Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1928/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Salmanova Nailə İmpirat qızına, Rəhimzadə Pərvin Məzahir oğluna, Rəhimzadə Emin Məzahir oğluna, Səmizadə Samirə Fikrət qızına, Rəhimzadə Günay Əliqulu qızına qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4358/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Salmanova Nailə İmpirat qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Salmanova Nailə İmpirat qızı, Rəhimzadə Pərvin Məzahir oğlu, Rəhimzadə Emin Məzahir oğlu, Səmizadə Samirə Fikrət qızı, Rəhimzadə Günay Əliqulu qızına qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7-nin sökülməsi, Salmanova Nailə İmpirat qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 70 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Salmanova Nailə İmpirat qızının xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək “xxxx” MMC tərəfindən Salmanova Nailə İmpirat qızına hər ay 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi, cavabdehlər Salmanova Nailə İmpirat qızı, Rəhimzadə Pərvin Məzahir oğlu, Rəhimzadə Emin Məzahir oğlu, Səmizadə Samirə Fikrət qızı, Rəhimzadə Günay Əliqulu qızının Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4358/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Salmanova Nailə İmpirat qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.1-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Bununla belə cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən 15 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 10 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4358/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh Salmanova Nailə İmpirat qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1928/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1928/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver