Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-191/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə X3 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Lena Qamayakovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin mülkiyyətçisi olduğunu, 2019-cu ilin avqustsentyabr aylarında üst mərtəbədə yaşayan qonşusu olan cavabdehə məxsus olan 9 saylı mənzildən onun mənzilinə su axıdıldığını, bunun nəticəsində mənzilinin divarlarının və mətbəx mebelinin yararsız vəziyyətə düşdüyünü, bu hadisənin bir neçə dəfə təkrarlandığını, iradlarını qonşusuna bildirsə də heç bir əhəmiyyətinin olmadığını, bununla bağlı 49 saylı MKİS-nin əməkdaşları tərəfindən 09 oktyabr 2019-cu il tarixdə akt tərtib olunduğunu, mənzilinə 4000 manat maddi ziyan dəydiyini irəli sürmüş, cavabdehdən 4000 manat maddi, 1000 manat mənəvi ziyanın əvəzinin, həmçinin dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1063 manat maddi ziyanın əvəzinin və 10 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmaması, əsassız ekspert rəyinə istinad etdiyi, iddiaçının mənzilinin binanın 2-ci mərtəbəsində, onun mənzilinin isə 4-cü mərtəbədə yerləşdiyini nəzərə almadığı, iddiaçının mənzilinə onun mənzilindən deyil, ondan aşağıdakı qonşunun mənzilindən su axıdılmış ola biləcəyi ehtimalını araşdırmadığı və bununla bağlı ekspertiza təyin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir (iddiaçının nümayəndəsi məhkəməyə gəlsə də, etibarnaməsinin müddəti bitdiyindən prosesə buraxılmamışdır). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək onun qüvvəsində saxlanılmasını istəmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən və məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmasına dair hissədə ləğv edilməli, iddia həmin hissədə də təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən ünvan 2 ünvanındakı evin ikinci mərtəbəsində yerləşən 3 saylı mənzil iddiaçıya, onun dördüncü mərtəbəsində yerləşən 9 saylı mənzil (mənzilin 1/6 hissəsi) isə cavabdehə məxsusdur; iddiaçı məhz cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 05 may 2020-ci il tarixli 32001 saylı rəyində ünvan 2 ünvanında yerləşən evin 3 saylı mənzilinə suyun 9 saylı mənzildən sızması nəticəsində zərər dəyməsi, suyun sızmasının 9 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1063,0 manat təşkil etdiyi göstərilmiş, bununla belə ekspert, 9 saylı mənzilə ümumiyyətlə baxış keçirməyərək və tərəflərin mənzillərinin arasında üçüncü mərtəbənin olduğunu nəzərə almayaraq, suyun bu mərtəbədəki 6 saylı mənzildən də axa biləcəyi ehtimalını araşdırmamışdır. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəyini, habelə Nəsimi rayon MKTB-nin 49 saylı MKİS tərəfindən verilmiş 09.10.2019-cu il tarixli aktı əsas götürərək və Mülki Məcəllənin 1096-cı, 1097-ci və 1115-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını nəzərə alaraq və iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi əldə etdiyi ekspert rəyinə istinadən iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən suyun axması və bunun nəticəsində iddiaçıya ziyan dəydiyi nəticəsinə gəlsə də, cavabdehin iddiaya olan əsas etirazına, yəni iddiaçının mənzilinə onun mənzilindən deyil, iddiaçının mənzilinin üstündə yerləşən digər mənzildən, yaxud binanın şaxtasından su axdığı arqumentinə həmin rəydə aydınlıq gətirilmədiyini nəzərə almamış, apellyasiya baxışı zamanı təyin olunmuş əlavə ekspertizanın rəyi ilə isə cavabdehin sözügedən dəlili öz təsdiqini tapmışdır. Belə ki, əlavə ekspertiza tədqiqatını həyata keçirən eksert hər üç mənzilə - iddiaçıya məxsus 3 saylı, iddiaçının mənzilinin üstündəki 6 saylı və cavabdehə məxsus 9 saylı mənzillərə - baxış keçirmiş, 6 saylı mənzildə (cavabdehə məxsus 9 saylı mənzilin bilavasitə altında yerləşən mənzildə) su sızma əlamətlərinin müşahidə olunmadığını, mənzillərin mətbəxində olan şaxtanın daxilindən keçən su borusunun sonradan təmir edildiyini, 3 saylı mənzilə məhz cavabdehə məxsus 9 saylı mənzildən su axıdılmış olduğunu müəyyən etməyin mümkün olmadığını vurğulamışdır. Qeyd olunanları, xüsusilə iddiaçıya məxsus 9 saylı mənzilin alt mərtəbəsində yerləşən 6 saylı mənzildə su sızma əlamətlərinin müəyyən edilmədiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə məhz cavabdehə məxsus mənzildən su axıdılması faktı sübuta yetirilmədiyindən, iddiaçının əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması, müvafiq olaraq da iddiaçının mənzilinə dəymiş zərərə görə ondan pul tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçının sübut kimi istinad etdiyi 49 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) 09.10.2019-cu il tarixli aktında iddiaçının mənzilinə su axdığı və mənzilə ziyan dəydiyi göstərilsə də, həmin aktın məzmunundan, adı çəkilən qurumun əməkdaşlarının yalnız iddiaçının mənzilinə baxış keçirdikləri və suyun hansı mənzildən (yaxud binanın ümumi istifadədə olan şaxtasından) axıdılmış olduğunu aydınlaşdırmadıqları aydın olur; bu baxımdan, sözügedən akt iddiaçının cavabdehə qarşı yönələn iddia tələbinin təmininə (təsdiqinə) xidmət edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verərək qeyd edir ki, iddia tələbləri əsassız hesab olunduğuna görə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat iddiaçıdan tutulmalı, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-846/2020 saylı iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 1063 manat maddi ziyanın əvəzinin və 10 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə də təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Fuad Babayev Xumar Mərdanaova
Məhkəmə qərarları › İş №2(103)-191/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-191/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver