Məhkəmə qərarları › İş №2(103)-1913/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1913/2022

20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1913/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Hüseyin qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3312/2021 saylı 29 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hüseyin qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 ABŞ dolları və 8000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rusumu onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 8000 ABŞ doları və 8000 manat borcludur. Cavabdeh qeyd olunan məbləğdə qızıl-ziynət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün ondan almış və qızıl-zinət əşyalarını satıb pulunu ona qaytaracağına söz versə də, indiyə kimi buna əməl etməmiş və nə pulu qaytarmış, nə də qızıl-zinət əşyalarını. Dəfələrlə Cavabdeh həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır. O, pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun məhkəməyə aid olduğunu bildirmişdir. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. O, bunları əsas gətirək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iddiaçı ona qarşı edilmiş qanunsuz əməllərə görə cinayət işinin açılması üçün dəfələrlə polis orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi R.Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ona təqdim edildikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iclasda isə iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, İddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdehə qızıl-zinət əşyaları vermiş, cavabdeh də həmin zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulu iddiaçıya ödəmişdir. Qeyd edilənləri həm tərəflər, həm də məhkəmədə şahid kimi dindirilmiş şəxslər də təsdiq etmişlər. Ona görə də göstərilənlər işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 376, 377-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında qızıl-zinət əşyalarının satışı ilə bağlı münasibətlərin təxminən 2009-cu ildən yarandığı müəyyən edilir. Cavabdeh tərəf zinət əşyalarının satışını 2012-ci ildən dayandırıdığını bildirmişdir. İddiaçı tərəf isə bunu inkar etməmiş, cavabdehə vermiş olduğu qızılları, ya da onların dəyərininin ödənilməsi ilə bağlı iddia ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl də cavabdehə qarşı eyni tələblə 04.04.2018 və 09.01.2019-cu il tarixlərdə məhkəməyə müraciət etmiş və həmin iddia tələbləri məhkəmələr tərəfindən baxılmamış saxlanılmışdır. Odur ki, iddiaçı göstərilən tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, müəyyən olunur ki, İddiaçı pozulduğu hüquqlarının bərpası üçün ilk dəfə hüquq mühafizə orqanına 2016-cı il tarixdə müraciət etmişdir. İbtidai istintaq orqanının araşdırması nəticəsində 25 avqust 2016-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Kollegiya hesab edir ki, iddia müddəti iddiaçının hüquqlarını pozulması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyi andan hesablansa belə yenə də qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. İddiaçı, həmçinin, izahatında bildirmişdir ki, o, şikayət edərək qeyd edilən qərar ləğv edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, apellyasiya icraatı zamanı İddiaçı şikayəti əsasında qəbul edilmiş qərarın (25 avqust 2016-cı il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə) hazırda qüvvədə olub-olmaması barədə sorğu verilmiş və Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş. 15.04.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı şikayəti əsasında toplanmış rədd materialı saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçı eyni tələblərlə daha öncədən yəni 04.04.2018 və 09.01.2019-cu il tarixlərdə məhkəməyə müraciət etsə də, iddia müddətinin axmı dayanmamışdır. Belə ki, həmin iddialar üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar da onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehə nə qədər qızıl-zinət əşyası verdiyini, nə qədər ödəniş edildiyinə dair konkret sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3312/2021 saylı, 29 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar