Məhkəmə qərarları › İş №2(103)-1893/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1893/2023

13.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1893/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin 3-cü şəxs qismində X2 cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2771/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin 3-cü şəxs qismində X2 cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınların həbsdən azad olunması və avtomaşınların dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-7/2018 saylı icra sənədinin icra edilməməli hesab olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2771/2022 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qərardadın qərara aldı hissəsinin əvvəli ilə sonu biri-birinə ziddir. Belə ki, məhkəmə MPM-nin 153.2.1-ci maddəsini rəhbər tutub iddia ərizəsinin icraata qəbul ediməsindən imtina edə bilər. İddia ərizəsinin geri qaytarılması isə MPM-nin 152-ci maddəsi ilə tənzim edilir. Yəni, məhkəmə dəqiq göstərməli idi ki, iddia ərizəsini geri qaytarır, yoxsa icraata götürməkdən imtina edir. Bu iki maddənin nəticəsi üzrə hüquqla fərqlidir, bir maddəyə əsasən nöqsanını aradan qaldırıb yeni iddia vermək mümkündür, digərinə əsasən isə bu imkan yoxdur. Məhkəmə bunun fərqinə varmamışdır. Məhkəmə iddia ərizəsini qərəzli olaraq icraata qəbul etməmişdir. Necə ola bilər ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin eyni cavabdehlərə qarşı, digər əmlaklarla bağlı eyni tələbi üzrə iddia ərizəsi məhkəmənin başqa hakimi, Rəna xanım Qafarova tərəfindən icraata (iş № 2(009)- 350/2023) qəbul edilir, hazırkı iddia ərizəsi isə qəbul edilmir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə "xxxx" MMCnin direktoru X2nun AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus “X9” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus GX 460” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1- (102)-2/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarı ilə X2nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X2nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəaların Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması, qalan hissədə kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Mübahisəli daşınar əmlaklarla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu üçün iddiaçı maraqlı şəxs qismində həmin əmlaklarla bağlı mülki məhkəmə icraatı qaydasında deyil, cinayət mühakimə icraatı qaydasında müraciət etməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırki iddia ərizəsinə, yəni Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması haqqında iddia tələbinə ümumiyyətlə məhkəmədə, eləcə də, mülki məhkəmə icaatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İşdə olan məhkəmə aktlarının surətlərindən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X2nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı “Lexus GX 460” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə X2nun və qeyrilərinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli mətubundan görünür ki, "xxxx" MMC-nin direktoru X1 Fizuli Zülfüqar barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsi ilə bağlı işə cəlb olunmağını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə X2nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X2nun və qohumlarının adına olan bir sıra daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəaların Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması, qalan hissədə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər... məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olubolmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin direktoru X1 Fizuli Zülfüqar barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsi ilə bağlı işə cəlb olunmağını xahiş etsə də, Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından Ali Məhkəmənin sədri tərəfindən həmin müraciətə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarından təqdimat verildiyi və həmin təqdimata baxıldığı müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilmzliyinə görə qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2771/2022 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar