Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1947/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqına qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icbari sığorta müqaviləsi, sığortalı, sığorta olunan, sığorta qanunvericiliyinin məqsədləri baxımından avtonəqliyyat vasitəsinin sahibi, bonus-malus əmsalı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqına qarşı “ləğv edilmiş bonusların bərpa olunması və ziyanın əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Wolksvagen Touareg” markalı ** HV *** dovlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir, həmin avtomobilin sahibinin mülki məsuliyyəti xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta şəhadətnaməsində sığortalı olaraq İddiaçı göstərilmişdir.
2. “Toyota Prado” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir, həmin avtomobilə dair icbari sığorta müqaviləsi onu qanuni əsaslarla idarə edən İddiaçı atası tərəfindən bağlanmış, 2022-ci ilin iyun ayında qeyd olunan avtomobilin iştirakı ilə sığorta hadisəsi törədilmişdir.
3. “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqının (Büro) İddiaçı və X4 iş departamentinin direktoru Xəyal Babayevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Büronun informasiya sistemində axtarış zamanı İddiaçı adına (FİN: OWCVVQ0) rəsmiləşdirilmiş PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi (Mülkiyyətçi qismində İddiaçıQ.) törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini İddiaçı bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanuni əsaslarla) onun bonus-malus əmsalına təsir göstərmişdir.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023 tarixli məktubda da eyni məzmunda məlumat verilmiş, bu kimi halların təkrarlanmaması üçün sığortaçıya yaxınlaşaraq adına olan sığorta müqaviləsini xitam etdirmək tövsiyə olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, avto icbari sığorta haqqının hesablanmasında ona münasibətdə tətbiq edilmiş və ləğv edilmiş bonusların bərpa edilməsi, cavabdehdən onun xeyrinə 51,50 manat məbləğində ziyanın tutulması, ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində və sahibliyində olan “Wolksvagen Touareg” markalı ** HV *** dovlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə bitdiyi üçün növbəti dəfə təzələmək istəyərkən məlum olmuşdur ki, adına qanuna zidd sığorta hadisəsi rəsmiləşdirilərək icbari sığorta reyestrinə daxil edilmiş və bununla da indiyə kimi topladığı bonuslar silinərək yüksək malus əmsalı tətbiq olunmuş, nəticədə sığorta haqqı bir neçə dəfə artırılaraq 525 manat təşkil etmişdir. Belə ki, adına olan ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi həmin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən atası tərəfindən xəbəri və buna razılığı olmadan onun adına bağlanmış, 2022-ci ilin iyun ayında sonuncu tərəfindən sığorta hadisəsi törədilməsinə baxmayaraq həmin hadisə müvafiq sığorta şirkəti tərəfindən onun adına rəsmiləşdirilərək reyestrə məlumat daxil edilmişdir. Məsələdən hali olan kimi dərhal tərəfindən xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka bankın saytı vasitəsilə elektron qaydada müraciət olunaraq “İcbari Sığorta Bürosu”nun (İSB) İnformasiya Sisteminə daxil edilmiş icbari sığorta hadisəsinin adına rəsmiləşdirilməsi barədə məlumatın sistemdən silinməsinə dair müvafiq qərarın qəbul edilməsi tələb edilmişdir. Mərkəzi Bank tərəfindən məsələnin araşdırılması ilə bağlı əlavə məlumatların əldə edilməsi üçün xx.xx.2022-ci ildə ərizələri İSB-na göndərilərək 5 iş günü müddətində məlumatların həm banka, həm də onlara təqdim edilməsi qeyd olunmuşdur. Həmin müraciətin cavablandırılması İSB tərəfindən yubadıldığı üçün tərəflərindən xx.xx.2022-ci il tarixdə rəsmi ərizə ilə bilavasitə İSB-nun özünə müraciət edilərək ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomaşına dair bağlanmış sığorta müqaviləsindən məlumatının və razılığının olmadığı bir daha vurğulanaraq müraciətə cavab verilməsinin tezləşdirilməsi xahiş olunmuşdur. Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli və İSB-nin xx.xx.2022-ci il tarixli onlara ünvanladıqları məktublarında icbari sığorta müqaviləsinin adına rəsmiləşdirilməsi əsas götürülərək informasiya sisteminə tələb etdiyi müvafiq düzəlişin edilməsindən imtina olunmuşdur. Belə olduqda ziyandan müəyyən qədər yayınmaq üçün mülkiyyətində olan və hazırda idarə etdiyi “Wolksvagen Touareg” markalı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsini oğlu X5 adına, aaxırıncıya avtomobili idarə etmə etibarnaməsi verməklə qeydə alıb İSB-nun hesabına 151 manat ödəmışdir. Halbuki adına qeyri-qanuni icbari sığorta hadisəsi rəsmiləşdirilməsəydi bu məbləğ 45% bonus tətbiqini nəzərə almaqla 96,25 manat təşkil etməli idi. Bundan sonra iddia tələbi ilə tərəfindən Mərkəzi Banka qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Mərkəzi Bankın məhkəməyə təqdim etdiyi 2 may 2023-cü il tarixli məlumatına əsasən BM sistemi Mərkəzi Bankın deyil, Büronun elektron informasiya sisteminin tərkib hissəsi olduğu və həmin sistemə nəzarət və istifadə Büro tərəfindən həyata keçirildiyi üçün iddiaya cavabdeh qurum da Büro olmalıdır. Eyni zamanda Mərkəzi Bank məlumata əlavə olaraq inzibati məhkəməyə oxşar iddia ilə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırda qüvvəyə minmiş qətnaməsinin də təqdim etmişdir. Həmin qətnaməyə əsasən vətəndaş Semur Əsədovun “İcbari Sığorta Birliyi”nə qarşı “bonusların bərpa edilməsi” tələbi tam təmin olunmuşdur. Bunları nəzərə almaraq iddia ərizəsi tərəfindən könüllü olaraq geri götürülmüşdür ki, məhkəməyə müraciət olunsun. Hazırda da Azərbaycan Respubliksı Ali Məhkəməsinin tövsiyyəsinə uyğun olaraq məhkəmələrin qəbul etdiyi qərarlar üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılır. Hesab edir ki, imtina əsassızdır və bu sahəni tənzimləyən həm mülki, həm də sığorta qanunvericiliyinə ziddir. Belə ki,əvvəla imtinaya əsas olan onun adından bağlanmış PPA********** sayı icbari sığorta müqaviləsi razılığı və xəbəri olmadan onun adına rəsmiləşdirilmişdir. İkincisi, mülki qanunvericiliyin və “İcbari Sığorta haqqında” Qanunun tələblərinə əsasən sözügedən sığorta şəhadətnaməsi onun adına verilməsinə baxmayaraq sığorta hadisəsi sayılan avtoqəza avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə və istismar edən şəxs tərəfindən törədildiyi üçün sığorta hadisəsi də onun adına rəsmiləşdirilərək malus sistemi fərdi qaydada tətbiq olunmalıdır.
7. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi ünvanlamış, etirazda aşağıdakıları göstərmişdir: “...İddiaçının Büroya qarşı tələbləri "İcbari sığortalar haqqında” Qanunun normalarına zidd olmaqla iddiaçı tərəfindən qanunvericiliyə düzgün istinad edilməmişdir. “İcbari sığortalar haqqında" Qanunun (Qanun) 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nın (Qayda) 2.1-ci yarımbəndinə uyğun olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə həmin Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır. Qaydanın 1.2.1-ci yarımbəndinə əsasən Bonus-Malus (BM) sistemi əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortaliya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. İşin hallarından göründüyü kimi, iddiaçı icbari sığorta müqaviləsi bağlayaraq sığortalı qismində çıxış etmiş və ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyini müqavilə qüvvədə olduğu müddət ərzində sığortalamışdır. İddiaçının atası Cabir Dadaşov həmin nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə etmiş, törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığı və sığortalı qismində çıxış etdiyi icbari sığorta müqaviləsi üzərindən həyata keçirərək iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Bonus-malus sistemi qanunvericiliyin tələblərinə əsasən sığorta olunana yox, sığortaliya münasibətdə tətbiq edildiyindən, PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə iddiaçının atası C.Q.Dadaşovun törətdiyi avtoqəza nəticəsində hesablanmış malus əmsalının sığorta müqaviləsinin tərəfi olmayan (yəni - sığortalı qismində çıxış etməyən şəxsə münasibətdə hesablanması qanuna-zidd və mümkünsüzdür. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, PPA********** saylı icbari sığorta müqaviləsi xx.xx.2021-ci il tarixində İddiaçı və "xxxx" ASC arasında bağlanmışdır. İddiaçı bildirir ki, onun mülkiyyətində olan ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsinə dair PPA********** saylı icbari sığorta müqaviləsi həmin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən atası tərəfindən iddiaçının xəbəri və buna razılığı olmadan iddiaçının adına bağlanmışdır. Lakin qeyd edilən iddia ilə əlaqədar hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarından belə nəticəyə gəlmək olur ki, iddiaçı bu halı nə müqavilənin digər tərəfi olan sığortaçı qarşısında, na də həmin əməli törətmiş atası qarşısında mübahisələndirməmiş, müqavilənin ləğvi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Buna görə də sübuta yetirilə bilinməyən iddia əsassız hesab edilməlidir. İddiaçının “Büronun hesabına 151 manat məbləğində pul ödəməsi" iddiası ilə bağlı qeyd olunmalıdır ki, MM-nin 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Təqdim edilmiş digər sığorta müqaviləsindən göründüyü kimi, PME********** saylı xx.xx.2022-ci il tarixində qüvvəyə minmiş icbari sığorta müqaviləsi X6 və sığortaçı "xxxx" ASC arasında bağlanmışdır. “İcbari Sığorta Bürosu” zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə Qanunun 27-ci maddəsində əks olunmuş funksiyaların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Qeyri kommersiya təşkilatı olan "İcbari Sığorta Bürosu”nun sığorta şirkəti olmaması və sığorta müqavilələri bağlamaq səlahiyyətinə malik olmaması səbəbindən hər hansı icbari sığorta müqaviləsinin tərəfi ola bilməz Buna görə də iddiaçının iddiası əsassız hesab edilməlidir. İddiaçının “cavabdehdən xeyrinə 51,50 manat məbləğində ziyanın tutulmasını və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun cavabdehə aid edilməsi” tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının hər hansı bir hüququnun pozulması faktı işin halları və və iş materialında olan sübutlar ilə təsbit olunmur: buna razılığı olmadan müqavilənin bağlanılması faktı sübuta yetirilməmişdir; sığorta müqaviləsinin qüvvədə mübahisələndirilməmişdir. Büro sığortaçı ilə sığortalı arasında bağlanan müqavilənin yaradılmasında tərəfləri digər qurumlardan əldə edilən zəruri elektron məlumatlarla təmin edən, əldə edilən məlumatlar əsasında müqavilənin yaradılması üçün qanun və qaydaların tələblərinə uyğun olaraq sığorta haqlarının hesablanmasını təmin edən və həmin müqavilənin informasiya sistemində mövcudluğunu təsdiq edən informasiya sisteminin "operatorudur". Buna görə də, sübuta yetirilməmiş "hüquq pozuntusu” ilə əlaqədar zərərin əvəzinin tam ödənilməsi ilə bağlı iddiaçının tələbi əsassızdır. Zərər vurmuş şəxsin məsuliyyət daşıması üçün onun təqsirli, hüquqa zidd əməli təsbit edilməli, iddiaçının isə zərərin əvəzinin tam ödənilməsi ilə bağlı hüquqlarının əmələ gəlməsi üçün hər hansı bir hüquq pozuntusu mövcud olmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, "hüquq pozuntusu" sübuta yetirilsə belə müqavilə tərəfi olmayan, sığorta ödənişi almayan, sığorta haqlarının hesablanmasını qanun və qaydaların tələblərinə uyğun olaraq həyata keçirən İcbari Sığorta Bürosu mövcud hal üzrə əsl cavabdeh deyildir. 20 aprel 2023-cü il tarixli 2(006)-1049/2023 saylı Qətnamə ilə əlaqədar qeyd olunmalıdır ki, hazırki haldan fərqli olaraq, qeyd olunan işdə iddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və X3 qarşı iddia ərizəsi ilə müraciət edərək sığorta vəsaiti hesabına ödənilmiş 1500 manat sığorta ödənişinin ləğv edilməsi və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra proses zamanı iddiaçı iş üzrə cavabdeh sığorta şirkətinin “İcbari Sığorta Bürosu” ilə əvəz edilməsini, cavabdeh X1 cavabdehlər sırasından çıxarılmasını, eyni zamanda iddia tələbini dəqiqləşdirərək, icbari sığorta üzrə sığorta haqqının hesablanmasında ona tətbiq edilmiş və əsassız olaraq ləğv edilmiş bonusların bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses zamanı müəyyən edilmişdir ki, icbari sığorta müqaviləsi bağlanan zaman vətəndaş X9 nə avtomobilin mülkiyyətçisi olmuş, nə də onun həmin avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Hazırki işdə isə nəqliyyat vasitəsi müqavilə bağlanan zaman iddiaçının mülkiyyətində olmuş, iddiaçının sığorta marağı mövcud olmuşdur. Buna görə də, yəni işin hallarının və iddia tələbinin fərqli olması səbəbindən həmin məhkəmə qərarı məhkəmə təcrübəsinin vahidliyi üçün əsas götürülə bilməz”.
8. Birinci instansiya məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı və "xxxx" ASC arasında PPA********** saylı icbari sığorta müqaviləsi bağlanmış, İddiaçı icbari sığorta müqaviləsi bağlayaraq sığortalı qismində çıxış etmiş və **-HN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyini müqavilə qüvvədə olduğu müddət ərzində sığortalamışdır. İddiaçının atası Dadaşov Cabir həmin nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə etmiş, törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığı və sığortalı qismində çıxış etdiyi icbari sığorta müqaviləsi üzərindən həyata keçirərək iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Bonus-Malus (BM) sistemi əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortaliya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. İddiaçı iddia tələbində müqavilənin atası tərəfindən onun xəbəri və buna razılığı olmadan adına bağlanmasını bildirsə də, məhkəmə araşdırması zamanı istinad etdiyi halı sübut edə bilməmişdir.
10. Gəldiyi qənaətin hüquqi əsaslandırılması zamanı məhkəmə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci, 34.2-ci, 53.1-ci, 53.3cü, 53.4-cü, 57.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1-ci yarımbəndinə istinad etmişdir.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahat
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə işə iştirakı olmadan baxılması barədə ərizə göndərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
18. Maddə 34.2. Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin Mərkəzi Bankın qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə Mərkəzi Banka məlumat verir.
19. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
20. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.
21. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
22. Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”
23. Bənd 1.2.1. Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
34. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5493/2023 saylı iş üzrə 08 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə