Məhkəmə qərarları › İş №2(103)-1896/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1896/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1896/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 12.400 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 150 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, “Toyota Pirus” markalı avtomobilə görə 2023-cü ilin fevral ayında iddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən, iddiaçı ilkin ödəniş olaraq 1.000 manat, hər gün 25 manat olmaqla ayda 700 manat cavabdehə pul ödəməli idi. İddiaçı gündəlik pulu cavabdehin bank kartına 4 gündən gec olmayaraq ödəməli idi. Cavabdeh iddiaçıya avtomobilin zəruri xərcləri olduğunu bildirmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya uyğun olaraq iddiaçının cavabdehə ödədiyi 1.000 manat ilkin ödənişin yarısını - 500 manatı avtomobilin təmirinə xərclənmişdir. Lakin avtomobili idarə edərkən texniki cəhətdən saz olmadığı, zəruri xərclərinin çox olduğu müəyyən edildiyindən razılaşmaya əsasən, 2023-cü ilin aprel ayında həmin avtomobili sataraq “Nissan Note” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Pulun ödənilməmiş hissəsi olduğu üçün həmin avtomobili cavabdehin adına sənədləşdirmişlər. 2023-cü ilin fevral ayından 2024-cü ilin avqust ayınadək iddiaçı cavabdehə ümumilikdə 12.400 manat pul ödəmişdir. Həmin vəsaitin 9.205 manatını cavabdehin bank kartına, 895 manatını qohumlarımın bank kartları, “MilliÖn” və “e-manat” ödəniş terminalları vasitəsilə cavabdehə ödəmiş, qalan məbləği isə usta kimi cavabdehin evində gördüyü işlərə xidmət haqqı əvəzi olaraq hesablamışlar. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya “Nissan Note” markalı avtomobil ilə bağlı 1 il müddətinə etibarnamə vermişdir. Etibarnamənin müddəti bitdikdən sonra iddiaçı dəfələrlə cavabdehdən razılaşmaya uyğun olaraq etibarnamənin müddətinin uzadılmasını xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək etibarnamə verməkdən yayınmışdır. Sonuncu dəfə cavabdeh iddiaçıya 4.000 manat verəcəyini bildirsə də iddiaçı buna razılaşmamışdır. İddiaçı avtomobilin pulunu tam ödəmədiyi üçün avtomobili deyil, ödədiyi pulu tələb etmək qərarına gəlmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, tərəflər arasında olan razılaşma icarə müqaviləsi deyil, alğısatqı münasibəti olmuşdur. Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, işə birtərəfli baxaraq maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

8. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır (maddə 362.1.). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650.). Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır (maddə 139.1.). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (maddə 144.1.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.).

11. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Rayon Məhkəməsi tərəfindən araşdırma zamanı (xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının izahatı əsas götürülməklə) müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin fevral ayında ilkin ödəniş 500 manat, gündəlik 25 manat ödəməklə “Toyota Prius” markalı avtomobili icarəyə götürmüşdür. Lakin, sözügedən avtomobildə nasazlıq olduğundan 2023-cü ilin aprel ayında cavabdehlə razılaşaraq həmin avtomobili “Nissan Note” markalı avtomobilə dəyişmişdir. İddiaçı gündəlik 25 manat olmaqla hər gün üzrə müvafiq ödənişlər həyata keçirtmişdir. İddiaçı avtomobili cavabdeh (mülkiyyətçi) tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Lakin, müvafiq müddət üzrə ödənişlər həyata keçirildikdən sonra sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçının keçirilməmiş, etibarnamənin müddəti uzadılmamışdır.

13. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazılarının tədqiqi nəticəsində də, hazırki mövqedən fərqli hüquqi mövqe aşkar edilməmiş, daşınıqların mətni üzrə tərəflər arasında münasibətlərin icarə münasibəti olması müəyyən edilmişdir (tələb edilən ödənilməmiş icarə haqqlarının məbləği, etibarnamənin müddətinin uzadılması və s. hallar nəzərə alınmaqla).

14. İddiaçı cavabdeh ilə arasındakı münasibətləri alqı-satqı münasibətləri kimi qiymətləndirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarış isə anlaşılmaz və qarışıq formadadır. İddia tələbi üzrə digər sübut məhkəməyə təqdim edilməmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutmuş münasibətlər alğı-satqı deyil, icarə münasibətləridir. Belə ki, ilkin ödənişin məbləği və digər ödənişlərin aylıq deyil, günlük 25 manat olmaqla ödənilməsi, avtomobillərin markası, işgüzar qaydalar, formalaşmış bazar təcrübəsi (icarə ilə bağlı) bu qənaətə gəlməyə əsas verir. Odur ki, tərəflər arasındakı münasibətlərin növünü düzgün müəyyən etmiş Rayon Məhkəməsi həmin münasibətlərə icarə qaydalarını tətbiq etməkdə haqlı olmuşdur.

17. Həmçinin Rayon Məhkəməsi tərəfindən şifahi formada bağlanmış icarə müqaviləsinin etibarlılıq şərtlərinə cavab verməsi halına da düzgün qiymət verilmişdir.

18. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı müqavilə müddəti ərzində icarə obyektindən (avtomobil) istifadə etmiş və onun faydalı xassələrindən yararlanmışdır. Müvafiq ödənişlər isə məhz müqavilə çərçivəsində ödənilmişdir. Odur ki, ödənilmiş icarə haqqının geri tələb edilməsi əsassızdır. Rayon Məhkəməsi iddianın rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. f) apellyasiya baxışının nəticəsi

19. Odur ki, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

22. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

23. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

24. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar