Məhkəmə qərarları › İş №2(103)-1899/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1899/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1899/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(010)-4138/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, Bakı şəhər 35 saylı notariat ofisi tərəfindən icra qeydi verilmiş, həmin icra qeydinə əsasən "xxxx" ASC-yə 25 manat dövlət rüsumu olmaqla cəmi 655 manat 61 qəpik pul tutulmalıdır. Verilmiş icra qeydini əsassız hesab edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 8İ-1999 reyestr nömrəli “icra qeydi”nin ləğv edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən ondan 772.69 manat əsas, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Daha sonra həmin borc məbləği onun iş yeri olan "xxxx" ASC-yə yönəlməklə aylıq maaşından tutularaq tam şəkildə banka ödənilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də “Əlavə 1 Ödəniş cədvəli”nə əsasən, tərəfindən yenidən 772.69 manat borcun rəsmiləşdirilməsi həyata keçirilmişdir. Qeyd olunan borcun əvvəlki borcla bağlı yenidən rəsmiləşdirmə işinin olmasını zənn etdiyindən həmin sənədi o vaxt imzaladı. Lakin bu yaxınlarda məlum oldu ki, bank onu aldadıb və həmin ödəniş tamamilə müxtəlif bir məbləğ olmaqla ona aidiyyəti olmayan borcdur. Hansı ki, bank bununla əvvəlki vaxtda artıq ödədiyi pulu yenidən onun adına rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 35 saylı notariat ofisinin icra qeydinə əsasən tərəfindən "xxxx" ASC-yə 25 manat dövlət rüsumu olmaqla, cəmi 655.61 manat pul tutulmalıdır. Qeyd olunan icra qeydi tam əsassızdır və bu icra qeydi ilə ondan tutulmalı borc artıq bir dəfə ondan tutulmuşdur. Hazırda bank həmin pulu ondan ikinci dəfə tutmaq istəyir, hansı ki, bu tam qəbuledilməzdir. Xüsusilə, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan borcun tutulması ilə bağlı ona nə bankdan, nə də ki, notariusdan hər hansı bildiriş və ya xəbərdarlıq gəlməmişdir. İcra qeydi barədə məlumatı yalnız əmək haqqını az alarkən bilmiş və bu barədə ona iş yerinin baş mühasibi məlumat vermişdir. Həmçinin bildirir ki, 655.61 manat borcun tərəfindən ödənilməsini müvafiq ödəniş qəbzləri də təsdiq edir” Üçüncü şəxs "xxxx" ASC iddiaya etirazla məhkəməyə müraciət etmiş, etirazı onunla əsaslandırmışdır ki: “İddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də notariat ofisi tərəfindən bildiriş xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. Lakin şəxs xx.xx.2022-ci il tarixində bildirişi qəbul etməkdən imtina etmişdir. Məhkəmə vaxtı iddiaçı sözügedən ünvanda qeydiyyatda olmadığını desə də iddia ərizəsində göstərilən ünvanı qeyd etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Banka borcu olmuş, həmin borc xx.xx.2019cu il tarixdə Prezident fərmanına uyğun restrukturizasiya olunmuşdur. İddiaçı Banka borcunun olmadığını, restrukturizasiya müqaviləsinin aldadılma nəticəsində bağlandığını bildirsə də iş materiallarından görünür ki, iddiaçının xx.xx.2013-cü il tarixli müqavilə üzrə Banka borcu olmuş və həmin borca aid məhkəmə əmrləri çıxmışdır. Daha sonra 2019-cu ildə mübahisələndirilən kredit Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən güzəştli şərtlərlə restrukturizasiya edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixinə qədər ödənişləri icra etmiş, lakin sonradan ödənişi həyata keçirmədiyi üçün xx.xx.2022-ci ildə barəsində 35 saylı notariat ofisində icra qeydi aparılmış və icraya yönəldilərək borc əmək haqqından tutulmuşdur. İcra qeydi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Nəticə olaraq icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş prosedur və qaydalara əmək etməklə çıxarılmışdır. Həm notarius, həm də bank tərəfindən icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət edilməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Göstərilən əsaslara görə də notariusun icra qeydi ləğv edilə bilməz”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(010)- 4138/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 79-cu maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında noratiat hərkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161 və 162-ci maddələri, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” siyahısının İİ hissəsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6 və 8-ci bəndləri ilə əsaslandıraraq, məhkəmə iddiaçının müvafiq icra qeydi ilə eyni borcun ikinci dəfə ondan tutulmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı üçüncü şəxs "xxxx" ASC ilə aralarında bağlanmış əqdi nəinki qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində mübahisələndirmiş, əksinə əqd üzrə iki ilə yaxın kredit ödənişləri etmişdir. Digər tərəfdən, bu müqavilənin müvafiq fərmanın tələbinə uyğun olaraq bağlandığı nəzərə alındıqda müqavilənin iddiaçının aldadılması nəticəsində bağlanılması da istisna edilir. Odur ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Bu baxımdan iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri bu müqavilə üzrə ödənilməmiş borcun tutulmasına dair aparılmış icra qeydinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. İddia tələbinin iddiaçıya heç bir məlumat verilməməsi ilə icra qeydinin aparılması qaydasının pozulması hissəsində məhkəmə qeyd etmişdir ki, icra qeydini aparmazdan əvvəl borcluya məlumat verilməsi notariusun vəzifəsi deyil. Yuxarıda istinad edilmiş “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq bəndlərindən də görünür ki, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Göründüyü kimi bu zaman notariusun borcluya məlumat verməsi nəzərdə tutulmamışdır. Belə ki, notarius yalnız təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunu və borcun mübahisəsizliyini müəyyən edir. Əgər bu hallar müəyyən edilərsə, müvafiq icra qeydi aparılır. Bu baxımdan iddiaçı notarius tərəfindən ona məlumat verilməməsi əsası ilə icra qeydinin ləğvini tələb edə bilməz. Notariusdan fərqli olaraq, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsi vəzifəsi qanunla müəyyən edilmişdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən İddiaçı ünvanına (ünvan 2n aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, müvafiq bildiriş ekspres poçt vasitəsilə ünvana çatdırılsa da “imtina olundu” qeydi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı Bank tərəfindən ona heç bir bildiriş göndərilmədiyini, iş materiallarında olan bildirişin göndərildiyi ünvanda yerləşən evi isə 2018-ci ildə satdığını iddia etmişdir. Lakin iddiaçının şəxsi məlumatlarının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində iddiaçının hazırda da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev küçəsi, ev 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan əlavə, iddia ərizəsində iddiaçı öz ünvanı kimi həmin ünvanı göstərmişdir. Belə olan halda məhkəmə müvafiq bildirişin tələbkar (üçüncü şəxs) tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində borcluya (iddiaçıya) göndərildiyini hesab edir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün heç bir əsas olmadığı nəticəsinə gəlmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində “cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 8İ-1999 reyestr nömrəli “İcra qeydi”nin ləğv edilməsi və dövlət rüsumu üçün ödənilmiş cəmi 100 (yüz) manatın cavabdehdən onun xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianı təmin edilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli “Məhkəmə əmri”nə əsasən, ondan 772,69 manat əsas, 292,80 manat faiz borcu olmaqla, cəmi 1065,49 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Daha sonra həmin borc məbləği onun iş yeri olan "xxxx" ASC-yə yönəlməklə aylıq maaşından tutularaq tam şəkildə banka ödənilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də“Əlavə 1 Ödəniş Cədvəli”nə əsasən, tərəfindən yenidən 772,69 manat borcun rəsmiləşdirilməsi həyata keçirilmişdir. Qeyd olunan borcun əvvəlki borcla bağlı yenidən rəsmiləşdirmə işinin olmasını zənn etdiyindən həmin sənədi o vaxt imzalamışdır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, bank onu aldatmışdır. Həmin ödəniş tamamilə başqa bir (ayrıca) məbləğ olmaqla ona aidiyyəti olmayan bir borcdur. Hansı ki, bank bununla ondan əvvəlki vaxtda artıq ödədiyi pulu yenidən onun adına rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 35 saylı notariat ofisinin “İcra qeydinə” əsasən, tərəfindən "xxxx" ASC-yə 25 manat dövlət rüsumu olmaqla, cəmi 655,61 manat pul tutulmalıdır. Qeyd olunan “İcra qeydi” tam əsassızdır və bu “İcra qeydi” ilə ondan tutulmalı borc artıq bir dəfə ondan tutulmuşdur. Hazırda bank həmin pulu ondan 2-ci dəfə tutmaq istəyir, hansı ki, bu tam qəbul edilməzdir. Qeyd olunan borcun tutulması ilə bağlı ona nə bankdan, nə də ki, notariusdan hər hansı “Bildiriş” və ya “Xəbərdarlıq” gəlməmişdir. O “İcra qeydi” barədə məlumatı yalnız əmək haqqını az alarkən bilmiş və bu barədə ona iş yerinin baş mühasibi məlumat vermişdir. 655,61 manat borcun tərəfindən ödənilməsini müvafiq ödəniş qəbzləri də təsdiq edir. Qeyd olunan bu haqsızlıq barədə Azərbaycan Respublikasının Prezidenti X9 də müraciət etmişdir. İcra qeydinin ləğvini ona görə tələb edir ki, həmin qeyd əsasında artıq ödəniş olduğu borc ondan ikinci dəfə tutulmuşdur. Belə ki, o, "xxxx" ASC-yə olan borcunu 2018-ci ilin aprel ayında ödəyib tam şəkildə bağlamışdır. Lakin bundan 1 il 4 ay sonra – 2019-cu ilin avqust ayında bank əməkdaşları onunla əlaqə saxlayaraq borcunun qaldığını bildirmişlər. Halbuki, həmin borc maaşından tutulmaqla tam olaraq ödənilmişdir. Notariusun bu məsələləri araşdırmadan, onu məlumatlandırmadan apardığı icra qeydinə görə ondan əlavə 7% icra xərci də tutulmuş, məhkəməyə müraciət edərkən 100 manat rüsum ödəmiş və digər xərcləri çıxmışdır. O, bankın əməkdaşı ilə telefon vasitəsilə əlaqə saxlayaraq, nəyə görə ondan eyni borcun ikinci dəfə tutulduğunu soruşduqda bank əməkdaşı xanım ona demişdir ki, “ağlın olardı, müqaviləyə qol çəkməzdin”. Bundan sonra o, icra qeydini mübahisələndirməyə başlamışdır. Hesab edir ki, icra qeydi qanunsuz aparılmışdır. Odur ki, məhkəmədən icra qeydinin ləğv edilməsini, artıq ödədiyi pulların geri qaytarılmasını xahiş edir. Bütün qeyd edilənlərə baxmayaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi qanunsuz və əsassız olmaqla onun qanunla qorunan hüquq və maraqları əleyhinə xx.xx.2022-ci il tarixli qətnaməni qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Xİİ fəsil. İcra qeydlərinin aparılması.

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” siyahısı.

İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması.

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4405/2016 saylı məhkəmə əmrinə əsasən borclu İddiaçı 1569.27 manat məbləğində əsas borc, 549.09 manat məbləğində faiz borcu və 20 manat məbləğində vəsaitin tutularaq kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4761/2016 saylı digər məhkəmə əmrindən görünür ki, borclu İddiaçı 772.69 manat əsas, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli, 01-4-137 №-li məktubdan görünür ki, borclu İddiaçı aylıq əmək haqqından 2138 manat 36 qəpik kredit borcu tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüş və icrası başa çatmışdır. Bundan əlavə, 7% icra ödənişi borclu İddiaçı tutularaq Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. Beləliklə də, müəyyən olunur ki, İddiaçı və "xxxx" ASC arasında xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli iki kredit müqaviləsi bağlanılmışdır. Hər iki müqavilə üzrə borclu İddiaçı müqavilə öhdəliklərini lazımınca icra etmədiyindən kreditor "xxxx" ASC tərəfindən hər iki müqavilə üzrə ödənilməmiş əsas borcun faizi ilə birlikdə borcludan tutulmasına dair ərizələrlə məhkəməyə müraciət edilmişdir. Borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Müvafiq əmrlər icraya yönəldildikdən sonra borclu İddiaçı əmək haqqından tutulmalar hesabına bu iki kredit müqaviləsindən biri -xx.xx.2014-cü il tarixli – üzrə borc tam ödənilmişdir. Digər - xx.xx.2013-cü il tarixli - kredit müqaviləsi üzrə borc isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı və "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli restrukturiza müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən İddiaçı "xxxx" ASC qarşısında olan 772.69 manat məbləğində əsas kredit borcu güzəştli şərtlərlə (illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə) restrukturizasiya edilmiş, İddiaçı müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən borcu Banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC İddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyini iddia edərək, ödənilməmiş 630.61 manat məbləğində əsas borcun notariusun icra qeydi əsasında borcludan tutulması üçün Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2022-ci il tarixli icra qeydi aparılmış, bu qeydlə İddiaçı "xxxx" ASC-nin xeyrinə FR/88947/70 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 630 manat 61 qəpik məbləğində pul tutulması müəyyən edilmiş, bundan əlavə, təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 655 manat 61 qəpik məbləğində pul tutulsun. Hazırda İddiaçı Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən və apellyasiya şikayətinin dəlilərindən aydın olur ki, İddiaçı icra qeydi aparılmış tələbi (ödənilmiş tələbin təkrar tutulmasını) və icra qeydinin aparılması qaydasını (ona heç bir məlumat verilməməsini) mübahisələndirir. Belə ki, həmin dəlillərə əsasən hazırkı iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin əməkdaşları onu aldatmış, onunla 2019-cu il tarixdə yeni müqavilə bağlamış, sonra da həmin müqavilə üzrə borcu ondan tələb etməyə başlamışdır. İddiaçı bildirir ki, həmin vaxt səhhətində problem olduğundan (yenicə insult keçirmiş olduğundan) bankın əməkdaşları onu aldada bilmiş, müqavilənin mahiyyətini düzgün dərk edə bilməmiş, borcunu ödəyərək bağladığı əvvəlki müqavilə üzrə sənədləri imzaladığını hesab etmişdir. İddiaçı "xxxx" ASC qarşısında xx.xx.2013-cü il tarixli müqavilə üzrə olan və xx.xx.2019-cu il tarixli müqavilə ilə restrukturizasiya olunmuş 772.69 manat əsas borcu problemli kreditlərlə bağlı müvafiq fərmanın təsiri altına düşsə də həmin fərmanla bu kreditə görə hər hansı kompensasiya məbləği hesablandıqdan sonra həmin kreditin restrukturizasiya olunması təklif edilmişdir. Bank da buna uyğun olaraq, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə restrukturizasiya müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bü hissəsi üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilənlərə əsasən düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasında aylıq 5-20 manat aralığında dəyişən ödənişlər etmişdir. Yalnız xx.xx.2021-ci il tarixindən sonra ödənişləri dayandırmış, bundan sonra müvafiq icra qeydi əsasında ödənilməmiş qalan borc iddiaçının əmək haqqından tutulmuşdur. Yəni, İddiaçı Bankın onu “aldadaraq” bağladığını iddia etdiyi müqavilə üzrə iki ilə yaxın müddətdə hissə-hissə ödənişlər etmiş, yalnız sonradan ödənişləri dayandırmış, müvafiq borc əmək haqqından tutulduqdan sonra isə müqavilə bağlanarkən iradə ifadəsinin zədələndiyini (aldadıldığını) iddia etməyə başlamışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı üçüncü şəxs "xxxx" ASC ilə aralarında bağlanmış əqdi nəinki qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində mübahisələndirmiş, əksinə əqd üzrə iki ilə yaxın kredit ödənişləri etmişdir. Digər tərəfdən, bu müqavilənin müvafiq fərmanın tələbinə uyğun olaraq bağlandığı nəzərə alındıqda müqavilənin iddiaçının aldadılması nəticəsində bağlanılması da istisna edilir. Müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Bu baxımdan iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri bu müqavilə üzrə ödənilməmiş borcun tutulmasına dair aparılmış icra qeydinin ləğv edilməsi üçün əsas təşkil edə bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tələbin iddiaçıya heç bir məlumat verilməməsi ilə icra qeydinin aparılması qaydasının pozulmamasına da düzgün hüquqi qiymət verərək göstərmişdir ki, icra qeydini aparmazdan əvvəl borcluya məlumat verilməsi notariusun vəzifəsi deyil. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq bəndlərindən də görünür ki, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə electron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Başqa sözlə, kollegiya qeyd edir ki, notariusun borcluya məlumat verməsi nəzərdə tutulmamışdır. Belə ki, notarius yalnız təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunu və borcun mübahisəsizliyini müəyyən edir. Əgər bu hallar müəyyən edilərsə, müvafiq icra qeydi aparılır. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçı notarius tərəfindən ona məlumat verilməməsi əsası ilə icra qeydinin ləğvini tələb edə bilməməsinə dair nəticəsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəliləri ilə bağlı həmçinin qeyd edir ki, iddiaçı həm tələbində də şikayətində Bank tərəfindən ona heç bir bildiriş göndərilmədiyini, iş materiallarında olan bildirişin göndərildiyi ünvanda yerləşən evi isə 2018-ci ildə satdığını göstərmişdir. Lakin birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi iş materiallarında olan iddiaçının şəxsi məlumatlarının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində iddiaçının hazırda da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev küçəsi, ev 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdi. Bundan əlavə,iddia ərizəsində iddiaçı öz ünvanı kimi həmin ünvanı göstərmişdir. Hazırkı iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən İddiaçı ünvanına (ünvan 2n aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, müvafiq bildiriş ekspres poçt vasitəsilə ünvana çatdırılsa da “imtina olundu” qeydi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Bütün bu göstərilənlər müvafiq bildirişin tələbkar (üçüncü şəxs) tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində borcluya (iddiaçıya) göndərildiyini və Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün heç bir əsas olmamasını təsdiq edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş,mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(010)- 4138/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar