Məhkəmə qərarları › İş №2(103)-1938/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1938/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1938/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ibtidai istintaq orqanı tərəfindən vurulmuş maddi ziyana görə 200.000 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 300.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə qanunsuz olaraq ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, iddiaçı, qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 178.3.2-cimaddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 8 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası saxlanılmış, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Sözügedən hökmdən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq, 1(103)-291/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmə əsasən qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü iddiaçıya aid hissədə ləğv edilmiş, CM-in 178.3.2-cimaddəsi ilə iddiaçıya bəraət verilmiş, o, CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)- 1283/2021 saylı qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə iddiaçının bəraət almağına və həbsdən azad olmağına baxmayaraq, o, qanunsuz olaraq həbsdə saxlanıldığı vaxt gərgin psixoloji vəziyyətdə olmuş, psixi travma almış, mənəvi sarsıntılar keçirmiş, beləliklə, ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. İddiaçı həbs edilməmişdən öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və aylıq qazancı 9.000 – 10.000 manat civarında olmuşdur. Belə ki, həbsdə olduğu 02 il 09 ay ərzində 200.000 manat qazancından məhrum olmuşdur. Qeyd edilən müddət ərzində o, işini, qazancını və işgüzar əlaqələrini itirmiş, ailədə əsas qazanc yeri olduğu üçün 5 nəfərdən ibarət olan ailəsi çıxılmaz vəziyyətdə maddi məhrumiyyətlərlə üzləşmişlər. Bundan əlavə ibtidai istintaq orqanı və məhkəmənin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərərlə əlaqədar ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir əsas olmadan ömrünün 2 il 9 ayını dəmir barmaqlıqlar arasında keçirmiş və bu qanunsuzluq onun cəmiyyətdə nüfuzunun sarsılmağına, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməyinə, fəal ictimai həyat tərzindən məhrum olmağına, ətrafında onun barəsində mənfi fikir formalaşmağına səbəb olmuşdur. Bu baxımdan mütəmadi psixoloji əsəb və stres, ağır mənəvi iztirab və sarsıntı keçirtmişdir Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçının ona vurulmuş maddi ziyanla, həmçinin dəymiş mənəvi zərərlə bağlı cavabdehdən təzminat almaq hüququ vardır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh Maliyyə Nazirliyinin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, “Maliyyə Nazirliyi haqqında Əsasnamədə” Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən Aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə iştirak edir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər orqanları da nəzərdə tutulur. Eyni zamanda, Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirilir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı üçün iddia tələbi Nazirliyə qarşı təmin edilə bilməz. İddiaçının mənəvi zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır.

4. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmiş, iddia tələbinə dair münasibətlərini bildirməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 27.500 manat məbləğində pulun iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ticarətlə məşğul olub aylıq müəyyən məbləğdə pul qazanmasına istinad edib, qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə ona 200.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Vergi Xidmətinin müvafiq məktubunda həbsə alınmamışdan bilavasitə əvvəlki dövrdə onun qazancının həcmi (dövriyyəsi) dəqiq göstərilmədiyindən, məhkəmə tərəfindən edilmiş sorğular nəticəsində həmin orqandan alınmış cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının adına 2006-cı ildən VÖEN olsa da, 2015-2023-cü illər ərzində onun heç bir dövriyyəsi və gəlirləri barədə məlumatlar qeydə alınmamış, 2024-cü il üzrə isə dövriyyə məbləği göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının vəkili (nümayəndəsinə) iddiaçının həbsə alınmamışdan bilavasitə əvvəlki dövrə aid (2016-2017-ci illər) qazancının olmasını təsdiqləyən sübutların təqdim edilməsi təklif edilsə də, o, iddiaçıda belə sübutların – müvafiq vergi bəyannamələrinin olmadığını bildirmişdir. Beləliklə, müvafiq dövlət orqanından da əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçının həbsdə olduğu müddətdə 200.000 manat məbləğində qazancından məhrum olması, yəni həbsə alınması səbəbindən qazancını itirməsi dəlili əsassızdır. Çünki hələ həbs edilməzdən də 3 il əvvəl – 2015-ci ildən etibarən iddiaçının VÖEN üzrə gəliri, dövriyyəsi barədə vergi orqanına heç bir bəyannamə vermədiyi müəyyən edilir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya real maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmadığından, iddia tələbinin “200.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir. İddia tələbinin “100.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə Rayon Məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının törətmədiyi əmələ görə barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin 100.000 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (qətimkan tədbirinin xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 27.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 27.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, tələb qalan hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi həmçinin cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. d) apellyasiya şikayətləri barədə məlumat

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, əsaslı olan iddianı qismən təmin etmişdir.

9. Cavabdeh Maliyə Nazirliyi də həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

10. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tam əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 27.500 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır. Mənəvi ziyan zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi nəzərə alınmaqla dəyərləndirilməlidir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Cavabdeh Nazirliyin və üçüncü şəxslərin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə ilk növbədə cavabdeh Maliyyə Nazirliyin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

14. Belə ki, cavabdeh Maliyyə Nazirliyin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

15. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

16. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

17. Bu baxımdan hesab edilməlidir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

18. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bağlı bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-291/2021 saylı cinayət işi üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli hökmdən görünür ki: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-77/2020 nömrəli hökmünə əsasən hazırkı mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.2-cimaddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 8 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası saxlanılmış, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə cəza təyin edilməmiş, cəzasını ümumi rejimlicəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır; - apellyasiya protesti və cinayət işi üzrə zərərçəkmiş şəxs X2 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının və onun müdafiəçisinin verdikləri apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi, iddiaçının CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən iddiaçıya həmin maddələr ilə cəza təyin edilməməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)- 1283/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmdən verilmiş kassasiya protesti və kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vergi ödəyicisi olan iddiaçı tərəfindən xx.xx.2006-xx.xx.2024-cü il tarixləri üzrə müvafiq dövrlər üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 476.213,9 manat, ödənilmiş vergi məbləği isə 1.7032,84 manat təşkil etmişdir. İddiaçının xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə müvafiq dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 9.960,99 (ƏDV daxil) manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınması xahiş olunmuşdur.

21. Həmin İdarənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisi olan iddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 9.961,00 (ƏDV daxil) manat təşkil etmişdir. İddiaçı tərəfindən 2023-cü il üzrə müvafiq bəyannamələr təqdim edilmədiyindən xalis gəlir məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınması xahiş olunmuşdur.

22. Həmin İdarənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisi olan iddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə müvafiq dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 16618,99 (ƏDV daxil) manat olduğu müəyyən edilmişdir.

23. Həmin İdarənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə dövriyyəsi və ya gəlirləri barədə məlumat müəyyən edilməmişdir.

24. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə iddiaçı CM-in 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdən hesablanmaqla ona 178.3.2-ci maddə ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 8 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası saxlanılmış, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə cəza təyin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçıya CM-in 178.3.2-ci maddəsi ilə ona bəraət verilərək, iddiaçı yalnız CM-in 313 və 32.4, 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən iddiaçıya həmin maddələr ilə cəza təyin edilməmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, 200.000 manat maddi zərərin, 100.000 manat mənəvi zərərin ona ödənilməsini; cavabdeh özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qeyd edilən qətimkan tədbirləri tətbiq edilmişdir, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı yalnız CM-in 313 və 32.4, 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, CM-in 178.3.2-ci maddəsi ilə isə qanunsuz olaraq təqsirləndirilmişdir.

25. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

26. Məhkəmə bildirir ki, iddiaçının əməlinə əvvəlcədən düzgün hüquqi qiymət verilsəydi, ona CM-in 313-cü maddə ilə verilmiş ittihamla bağlı cinayət təqibinə müddət keçməsi səbəbindən xitam verilməli idi.

27. İddiaçıya xx.xx.2019-cu il tarixdə CM-in 308.2-ci maddə ilə ittiham elan edilməsi və onun CM-in 308.1-ci maddə ilə təqsirləndirilməsi nəzərə alındıqda, 2012-ci ilin iyul ayında törətdiyi müəyyən edilən həmin az ağır əmələ görə fevral ayından 2019-cu ilin iyul ayınadək həbsdə saxlanmasının mümkünlüyü, ən geci 2019-cu ilin iyul ayında cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməli olması, yəni iddiaçının məhz törətdiyi cinayət əməllərinə görə maksimum 5 ay müddətində həbsdə saxlana biləcəyi müəyyən edilir.

24. Deməli, iddiaçının 2 il 8 ay 17 gün həbsdə olmasına baxmayaraq, bu dövrdən yuxarıda qeyd edilən 5 aylıq dövr çıxılmaqla məhz 2 il 3 ay 17 gün müddətində həbsdə saxlanmasının qanunsuz və əsassız olması müəyyən edilir. Bununla da iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halı hesab olunur. Lakin iddiaçıya hansı məbləğdə ziyan dəyməsi hazırkı işin mübahisəli halını təşkil edir. Belə ki, iddiaçı bu müddət ərzində ona 200.000 manat maddi, 100.000 manat mənəvi ziyan dəydiyini bildirir.

25. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) tələblərinə görə, CPM-in 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

26. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

27. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

29. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

31. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannaməyə” istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

33. Məhkəmə iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı ticarətlə məşğul olub aylıq müəyyən məbləğdə pul qazanmasına istinad edib, qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə ona 200.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

34. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Vergi Xidmətinin müvafiq məktubunda həbsə alınmamışdan bilavasitə əvvəlki dövrdə onun qazancının həcmi (dövriyyəsi) dəqiq göstərilmədiyindən, məhkəmə tərəfindən edilmiş sorğular nəticəsində həmin orqandan alınmış cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının adına 2006-cı ildən VÖEN olsa da, 2015-2023-cü illər ərzində onun heç bir dövriyyəsi və gəlirləri barədə məlumatlar qeydə alınmamış, 2024-cü il üzrə isə dövriyyə məbləği göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının vəkili-nümayəndəsinə iddiaçının həbsə alınmamışdan bilavasitə əvvəlki dövrə aid (2016-2017-ci illər) qazancının olmasını təsdiqləyən sübutların təqdim edilməsi təklif edilsə də, o, iddiaçıda belə sübutların – müvafiq vergi bəyannamələrinin olmadığını bildirmişdir. Beləliklə, müvafiq dövlət orqanından da əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçının həbsdə olduğu müddətdə 200.000 manat məbləğində qazancından məhrum olması, yəni həbsə alınması səbəbindən qazancını itirməsi dəlili əsassızdır. Çünki hələ həbs edilməzdən də 3 il əvvəl – 2015-ci ildən etibarən iddiaçının VÖEN üzrə gəliri, dövriyyəsi barədə vergi orqanına heç bir bəyannamə vermədiyi müəyyən edilir.

35. Məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur.

36. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

37. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçıya real maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmadığından, iddianın “200.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsini rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

38. Bu tələbin tam və ya qismən təmin edilməsi üçün əsaslar yoxdur. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsinin bu nəticəsinə dair iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır.

39. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı bildirir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının törətmədiyi əmələ görə barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

40. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 100.000 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (qətimkan tədbirinin xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 27.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.

41. Rayon Məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Mənəvi ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin məbləğinin 27.500 manat müəyyən edilməsi ədalətlidir.

42. Həmin məbləğin azaldılması və ya artırılması üçün əsaslar yoxdur. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsinin bu nəticəsinə dair hər iki apellyasiya şikayətinin dəlili əsassızdır. g) apellyasiya baxışının nəticəsi

43. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar