Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-19/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Rövşən Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına X3rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-340/2021 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ev onun mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib (cild 1, iş v. 8). 2.İddiaçı iddia edir ki, 20 ildən çoxdur ki, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə il əvvəl yaşadığı evə və həyətyanı sahəyə ona məlum olmayan yerdən kəskin qoxu daxil olmağa başlamış, evdə olan bütün əşyaların rəngi dəyişərək yararsız vəziyyətə düşmüş, qoxunun kəskinliyi özünün və ailə üzvlərinin sağlamlığına mənfi təsir etdiyindən və xəstəliyə düçar olduqlarından yaşayış sahəsini tərk edərək başqa ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Müxtəlif dövlət qurumlarına müraciət etmiş, araşdırmalar aparılmış və müəyyən olunmuşdur ki, kəskin qoxunun yaranmasına səbəb cavabdeh təşkilatın fəaliyyətidir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2020-ci ildə verilib. İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 18.238 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, habelə yaşayış sahəsinə daxil olan zəhərli maddələrin axıdılmasının qarşısının alınması cavabdehə həvalə olunsun. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Rövşən Məmmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, mənəvi zərərin əvəzi kimi 20.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddianın qalan hissəsi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağlda qeyd olunanlarla əsaslandırır. Sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması 8.İddiaçının sağlam ətraf mühitdə yaşamaq hüququ pozulub. Belə ki, iddiaçının evində (evin daxilində) etil-benzolun miqdarı 0,064 mq/m3 təşkil edib, bu isə yol verilən həddən (0,02 mq/m3 ) 3,2 dəfə artıqdır. Bununla yanaşı, cavabdeh təşkilatın ətraf ərzilərindəki havada etilbenzol 3,8 dəfə normadan yüksək olmuş, su isə zəif bozumtul rəngli, benzin qoxuludur, suda ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçmişdir. 9.Normadan artıq olduğu müəyyən edilmiş etil-benzolun insana toksik təsiri elmi ədəbiyyatda belə müəyyən olunub: Etilbenzol güclü yorğunluğa, süstlüyə (yuxuculluğa), kəskin baş ağrılarına səbəb ola bilər. Həmçinin ağız boşluğunda, burunda və qarında qəribə göynəmə hissi əmələ gəlir. Etilbenzol həmçinin əzələlərin işinə çox pis təsir edir və koordinasiyanın pozulmasına gətirib çıxarır. 4,3 mq/l qəbulu zamanı – gözlərdə yandırma və ağrı, göz yaşının güclü axması və tez dayanması baş verir. 8,5 mq/l qəbul zamanı – 5-6 dəqiqədən sonra qıcıqlanma artıq dözülməz olur. 0,01 – 0,05 mq/l qəbul zamanı – baş ağrıları, yorulma, tez qıcıqlanmaya şikayətlər olur. Sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması barədə sübutlar 10.AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin xx.xx.2020-ci il tarixli məktubuna görə, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 47 №-li fərdi yaşayış evinin sakini olan iddiaçının şikayəti əsasında həmin ünvanda monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün yol verilən qatılıq həddindən artıq olmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar akt tərtib edilərək cavabdehə icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir (cild 1, iş v. 39). 11.AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin xx.xx.2019-cu il tarixli məktubuna görə, iddiaçının şikayəti əsasında xx.xx.2019-cu ildə Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının yol verilən qatılıq hədd normasından artıq olduğu müəyyən edilmiş və tədbir görülməsi üçün Ətraf mühit Mühafizəsi Departamentinə məlumat verilmişdir (cild 1, iş v. 40). 12.Həmin Departamentin Laboratoriya Mərkəzinin arayışından görünür ki, xx.xx.2019cu ildə ünvan 1 ünvanında götürülmüş hava nümunəsində aparılan analizlərin nəticəsində müəyyən edilib ki, təyin edilən çirkləndiricilərdən etil-benzol yol verilən qatılıq həddini 3,2 dəfə keçmişdir. Yəni etil-benzolun miqdarı 0,064 mq/m3 təşkil edib, yol verilən hədd isə 0,02 mq/m3 təşkil edir (cild 1, iş v. 41). 13.AR Fövqəladə Hallar Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında ünvan 1 ünvanına baxış keçirilmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir (cild 1, iş v. 16). 14."xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış, müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab sular yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır. Güclü yağışlar zamanı cavabdeh təşkilatda formalaşan çirkab suların bir hissəsi də qeyd olunan yağış kollektoruna axıdılır (cild 1, iş v. 19). 15.Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında onun yaşadığı ünvana baxış keçirilmiş, müəyyən olunmuşdur ki, çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətləri kəskin iy-qoxununun əmələ gəlməsinə səbəb olub (cild 1, iş v. 20). 16.AR Səhiyyə Nazirliyi Respublika Gigiyeva və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin müəyyən etdiyi nəticələrə istinad olunmuş, yəni iddiaçının evində etil-benzolun miqdarının 0,064 mq/m3 təşkil etdiyi, bunun isə yol verilən həddən (0,02 mq/m3 ) 3,2 dəfə artıq olduğu qeyd edilmişdir (cild 1, iş v. 21). 17.AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna görə, cavabdeh təşkilatın ətraf ərzilərində monitorinq keçirilmiş, analiz nəticəsinə əsasən hava nümunəsində təyin olunan komponentlərdən yalnız etil-benzol 3,8 dəfə normadan yüksək olmuş, digər təyin edilən göstəricilər isə sanitar norma daxilində müəyyən edilmişdir. Su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçmiş, digər təyin olunan göstəricilər isə sanitar norma daxilində olmuşdur (cild 1, iş v. 83). Sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan şəxs 18.İddiaçının sağlam ətraf mühitdə yaşamaq hüququnu cavabdeh pozub. 19.Belə ki, yuxarıda sadalanan sübutlar həmin pozuntuya cavabdeh tərəfindən yol verildiyini təsdiq edir. Cavabdehin fəaliyyətinin neft emalından ibarət olması da bunu təsdiq edir. Həmin ərazidə ətraf mühitə belə təhlükə yaradan başqa müəssisənin olduğunu təsdiq edən sübut yoxdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna görə, neft emalı müəssisələri ekoloji təhlükəsizlik dərəcəsinə əsasən yüksək təhlükəliliyi ilə fərqlənən birinci kateqoriyaya aid edilir (cild 1, iş v. 103). 20.Həmin sübutların həqiqi olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsinə zərurət yoxdur. Birinci, sübutları hazırkı məhkəmə mübahisəsində marağı olmayan səlahiyyətli dövlət orqanları verib. İkinci, ekspert rəyi verilərkən ekspertiza tədqiqatanın aparıldığı zaman mövcud olan göstəricilər əsas götürülür, ətraf mühitə zərərli təsirin göstərciləri isə zamanla dəyişə bilir. Odur ki, hətta ekspertiza keçirilsə belə, keçmiş zamana aid olan göstəricilərin həqiqi olub-olmadığının yoxlanılması mümkün olmayacaq. Tətbiq edilən qanunvericilik 21.AR Konstitusiyasının 39-cu maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır, hər kəsin ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır, heç kəsin ətraf mühitə qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Bundan başqa, “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun 6-cı maddəsinin 1-ci hissəsindən görünür ki, hər bir şəxsin sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq, habelə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq hüququ vardır. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənəvi zərər barədə 22.Mənəvi zərərin əvəzi kimi 20.000 manat tutulmalıdır. Belə ki, sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirməklə zərər çəkmişdir. Məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin 20.000 manat müəyyən edilməsi ağlabatandır. 23.Məhkəmə mənəvi zərəri 20.000 manat müəyyən edərkən iddia ərizəsində iddiaçının istinad etdiyi halları nəzərə alır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edib ki, cavabdeh təkilatdan ətraf mühitə buraxılan zəhərli maddələrin insan orqanizminə mənfi təsiri nəticəsində nəvəsi uzun müddət xəstəlik keçirmiş, beyninə çirk yığılması nəticəsində cərrahi əməliyyat keçirmiş, sonra yenidən xəstələnərək vəfat etmişdir. İkinci nəvəsi ana bətnində olan zaman inkişafdan qalma nəticəsində xx.xx.2015-ci ildə tələf olmuşdur. Üçüncü nəvəsi ana bətnində 2 ay yarımında inkişafdan qalaraq tələf olmuşdur. 24.Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi həmin hal ilə cavabdehin fəaliyyəti arasında səbəb əlaqəsinin olduğunu təsdiq edən ekspert rəyi olmasa da, iddiaçının evinin daxilində etil-benzolun miqdarının 0,064 mq/m3 təşkil etməsi, yəni yol verilən həddən (0,02 mq/m3 ) 3,2 dəfə artıq olması barədə sübut var. Evin daxilində (yaşayış sahəsində) yol verilən həddən artıq olan etil-benzolun evdə yaşayan hamilə qadın və körpə uşaqların sağlamlığına mənfi təsir göstərmədiyi iddia oluna bilməz. Bununla yanaşı, ətraf ərazilərdəki havada etilbenzolun normadan 3,8 dəfə yüksək olması, suda ammonium ionunun 34,8 dəfə, ionların cəminin 1,3 dəfə yol verilən qatılıq həddini keçməsi də qeyd olunmalıdır. Belə ki, yol verilən həddə dair normativlər müəyyən edilərkən bir sıra meyarlardan istifadə olunur, lakin ilk növbədə insan sağlamlığı əsas götürülür. Odur ki, zərərli fəaliyyətin göstəricisinin yol verilən həddi keçməsi onu təsdiq edir ki, həmin fəaliyyət insan sağlamlığına mənfi təsir göstərir. 25.Bundan başqa, məhkəmə mənəvi zərəri 20.000 manat müəyyən edərkən iddiaçının 73 yaşı və yaşına uyğun sağlamlıq problemləri olduğunu nəzərə alır. Evin daxilində normadan 3,2 dəfə artıq olan etil-benzol, ətraf ərazilərdəki havada normadan 3,8 dəfə yüksək olan etil-benzol, o cümlədən suda ammonium ionunun 34,8 dəfə, ionların cəminin 1,3 dəfə yol verilən qatılıq həddini keçməsi yaşlı və sağlamlıq problemləri olan şəxslərə daha çox zərər vurur. 26.Bununla yanaşı, məhkəmə mənəvi zərəri 20.000 manat müəyyən edərkən hazırkı mülki iş üzrə icraatın 5 ilə yaxın davam etdiyini nəzərə alır. Belə ki, iddia ərizəsi xx.xx.2020-ci ildə verilib, ötən müddətdə iddiaçı məhkəmə icraatında iştirak edib, cavabdehin ətraf mühitə zərər vuran fəaliyyəti barədə çoxsaylı sübutlar toplayaraq məhkəməyə təqdim edib. 27.Bundan əlavə, məhkəmə mənəvi zərəri 20.000 manat müəyyən edərkən neft emalı ilə məşğul olan cavabdehin maliyyə imkanlarını nəzərə alır. Mənəvi zərərin məbləği elə müəyyən olunmalıdır ki, cavabdeh mülki-hüquqi məsuliyyət tədbirinin nəticəsini real olaraq hiss etsin və gələcəkdə bir daha məsuliyyətə cəlb olunmamaq üçün belə pozuntulara yol verməsin. 28.Bundan başqa, məhkəmə mənəvi zərəri 20.000 manat müəyyən edərkən pozuntunun törədildiyi yeri və pozuntunun xarakterini nəzərə alır. Belə ki, pozuntu ölkənin paytaxtında və milyonlarla insanın yaşadığı şəhərdə ətraf mühitin mühafizəsi barədə qanunvericliyin pozulmasından ibarətdir. Cavabdehin inzibati məsiliyyətə cəlb edilməməsi onun mülki məsliyyətdən azad edilməsinə əsas ola bilməz, çünki hazırkı işdə cavabdehin ətraf mühitə zərər vurduğunu təsdiq edən sübutlar var. Təmiz ətraf mühit ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə X1 Konfransının (COP29) 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilməsi də bunu təsdiq edir. Bu səbəbdən ətraf mühtiin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə AR qanunvericiliyndə sərt sanksiyalar müəyyən olunub. Məsələn, AR İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, hüquqi şəxslər 10.500 manatdan 12.500 manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə görə, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir. Maddi zərər barədə 29.İddiaçının evindəki əşyaların yararsız vəziyyətə düşməsi və digər bu kimi hallarla cavabdehin fəaliyyəti arasında səbəb əlaqəsinin olduğunu təsdiq edən mötəbər sübutlar olmadığına görə, maddi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Zərərli maddələrin axıdılmasının qarşısının alınması barədə 30.Zərərli maddələrin axıdılmasının qarşısının alınmasının cavabdehə həvalə olunması barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, ətraf mühitə atılan və ya axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması qanunvericlikdə qadağan olunub və müvafiq dövlət orqanlarının üzərinə buna nəzarət etmək vəzifəsi qoyulub. Mənəvi zərər kmi 20.000 manat tutulması həm də ona görə qət olunur ki, ətraf mühitə atılan və ya axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasının qarşısı alınsın. Əks təqdirdə, gələcəkdə yol verilən belə pozuntulara görə cavabdeh müvafiq iddia üzrə bir daha mülki-hüquqi məsuliyyətə cəlb oluna bilər. 31.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-340/2021 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat Heydər Əliyev adına neft Emalı Zavodundan alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci kimi 250 (iki yüz əlli) manat Heydər Əliyev adına neft Emalı Zavodundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-19/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-19/2025
02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver