Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1934/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3, onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixində saat 17:50-də Mercedes Benz S 320 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək, İddiaçı idarə etdiyi KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 25.370 manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 500 manat, həmçinin 2.000 manat mənəvi ziyanın və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 185 manat, cəmi 28.055 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 03 oktyabr 2022-ci il tarixdə iddiaçı Sabunçu rayonu Pirşağı qəsəbəsi ilə mülkiyyət hüququ üzrə özünə məxsus olan KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sonradan adını bildiyi Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı, 99-MH752 dövlət nömrə nişanlı avtomaşın qəflətən yoluna çıxmış və iddiaçını vurmuşdur. Baş vermiş hadisə zamanı iddiaçı xəsarət almasa da hadisədən bərk qorxmuş və mənəvi sarsıntı keçirtmişdir. Həmin vaxtı iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. Çünki iddiaçının yoluna çıxan Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı avtomaşın iddiaçını vurduqdan sonra idarəetməni itirmiş və maşını daş hasara çırpılmış, yeni aldığı avtomobilinə ciddi zərər dəymişdir. Dəymiş zərərin müəyyən edilməsi ilə bağlı müstəqil ekspertə də müraciət etmiş və bu barədə rəy tərtib olunmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh3 vurulmuş maddi zərərə görə 25.370 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardımla əlaqədar 500 manat xidmət haqqı və ödənilmiş 173.70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qalan 11.30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 avtomobili etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyinə vermişdir. 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 yanında olmaqla avtomobili idarə edərkən hadisəni törətmişdir. İş materiallarında görünür ki, Cavabdeh3 təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh3 olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh3 məsuliyyət daşıyır. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş ekspert rəyini sübut qismində qəbul etmiş və iddia tələbinin tam həcmdə, yəni 25.370 manat məbləğində təmin edilməsini qanuni hesab etmişdir. İddiaçı avtomobillə toqquşma nəticəsində qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Aldığı xəsarətlərlə keçirdiyi mənəvi iztirablarla yanaşı, hadisədən dərhal sonra cavabdehin hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsi qətnamə qəbul edərkən onun hüquq və mənafeyini pozmuş, onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarını həyata keçirməyinə şərait yaratmamışdır. Məhkəmədə müdafiə olunmaq hüququnu təmin etməmişdir. Belə ki, Şuşa rayonundan məcburi köçkündür və Bakı şəhəri Pirşağı qəsəbəsində məskunlaşıb. Ona məhkəmə bildirişi gəlib çatmamışdır. Avtoqəza törədən iddiaçı olmuşdur və o, onun yoluma çıxaraq onun avtomobilini vurmuşdur. Nəticədə o, ağır xəsarət almış və dərhal xəstəxanaya yerləşdirilmişdir. Uzun müdət xəstəxanada müalicə alıb. Buna görə də öz hüquqlarından isitfadə edə bilməyib. X3 əməkdaşları onun iştirakı olmadan onun xəbəri olmadan yol hərəkəti haqqında qanunun tələblərinin pozulması haqqında inzibati təqsiri onun ayağıma yazmış və barəsində qanunsuz inzibati xəta haqında protokol tərtib etmişdir. İddiaçı da həmin protokolu əlində əsas götürərək məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə onun iştirakını təmin etmədən, işi araşdrmadan onun məhkəmə müdafiəsi hüququnu pozaraq qətnamə qəbul etmişdir Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən, mülki işin faktiki hallarını yəni təqsirin kimdə olması, iddiaçının avtomobilinə həqiqətənmi o qədər zərər dəyməsini aydınlaşdırmamışdır. İddiaçının avtomobilinə 29641 manat zərər dəyməsi ilə bağlı qüsur aktı və onun əsasında hazırlanmış ekspert rəyi heç də həmin avtomobilə o qədər məbləğdə zərər vurulması anlamına gəlməməlidir. Bu sübut kimi qəbul edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Apelyator və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilməlidir.
18. Hazırkı iş üzrə cavabdeh iddia edir ki, yol nəqliyyat hadisəsi iddiaçının təqsiri üzündən baş vermiş, sonuncu onun yoluna çıxaraq avtomobilini vurmuşdur. İnzibati xəta haqqında protokol qanunsuz tərtib olunmuşdur.
19. Cavabdehin bu dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.
20. Hazırkı situasiyada Cavabdeh3 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması işin mübahisəsiz halıdır.
21. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. İddiaçı cavabdeh tərəfindən qəza nəticəsində avtomobilə 25.370 manat məbləğində ziyan dəydiyini bildirərək öz tələbinin əsası kimi müstəqil ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara istinad etmişdir.
23. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli rəydən görünür ki, ekspert rəy verərkən iş materiallarında olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara istinad etmiş və bu məlumatları əsas götürərək 2017-ci il buraxılışlı KİA Stinger markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcini avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.370 manat müəyyən etmişdir.
24. Cavabdeh həmin məbləğlə razılaşmır, avtomobilə daha az məbləğdə zərər dəydiyini bildirir.
25. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş üzrə təkrar məhkəmə-əmtəəşünasləq ekspertizası təyin olunması barədə vəsatət vermiş və məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə bu vəsatəti təmin etmişdir.
26. Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il 3-16—16/2- 9/3243/2024 saylı rəyinə əsasən avtomobilin hadisə baş verən tarixə və hazırkı dövrə olan təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: dəyişilməli hissələrin qiyməti – 16069,00 manat, təmir-bərpa işlərinin qiyməti 2520,00 manat, cəmi 18589,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə onların qiyməti – 13799,00 manat, təmir-bərpa işlərinin qiyməti 2520,00 manat, cəmi 16319,00 manat.
27. Apellyasiya baxışı zamanı təqdim olunmuş PXA121121 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir və bu, işin mübahisəsiz halıdır.
28. Ekspert rəyi əsaslandırılmışdır və rəydə göstərilmiş məlumatların mötəbərliyini şübhə altına almaq üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası iş üzrə əlavə, yaxud təkrar ekspertiza təyin olunmasına lüzum görmədi.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı əldə olunmuş 13 sentyabr 2024-cü il tarixli ekspert rəyində göstərilən məlumatlar əsas götürülməli və cavabdeh tərəfindən avtomobilə dəymiş ziyana görə iddiaçıya ödənilməli olan pulun məbləği ödənilmiş sığorta məbləği çıxılmaqla (16319-5000) 11319 manat müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsi avtomobilə dəymiş ziyana görə Cavabdeh3 İddiaçı xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilsin və həmin məbləğ 11319 (on bir min üç yüz on doqquz) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.