Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1905/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı iştirakı ilə Nizami Rayon Məhkəməsinin e-2(007)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı Firuddin oğluna ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinə əsasən 9144 manat məbləğində pulun 01 iyul 2022-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək 1 ili üçün 457,2 manat faiz borcunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir.)
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin qazisidir. Könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Müharibədə hərbi partlayış travması alıb. Cavabdeh 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydi verilib. Həmin icra qeydi hazırda Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin Cavabdeh 6 il idi ki, borcunu ödəmirdi. İddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3610/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsi qət edilib. Qətnamə üzrə verilmiş icra vərəqəsi də 1 il ərzində Cavabdeh tərəfindən icra edilmədiyindən, tərəfindən yenidən Abşeron Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 1 il ərzində icra edilmədiyini nəzərə alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3887/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat pul vəsaiti alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə verilmiş icra vərəqəsi də artıq 1 ildir ki, Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınır, icranın çağırışlarına məhəl qoymur, əksinə məhkəmə aktlarından əsassız şikayətlər verməklə vaxt uzatmağa çalışır. Artıq icra şöbəsi tərəfindən cavabdeh barəsində axtarış elan olunmuşdur. Qeyd etdiyi kimi, artıq 1 ildir ki, Cavabdeh borcunu ödəməkdən yayınır və bu hal onun yenidən məhkəməyə müraciət edərək, 1 il üçün bank uçot dərəcəsəinə uyğun 5 faizi tələb etmək hüququnu yaratmışdır.
3. Nizami Rayon Məhkəməsinin e-2(007)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 7E-2640 nömrəli icra sənədinə əsasən, ödənilməmiş 8944 manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulması, eləcə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.
4. İddiaçı qətnaməni mübahisləndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, onun məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hər hansı qanuni tələblərinin yerinə yetirilməməsinə dair, həmçinin onun iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla faydalanması halını təsdiq edən sübutlar mülki işdə olmamışdır, belə olan halda məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir, buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək iddiaçıya qarşı qaldırdığı başqa məhkəmə porosesində iştirakı ilə bağlı hazırki iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçı cavabdehin bu vəsatətinin əsassız olduğunu, işə baxılmasını yubatmaq məqsədi ilə verdiyini, bu səbəbdən də təmin edilməməsini xahiş etmişdir.
9. Belə olan halda, yəni cavabdeh tərəfindən vəsatətində qeyd etdiklərinə dair hər hansı sübut təqdim edilmədiyindən vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
10. Mülki işdə olan Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 3-M-1-17 reyestr nömrəli, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 9144 manat pulu borc verməyi, borc alan isə həmin krediti hər ay 381 manat olmaqla, xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
11. Mülki işdə olan Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 nömrəli icra qeydinin surətindən görünür ki, Cavabdeh 9144 manat pul və 10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır.
12. Abşeron Rayon Məhkəməsinin 2(012)-3610/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457.2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 2(012)-3887/2022 saylı nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manatın alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
14. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 88 saylı formadan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, üzvi mənşəli şəxsiyyət pozğunluğu, postkontuzion sindrom qoyulmuş, üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, kəkələmə (hıqqana-hıqqana danışmaq), göz qapağı və gözyuvasıyanı nahiyyənin digər səthi travmaları, OU-travmadan sonrakı vəziyyət, sadə miopik astiqmatizm, sağ əlin qayığabənzər sümüyünün odlu silah yaralanmasından sonrakı sınığının qalıq əlamətləri, onurğanın osteoxondrozu, onurğanın boyun və bel-oma nahiyyəsinin osteoxondrozu, L4-L5 fəqərəarası məsafənin daralması diaqnozu qoyulmuş və yüngül işlərdə işləyə bilər.
15. "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə məxsus “məhkəmə icraçılarının depozit hesabına” xx.xx.2023-cü il tarixdə 444 manat, xx.xx.2023- cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
17. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıvə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
27. Maddə 21.1-ci Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2-ci Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
34. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
35. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Mülki işin araşdırılması ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli icra qeydi üzrə ödənilməli olan 9144 manat borc məbləğini tam şəkildə ödəmədiyindən, başqa sözlə, borc məbləğinin ödənilməsini gecikdirdiyindən, cavabdeh ödənilməmiş pul vəsaitindən faydalandığı üçün iddiaçı həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur.
44. Mülki işdən görünür ki, cavabdeh tərəf iddiaya etiraz olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixlərində icra sənədinin icra şöbəsinin icraatında olmamış, iddiaçı icra qeydi üzrə tutulmalı olan məbləği tələb etməmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya həqiqətən də borcu olmuş, lakin borcunu tam şəkildə ödəməmişdir, tərəflər arasında həm icra qeydi əsasında, həm də borcla bağlı qətnamələr əsasında verilmiş icra sənədlərinə müvafiq olaraq icra işi açılmış, icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Abşeron rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələbi təmin etmək mümkün olmadığından icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bundan sonra Abşeron rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və icra işi xx.xx.2023-cü il tarixdə ərazi adiyyəti üzrə icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi Nizami rayon icra şöbəsinin icraatındadır.
45. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mülahizələrdən ibarət olmaqla əsassızdır, birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh 9144 manat pul borcundan müəyyən ödənişlər etməsinə baxmayaraq, iddiaçı hazırda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün cavabdehin ona olan borcunun 5 faizini tələb etdiyindən, qeyd edilən dövr ərzində cavabdehin cəmi 200 manat ödəniş etdiyi nəzərə alınaraq, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən (9144-200=8944) 8944 manat pul vəsaitinə görə illik 5 faiz bank uçot dərəcəsinə uyğun olaraq (8944 x 5 faiz/100=447,2) 447,2 manat faiz məbləğinin cavabdehdən tutulmasını müəyyən etmiş və iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Nəticə:
46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. «MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin e-2(007)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov