Məhkəmə qərarları › İş №2(103)-1898/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1898/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1898/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1176/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı və Cavabdeh2 keçmiş ər-arvaddır. Digər Cavabdeh1 onlarla qohumluq münasibəti yoxdur. O, hazırkı mübahisəyə aidiyyəti olan mənzilin mülkiyyətçisi olub. İddiaçı və Cavabdeh2 1997-ci ildə ailə qurublar, 1999-cu ildə nikahları qeydə alınıb, 2009-cu ildə nikahları pozulub. Onların 1998 və 2000-ci il təvəllüdlü iki övladı var. 2.Mübahisə Bakı şəhəri, Neapol küçəsi, ev № 7B-də yerləşən 27 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə dövlət mənzil fonduna aid olub. Mülki işdə olan özəlləşdirmə sənədlərinə görə, mənzil 2008-ci ilin sentyabr ayında Cavabdeh1 anası Həqiqət Əliyevanın adına özəlləşdirilib. Mülki işdə Həqiqət Əliyevanın adına olmuş, lakin itmiş qeydiyyat vəsiqəsinin tapılması üçün 2019-cu ildə müvafiq dövlət orqanına müraciət edilməsi barədə məlumat var. Mülki işdə olan reyestr çıxarışında Həqiqət Əliyevanın mülkiyyət hüququnun qeydə alındığı tarix xx.xx.2019-cu il kimi göstərilib. Bundan sonra - xx.xx.2020-ci ildə Həqiqət Əliyeva vəfat edib. Bundan 6 ay sonra - xx.xx.2020-ci ildə Həqiqət Əliyevanın övladı Cavabdeh1 adına mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib və xx.xx.2020-ci ildə mənzil Cavabdeh1 mülkiyyəti kimi reyestrdə qeydə alınıb. Bundan sonra mənzili iki dəfə özgəninkiləşdirilib. Belə ki, xx.xx.2023-cü ildə Cavabdeh1 (satıcı) ilə Japar Mamedovun (alıcı) arasında mənzilin 117.000 manata alqı-satqısı barədə müqavilə bağlanıb. xx.xx.2024-cü ildə isə Japar Mamedov (satıcı) Eldar Əliyevin (alıcı) arasında mənzilin 100.000 manata alqı-satqısı barədə müqavilə bağlanıb. 3.Göründüyü kimi, mənzilin 4 mülkiyyətçisi olub: 1) Həqiqət Əliyeva; 2) Cavabdeh1; 3) Japar Mamedov; 4) Eldar Əliyev. Müəyyən olunur ki, 1-ci və 2-ci mülkiyyətçilər (ana-övlad) formal mülkiyyətçilər olub. Belə ki, mənzil hələ dövlət mülkiyyətində olan zaman mənzilin dəyəri 1-ci mülkiyyətçiyə ödənilməklə ondan faktiki satın alınıb. İşin bu halı mübahisə doğurmur. Mübahisə doğuran hal mənzilin dəyərini ödəyən şəxsin kim olmasıdır. İddiaçı bildirir ki, mənzili öz pulu ilə alıb, Cavabdeh2 isə bildirir ki, mənzil onun atasının pulu ilə alınıb. Pul barədə mübahisə mənzil 2-ci mülkiyyətçi tərəfindən 3-cü mülkiyyətçiyə satıldıqdan sonra yaranıb. İddiaçı pulun özünə çatmalı olduğunu, Cavabdeh2 isə pulun özünə çatmalı oldugunu iddia edir. 4.Mənzilin 2-ci mülkiyyətçi tərəfindən 3-cü mülkiyyətçiyə satılması nəticəsində əldə olunan pul cavabdehlərin arasında bölüşdürülüb. Belə ki, hər iki cavabdehin imzası olan iltizama görə, mənzil 2-ci mülkiyyətçi tərəfindən 3-cü mülkiyyətçiyə 118.000 manata satılıb, həmin pulun 90 faizi Cavabdeh2, 10 faizi isə Cavabdeh1 çatıb (iş v. 133). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, mənzilin satışından əldə olunmuş 118.000 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. 6.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının xeyrinə Cavabdeh2 106.200 manat, Cavabdeh1 10.800 manat tutulsun. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Cavabdehlərin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin izahatına görə, mənzil 1993-cü ildə deyil, 1997-ci ildə alınıb. Mənzil cavabdehin atasının pulu ilə alınıb. Mənzil alınanda cavabdeh ilə iddiaçı nişanlı olublar, mənzil alındıqdan sonra – 1997-ci ildə ailə qurublar, 2 il sonra – 1999-cu ildə isə nikahlarını qeydə aldırıblar. 2009-cu ildə nikah pozlulub və iddaçı cavabdehi mənzildən qovub. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdilər. İddiaçının izahatın görə, mənzil 1993-cü ildə alınıb. Mənzili iddiaçı alıb və mənzilin dəyərini Həqiqət Əliyevaya iddiaçı ödəyib, lakin alqısatqı müqaviləsi rəsmiləşdirilməyib, Həqiqət Əliyeva iddiaçının adına mənzilə dair etibarnamə verib. Mənzil alındıqdan sonra iddiaçı valideynləri ilə birlikdə yaşamaq üçün mənzilə köçüb. Daha sonra – 1997-ci ildə iddiaçı Cavabdeh2 ailə qurub, onu mənzilə gəlin köçürüb. Sonradan iddiaçı mənzili öz adına sənədləşdirmək istəyib, lakin mənzil dövlət mənzil fonduna aid olduğuna görə birbaşa iddiaçının adına sənədləşdirmə mümkün olmayıb. Ona görə də iddaçı və Həqiqət Əliyeva belə razılaşıblar ki, mənzil əvvəlcə Həqiqət Əliyevanın adına özəlləşdirilsin, bundan sonra Həqiqət Əliyeva mənzili iddiaçının adına keçirsin. Mənzil Həqiqət Əliyevanın adına özəlləşdirildikdən sonra Həqiqət Əlieyava vəfat edib. Daha sonra iddiaçı mərhum Həqiqət Əliyevanın övladı Cavabdeh1 ilə razılaşıb ki, Cavabdeh1 mənzili iddiaçının adına keçirsin. Cavabdeh1 bu məqsədlə iddiaçının dostu Elsevən Qənbərovun adına etibarnamə verib. Lakin Cavabdeh2 Cavabdeh1 aldadaraq bildirib ki, guya iddiaçı mənzilin satılmasını Cavabdeh2 həvalə edib. Cavabdeh2 mənzilin satışından əldə ediləcək pulun 10 faizini Cavabdeh1 verəcəyini vəd edib və Cavabdeh1 istifadə etməklə mənzili 118.000 manata satıb. Cavabdeh2 həmin pulun 10 faizini Cavabdeh1 verib, qalan hissəsini isə özünə götürüb. 10.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 12.Mənzilin dəyərinin Həqiqət Əliyevaya ödənilməsi işin mübahisəsiz halıdır. Bunu işdə iştirak edən bütün şəxslər təsdiq edir. Odur ki, mənzilin dəyərinin kim tərəfindən ödənildiyinin müəyyənləşdirilməsində mənzilin dəyərini alan şəxsin izahatı mötəbər sübut sayılır. İşdə iştirak edən şəxslər və onların qohumları mübahisənin öz xeyrlərinə həllində maraqlı olduqlarına görə, onların verdiyi məlumatlar mötəbət sübut hesab olunmur. Mənzilin dəyərini alan şəxs - Həqiqət Əliyeva sağlığında məhkəməyə yazılı izahat göndərərək bildirib ki, mənzili iddiaçıya və iddiaçının valideynlərinə satıb. Bu izahat həmin mənzilə dair mübahisə üzrə qəbul olunmuş Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-5931/2018 nömrəli qətnaməsində qeyd olunub (iş v. 15). Bundan başqa, mənzilin dəyərini alan Həqiqət Əliyevanın iddiaçının adına mənzilə dair xx.xx.2009-cu il tarixli etibarnamə (iş v. 18) verməsi, Həqiqət Əliyeva vəfat etdikdən sonra isə onun ovladı (vərəsəsi) Cavabdeh1 iddiaçının dostunun adına mənzilə dair xx.xx.2020-ci il tarixli etibarnamə (iş v. 13) verməsi də təsdıq edir ki, mənzilin dəyərini Həqiqət Əliyevaya iddiaçı ödəyib. 13.Cavabdeh2 mənzilin dəyərinin atası tərəfindən ödənildiyini bildirsə də, onun atasının Həqiqət Əliyevaya pul ödədiyini təsdiq edən sübut yoxdur. Bundan başqa, Cavabdeh2 özü yazılı şəkildə bildirib ki, mənzil iddiaçı ilə onun ailə qurmasından əvvəl (nişanlı olduqları zaman) alınıb (iş v. 163). Bu isə onu təsdiq edir ki, mənzilin dəyəri nikah müddətində ödənilməyib, yəni mənzilin dəyəri kimi ödənilən pulun ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əsas yoxdur. 14.Mənzil əldə edilməsi üçün ödənilən pul iddiaçıya məxsus olduğuna görə, mənzilin satılması nəticəsində əldə edilən pul da iddiaçının pulu hesab olunur. AR Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, cavabdehlər əldə etdiklərini iddiaçının tələbi ona qaytarmalıdır. Hər iki cavabdehin imzası olan iltizama görə, mənzilin satışından əldə edilən pulun 106.200 manatı Cavabdeh2, 10 faizi isə Cavabdeh1 çatıb (iş v. 133). Müqaviləyə görə, mənzil 117.000 manat satılıb (iş v. 101). Həmin məbləğdən Cavabdeh2 verilmiş 106.200 manat çıxıldıqdan sonra qalan məbləğ 10.800 manat edir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının xeyrinə Cavabdeh2 106.200 manat, Cavabdeh1 isə 10.800 manat tutulmasını qət edib. 15.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə aid hissədə düzgün nəticəyə gəlib. 16.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1176/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar