Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-193/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbi və birləşdirilmiş iş üzrə Cavabdeh1 İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “torpaq sahəsindən çıxarılma, müqavilənin etibarsız hesab edilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılması və əmlakların boşaldılaraq ona təhvil verilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun onun xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış “Əmlakın verilmısilə öhdəliyə xitam verilməsi”nə dair xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi onun mülkiyyət İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Bank iddia tələbinin qanuni əsasdı kimi MM-in 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir. Birləşdirilən iş üzrə:
3. İddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra H. Bağırlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, o, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASCnin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, tanışına məxsus "xxxx" MMC-nin bankdan aldığı kreditin təminatı olaraq həm özü zamin dürmuş, həm də özünə məxsus bağ evini ipoteka qoymuş, bankdan götürülmüş kreditin ödənilməsində gecikmələr olduğundan bankın rəhbərliyinin təklifi ilə ipotekada olan və dəyəri 550- 600.000 min manat təşkil edən həmin bağ evini görünüş üçün 220.000 manat borcun müqabilində bankın adına keçirmiş, həmin müqavilə uydurma əqddir, etibarsız hesab edilməlidir. Cavabdeh1 iddia tələbinin qanuni əsası kimi MM-in 337.1, 337.2,340.1 və 304.2-ci maddələrinə istinad etmişdir.
6. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 244/2024 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş mülki işin digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə üzrə 2(009)-244/2024 nömrəli mülki işlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarma, evin boşaldılması və s.” Tələbinə dair iddia ərizəsi üzrə 2(001)-749/2024 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
7. Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsi (hakim Rəşad Qoşqarlı) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılması və əmlakların boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmış, Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir.
8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri.
9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, onların bankla razılığına əsasən, “pul ödənilmir, faiz hesablaması davam edir buna görə müqavilə əsasında həmin bağ evini onlara verir, formal olaraq faizi dayandırırlar və sonda ev ona qaytarılacaq” fikri bildirilmiş, eyni zamanda bank tərəfindən ona bildirilmişdir ki, “heç bir halda əmlak satılmayacaq və evi banka verərsə o, məhkəməyə verilməyəcək”, lakin bütün bunlar məhkəməyə bildirilsə də nəzərə alınmamış, rayon məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən olunmamış, ipotekada olan əmlakın məhkəmədən kənar qaydada ələ keçirilməsinə, bağ evinin real dəyəri ilə müqavilədə göstərilən qiymət arasındakı kəskin uyğunsuzluğa, eləcə də həmin müqavilə bağlanarkən arvadının ölkədə olmaması, onun razılığının sonradan özünün aparıb verməsi, bağ evində hazırda da ailəsi ilə özlərinin yaşaması kimi həmin əqdin uydurma və əhəmiyyətsizliyi səbəbindən etibarsız olmasını təsdiq edən mühüm hallara əhəmiyyət verilməmiş, maddi və prosessual normalar pozulmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul olunmuşdur. Bu səbəbdən də qətnamənin ləğv edilərək iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bankla "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış, kredit tanışı Kamal tərəfindən götürülmüş, o həm zamin olmuş, həm də ona məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Əslində, məsələ belə olmuşdur ki, bankın idarə heyətinin sədri Tariyel ilə yaxşı münasibətləri olmuş, bu krediti də K.Cəfərova ona etibar edib vermişdir, lakin Kamal pulu alıb çıxıb getmiş, ödəmələrdə problemlər yaranmışdir. Bahkın sədri Tariyel də ona demişdir ki, onun sözünə etibar edib Kamala 750.000 kredit verib, indi də ödəmə yoxdur, bankın təsisçiləri onu sıxır, təsisçilərlə problemləri var, ona görə Tariyel ona təklif etmişdir ki, həmin kredit müqaviləsi üzrə ödəmənin olduğunu göstərmək üçün ipoteka qoyduğu evini görünüş üçün banka versin, kreditin məbləğindən müəyyən məbləğdə ödəmə kimi görünsün, sonra evi yenə onun adına qaytararlar. Aralarında olan münasibətlərə güvənərək, o da bankın bu təklifi ilə razılaşmış, hətta həmin vaxt arvadı xaricdə olmuş, onun razılıq ərizəsini də iki ay sonra aparıb banka vermişdir. Məsələnin məhz belə olduğu, yəni həmin müqavilənin görünüş üçün bağlandığı həm də ondan aydın olur ki, ev banka təhvil verilməmiş, onlar bu gün də həmin evdə yaşayırlar, yeganə yaşayış yerləri həmin evdir, bundan başqa, bağ evini bazar dəyəri, ən azından 600.000 manatdır, lakin müqavilədə bağ evinin qiyməti 220 min manat göstərilmişdir. Əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə onun bağ evinin real dəyərinin 640.000-670.000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda aşkardır ki, həmin dəyərdə olan, həm də yeganə yaşayış yeri olan bağ evini 220.000 müqabilində banka verməsi mümkün olan şey deyildir, anlaşılandır ki, həmin müqavilə görünüş üçün bağlanmış uydurma əqd olmuşdur.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və Cavabdeh1 izahatına uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh bankın nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, müqavilə daşınmaz əmlaka dair qanunda müəyyən olunmuş qaydalara əsasən həyata keçirilib və tam qanuni olmuşdur, Cavabdeh1 arvadının sonradan razılıq verməsi də pozuntu deyil, əksinə bu, əqdin bəyənilməsidir ki, bu da qanuna uyğundur, hazırda əmlak rəsmi olaraq bankın mülkiyyəti hesab olunur, müddət də ötürülmüşdür, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, odur ki, şikayətin təmin edilməməsini bildirdi. Bununla belə, bankın nümayəndəsi dəyəri mübahisələndirilən müqavilədə göstəriləndən bir neçə dəfə artıq olan əmlakın kredit borcunun tam məbləği müqabilində deyil, yalnız həmin kredit borcun 220.000 manatının müqabilində bankın mülkiyyətinə keçrilməsinin, eləcə də müqavilədən sonra bağ evinin banka təhvil verilməməsinin səbəbləri barədə inandırıcı və ağlabatan izah verə bilməmişdir.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası bununla bağlı gəlmiş tərəflərin fikrini dinləyib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
15. Mülki iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli 2İ002- 0001/1917631/KM nömrəli İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı ASC "xxxx" MMC-yə 3 il müddətinə illik 15% ödəmək şərti ilə 750.000 manat məbləğində kredit verir.
16. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borcalan "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti bank tərəfindən Bakı şəhəri xx.xx.2020-ci il tarixində tərtib edilmiş daşınmaz/daşınar əmlakın qiymətləndirmə aktına (hesabatın) əsasın 240000 manat dəyərində qiymətləndirilir. İpoteka qoyan və ipoteka saxlayan ipoteka predmetinin 240000 manat dəyərində olan qiymətinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər.
17. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, sonuncu borcverən qarşısında Borcalanın xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürmüşdür.
18. Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsinin surətindən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21002- 0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən bank borcluya 750000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit vermiş və həmin kredit müqaviləsinin təminatı kimi satıcıya məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu müqavilənin bağlanması tarixinə həmin kredit üzrə borclunun bank qarşısında 668012,69 manat məbləğində əsas borcu, 16630,51 manat məbləğində faiz borcu və 664,74 manat və 664,74 manat cərimə borcu mövcuddur. Borclu bank qarşısında olan öhdəliyini icra edə bilmədiyindən, öhdəliyin icrası əvəzinə satıcı tam mülkiyyət üzrə ona məxsus olan əmlakı tərəflərin qarşılıqlı razılığı əsasında 220000 manat dəyərində qiymətləndirilərək bankın mülkiyyətinə verir.
19. X3 xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən məlum olur ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2İ002-0001/1917631/KM kredit müqaviləsinə əsasən İddiaçı ASC "xxxx" MMC-yə 750.000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit vermiş və həmin kredit müqaviləsinin təminatı kimi əri-Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və onun üzərində olan 535,2 kv.m ümumi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın Bank Respublika ASC-nin mülkiyyətinə keçməsinə və Mərkəz Təchizat MMC-nin kredit öhdəliyinin 220.000 (iki yüz iyirmi min) AZN məbləğində azaldılmasına etiraz etmir. Bununla bağlı gələcəkdə Banka qarşı hər hansı iddia və ya etirazı olmayacaqdır (i/v 64, 2-ci cild).
20. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir.
21. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2018-ci il tarixinə bazar dəyəri 370000 manat təşkil edir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-151/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 qarşı kerdit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin, cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 müştərək qaydada 421937,93 manat əsas borcun, 528,53 manat faiz borcu cəmi 422466,46 manatın, həmçinin 400 manat mediasiya xərcinin, 313,23 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərcin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.
23. 17.10.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın məhkəmədə qaldırılması üçün İddiaçı ASC tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın məhkəmədə qaldırılması üçün Cavabdeh1 tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
25. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-xx/xx/3606-9/3843 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin hazırkı orta bazar dəyəri 679 000 (altı yüz yetmiş doqquz min) manat müəyyən edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin hazırkı real bazar qiyməti müəyyən edilsin.
27. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına görə, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış real bazar dəyəri 640.000 manat təşkil edir.
28. İddiaçı Cavabdeh1 tərəfindən elektron kabinet vasitəsi ilə daxil edilmiş “AB Consulting” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış bazar dəyəri 670.000 manat, likvid dəyəri isə 620.000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq
29. Azərbaycan Respubikasının Konstitusiyası: Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
36. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
37. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
38. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
39. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
45. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
46. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
47. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
49. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
50. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
51. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
52. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Tətbiq edilən prosessual hüquq normaları:
54. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
55. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni Cavabdeh1 apellyasiya şikayətinə əsasən tam yoxlayır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməlidir.
58. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 borcalan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəliyin təmin edilməsi üçün özünə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka saxlayan bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Eyni tarixdə bankla Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 həmçinin borclu MMC-nin xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürmüşdür.
59. Bundan sonra, Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli “əmlakın verilməsilə öhdəliyə xitam verilməsi” müqaviləsinin surətindən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən bank borcluya 750000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit vermiş və həmin kredit müqaviləsinin təminatı kimi satıcıya məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu müqavilənin bağlanması tarixinə həmin kredit üzrə borclunun bank qarşısında 668012,69 manat məbləğində əsas borcu, 16630,51 manat məbləğində faiz borcu və 664,74 manat və 664,74 manat cərimə borcu mövcuddur. Borclu bank qarşısında olan öhdəliyini icra edə bilmədiyindən, öhdəliyin icrası əvəzinə satıcı tam mülkiyyət üzrə ona məxsus olan əmlakı tərəflərin qarşılıqlı razılığı əsasında 220.000 manat dəyərində qiymətləndirilərək bankın mülkiyyətinə verir. Bundan sonra həmin evə bankın mülkiyyət hüququ hüquqların qeydiyyatı haqqında dövlət reyestrində qeydə alınmışdr.
60. Hazırda bank evin onun mülkiyyətində olmasına əsaslanaraq, MM-in 157.2-ci maddəsinə istinad etməklə Cavabdeh1 və digərlərinin evdən çıxarılması barədə iddia irəli sürmüş, Cavabdeh1 isə MM-in 340.1-ci maddəsinə istinad edərək, banka qarşı “xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia irəli sürmüşdür. Rayon məhkəməsində işlər birləşdirilmiş, bankın iddiası təmin, Cavabdeh1 iddiası isə təmin edilməmişdir.
61. Hazırda Cavabdeh1 rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 bildirir ki, həmin müqavilə görünüş üçün bağlanmış uydurma əqddir. Cavabdeh1 izahatına görə məsələ belə olmuşdur ki, bankın idarə heyətinin sədri Tariyel onun tanışıdır, bu krediti də K.Cəfərova ona etibar edib vermişdir, lakin Kamal pulu alıb çıxıb getmiş, kreditə görə ödəmə yoxdur. Tariyel də ona demişdir ki, onun sözünə etibar edib Kamala 750.000 kredit verib, indi də ödəmə yoxdu deyə bankın təsisçiləri onu sıxır, ona görə həmin kredit müqaviləsində ödəmə göstərmək üçün onun ipoteka qoyduğu evini görünüş üçün banka versin, sonra evi yenə onun adına qaytararlar, o da aralarında olan etimada güvənərək bu təkliflə razılaşmış, hətta həmin vaxt arvadı xaricdə olmuş, onun razılıq ərizəsini də iki ay sonra aparıb banka özü vermişdir. Müqavilənin görünüş üçün bağlandığı həm də ondan aydın olur ki, ev banka təhvil verilməmiş, onlar bu gün də həmin evdə yaşayırlar, yeganə yaşayış yerləri həmin evdir, bağ evinin bazar dəyəri, ən azından 600.000 manatdır, lakin müqavilədə bağ evinin qiyməti 220.000 manat göstərilmişdir. Mütəxəsis və ekspert rəyləri ilə bağ evinin hazırkı dəyərinin 640.000-670.000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda aşkardır ki, bağın banka verilməsinə dair bağlanılmış müqavilə görünüş üçün bağlanmış uydurma əqd olmuşdur.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı).
63. MM-in 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
64. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
65. Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
66. Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
67. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
68. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.).
69. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).
70. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarına istinadən və hazırkı mülki iş üzrə müəyyən olunmuş aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli “əmlakın verilməsilə öhdəliyə xitam verilməsi”nə dair müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur.
71. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
72. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
73. İddiaçı Cavabdeh1 ona istinad edir ki, mübahisə olunan əqdin rəsmiləşdirilməsində məqsəd ödəniş edilməyən kredit müqaviləsi üzrə müəyyən bir ödəmənin olmasını təsisçilərə göstərmək üçün (məhz görünüş üçün) bağlanmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə kredit öhdəliyinin bir hissəsinin əvəzi kimi banka verilən bağ evi hazırda da Cavabdeh1 və onun ailəsinin istifadəsindədir. Bununla yanaşı, eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus və məhz həmin kredit öhdəliyinin təminatı kimi ipoteka qoyulmuş bağ evinin real dəyəri (640.000 manat) mübahisələndirilən hazırkı müqavilədə göstərilən (220.000 manat) qiymətindən əhəmiyyətli dərəcədə, əslində, dəfələrlə artıqdır. Aparılan araşdırmalar zamanı qeyd olunan həmin hallarla (uyğunsuzluqlarla) bağlı bankın nümayəndəsi məhkəmədə ağlabatan izah verə bilməmişdir. Bütün bunlar isə həmin müqavilənin məhz görünüş üçün bağlanması qənaətinə gəlməyə əsas verir.
74. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunun mənasına görə də uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlanır.
75. Azərbaycan Respublikası Ali Məhkəməsi də oxşar işlərlə bağlı özünün bir sıra qərarlarında göstərmişdir ki, bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilibverilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir (Ali Məhkəmənin 2(102)-52/24 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı).
76. Mübahisələndirilən həmin müqavilədən bəlli olur ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borclu bank qarşısında olan öhdəliyini icra edə bilmədiyindən, həmin borc öhdəliyin bir hissəsinin icrası əvəzinə Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus olan əmlakın- bağ evinin qiyməti 220000 manat göstərilmişdir.
77. Hazırda mübahisələndirilən müqavilənin uydurma əqd olmasına istinad edən Cavabdeh1 həm də müqavilədə bağ evinin qiymətinin real dəyərindən dəfələrlə aşağı göstərildiyini bildirir. Bununla bağlı Məhkəmə Kollegiya tərəfindən müvafiq ekspertizalar keçirilmişdir.
78. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-xx/xx/3606-9/3843 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin hazırkı orta bazar dəyəri 679 000 (altı yüz yetmiş doqquz min) manat müəyyən edilmişdir.
79. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına görə, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış real bazar dəyəri 640.000 manat təşkil edir.
80. İddiaçı Cavabdeh1 tərəfindən elektron kabinet vasitəsi ilə daxil edilmiş “AB Consulting” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış bazar dəyəri 670.000 manat, likvid dəyəri isə 620.000 manat təşkil edir.
81. Göründüyü kimi, evin hazırkı bazar dəyəri rəylərlə 640.000, 670.000 və 679.000 manat müəyyən edilmişdir. Belə olan halda, kredit öhdəliyin bir hissəsinin- 220.000 manatın əvəzi kimi bankla bağlanan xx.xx.2022-ci il tarixli müqavilədə bağ evinin qiymətinin 220.000 manat göstərilməsi də aşkar surətdə həmin əqdin həqiqi olmadığına dəlalət edir. Bundan başqa, Kollegiya onu da qeyd edir ki, istinad olunan rəylərlə həmin evin hazırkı bazar dəyərinin 640.000, 670.000 və 679.000 manat müəyyən edildilmişdir, lakin bu məsələnin mahiyyətini dəyişməyəcəkdir, çünki müqavilənin bağlanmasından keçən müddət ərzində daşınmaz əmlak bazarında olan qiymət fərqi 2022-ci ilə münasibətdə ən yaxşı halda 5-10 faiz ola bilərdi. Nəzər alınsa ki, həmin bağ evi xüsusi mülkiyyətdə olan 0.09 ha. torpaq sahəsində yerləşir, onun rəsmi qeydiyyat sənədlərində əks olunan ümumi sahəsi 535.2 kv.m təşkil edir, eləcə də rəylərə əlavə edilmiş rəngli fotolardan görünür ki, bağ evi müasir və yeni tikilidir, onda, həmin bağ evinin müqavilənin bağlandığı tarixdə həmin borc öhdəlyinin hamısı(tam olaraq borcun əvəzi) üçün deyi, yalnız onun bir hissəsinin- 220.000 manatın müqabilində banka verilməsi inandırıcı olmamaqla, ağılabatan mühakiməyə də uyğun gəlmir.
82. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində ipoteka predmeti olan əmlakının məhkəmə qərarı olmadan birbaşa bankın mülkiyyətinə keçməsi baxımından da həmin müqavilənin qanunsuz olduğunu qeyd etmişdir.
83. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
84. Məhkəmə kollegiyası hesab edir ki, bu mülki işin halları baxımından Cavabdeh1 hazırkı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 319.1-ci maddəsi də nəzərdən keçirilə bilər.
85. MM-in 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Bu, əslində başlanğıcını Roma hüququndan götürmüş “lex commissoria” qadağasıdır. Roma hüququnda “lex commissoria”, yəni “əqdə əlavə olunan şərt” mövcud idi. (Burada “lex” müqavilə qeydi mənasına gəlməkdədir, “commissoria” isə “committere” feilindən yaranmışdır, mənası birləşmək deməkdir). Dolayısı ilə, “əqdə birləşdirilən, əlavə olunan qeyd” mənasını daşıyır. Həmin prinsipə görə tərəflərin borcun ödənilmə vaxtı çatmamışdan əvvəl, borcun ödənilməməsi halında, girov qoyulmuş əmlaka mülkiyyət hüququnun kreditora keçməsi barədə razılaşması qadağan edilir.
86. “Lex commissoria” qadağası Roma hüququnda borclunun vəziyyətinin ağırlaşmasının qarşısını almaq məqsədilə tətbiq edilirdi. Bu qayda bizim qanunvericiliyə də öz təsirini göstərmiş və MM-in 319.1-ci maddənin ikinci cümləsi də məhz həmin məqsədə xidmət edir. Həm də nəzərdən qaçırmaq olmaz ki, həmin norma imperativ xarakterlidir.
87. Bununla belə, həmin normanın tətbiqi zamanı ipoteka və ya gorov qoyulmuş əmlakın birbaşa ipoteka saxlayanın mülkiyyətinə keçməsi barədə müqavilənin bağlanması anı mütləq nəzərə alınmalıdır. Belə ki, həmin qadağanın lap qədim dövrlərdə yaranmasında güdülən məqsəd nəzərə aldıqda, eləcə də MM-319.1-ci maddəsinin məzmunu əqdlərin etibarsızlığına dair MM-in ümumi normalarıyla sistematik təhlil etdikdə belə qənaət hasil olur ki, bu qadağa yalnız ipoteka müqaviləsi bağlanan anda həmin müqavilənin şərti kimi nəzərdə tutulmuşsa, etibarsız olacaqdır, həm də imperativ olaraq. Yox əgər, öhdəlik icra edilməmişsə və ya tam icra edilməmişsə, sonradan tərəflıərm ipoteka qoyulmuş əmlakın birbaşa ipoteka saxlayanın mülkiyyətinə keçməsi barədə razılığa gələrək müvafiq müqavilə bağlamışlarsa, bu hal həmin qadağanın, yəni MM-in 319.1-ci madəsinin ikinci cümləsinin təsiri altına düşməyəcəkdir.
88. Bunun əsaslandırılması ondan ibarətdir ki, birinci halda, yəni müqavilə bağlanarkən həmin müqavilədə belə bir şərtin nəzərdə tutulmasına qoyulan qadağada güdülən məqsəd kredit- ipoteka münasibətlərinin “daha zəif” tərəfi sayılan ipoteka qoyanı baş verə biləcək əlverişsiz vəziyyətdən- iradəsi olmadan əmlakını itirməkdən qorumaqdır. Çünki ipoteka saxlayan müqavilənin həmin şərtinə güvənərək müxtəlif üsul və vasitələrlə öhdəliyin pozulması “görüntüsü” yarada və müvafiq olaraq da müqavilənin həmin şərtinə əsaslanmaqla birbaşa ipoteka (girov) qoyulmuş əmlaka yiyələnə bilər. Həm də nəzərə almaq lazımdır ki, əksər hallarda başlanğıcda kredit və ipoteka(girov) müqaviləsi bağlanarkən ipoteka qoyulan əmlakın qiymətini məhz krediti verən diktə edir və həmin qiymət əmlakın real dəyərindən əhəmiyyətli dərəcədə aşağı olur. Bu zaman borc alan və ya ipoteka qoyan pula ehtiyacının olması səbəbindən(borc verəndən asılı vəziyyət), eləcə də alınan borcun qaytarılacağı düşüncəsi ilə hərəkət etdiyindən, əmlakın müqavilədə göstərilən qiyməti ilə bağlı məsələni qabartmır, ona lazımı əhəmiyyət vermir. Bu, həm predmeti daşınar əşya olan girov hüququ, həm də predmeti daşınmaz əşya olan ipoteka hüququ üçün keçərlidir. MM-in 273-cü maddəsində də təsbit olunmuşdur ki, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Məhz bu baxımdan, müqavilə bağlanan zaman həmin müqavilədə belə bir şərtin qadağan olunması, olduğu halda isə onun imperativ şəkildə etibarsız olduğuna dair qanunun tələbi (MM, 319.1-ci ikinci cümləsi) anlaşılan, əsaslı və ədalətli olmaqla yanaşı, həm də mülki dövriyyənin iştirakçıları arasında bərəbərliyi və mütənasibliyi qorumaq, “zəif tərəfin” əmlak hüquqlarını təmin etməyə yönəlmişdir.
89. Bununla belə, ikinci halda, yəni öhdəliyin icrası vaxtı çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka (girov) predmeti olan əşyanın mülkiyyətinin ipoteka saxlayan kreditora verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkündür, bu, “lex commissoria” qadağasının təsir dairəsinə də düşmür. Çünki bu zaman borcla bağlı öhdəliyin obyektiv olaraq pozulması faktı mövcud olur, başlıcası isə ipoteka (girov) qoyan öz seçiminə əsasən və sərbəst iradə ifadəsi olaraq icra edilməyən öhdəliyin əvəzinə ipoteka (girov) qoyulmuş əmlakının birbaşa kreditorun mülkiyyətinə verilməsinə dair kreditorla razılaşaraq müqavilə bağlayır. Bu hal isə birbaşa olaraq MM-in 390.1-ci maddəsində təsbit olunmuş prinsiplərə uyğundur.
90. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Demək ki, MM-in 319.1-ci maddəsinin ikinci cümləsi öhdəliyin icrası mərhələsində tərəflərin əldə etdikləri qarşılıqlı razılaşmaya əsasən bağlanılan müqaviləyə aid edilə bilməz. Çünki birinci haldan fərqli olaraq ikinci halda, öhdəliyin icra vaxtından sonra borclu belə müqavilə bağlayarkən özünün əşyaya olan mülkiyyət haqqından imtina etməsinin nəticələrindən xəbərdardır və bunu öz sərbəst iradəsinə əsasən həyata keçirir.
91. Məhkəmə Kollegiya belə qənaətə gəlir ki, öhdəliyin icra vaxtı çatdıqdan sonra ipoteka və ya girov predmetinin kreditorun mülkiyyətinə keçməsi barədə bağlanmış müqavilə “lex commissoria” prinsipində güdülən qadağanın əhatə dairəsinə düşmür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Göründüyü kimi, qanunvericilikdə da oxşar halda ipoteka predmetinin kreditorun mülkiyyətinə keçməsi ilə bağlı tərəflər arasında müqavilənin bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur.
92. Demək ki, əşyanın mülkiyyətçisi ipoteka (girovla) yüklü olan əşyanı öhdəlik yerinə yetirilənə qədər istənilən üçüncü şəxsə sata bildiyi kimi, onu kreditora da sata bilər. “Lex commissoria” qaydası mülkiyyətçinin sərəncam səlahiyyətini məhdudlaşdıran bir qadağa deyildir. Yuxarıda da qeyd olunduğu kimi, “lex commissoria” qadağasının məqsədi kreditorun əşyanın dəyəri kreditorun tələb hüququnun yerinə yetirilməsinə olan əmlak mənafeyinin dəyərindən artıq olduqda əldə edə biləcəyi haqsız mənfəətinin qarşısını almaq və “zəif tərəfi” qorumaqdır. Adi alğı-satqı müqaviləsinin “lex commissoria” müqaviləsində fərqi ondadır ki, burada borclu ilə kreditor arasında qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə satılan əşyayla öhdəliyin həcmi arasındakıola biləcək fərqin borcluya ödənməsi təmin olunur. Əgər əşyanın dəyərinin yerinə yetirilməli olan öhdəliyin həcmini aşan hissənin borcluya qaytarılması halı razılaşdırılıbsa, burada ipoteka (girov) qoyanı (borclunu) zərərə sala biləcək, onun itkiyə məruz qoyacaq əlverişsiz vəziyyət yaranmır.
93. Bununla belə, qeyd olunmalıdır ki, öhdəliyin icrası zamanı ipoteka (girov) qoyulmuş əmlakın birbaşa kreditorun mülkiyyətinə keçməsinə dair bağlanmış müqavilə qanunda (MM-in XİV Fəslində) nəzərdə tutulmuş başqa(aldatma, yanılma, hədə-qorxu və s.) əsaslara görə etibarsız hesab edilə bilər.
94. Beləliklə də, bütün şərh olunanlarla əsasən Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Cavabdeh1 hazırkı tələbində mübahisələndirilən müqavilənin məhz görünüş üçün bağlanmış uydurma əqd olduğu müəyyən edildiyindən, MM-in müzakirə olunan 319.1-ci maddəsinin ikinci cümləsi, ümumiyyətlə, hazırkı mübahisəyə tətbiq edilə bilməz.
95. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli “əmlakın verilməsilə öhdəliyə xitam verilməsi”nə dair müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsız olmuşdur.
96. Bankın nümayəndəsinin apellyasiya icraatı zamanı izahatında müddətin keçməsinə dair bildirdiyi fikrə münasibətdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, ... Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
97. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
98. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait”də qeyd edilmişdir ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4).
99. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışı ləğv edilməlidir.
100. İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 iddia tələbinin təmin olunması, özözlüyündə Bankın tələbinin təminini istisna etdiyindən, onun əlavə əsaslandırılmasına zərurət qalmır. Nəticə:
101. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 iddiası təmin edilməli, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışı ləğv edilməli, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir.
102. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
103. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi cəmi (100+50=150) 150 manat dövlət rüsumu cavabdeh İddiaçı ASC-dən alınaraq ona ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdeh İddiaçı ASC-dən tutulmalıdır.
104. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 iddiası təmin edilsin, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edilsin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi (100+50=150) 150 manat dövlət rüsumu cavabdeh İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh1 ödənilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdeh İddiaçı ASC-dən tutularaq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Ekspertiza tədqiqat dəyəri olan 600 (altı yüz) manat məbləğində pul cavabdeh İddiaçı ASC-dən tutularaq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.