Məhkəmə qərarları › İş №2(103)-1920/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1920/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1920/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-3345/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə dövlət orqanlarının birinə işə düzəlmək istədiyini bildirmişdir. Cavabdeh isə iddiaçıya tanışlarının olduğunu və ona bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh iddiaçıya qanuni yolla imtahana getməsini və ilk öncə bu iş üçün ondan 3 000 (üç min) manat pul aldı. Bundan sonra iddiaçı imtahana getdi və imtahandan keçmək üçün Cavabdeh iddiaçıdan 4000 (dörd min) manat pul aldı. İddiaçı imtahanda az bal topladı və topladığı bal DGK-nə işə düzəlməsi üçün yetərli deyildi. Bundan sonra Cavabdeh iddiaçıya topladığı balla işə düzəldəcəyini deyib əlavə 8000 (səkkiz min) manat pul almışdır. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh iddiaçını aldatmış və pulunu geri qaytarmaq niyyəti yoxdur. İddiaçı bununla bağlı şikayət edəcəyini bildirdi və cavabdeh iddiaçını sakitləşdirməkdən ötrü onunla borc müqaviləsi bağladı. Beləliklə, tərəflər arasında xx xxxxxxxx 2017-ci il tarixli borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 15000 (on beş min) manat pulu xx xxxxxxx 2017-ci il tarixədək qaytarmalı idi. İddiaçı bu barədə Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir, hətta bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar Nəsimi rayon Prokurorluğu tərəfindən ləğv edilsə də, yenidən eyniməzmunlu qərarlar qəbul edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 15000 (on beş min) manat pulu hal-hazıra kimi qaytarmamışdır. İddiaçı cavabdehdən dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə iddiaçıdan vaxt istəmiş və buna baxmayaraq, indiyə qədər pulu geri qaytarmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 15000 (on beş min) manat, vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 3345/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.530 (on beş min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3345/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamədə onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 85. 88, 97, 101 və 102-ci maddələrində, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində, AR Mülkü Məcəllənin 6, 14, 21, 337, 339, 417-420-ci maddələrində və “İpoteka haqqında” Azərbaycan Respublikasinin Qanununun 6 və 8-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqlarının pozulduğunu qeyd etmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Bakı şəhəri xx.xx.2017-ci il tarixdə 43 saylı notariat kontorunda iddiaçı ilə aralarında borc müqaviləsi bağlansa da bu formal olmuş, müqavilədə qeyd olunan 15.000 manat məbləğində pul notariat kontorunda tərəfindən qəbul edilməmişdir. Bunun isə, tamamilə qanunsuz olduğunu bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nağıyev X1 Azər Laçın oğluna 15.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddiası ilə bağlı hüquqi yardıma görə 510 manat məbləğində pul ödəmişdir. Beləliklə də birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddianın hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində-pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təblin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.530 (on beş min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 3345/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar