Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1944/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3894/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Oktay oğlu Cavabdeh MTK-ya qarşı “hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisini), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamın, Maliyyə arayışının təsdiq olunmuş surətlərini ona verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması vəzifəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 14.08.2018-ci il tarixdən Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "xxxx" MTK-nın "Payçı"-sıdır. Həmin tarixdən kooperativlə aralarında bağlanan müqaviləyə əsasən, "Kooperativ" ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilin payçı kimi ona verilməsi, bunun müqabilində 1 otaqlı ümumi sahəsi 73,75 m2 sahəsi olan mənzilin şirkətə hər m2 -nə 850 manat olmaqla, cəmi 62688 manat ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq kooperativin hesabına müqavilədə göstərilən vəsaiti ödəmişdir. Bu barədə ona 14.08.2018-ci il tarixli 08/173 saylı maliyyə arayışı verilmişdir. Hazırda sözügedən mənzili özəlləşdirmək niyyəti ilə 26.05.2021-ci il tarixdə 335 saylı vəkil sorğusu ilə kooperativə müraciət edərək, aşağıdakı sənədlərin təsdiq olunmuş surətlərini bizə göndərilməsini xahiş etmişlər. Sənədlər: X3 "xxxx"MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisini), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamın, Maliyyə arayışının təsdiq olunmuş surəti. Lakin vəkilinin sorğu məktubu "xxxx" MTK-ya daxil olmasından 1 aydan yuxarı müddət keçməsinə baxmayaraq MTK rəhbərliyi müxtəlif bəhanələrlə sorğunu cavablandırmamışdır. Odur ki, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)- 3894/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3894/2021 saylı iş üzrə 30.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçının izahatları və iddiaçının təqdim etdiyi mötəbərliliyi yoxlanılmayan iki sənədlə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi cavabdeh MTK-nın iştirakını təmin etmədən, sonuncunun nümayəndəsini dinləmədən işə baxmış və bu zaman çəkişmə prinsipinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının MTK-ya eyni tələblərlə müraciət edib-etməməsini aydınlaşdırmamış və bu barədə qətnamədə hər hansı məlumat göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini, tələb etdiyi qərarın mövcudluğunu yoxlamamışdır. Bununla da, birinci instansiya məhkəməsi, mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi bir sıra maddi hüquq normalarını qətnamədə sadalasa da, iş üzrə konkret olaraq hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu qeyd etməmişdir. Məhkəmə tərəfindən iddia üzrə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə heç bir araşdırma aparılmamış, qətnamədə sadəcə iddiaçının təqdim etdiyi mötəbərliliyi yoxlanılmayan iki sənədin məzmunu əks etdirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini və tələb etdiyi ümumi yığıncağın qərarının mövcudluğunu yoxlamadan, MTK-nın ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələyə düzgün qiymət verməyərək, iddianın təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir. Cavabdeh işdə iştirak etməmiş və hər hansı sübutu ümumiyyətlə təqdim etmək imkanından məhrum olmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, iddiaçı əslində mübahisəli mənzilin dəyərini ödəməmişdir.Cavabdehin vəkili və nümayəndəsi tərəfindən 14 avqust 2018-ci il tarixli borc müqaviləsinin surəti (Cavabdeh MTK ilə İddiaçı Oktay oğlu arasında 62.688 (altmış iki min altı yüz səksən səkkiz) manat məbləğində borc müqaviləsi bağlanılmışdır) təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Oktay oğlunun vəkili və nümayəndəsi X4 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçının izahatları və iddiaçının təqdim etdiyi mötəbərliliyi yoxlanılmayan iki sənədlə kifayətlənmişdir.Birinci instansiya məhkəməsi cavabdeh MTK-nın iştirakını təmin etmədən, sonuncunun nümayəndəsini dinləmədən işə baxmış və bu zaman çəkişmə prinsipinin tələblərini pozmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan 14.08.2018-ci il tarixli, 08/173 nömrəli Maliyyə arayışından görünür ki, ünvan 1də yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Həmin binanın B girişinin, 12-ci mərtəbəsində ümumi sahəsi 73.75 kv.m olan, 130 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan 14.08.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, Cavabdeh MTK ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilin payçı kimi İddiaçı verilməsi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənlşdirilmiş mənzil haqqını vaxtında ödəməyi, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürür. Bunun müqabilində 1 otaqlı ümumi sahəsi 73,75 m2 sahəsi olan mənzilin şirkətə hər m2 -nə 850 manat olmaqla, cəmi 62688 manat ödənilməsi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi Maliyyə arayışınının və 14.08.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilənin mötəbərliliyinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, həmin sənədlər notarial qaydada təsdiq olunmaqla birinci instansiya məhkəməsinə təqdim olunmuşdiur. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində iştirak etməyən cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 14 avqust 2018-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı Oktay oğlu arasında 62.688 (altmış iki min altı yüz səksən səkkiz) manat məbləğində borc müqaviləsi bağlanılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi kserosurət olaraq təqdim etdiyi həmin Borc müqaviləsinin hazırkı iddianın təmin olunmasını istisna edən sübut olmasını əsaslandıra bilməmişdir.Həmçinin, həmin müqavilə surət olmaqla yanaşı 1.1 bəndində göstərilən mənzil dedikdə hansı mənzildən bəhs olunması müəyyən olunmur. Bunun qarşılığında iddiaçının notarial qaydada təsdiq olunmaqla məhkəməyə təqdim etdiyi mənzilin dəyərinin ödənilməsinə dair Maliyyə arayışı və 14.08.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilə mövcuddur və cavabdeh həmin müqaviləni və maliyyə arayışını hal-hazıradək mübahisələndirməmişdir. Daha sonra apellyasiyanın dəlillərindən olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının MTK-ya eyni tələblərlə müraciət edib-etməməsini aydınlaşdırmamış və bu barədə qətnamədə hər hansı məlumat göstərilməmişdir. İddiaçının vəkili və nümayəndəsinin izahatından müəyyən olunur ki, hazırkı tələblə cavabdehə bir neçə dəfə şifahi müraciət olunmuş, həmçinin iş materiallarından ( i/v-9) örünür ki, iddiaçının sözügedən mənzili özəlləşdirmək niyyəti ilə 26.05.2021-ci il tarixdə 335 saylı vəkil sorğusu ilə kooperativə müraciət edərək, aşağıdakı sənədlərin təsdiq olunmuş surətlərini bizə göndərilməsini xahiş etmişlər. Göründüyü kimi,iddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi ümumi yığıncağın qərarının mövcudluğunu yoxlamadan, MTK-nın ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələyə düzgün qiymət verməyərək, iddianın təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir. Göstərilən dəlilə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilə, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışlar, maliyyə arayışı tələb olunur. Lakin cavabdeh qeyd olunan sənədləri ərizədə tələb etsə də, iş materiallarından görünür ki, İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilə və maliyyə arayışı iddiaçıya təqdim olunmuşdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. O da qeyd edilməlidir ki, qanunverilciyin tələbinə uyğun olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin qərarda mənziltikinti kooperativi binasının ünvanının və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti də təqdim edilməlidir. Odur ki, məhkəmə kollegiyası iddianın qismən təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün ünvan 1 ünvanınında yerləşmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinə dair MTK üzvlərinin ümumi yığıncağının yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)- 3894/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1944/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1944/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver