Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1907/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X5 və X4 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər QSC «Bank Standard» KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətlərin və onlara hesablanmış faizlərin kompensasiya olunmamış hissəsinin qorunan əmanət qismində tanınması və kompensasiya olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh QSC «Bank Standard» KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125,082.49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona kompensasiya olunması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı xx.xx.2014-cü il tarixli depozit müqaviləsi üzrə 50.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli depozit müqaviləsi üzrə 50.000 ABŞ dolları olmaqla, ümumilikdə 100.000 ABŞ dolları məbləğində vəsaiti QSC «Bank Standard» KB-də əmanət olaraq yerləşdirmişdir. Əmanətlər yerləşdirilən vaxt əmanətlər “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 30.000 manat ekvivalentində olan həddədək sığortalanmışlar. xx.xx.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması barədə iddiaçıya bank tərəfindən məlumat verilməmiş, həmçinin bu Qanunun 4.1-ci maddəsinin verdiyi şərtlərdən yararlanaraq, bankda yerləşdirilmiş əmanətləri tam olaraq sığortalamaq hüququ və bundan faydalanmaq imkanı barədə bank tərəfindən heç bir məlumat verilməmiş və nəticə olaraq iddiaçının qorunan əmanətçi olaraq əmanətinin tam sığortalanması hüququ məhdudlaşdırılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən bankın lisenziyası xx xxxxxxx 2016-cı ildən etibarən ləğv edilmiş, xx xxxxxxx 2016-cı il tarixində isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Onun əlaqə ünvanı və e-mail ünvanının banka məlum olmasına baxmayaraq, heç bir əlaqə vasitəsindən istifadə edilərək məlumat verilmədiyindən və bu müddət ərzində Azərbaycan Respublikası ərazisində olmadığından sözügedən hadisələrdən xəbərsiz olmuşdur. Beləliklə, onun qorunan əmanətçi və kreditor olaraq hüquqları süni olaraq məhdudlaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına gəldikdən sonra onun müraciəti əsasında xx.xx.2017-ci il tarixdə əmanətlərin birinin qorunan hissəsi üzrə 18.590 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətlərin və ona hesablanan faizlərin kompensasiya olunmayan hissəsi isə 125.082,49 ABŞ dolları təşkil edir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilmsənin xahiş emişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikasın Ali Məhkəməsinin MK-nın xx.xx.2019cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır. İddiaçı xarici vətəndaşdır. Azərbaycan Respublikası ərazisində yaşamaması səbəbindən “Əmanətlərin tam sığortalanması haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan və Əmanətlərin Sığortalanması Fondunun xx xxxx 2016-cı il tarixli qərarından xəbəri olmamışdır. Bundan sonra bank ləğv edilmiş və ləğvedici fəaliyyətə başlamışdır. Cavabdeh qeyd edilənlərlə bağlı onu əlaqə və “e-mail” ünvanları vasitəsilə məlumatlandırmamışdır. Müqavilələrin 8.2-cibəndinə uyğun olaraq qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydaları ilə bağlı məlumatların ingilis dilində olan mətni www.adif.azinternet saytında yerləşdirilməli idi. İddiaçı Azərbaycan dilini bilmədiyindən, habelə bank və Fond tərəfindən məlumatlandırılmadığından ölkə vətəndaşlarının malik olduqları hüquqlardan istifadə edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, təmsil etdiyi şəxs xarici vətəndaşdır. Dəyişikliklər barədə ona müvafiq məlumat verilməmişdir. Rəsmi qaydada ingilis dilində məlumat bankın və ya ləğvedicinin saytında yerləşdirilməmişdir. Halbuki, həm ingilis, həm də azərbaycan dilində tərtib olunub. Bundan başqa, iddiaçının əlaqə rekvizitləri, e-mail ünvanı və s. qarşı tərəfə məlum idi. 125.000 ABŞ dolları depozitdə pul olmuş, həmin məbləğdən 30.000 manat sığortalanmışdır. Əmanət və bank ləğv olunan vaxta qədər hesablanan faiz hissəsi qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, fondun heç bir məsuliyyəti yoxdur. İddiaçı banka əmanəti qoyduğu zaman əmanətinin 30 000 manat məbləğinin sığortalandığını bilirdi və bu riski öz üzərinə götürmüşdü. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx xxxxxxx 2014-cü il tarixli depozit müqaviləsinə əsasən, İddiaçı 50.000 ABŞ dolları məbləğində pul vəsaitini illik 13 faiz dərəcəsi ilə 36 ay müddətinə QSC «Bank Standard» KB-də əmanət qoymuşdur. xx xxxxxxx 2014-cü il tarixli depozit müqaviləsinə əsasən isə iddiaçı yenidən 50.000 ABŞ dollarını 10,50 faiz dərəcəsi ilə 36 ay müddətinə depozitə qoymuşdur. Eyni zamanda, müqavilələrdə əmanətlərin qismən sığortalanması, yəni sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faiz həcmində, lakin 30 000 manatdan çox olmamaq şərti ilə əmanətçiyə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Sonradan QSC “Bank Standart” KB-nin ləğv prosesinə başlanılmasına görə, ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya qismən kompensasiya vermiş, əmanətin qalan hissəsi iflas proseduruna uyğun ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. xx.xx.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx xxxx 2016-cı il tarixli qərarı əsasında həmin tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər hesab edilmişdir. İddiaçı hazırkı tələbində xx.xx.2019-cu il və xx.xx.2014-cü il tarixli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona kompensasiya olunmasını tələb etmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü və 4.1-ci maddələrinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. İddiaçı yuxarıda qeyd olunan qanunun tələblərinə uyğun olaraq, onunla bağlanmış bank əmanəti müqaviləsinin şərtlərinin dəyişdirilməsini, onun əmantinin tam qorunan əmanət hesab olunmasını xahiş etmişdir. İddiaçı müflis elan olunmuş banka qarşı tələbini iflas proseduru çərçivəsində irəli sürmədiyi üçün cavabdeh müqavilənin dəyişdirilməsindən imtina etmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindiyi günədək İddiaçı qoyduğu əmanət tam sığortalanmayan əmanət olduğunu bilirdi və uzun müddət müqavilələrin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişdir. Həmin müqavilələrdən görünür ki, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faiz həcmində, lakin 30 000 manatdan çox olmamaq şərti ilə əmanətçiyə kompensasiya ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilələr bağlandıqdan sonra iddiaçının müqavilələrin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət etmək imkanı olmuş, lakin müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Aşağıda qeyd olunan maddi hüquq normlarının tələblərindən görünür ki, müqavilənin dəyişdirilməsi təşəbbüsünü həmin dəyişiklikləri arzu edən tərəf göstərməlidir. Qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı bankın tərəfə hər hansı bir təklif etmək öhdəliyi yoxdur. Çünki əmanətçi özü depozit qoyanda həmin məbləğin bir hissəsinin qorunan məbləğ olduğunu bilirdi və müqaviləni bu şərtlə bağlamışdı. Sonradan ölkədə əmanətin tam sığorta olunması ilə bağlı Qanun qəbul edilirsə, qorunmayan depozitin həmin qanuna uyğunlaşdırılmasına təşəbbüsü depozit qoyan göstərməlidir. Azərbaycan Respublikasının Qanunları rəsmi dövri mətbu nəşrdə dərc edilir. Dövlətin həmin qanunları hansısa dillərə tərcümə etmək, xarici vətəndaşlara onun məzmununu izah etmək öhdəliyi yoxdur. Qanuni əsaslarla Azərbaycanda olan xarici vətəndaşlar özləri bu ölkənin qanunlarını öyrənməyə və ondan bəhrələnməyə çalışmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2. maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Depozit müqaviləsinin faiz şərti həmin müqavilənin əsas şərtlərindəndir. Həmin şərtin dəyəşdirilməsi müqavilə ilə eyni formada həyata keçirilməli, müqavilənin bağlanması üçün zəruri olan bütün hərəkətlər (sərbəst iradə ifadəsi, təklif, aksept və.s) yerinə yetirilməlidir. Ona görə sığortalı olmayan əmanətin tam sığortalanması üçün bankın çıxış netməməsi onun məsuliyyətinə səbəb olmur. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.6-ci maddəsinə görə, X6 fondun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatın elan verildiyi və dərc olunduğu kütləvi informasiya vasitələrini müəyyən edir. Tərəflərin bağladıqları müqavilələrin 8.2-ci bəndinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatlar “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetləri, AzTV və İTV teleradio şirkətləri, Azərtac və APA informasiya agentliklərində verildikdə rəsmi hesab olunur. Azərbaycan Respublikasında “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şürasının 01 mart2016-cı il tarixli qərarının qeyd olunan kütləvi informasiya vasitələrində açıqlanması və qüvvəyə minməsi mübahisəsiz haldır. Ona görə də həmin qaydalar digər şəxslər kimi iddiaçıya da şamil olunur. İddiaçı ilə bağlanmış müqavilələrin 8.2-ci bəndindəki müvafiq məlumatların www.adif.azinternet saytından əldə edilə bilməsinə dair müddəa, əmanətçinin sözügedən məsələlər barədə məlumatlanmaq imkanını təmin edən vasitələrdən biri kimi nəzərdə tutulmuşdur. Odur ki, qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydaları ilə bağlı məlumatların ingilis dilində olan mətinin cavabdeh tərəfindən www.adif.azinternet saytında yerləşdirilməməsi, kütləvi informasiya vasitələrində dərc olunmuş normativ dəyişikliyin İddiaçı şamil edilməməsinə və ona üstünlük verilməklə əmanətlərinin tam sığortalanmış sayılmasına əsas ola bilməz. İddiaçı, ləğv prosesində olan banka depozit yerləşdirməmişdən əvvəl bu barədə məlumat toplaması, bankın seçilməsi, bankın hansı şərtləri irəl sürməsi ilə tanış olması istisnasızdır. Bu zaman o, hansı üsullardan istifadə edərək məlumatları əldə etmişdirsə (nümayəndəsi, vəkili, dostu, tərcüməçisi və.s.), eyni qayda da depozitin yerləşdirilməsi ilə bağlı yeniliklərlə bağlı həmin məlumatları əldə edə bilərdi. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-1907/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1907/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver