Məhkəmə qərarları › İş №2(103)-1931/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1931/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1931/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «bəraət almış şəxsə cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bəraət almış şəxsə cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «bəraət almış şəxsə cinayət prosesini həyata keçirən orqanın sui istifadəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat olmaqla, cəmi 130.800 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 30.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat olmaqla, cəmi 130.800 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bundan başqa, Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənmiş 800 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib haların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiada qeyd edilən bu qədər mənəvi iztirablar qarşısında məhkəmə cəmi 13000 manat mənəvi ziyan müəyyən etmiş bunu heç bir ağlabatan dəlil ilə əsaslandırmamışdır. Maddi ziyanla bağlı məhkəmə iki nüansı diqqətdən qaçırmışdır. Birincisi şəxsin həbs olunması ilə bağlı işləyib qazanc əldə edə bilməməsi və həbsdə saxlanılması ilə bağlı düçar oldduğu sadaladığımız ağır xəstəliklərlə bağlı çəkdiyi və çəkəcəyi xərclər, bundan sonra əmək qabiliyyətinin bərpa olunmama riski. Məhkəmə şəxs üçün maddi ziyanı tanımamaqla sanki şəxsin hava ilə qidlandığını və yaşadığını bildirməkdə israrlı olmuşdur. Belə ki, hər il ölkə üzrə yaşayış minimumunu müəyyən edən Qanun qəbul edilir. İlərdən asılı olaraq bu rəqəm hər il dəyişir, məsələn 2024-cü il üçün əmək qabiliyyətli əhali üçün bu, 287 manat idisə. Bu il 305 manat məbləğində müəyyən edilmişdir və bu, artan silsilə ilə dəyişməkdədir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Odur ki, qətnamənin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulması ilə bağlı heç bir qanunsuz hərəkət və hərəkətsizlik edilmədiyi halda dövlət büdcəsindən iddiaçının xeyrinə 13.800 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Mənəvi zərərin müəyyən edilməsi zamanı CPMin 190-cı maddəsinə istinad edilməli idi. Həmçinin iddiaçı vəkil yardımı olmadan da öz hüquqlarını müdafiə də bilərdi, vəkillə müqaviləsi bağlanması öz seçimidir, buna görə vəkil xərci kimi ödənilmiş məbləğin ondan tutulması əsassızdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

11. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, anasının tutulması ilə bağlı xəbər eşidəndə o, 4-cü kurs tələbəsi idi. «Qərbi Kaspi» Universitetində oxuyurdu. «Azərbaycan Texniki Universiteti»nə daxil olmuşdur, magistr təhsil pilləsinə. Sonra təhsilini saxlayıb, xx.xx.2023-cü il tarixdə hərbi xidmətə getmişdir. Ağcabədidə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Ailələrində həbsdə olan şəxsin olub-olmaması barədə suallar verirdilər. Cavab verirdi ki, xeyr. Qorxurdu ki, haradasa bunun üstü açılar. Anası həbs olunana qədər bir yerdə yaşamışlar. Anası iki dəfə əməliyyat olunmuşdu. Bu əməliyyatlardan dərhal sonra anasını həbs etmişlər. Əməliyyatdan sonra ev şəraitində belə anasının necə ağrıları olduğunu müşahisə edirdi. Təsəvvür edə bilmir ki, o şəraitdə necə bir vəziyyətə düşmüşdür. Anası istinqat təcridxanasında saxlanıldığı dövrdə şəraitlə əlaqədar nadir hallarda anası ilə əlaqə yarada bilirdi. Lakin hər bir əlaqədə olduğu zaman səsindən belə anasının necə əziyyət çəkdiyini anlayırdı.

12. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar İddiaçı ilə bir təcridxanada qalmışlar. Təcridxanaya gələndə Sevincin vəziyyəti çox pis idi, tez-tez halı pisləşirdi. Onlar təxmini 3 ay birlikdə cəza çəkmişlər. Cəza çəkdikləri müddət ərzində İddiaçı vəziyyəti yaxşı deyildi, depressiyada idi. İddiaçı ilə alt-üst çarpayıda yatmışlar, o, aşağıda yatmış, əməliyyat olunduğu üçün Sevincin aşağı çarpayıda yatmasını ondan xahiş etmişlər.

13. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı ilə 4 ay müddətində bir otaqda qalmışlar. O ilk gündən xəstəlikdən əziyyət çəkirdi və bu müddət ərzində də tez-tez halı pisləşirdi. O, iyul ayının 8-i təcridxanadan ayrılıb zonaya getmişdir. Sevinc xanım gələndə vəziyyəti çox pis idi. Dəfələrlə ürəyi getmiş, vəziyyəti pisləşmiş, hətta çarpayının ikinci mərtəbəsindən düşdüyü üçün ona kömək etmişdir. Bu hadisələr təxminən mart-aprel aylarında baş vermişdir. Sevinc xanım həmin vəziyyətdə bir neçə saat qalmış, özünə gələndən sonra yıxılmaları baş vermişdir. Vəziyyəti yaxşı olmadığından üzərinə su tökürdü. Apelyasiya instansiyası məhkəməsində xeyrinə qərar qəbul etmədiyi üçün özünə xəsarət yetirib damarlarını kəsmişdir. Sevinc xanım onun vəziyyətini görüb qışqıraraq kömək çağırmışdı. Sevinc xanımın halı günügündən pisləşirdi, bu müddət ərzində onun yaxşı vəziyyətini görməmişdir.

14. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(101)- 1020/2022 nömrəli hökmü ilə İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X3 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) İddiaçı zərər çəkmiş şəxs (mülki iddiaçı) X2 dəymiş ziyanın ödənilməmiş hissəsi 224.000 manat və 120.000 ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla İddiaçı tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) X1 xeyrinə ödənilməsi və eyni zamanda zərər çəkmiş şəxs (mülki iddiaçı) X3 tərəfindən mülki iddia üçün ödənilmiş 820 manat dövlət rüsumunun təqsirləndirilən şəxs İddiaçı tutularaq zərər çəkmiş şəxs X1 xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103) 415/2023 saylı hökmündən görünür ki, müdafiəçilər X4 və Vəkil1 tərəfindən birgə, təqsirləndirilən şəxs və müdafiəçisi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı CM-nın 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(101)- 1020/2022 nömrəli hökmü ləğv edilmiş, İddiaçı CM-nın 178.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-nın 42.1.4-cü maddəsinə əsasən CM-nın 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv olunmuş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, X3 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmiş, ekspertiza xərci 59,94 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş, maddi sübut olan SMS mətnlərini özündə əks etdirən sənədlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(102)-827/2024 saylı qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-415/2023 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır.

17. İddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət olan 9 ay 7 gün ərzində əsassız yerə həbsdə saxlanılmış, eləcə də, 10 ay ərzində başqa yerə getməmək barədə iltizam tədbirinin tələblərinə riayət etməyə məcbur olmuşdur.

18. Mülki iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçı əziyyət çəkdiyi xəstəliklərlə bağlı müayinə və müalicə olunmuş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: -barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; -barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; -şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; -cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; -şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; -şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

23. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: -məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; -müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; -ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; -hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; -vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

24. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

25. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

26. Maddə 8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.

27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

32. 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

33. MPM-in 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində, iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində, demək ki, tam yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Hazırkı halda rayon məhkəməsi iddiaçının qanunsuz həbsdə saxlanması nəticəsində onun tərəfindən mənəvi sarsıntının keçirilməsi ilə bağlı yalnız pozuntunun müəyyən olunmasını mənəvi zərəri tam əvəz etməməsi və məhz buna görə də mənəvi zərərə görə iddiaçının qanunsuz həbsdə saxlanıldığı 10 ay x 1000 manat=13.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat=3000) olmaqla, ümumilikdə, 13000 manat əvəzin ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat tutulur. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan cəmi 13.000 manat iddiaçının qanunsuz həbsdə saxlandıldığı (10 ay x 1000=10000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla müəyyən edilməsi həmin oturuşmuş məhkəmə təcrübəsinə uyğun olmuşdur.

46. İddiaçının apellyasiya şikayətinin digər dəlili maddi zərərlə bağlı iddia tələbinin təmin edilməməsi barədədir.

47. İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddət ərzində hər ay üçün minimum əmək haqqı miqdarında maddi zərər tələb etmiş, rayon məhkəməsi bu hissədə iddia tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməməsi əsası ilə təmin etməmişdir.

48. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər ödənilməlidir.

49. Həmin Qanunun 8-ci maddəsinə görə, qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.

50. Qanunun normasından göründüyü kimi işdən (vəzifədən) azad edilmə və ya kənarlaşdırılma ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi o halda mümükündür ki, şəxs qanunsuz həbs edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad edilmiş olsun.

51. Hazırkı halda iddiaçı qanunsuz həbs edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad edilmiş olması barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin Qanunda qanunsuz həbs edilmə ilə əlaqədar yaşayış minimumu həddində ziyanın tutulması əsası da müəyyən edilməmişdir. Buna görə də iddiaçının apellyasiya şikayəti- işləməməsi ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi hissədə də əsassızdır və təmin edilməməlidir. Düzdür, rayon məhkəməsi iddiaçının bu tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları təqdim etməməsi əsası ilə rədd etməklə mövqeyini dolğun ifadə edə bilməsə də, lakin mahiyyət etibarı ilə həmin tələbə dair hissədə də düzgün nəticəyə gəlmişdir.

52. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlili ilə bağlı aşağıdakıları qeyd edir.

53. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.

54. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

55. Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

57. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.

58. Göründüyü kimi, cavabdehin, onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili açıq-aşkar əsassızdır.

59. Məhkəmə kollegiyası mənəvi zərərin əvəz kimi tutulan məbləğin şişirdilməsi ilə bağlı dəlil üzrə bildirir ki, iddiaçının qanunsuz həbsdə saxlandıldığı 10 ay x 1000 manat=13.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla müəyyən edilməsi oturuşmuş məhkəmə təcrübəsinə uyğun olduğu üçün həmin dəlil əsassızdır.

60. Cavabdehin apellyasiya şikayətinin mənəvi zərərin əvəzi kimi tutulan məbləğin müəyyən edilməsi zamanı CPM-in 190-cı maddəsinin nəzərə alınması barədə dəlili üzrə qeyd edilir ki, CPM-in 58.2-ci maddəsində də qeyd edilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

61. CPM-in 190-cı maddəsi isə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə kompensasiya almaq hüququnu tənzimləyir.

62. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

63. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

64. Cavabdehin apellyasiya şikayətini digər dəlili iddiaçının vəkilsiz də öz hüququnu müdafiə edə bilməsi, öz arzusu ilə vəkillə müqavilə bağladığı üçün ondan vəkil xərcinin tutulmasının əsassız olması barədədir.

65. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-cü maddəsinin İ hissəsi ilə bağlı bildirir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

66. MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

67. MPM-in 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir.

68. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Beləliklə, iddiaçı öz konstitusion hüququndan istifadə edərək vəkil yardımından istifadə etmiş, iddia tələbi qismən təmin edilmiş, rayon məhkəməsi də MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, həmin məhkəmə xərcini cavabdehdən tutmaqda haqlı olmuşdur, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:

70. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar