Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1912/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı Nürəddin qızının və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Nürəddin qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «ilkin ödəniş məbləğinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)-815/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nürəddin qızı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «ilkin ödəniş məbləğinin qaytarılması» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, ilkin ödəniş şəklində ödədiyi 8500 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 avqust 2019-cu il tarixdə «Chery Motors» (Cavabdeh1) MMC-dən 2019-cu il buraxılışlı ban nömrəsi LVVDB21B2LE002448 Chery Tiggo 2A13T markalı avtomaşını almış və qeyd edilən əmlaka dair Cavabdeh2 MMC ilə 17.08.2019-cu iil tarixdə lizinq müqaviləsi bağlamışdır. İlkin olaraq 8500 manat avans ödəmiş, bundan sonra 6 ay ödəniş etdikdən sonra 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar 3 ay ödəniş edə bilməmişdir. Bu ilin iyul ayından razılığa əsasən ödənişlərini davam etmiş, bir neçə ay ödəniş etdikdən sonra, yəni həmin ilin avqust ayında maşının bəzi hissələrində (krılo, kaport, matorxana və ön hissədə) çürümə baş verməsini görmüşdür. Bu barədə cavabdeh təşkilata məlumat verdikdə cavabdeh bildirmişdir ki, fakt barədə heç kimə məlumat və şikayət etmə, qeyd edilən maşını düzəldib başqa şəxsə satıb onun pulunu qaytaracaqlar. O da vəziyyəti nəzərə alaraq avtomaşının açarını onlara təhvil vermiş, aralarında iltizam imzalanmışdır. Bundan sonra lizinq şirkəti mülkiyyətçisi olduğu «Chery Motors» (Cavabdeh1) MMC-dən avtomaşını onun icazəsi olmadan götürmüş, MMC-nin nümayəndələrindən bu barədə soruşanda məsələni həll edəcəklərini bildirmişlər. O da ilk öncə heç nə deməsə də, bir müddət sonra cavabdeh təşkilatın onu aldatdığını gördükdə öz etirazlarını bildirmişdir. Bütün etirazlara baxmayaraq, bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdeh təşkilat ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)- 815/2021 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, lizinq ödənişlərini qismən də olsa həyata keçirsə də, bu barədə məhkəmə hər hansı sübut təqdim edə bilmirlər. Həmçinin, lizinq ödənişləri cədvəlində avans kimi 6050 manat qeyd edilsə də, həqiqətdə 8500 manat ilkin ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 17.08.2019-cu il tarixli X1 bağlanması, həmin müqaviləyə əsasən «Chery Tiggo2 A13T» markalı, 2019-cu buraxılış ili olan ağ rəngli avtomobilin 24800 manata (27%-lə 48 ay müddətinə hər ay 643 manat ödənilmək şərti ilə) lizinqə verilməsi, 17.08.2019-cu il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan avtomobilin iddiaçıya verilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, iddiaçı tərəfindən imzalanmış 17.08.2019 tarixli iltizamda həmçinin qeyd olunmuşdur ki, «Mən verirəm bu iltizamı ona görə ki, Cavabdeh2 MMC ilə mənim aramda olan 24/19 saylı X2nə əsasən lizinqə götürdüyüm lizinq obyekti lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir». Bununla yanaşı, iddiaçı ilə Cavabdeh2 MMC arasında tərtib olunmuş təhvil-təslim aktından görünür ki, iddiaçı Cavabdeh2 MMC-dən lizinqə götürdüyü avtomobili lizinq şirkətinə saz vəziyyətdə təhvil vermişdir və avtomobilin istismar hissəsində heç bir problem yoxdur. İddiaçı hazırki iddia tələbində – lizinqə götürdüyü avtomobilin bəzi hissələrində çürümə aşkar etməsini, bu səbəbdən də avtomobili qaytarmasını, ona pulunun qaytarılacağına söz verilməsini, lakin qaytarılmamasını göstərərək, ilkin ödəniş kimi ödədiyi 8500 manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən göstərmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 17.08.2019-cu il tarixli X2 bağlanmış, Cavabdeh2 MMC «Chery Tiggo2 A13T» markalı, 2019-cu buraxılış ili olan bir ədəd ağ rəngli avtomobili 24800 manata İddiaçı lizinqə vermişdir. Lizinq obyekti 27%-lə, 48 ay müddətinə, hər ay 643 manat ödənilmək şərti ilə verilmişdir. Cəmi ödənilməli məbləğ 37141 manat təşkil edir. İddiaçı ilkin olaraq 8500 manat avans ödədiyini, bir-neçə ay ödənişlər etdiyini, bundan sonra avtomobilin bəzi hissələrində çürümə başlandığını bildirmişdir. Halbuki işdə olan sənədlərdən görünür ki, avans cəmi 6000 manat ödənilmişdir. Aylıq ödənişlərin həyata keçirilməsinə dair isə məhkəməyə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən imzalanmış 17.08.2019 tarixli iltizamda qeyd olunur ki, «Mən verirəm bu iltizamı ona görə ki, Cavabdeh2 MMC ilə mənim aramda olan 24/19 saylı X2nə əsasən lizinqə götürdüyüm lizinq obyekti lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. Mən İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE № ********,07.12.2017-ci il tarixində Asan Gəncə) lizinqə götürdüyüm lizinq obyektinin ildə 774 manat olmaqla sığorta xərcini Cavabdeh2 MMC-yə ödəmək və sığorta polisinə müvafiq olaraq hər hansı sığorta halı baş verdikdə lazimi qaydada "xxxx" Sığorta Şirkətinə müraciət etməyi öhdəmə götürürəm». İddiaçı ilə Cavabdeh2 MMC arasında tərtib olunmuş təhvil-təslim aktında qeyd olunur ki, «Mən İddiaçı Cavabdeh2 MMC-dən lizinqə götürdüyümüz 27.19 nömrəli 17.08.2019-cu il tarixli ** RB *** dövlət qeydiyyat nişanlı avtomobili kaspian lizinq şirkətinə saz vəziyyətd təhvil verdim. Maşının istismar barəsində heç bir problem yoxdur». Göründüyü kimi cavabdeh iki dəfə maşının saz vəziyyətdə olmasını təsdiq etmiş, nə təhvil alanda, nə də təhvil verəndə avtomobildə hansısa bir nasazlığın, çürümə həllarının və s. qüsurların olmasını bildirməmişdir. İddiaçının izahatlarından, həm də işdə olan sənədlərdən görünür ki, iddiaçı avtomobili könüllü olaraq təhvil vermişdir. Lizinq obyektinin 17.08.2019-cu il tarixdə iddiaçıya təhvil verilməsi iş materialları ilə təsdiq olunur. Lakin avtomobilin lizinq təşkilatına qaytarılması barədə təhvil-təslim aktında tarix göstərilmədiyinən və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən qaytarılma tarixini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı izahatında göstərmişdir ki, «17.08.2019-cu il tarixdə lizinq müqaviləsi bağlamışdır. İlkin olaraq 8500 manat avans olaraq ödəmişdir. Bundan sonra 6 ay ödəniş etdikdən sonra 2020-ci ilin mart ayında dünyada baş verən pandemiya ilə əlaqədar 3 ay ödəniş edə bilməmişdir. Bu ilin iyul ayından razılığa əsasən, ödənişlərini davam etmişdir. Razılığa əsasən davam edən ödənişlərlə birlikdə ödəmədiyi borcları da hissə-hissə ödəmək barədə aralarında rəsmi razılıq olmuşdur. Bir neçə ay ödəniş etdikdən sonra, yəni həmin ilin avqust ayında maşının bəzi hissələrində (krılo, kaport, matorxana və ön hissədə) çürümə baş verməsini görmüşdür». Həmin izahatla müəyyən etmək olur ki, lizinq obyekti ən azı 12 ay iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Aylıq lizinq ödənişinin 643 manat olması nəzərə alınarsa bir ildə 6430 manat lizinq ödənişi edilməli idi. Yuxarıda qeyd olunduğu kimi ilkin olaraq 6000 manat ödənişdən başqa iş materiallarında ödəniş qəbzləri yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. MM-in 748-10.6-cı maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. MM-in 748-11.1.7-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. İşin hallarından, təqdim olunmuş sübutlardan və qanunvericilyin qeyd edilən normalarından göründüyü kimi, tərəflər arasında lizinq münasibətləri yaranmış, lizinq obyekti olan nəqliyyat vasitəsi iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, iddiaçının bildirməsinə görə həmin nəqliyyat vasitəsindən ən azı bir il müddətində istifadə etmiş, təqribən 2020-ci ilin sentyabr ayında nəqliyyat vasitəsi lizinq verənə qaytarılmışdır. İddiaçı tələbinin əsası kimi – lizinq obyekti olan nəqliyyat vasitəsində qüsurlar (bəzi hissələrdə çürümə) aşkar olunmasını, məhz bu səbəbdən də onu lizinq verənə qaytarmasını və s. göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işdə olan sübutlardan (aktlar) açıq-aşkar görünür ki, nəqliyyat vasitəsi qaytarılan zamanı onda iddia edilən qüsurun mövcudluğu qeyd olunmamış, onun saz vəziyyətdə təhvil verilməsi, istismar hissəsində heç bir problem olmaması və s. göstərilmişdir. Belə olan halda, iddiaçı nəyə görə lizinq verənə ödədiyi müvafiq pul vəsaitini (8500 manat avans) geri tələb etməsini əsaslandıra bilməmişdir. Bununla yanaşı, iddiaçı lizinq müqaviləsi üzrə 8500 manat avans ödəməsini iddia etsə də, işdə olan lizinq ödənişləri cədvəlindən görünür ki, avans 6050 manat olmuşdur. İddiaçı bunun əksini təsdiq edə bilməmişdir. Məhkəmə kollegiyası, həmçinin lizinq münasibətləri çərçivəsində avans ödənilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, MM-in müvafiq münasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın ödənilməli olmasına dair norma nəzərdə tutulmamışdır. Eləcə də, qanunvericiliklə, avansın ödənilməsi qadağan edilməmişdir. Lakin tərəflərin qarşılqılı razılığı ilə lizinq alan avans ödəməyi öhdəsinə götürmüşdür. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 04 iyun 2021-ci il tarixli, 1/2021 nömrəli qərardadına əsasən - Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz. Həmçinin, iddiaçı qismən də olsa lizinq ödənişlərini həyata keirdiyini bildirsə də, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı digər cavabdeh kimi Cavabdeh1 MMC-yə qarşı da müvafiq tələbi irəli sürmür, lakin həmin cavabdehə münasibətdə tələbini ümumiyyətlə əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Nürəddin qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «ilkin ödəniş məbləğinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)-815/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)- 815/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1912/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1912/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver