavabdeh izahatında uşaqla görüşmək istədiyini, lakin qarşı tərəfin münaqişələr yaradaraq buna maneə olduğunu bildirir. Başqa sözlə, uşaq ananın yanında qaldığından iddiaçı cavabdehin öz valideynlik vəzifəsini həyata keçirməsinə şərait yaratdığını və cavabdehin öz iradəsi ilə uşaqla maraqlanmadığını sübuta yetirməli idi. Lakin bu halla da bağlı iddiaçı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının digər cəza növü ilə əvəz edilməsinə dair Binəqədi rayon İcra və Probasiya şöbəsinin təqdimatına baxılan zaman cavabdehin vəkili cavabdehin hökmün icrasından qərəzli olaraq boyun qaçırmadığını, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə ərazini övladını görmək istədiyi üçün tərk etdiyini bildirmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətində yer alan alimentin qəsdən ödənilməməsi əsasına dair dəlillərə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi icra şöbəsinin məktubu xx.xx.2024-cü il tarixə aiddir. Bu da onu deməyə əsas verir ki, iddiaçı yalnız 2024-cü ilin aprel ayında ərizə ilə icra şöbəsinə müraciət edib alimentlə bağlı zəruri tədbirlərin görülməsini tələb etmişdir. Demək ki, həmin vaxtadək iddiaçı tələbkar olaraq borcludan alimentin alınmasında maraqlı olmamış, yəni icra sənədinin icrasını tələb etməmiş, yalnız mediasiya təşkilatına müraciət etdikdən sonra, hazırki iddianı irəli sürməzdən 3 ay əvvəl, onun uğurluluğunu möhkəmləndirmək üçün alimentə dair icra sənədinin icrasını tələb etmək qərarına gəlmişdir. Ona görə də, hazırki icra sənədi üzrə borclunun alimentin ödənilməsində nəinki qəsdən yayınması, ümumiyyətlə aliment ödəmək üçün maddi imkanının olduğu halda aliment ödəmədiyi halı da aşkar edilməmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin də əmək fəaliyyəti ilə məşğul olmasının qanunvericiliklə tənzimlənməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda bu hüququn həyata keçirilməsi alimentin ödənilməsinin icra mexanizminə təsir edən bir əsasdır və hazırki iddianın təmin edilməsinə hüquqi baxımdan heç bir təsiri yoxdur.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qismində yer aldığından komissiyanın rəyinə də münasibət bildirərək qeyd edir ki, həmin rəy öz-özlüyündə mötəbər hesab edilə bilməz və cavabdehin valideynlik hüquqdan məhrum edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi rəydə ancaq uşağın və iddiaçının izahatları göstərilmiş, heç bir əsaslandırma və bu bu istiqamətdə araşdırılma aparılmadan komissiya cavabdehin valideynlik hüquqdan məhrum edilməsini uşağın mənafelərinə uyğun hesab etmişdir. Halbuki, uşağın mənafeyi ilə zidiyyət təşkil edən hər hansı hala istinad edilməmişdir. Rəydə cavabdehin uşağın təlim-tərbiyəsində iştirakının, ünsiyyətinin uşağın sağlam psixi, fiziki və mənəvi inkişafı üçün təhlükəli olduğu qeyd edilmiş, lakin Komissiya cavabdehlə övladı arasında valideyn-övlad münasibətlərinin mövcud olmamasına, uşağın onu xatırlamamasına və onun tərəfindən aliment öhdəliklərinin də yerinə yetirilməməsinə əsaslanaraq bu qənaətə gəlmişdir. Halbuki, bu hallar belə bir qənaətə gəlmək üçün əsas deyil. Bu baxımdan həmin rəy özü-özlüyündə bu sahədə ixtisaslaşmış qurumun obyektivliyini və rəy tərtib olunarkən məsələ üzrə hərtərəfli araşdırılma aparılmasını şübhə altına alır. Nəticə etibarı ilə rəydə əks olunmuş mövqe mahiyyət etibarı ilə nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır və heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdlr. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-357/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar