Məhkəmə qərarları › İş №2(103)-1915/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1915/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1915/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-389/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və “xxxx” Sığorta Şirkətində sığortalanmış "Mazda CX-5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 5545 (beş min beş yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 5575,40 (beş min beş yüz yetmiş beş manat 40 qəpik) manat Cavabdeh tutularaq “xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, C.Hacıbəyli və H.Ələsgərova küçələrinin kəsişməsində manevr etmə qaydasını pozaraq X2 məxsus və “xxxx” Sığorta Şirkətində sığortalanmış “Mazda CX-5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nın İXP ******* nömrəli inzibati X4 öz əksini tapmışdır. “xxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2017-ci il tarixli Qüsur Aktına uyğun olaraq, “Mazda CX-5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə 10645 (on min altı yüz qırx beş manat 0 qəpik) manat zərər təyin edilmişdir. **********2 saylı sığorta müqaviləsinin 045760 saylı sığorta aktına əsasən “xxxx" Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 10545 (on min beş yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığorta Şirkəti “xxxx” ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 (beş min) manat “xxxx Sığorta Şirkəti” ASC-nə ödəniş etmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” sığorta şirkətinə qalan 5545 (beş min beş yüz qırx beş manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən qanunvericiliyə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. “xxxx" Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ qanunvericiliyə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-389/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4590 (dörd min beş yüz doxsan) manat sığorta ödənişi, 24 manat 83 qəpik dövlət rüsumu və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 4615,23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Şığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5 (beş) manat 17 qəpiyi iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 17,22 manatı “xxxx” Şığorta Şirkəti ASC-dən və 82,78 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik:CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, vurduğu zərərin məbləğini obyektiv müəyyən etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə ekspert rəyinin natamamlığına qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi “Qüsur Aktı”na əsaslanmış, obyektiv qiymətləndirmə aparmamışdır. Nəticədə vurduğu real zərərdən daha artıq məbləğdə ondan pulun tutulmasına rəy vermişdir. “Mazda” şirkətinin internet saytına baxanda görünür ki, həmin avtomobilin yeni ön farasının qiyməti 1800 manata alıcılara təklif olunur. Lakin “Qüsur Aktı”da və ekspert rəyində 2014-cü il buraxılışlı eyni markalı avtomobilin yeni ön farasının birinin qiyməti 2370 manat müəyyən edilmişdir. Beləliklə, avtomobilə vurulmuş zərərin məbləği şişirdilmişdir. Ekspert tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 25% aşınma faizi və köhnəlmə dərəcəsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini sığortalı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı hissədə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, Cavabdeh iddiaçının subroqasiya hüququnu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-389/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, C.Hacıbəyli və H.Ələsgərova küçələrinin kəsişməsində manevr etmə qaydasını pozaraq X2 məxsus və “xxxx” Sığorta Şirkətində sığortalanmış "Mazda CX- 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXAnın İXP ******* nömrəli inzibati X4 öz əksini tapmışdır. “xxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2017-ci il tarixli Qüsur Aktına uyğun olaraq, “Mazda CX-5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə 10645 (on min altı yüz qırx beş manat 0 qəpik) manat zərər təyin edilmişdir. **********2 saylı sığorta müqaviləsinin 045760 saylı sığorta aktına əsasən “xxxx" Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 10545 (on min beş yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığorta Şirkəti “xxxx” ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 (beş min) manat “xxxx Sığorta Şirkəti” ASC-nə ödəniş etmişdir. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6-ci maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/210-8/138 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “xxxx" Sığorta Şirkəti ASC-nin xx.xx.2017-ci il tarixli qüsur aktında göstərilən məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mazda CX 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə 10645 manat, dəyişdirilməli hissələrin qiyməti 9145 manat, təmir-bərpa işlərinin qiyməti 1500 manat müəyyən edilir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4 % (2-6%) aşınma nəzərə alınmaqla, 3 il (2014-2017) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 8090 manat müəyyən edilir (9145-4%/x 3 dəfə). Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mazda CX 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9590 manat müəyyən edilir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 9590 (dəyişdirilməli hissələrin dəyəri 8090 manat + təmir işlərinin dəyəri 1500 manat) manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə qeyd etmişdir ki, hadisə baş verdiyi an X1 idarə etdiyi “Mazda CX 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 (beş min) manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən xx.xx.2017-ci il tarixdə Dusoviskaya TatyanaYakovlevnaya tərəfindən idarə edilən “Mazda CX 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul vəsaiti Şirkətlərinə ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, “Mazda CX 5” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9590 manat məbləğində ziyandan iddiaçının hesabına ödənilmiş 5000 manat məbləğində pul çıxılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə 4590 manat sığorta ödənişi tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun zərərin şişirdilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmiş, ekspert rəyində köhnəlmə faizi də nəzərə alınmışdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 389/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar