Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1907/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi və mənəvi ziyan” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı 5000 manat maddi, 2000 manat mənəvi ziyan və 90 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7090 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4000 manat maddi ziyan, 500 manat mənəvi ziyan olmaqla, cəmi 4500 manat məbləğində pul vəsaiti və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3,1108.1, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddia tələbinin dəymiş maddi ziyanın həcminə münasibətdə isə iddiaçı hazırkı iddia tələbində 5000 manat maddi ziyan ödənilməsini tələb etsə də, iş materialları ilə bu hal sübuta yetirilmir. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli hökmündə həmin məbləğin 4000 manat olması və məhz həmin ziyana münasibətdə zərərçəkmiş şəxsin (hazırkı iddiaçının) mülki iddiaçı qismində tanınması müəyyən olunur, buna görə də həmin hissədə iddia qismən təmin edilməlidir. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün surətinə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)- 315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh qəti cəza - 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsinə əsasən, zərərçəkmiş şəxs – mülki İddiaçı ibtidai istintaq dövründə mülki iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 2018-ci ildə evinin yaxınlığındakı lombarda müraciət edib pul götürmüşdür. Sovet dövrünün 583 8 üzüyü və çar dövrünün 750 təmiz qızılı var idi. Cinayət nəticəsində ona vurulmuş 4000 manat maddi ziyana münasibətdə mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və mülki iddiaçı qismində tanınmışdır; - Ödəniş qəbzlərinə əsasən, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2478/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi təmin olunmayan hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə AR Mülki Prosessual Məcəlləsinin 21, 1096 və 1097; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya” nın 41-ci maddəsinə istinadən qeyd edilmişdir ki, onun lombarda girov qoyduğu qızıl-zinət əşyalarının dəyəri mövcud vəziyyətdə 5000 manatdan artıq təşkil edir. Ona görə də hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. İkincisi, cavabdehin qanunsuz hərəkətləri iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Belə ki, hadisədən sonra o, uzun müddət çox əsəbləşmiş, zob yaranmış, onkologiyaya düşmüşdür. Bununla da ona mənəvi zərər dəymişdir. Cavabdehlərin günahı ucbatından ona mənəvi ziyan dəymiş və dəymiş ziyan 2000 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, həmin qızılların kifayət qədər keyfiyyətli , köhnə qızıllar olduğunu, onların dəyərinin 4000 manatdan yuxarı olduğunu, həmçinin o dövrdən bu günə qədər qızıl qiymətində də kifayət qədər artım olduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halların nəzərə alınmadığını, qızılların qiymətinin 5000 manat kimi qeyd olunmasına səbəb kimi bir neçə qızıl dükanı ilə maraqlandığını və yekun qənaətə gələrək həmin qiymətin təqribi olaraq yazıldığını, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2018-ci ildən etibarən kifayət qədər mənəvi sarsıntı və istirab keçirdiyini, onda zob xəstəliyinin yarandığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5, 41; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63, 181.2.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş girov biletlərindən təhvil verilmiş, cəmi 31.2 qram çəkidə qızıl əşyalarının dəyəri qeyd edilmiş, iddiaçı isə başqa sübutlar məhkəməyə təqdim etməmişdir. Mənəvi zərər hissədə isə sağlamlığa və mənəviyata mənfi psixoloji təsir, mənəvi iztirab ehtimalının dəyərləndirilməsi baxımından hamıya bəlli olan hal kimi qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Cavabdeh tərəf şikayət vermədiyindən, habelə mənəvi zərərin daha çox məbləğdə olmasına dair təkzibedilməz sübutlar təqdim edilmədiyindən bu hissədə də apellyasiya şikayəti əsassızdır.
9. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.2. Çıxarılmışdır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.1097.4. Çıxarılmışdır. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
10. Mülki Məcəllənin 302-ci maddəsinə əsasən, əşyaların lombardda girov qoyulması: şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.Saxlanca qoyulan əşyalar lombarda verilir.Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir.Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
12. Apellyasiya şikayətinin əsassız olduğunu nəzərə alaraq, kollegiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxsə aid edilməsini əsaslı hesab edir. Eyni zamanda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.