Məhkəmə qərarları › İş №2(103)-1949/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1949/2022

31.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1949/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı “Təzə pir” məscidi dini icmasının qanuni təmsilçisi(sədri) X1, 3-cü şəxs Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Təzə Pir” məscidi dini icması Cavabdeh qarşı evin dəyərinin qabaqcadan ödənilməklə özgəninkiləşdirilməsi, evə olan mülkiyyyət hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, “Təzəpir” Məscidi, ünvan 1 ünvanda yerləşir. Cavabdeh iddiaçının həyətində M.Fətəli küçəsi 7 saylı evin 1 saylı mənzilində yaşayır. 1986-cı ildən Hökumətin müvafiq qərarına əsasən “Təzə Pir” məscidində bərpa və yenidənqurma işləri aparılır. Bununla əlaqədar olaraq göstərilən ərazidə yerləşən sakinlər müvafiq kompensasiya ödənilməklə köçürülüblər. Hazırda həmin ərazidə yalnız cavabdeh yaşayır və onun mənzili 2 otaqdan ibarət olmaqla sahəsi 33,6 kv.metrdir. Cavabdehə 100.000 ABŞ dolları kompensasiya təklif olunsa da, o, mənzili boşaltmaqdan imtina edir və tikintini qəsdən yubatmağa cəhd göstərməklə iddiaçıdan daha çox məbləğdə pul almaq niyyəti güdür. Ona görə də hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.E.Abbasov) iddia təmin edilərək cavabdehə iddiaçı tərəfindən manata məzənnədə 100.000 ABŞ dolları ödənilməklə onun Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 7 saylı evin 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin evin iddiaçının sərəncamına verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması və onların həmin evə olan hüquqlarının itirilməsi qət edilmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 avqust 2006-cı il qərardadı ilə sözügedən qətnamənin, 100.000 ABŞ dolları pul vəsaitinin Yasmal rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürüldükdən sonra dərhal icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamı ilə iddiaçının ərazisində yenidənqurma işlərinin aparılması və orada yaşayan sakinlərin köçürülmələri barədə müvafiq qərar qəbul edilib və qərarın icrası Bakı şəhər Sovetinə həvalə edilib. Cavabdehin mülkiyyətində olan evin yerləşdiyi ərazi mədrəsə, tələbə yataqxanası, X2 idarəsinin muzeyinin, habelə məscidin yataqxanasının genişləndirilməsi və digər zəruri tikinti işlərinin aparılması üçün iddiaçıya ayrılıb. İşə əlavə edilmiş sübutlara görə Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən ümumi sahəsi 56,0 kv.metr olan 7 saylı evin sahəsi 33,6 kv.metr olan hissəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Əvvəla, cavabdeh mülkiyyətində olan mənzilin bir kv.metrinin dəyərinin 3.000 ABŞ dolları olması barədə dəlili tam əsassızdır. Belə ki, Bakı şəhərində müxtəlif çeşidli evlər olduğu halda qəzalı vəziyyətdə olan evin bir kv.metrinə görə heç kim 3.000 ABŞ dolları verməz. Bundan əlavə, kimsə həmin evi alıb yerində başqa tikinti apara bilməz, çünki sözügedən ərazi dövlət tərəfindən iddiaçıya verilib və orada başqa tikinti işlərinin aparılması qeyri-mümkündür. Həmçinin cavabdehə məxsus olan mənzilin altında yerləşən torpaq sahəsi onun mülkiyyətində deyil. Ona görə də həmin torpaq sahəsi hazırki məhkəmə baxışının predmeti ola bilməz. Daha sonra cavabdehin yaşadığı mənzilin sahəsinin 33,6 kv.metr deyil, 84 kv.metr olması və aparılan tikinti işlərinin nəticəsində mənzilin yararsız hala düşməsi barədə dəlili də əsassızdır. Çünki cavabdeh sözügedən mənzili 13 dekabr 2002ci il tarixdə, yəni ərazi hökumət tərəfindən idddiaçıya verildikdən (1986) 16 il sonra, yəni faktiki olaraq orada tikinti işləri aparılan vaxt satın alıb. 13 dekabr 2002-ci ildə cavabdehin aldığı 1 otaqlı, sahəsi 17,6 kv.metr olan mənzil səlahiyyətli orqanlar tərəfindən torpaq sahəsi ayrılmadan və orada ona hər hansı tikintinin aparılmasına icazə verilmədiyi halda onun otaqlarının sayını və sahəsini artıra bilməsi sual yaratsa da, iddiaçı mənzili real qiymətindən dəfələrlə artıq qiymətə ona satmağı təklif edib. Lakin cavabdeh razılaşmayaraq əsassız olaraq iddiaçıdan daha çox pul tələb edir. İddiaçı isə nə qədər humanist olsa da, onun da maddi imkanı hədsiz deyil. Ona görə də məhkəmə təqdim edilən siyahını araşdırıb belə qənaətə gəlir ki, texniki cəhətdən (cavabdehin özünün dediyinə görə) təhlükəli mənzildə yaşayan cavabdeh, həqiqətən də 100.000 ABŞ dollarına Bakı şəhərinin hər hansı bir rayonunda öz evinin ölçüsündə və ya ondan da böyük (kiçik) öz zövqünə uyğun istər təmirli, istərsə də, təmirsiz mənzil ala bilər. Ona görə də iddia əsaslıdır və cavabdehə onun mənzili üçün təklif təklif edilən məbləğ ədalətlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.9-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin, habelə qətnamənin dərhal icra edilməsinə dair qərardadın ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1MK- 6212/2006 saylı, 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi: X6; hakimlər X3 və X5) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi də hüquqi mövqeyini Mülki Məcəllənin 157.9-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kassasiya şikayəti verərək iz üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı ilə (hakimlər Q.Ə.Allahverdiyev sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və V.Ə.İbayev) kassasiya şikayəti təmin edilmədən, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.9-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə “Cavabdeh Azərbaycana qarşı” şikayəti qəbul edilən elan edilib və qərara alınıb ki, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, cavabdehin sözügedən mənzilin mülkiyyətçisi olması mübahisəsizdir və həmin mənzilin ümumi sahəsi 84 kv.metr olub, lakin milli məhkəmələr mənzildən məhrum edilməyə görə təyin etdikləri kompensasiya məbləğini yalnız 33,6 kv.metr yaşayış sahəsinə münasibətdə hesablayıblar. Halbuki, 03 iyun 2005-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 84 kv.metr olan mənzil Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə görə cavabdehin mülkiyyəti hesab edilirdi. Hazırki halda isə cavabdehin mənzilə olan mülkiyyət hüququ məhkəmə qərarına əsasən ləğv edilib və bunun nəticəsində onun mənzilə dair hüquqlarına Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci cümləsinin mənasına görə “mülkiyyətdən məhrum etmə” təşkil edən müdaxilə baş verib. Milli Məhkəmələr cavabdehin mənzildən məhrum edilməsinin qanuni əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinə istinad etsələr də, həmin maddənin tələbləri təmin edilməyib. Belə ki, sözügedən maddənin mənasına görə xüsusi mülkiyyət dövlət ehtiyacları və ya sadalanan xüsusi məqsədlər üçün ictimai maraq naminə, yəni yollar və ya digər kommunikasiya xətlərinin inşa edilməsi, dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi və ya müdafiə obyektlərinin tikintisi məqsədi ilə özgəninkiləşdirilə bilər. Nə milli məhkəmələr, nə də Hökumət bu məsələni araşdırmayıb. Bundan başqa, milli məhkəmələr Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamına istinad ediblər. Halbuki, həmin sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı xüsusi müddəa nəzərdə tutulmayıb. Ona görə də Azərbaycan Respublikasının müstəqilliyindən əvvəl Sovet dövründə qəbul edilmiş sərəncam xüsusi mülkiyyətçisi olan əmlakın ekspropriyasiya aləti kimi qəbul edilə bilməz, çünki əmlakın hazırki həcmdə xüsusi mülkiyyətə verilməsi hüququ daxili qanunvericilikdə müstəqillik əldə edildikdən sonra ortaya çıxıb. Hər bir halda, ekspropriyasiyaya tətbiq edilən hüquqi baza 01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllədə öz əksini tapdıqdan sonra həmin sərəncam ekspropriyasiya üçün qanuni əsas hesab edilə bilməz. Bundan başqa, milli məhkəmələr, həmçinin hər hansı qərara istinad etmədən göstəriblər ki, Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsində müxtəlif digər təmir işlərinin aparılmasının davam etdirilməsi və həmin sahədə yaşayan sakinlərin “tədricən köçürülməsi” ilə bağlı qərarlar qəbul ediblər. Lakin, milli məhkəmələr sözügedən qərarların tarixləri, nömrələri, məzmunu ilə bağlı heç bir araşdırma aparmayıblar. İstənilən halda, ekspropriyasiya kontekstində həmin qərarlara istinad edilməsi düzgün olmayıb, çünki milli qanunverciliyə əsasən xüsusi mülkiyyətçisi olan əmlakın ekspropriyasiyası üçün icra orqanlarının hər hansı səlahiyyətləri, habelə cavabdehin mülkiyyətindən məhrum edilməsinin qanuni əsası olmayıb. Yuxarıda göstərilən səbəblərə görə, bu işdəki müdaxilə “qanunda nəzərdə tutulmuş qaydada” olmayıb. Bu nəticəyə gələrkən cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olubolmamasını müəyyən etməyə zərurət qalmır. Beləliklə, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3(a)/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı ilə “Cavabdeh Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə əlaqədar olaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Ali Məhkəmənin Plenumu məruzəçini dinləyib, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı daxil olmuş materialı araşdırıb hesab edir ki, aşağıdakılara görə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Əvvəla, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin arxiv müdirinin arayışına görə, iddiaçı “Təzəpir” Məscinin Cavabdeh qarşı “mənzilin dəyərinin qabaqcadan ödənilməklə özgəninkiləşdirilməsi, yaşayış sahəsindən çıxarılma” iddiasına dair 2-2125/2006 saylı mülki iş məhv edildiyindən mülki işin təqdim edilməsi mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavədə İtirilmiş məhkəmə icraatının bərpa edilməsi nəzərdə tutulub. Həmin Əlavənin 1-ci bəndində göstərilər ki, başa çatması barədə qətnamə qəbul edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Plenum, göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələblərini əsas tutub hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə yenidən apellyasiya qaydasında baxarkən ilk növbədə sözügedən mülki iş üzrə itirilmiş məhkəmə icraatının tam bərpa edilməsini təmin etməli və bundan sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarında şərh edilən hüquqi mövqeyi nəzərə almaqla, iddianın əsassızlığına düzgün hüquqi qiymət verməlidir. İşin mahiyyətinə gəlincə isə, işə əlavə edilmiş məhkəmə aktlarından, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sözügedən qərarından görünür ki, cavabdeh, Bakı şəhəri, “Təzəpir” Məscidinin yaxınlığında, ünvan 1 evdə yerləşən 1 otaqlı, yaşayış sahəsi 17,6 kv.metr olan 1 saylı mənzili satın alıb, 2004-cü ildə mənzildə müəyyən yaxşılaşdırma və tikinti işləri aparıb və nəticədə mənzilin ümumi sahəsi 84,0 kv.metr, yaşayış sahəsi isə 33,6 kv.metrədək artıb. Bundan sonra, Bakı Şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2005-ci il tarixli qərarı ilə əlavə otaqların inşa edilməsi yolu ilə (qonaq otaqları, zal, mətbəx, mansard və sair) mənzilin ümumi sahəsinin 84,0 kv.metrədək artması faktı təsdiq edilib. 03 iyun 2005-ci il tarixdə isə Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Mehriban cavabdehə mənzilin ümumi sahəsinin 84,0 kv.metr, yaşayış sahəsinin 33,6 kv.metr olmasını təsdiq edən Çıxarış verilib. Göründüyü kimi cavabdehin sahəsi 84,0 kv.metr olan mənzilin mülkiyyətçisi olması işin mübahisə olunmayan halıdır, lakin işə baxan məhkəmələr mülkiyyətdə olan mənzildən məhrum edilməyə görə təyin etdikləri 100.000 ABŞ dolları kompensasiya məbləğini 33,6 kv.metr yaşayış sahəsinə münasibətdə hesablayıblar. Plenum, bu hala münasibətdə Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş Çıxarışı nəzərə alıb qeyd edir ki, ümumi sahəsi 84,0 kv.metr olan mənzil Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43-cü, Mülki Məcəllənin 152.1-ci maddələrinin, habelə Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mənasına görə cavabdehin mülkiyyəti hesab edilirdi. Müvafiq presedent hüququna dair prinsiplər Avropa İnsan Hüquqları Məhkəməsinin “Haxverdiyevin Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 29 yanvar 2015-ci il tarixli və “Xalikovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 22 oktyabr 2015-ci il tarixli qərarlarında da təsbit edilib göstərilib. Daha sonra, işdən görünür ki, cavabdehin mənzilə olan mülkiyyət hüququna kompensasiya ödənilməklə məhkəmə qətnaməsinə əsasən xitam verilib. Bunun nəticəsində cavabdehin mənzilə olan hüquqlarına sözügedən maddi hüquq normalarının mənasında “mülkiyyətdən məhrum etmə”ni təşkil edən müdaxilə baş verib və bu işin açıqaşkar mübahisə olunmayan halıdır. İşə baxan məhkəmələr cavabdehin mənzilə olan hüquqlarına xitam verilməsinin qanuni əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş əvvəlki redaksiyasına istinad ediblər. Həmin bənddə göstərilirdi ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət, yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülkiyyətin dövlət ehtiyacları üçün alınması dedikdə- əmlakın (onun müəyyən hissəsinin) üzərində olan mülkiyyət, istifadə və icarə hüquqlarına bu əmlakdan istifadəyə dair yüklülüklər də daxil olmaqla xitam verilməsi və onun mülkiyyətçidən, hüquq sahibindən könüllü və ya məcburi qaydada qabaqcadan əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması başa düşülür. Göründüyü kimi sözügedən maddədə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət- yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı müdafiəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 saylı fərmanına əsasən Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir və mülkiyyətin özgəninkiləşdirilməsini zəruri edən dövlət və ya ictimai ehtiyacların mövcudluğunu da məhz həmin orqan müəyyən edir. Digər tərəfdən, mülkiyyətə- yalnız bazar dəyəri miqdarında qabaqcadan kompensasiya ödənilməklə xitam verilə bilər. Kompensasiya sözü latın mənşəli “compensare” sözündəndir və tarazlaşdırmaq, bərabərləşdirmək mənasını verir, bir sözlə zərərin ödənişə bərabərliyini nəzərdə tutur. Qeyd olunan maddəyə əsasən, alınan mülkiyyət üçün kompensasiya, hər şeydən əvvəl mülkiyyətin bazar qiymətinin ədalətli müəyyən edilməsi üsulu ilə müəyyən edilir. Bazar qiyməti dedikdə isə mülkiyyətin özgəninkiləşdirildiyi tarixdə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiymət başa düşülür. Göründüyü kimi, cavabdehin mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmayıb və cavabdehin mənzilə olan mülkiyyət hüququna xitam verilərkən Mülki Məcəllənin 157-ci maddəsinin 9cu bəndinin tələblərinə əməl edilməyib. Plenum, göstərilənləri əsas tutub hesab edir ki, hazırki işdə cavabdehin mülkiyyəti, Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndində sadalanan siyahıya aid olmayan məscid kompleksinin yenilənməsi və inkişaf etdirilməsi məqsədilə özgəninkiləşdirilib. Nə birinci, nədə apellyasiya instansiyası məhkəmələri bu məsələni tam, hərtərəfli və obyektiv arışdırmayıb və işin bu hallarına düzgün hüquqi qiymət verməyib. Bundan başqa, işə baxan məhkəmələr Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamına istinad ediblər. Halbuki, həmin sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı xüsusi müddəa mövcud olmayıb. Ona görə də Azərbaycan Respublikasının müstəqilliyindən əvvəl Sovet dövründə qəbul edilmiş sərəncam xüsusi mülkiyyətçisi olan əmlakın özgəninkiləşdirilməsi aləti kimi qəbul edilə bilməz, çünki əmlakın hazırki həcmdə xüsusi mülkiyyətə verilməsi hüququ daxili qanunvericilikdə müstəqillik əldə edildikdən sonra ortaya çıxıb. Hər bir halda, özgəninkiləşdirilməyə tətbiq edilən hüquqi baza 01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllədə öz əksini tapdıqdan sonra həmin sərəncam mülkiyyətə xitam verilməsi üçün qanuni əsas hesab edilə bilməzdi. İşə baxan məhkəmələr, həmçinin hər hansı qərara istinad etmədən göstəriblər ki, Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsində müxtəlif digər təmir işlərinin aparılmasının davam etdirilməsi və həmin sahədə yaşayan sakinlərin “tədricən köçürülməsi” ilə bağlı qərarlar qəbul ediblər. Lakin, məhkəmələr sözügedən qərarların tarixləri, nömrələri, məzmunu ilə bağlı heç bir araşdırma aparmayıblar və işdə, belə bir qərar yoxdur. Plenum, qeyd edir ki, istənilən halda, mülkiyyətin özgəninkiləşdirilməsi kontekstində sözügedən qərarlara istinad edilməsi düzgün olmayıb, çünki mülki qanunverciliyə görə, xüsusi mülkiyyətçisi olan əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının hər hansı səlahiyyətləri, habelə cavabdehin mülkiyyətindən məhrum edilməsinin qanuni əsası olmayıb. Yuxarıda göstərilənləri nəzərə alaraq Plenum, belə qənaətə gəlir ki, hazırki işdə cavabdehin mülkiyyətinə müdaxilə “qanunda nəzərdə tutulmuş qaydada” olmayıb. Ona görə də cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Çünki, sözügedən məhkəmə aktlarına əsasən cavabdehin mənzilə olan mülkiyyət hüququna xitam verilərkən açıq-aşkar Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin, habelə Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. Eyni zamanda, işdən görünür ki, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli qərardadı ilə sözügedən qətnamə, 100.000 ABŞ dolları pul vəsaiti Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürüldükdən sonra dərhal icra edilib və cavabdehin mənzilinin yerində iddiaçıya aid tikililər inşa edilib. Belə olan halda Plenum, hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin ümumi sahəsi 84,0 kv.metr olan mənzilə pozulmuş mülkiyyət hüququ, mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla və ona bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödənilməsi yolu ilə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 431-1.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. Həmin Məcəllənin 431-1.2.2-ci maddəsində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəlarını pozduğu müəyyən edilməsi hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır. Həmin Məcəllənin 431-4.3 və 431-4.3.1-ci maddəsinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edə bilər. Plenum, işin yuxarıda göstərilən hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında Cavabdeh İsrafil qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı “Təzə pir” məscidi dini icmasının qanuni təmsilçisi(sədri) X7, 3-cü şəxs Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi X8 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Konstitusiyanın 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1-ci maddəsində göstərilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər (əvvəlki redaksiya və bu maddə 20 aprel 2012-ci il tarixli Qanunla yeni redaksiyada verilib). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin və həmin qətnamənin dərhal icra olunması barədə qərardadın ləğv edilməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni kompensasiyanın məbləği hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya icraatının predmeti olan hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində cavabdehlərin əmlakının dəyərinin qabaqcadan ödənilməklə həmin əmlakların özgəninkiləşdirilməsi, onların mülkiyyət hüquqlarına xitam verilməsi və həmin yaşayış sahələrindən çıxarılmaları qeyd olunması iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa belə cavabdehin etiraz və müdafiə hüquqları nəzərə alınmaqla qətnamə çıxarılmalı idi. Lakin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla iddianı bu qaydada təmin edərək düzgün olmayan qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin Plenumu tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, Ali Məhkəmənin Plenumu apellyasiya və kassasiya instansiyası məhkəmələrinin iddianın təmin edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin birdəfəlik həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Belə ki, işdən, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sözügedən qərarından görünür ki, cavabdeh, Bakı şəhəri, “Təzəpir” Məscidinin yaxınlığında, ünvan 1 evdə yerləşən 1 otaqlı, yaşayış sahəsi 17,6 kv.metr olan 1 saylı mənzili satın alıb, 2004-cü ildə mənzildə müəyyən yaxşılaşdırma və tikinti işləri aparıb və nəticədə mənzilin ümumi sahəsi 84,0 kv.metr, yaşayış sahəsi isə 33,6 kv.metrədək artıb. Bundan sonra, Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2005-ci il tarixli qərarı ilə əlavə otaqların inşa edilməsi yolu ilə (qonaq otaqları, zal, mətbəx, mansard və sair) mənzilin ümumi sahəsinin 84,0 kv.metrədək artması faktı təsdiq edilib. 03 iyun 2005-ci il tarixdə isə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh mənzilin ümumi sahəsinin 84,0 kv.metr, yaşayış sahəsinin 33,6 kv.metr olmasını təsdiq edən Çıxarış verilib. Demək, cavabdehin sahəsi 84,0 kv.metr olan mənzilin mülkiyyətçisi olması işin mübahisə olunmayan halıdır, lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehin mülkiyyətində olan mənzildən məhrum edilməyə görə təyin etdiyi 100.000 ABŞ dolları kompensasiya məbləğini 33,6 kv.metr yaşayış sahəsinə münasibətdə hesablanıb. Buna baxmayaraq, ümumi sahəsi 84,0 kv.metr olan mənzil Konstitusiyanın 13, 29, 33, 43-cü, Mülki Məcəllənin 152.1-ci maddələrinin, habelə Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mənasına görə cavabdehin mülkiyyəti hesab edilirdi. Ancaq birinci instansiya məhkəməsi cavabdehin mənzilə olan mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verib. Bunun nəticəsində cavabdehin mənzilə olan hüquqlarına sözügedən maddi hüquq normalarının mənasında “mülkiyyətdən məhrum etmə”ni təşkil edən müdaxilə baş verib və bu işin açıq-aşkar mübahisə olunmayan halıdır. Cavabdehin mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmayıb və cavabdehin mənzilə olan mülkiyyət hüququna xitam verilərkən Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin tələblərinə əməl edilməyib. Yəni, hazırki işdə cavabdehin mülkiyyəti, Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndində sadalanan siyahıya aid olmayan məscid kompleksinin yenilənməsi və inkişaf etdirilməsi məqsədilə özgəninkiləşdirilib. Birinci instansiya məhkəməsi bu məsələni tam, hərtərəfli və obyektiv arışdırmayıb və işin bu hallarına düzgün hüquqi qiymət verməyib. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamına istinad edib. Halbuki, həmin sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı xüsusi müddəa mövcud olmayıb. Ona görə də Azərbaycan Respublikasının müstəqilliyindən əvvəl Sovet dövründə qəbul edilmiş sərəncam xüsusi mülkiyyətçisi olan əmlakın özgəninkiləşdirilməsi aləti kimi qəbul edilə bilməz, çünki əmlakın hazırki həcmdə xüsusi mülkiyyətə verilməsi hüququ daxili qanunvericilikdə müstəqillik əldə edildikdən sonra ortaya çıxıb. Hər bir halda, özgəninkiləşdirilməyə tətbiq edilən hüquqi baza 01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllədə öz əksini tapdıqdan sonra həmin sərəncam mülkiyyətə xitam verilməsi üçün qanuni əsas hesab edilə bilməzdi. Bundan əlavə, birinci instansiya məhkəməsi hər hansı qərara istinad etmədən göstərib ki, Bakı şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsində müxtəlif digər təmir işlərinin aparılmasının davam etdirilməsi və həmin sahədə yaşayan sakinlərin “tədricən köçürülməsi” ilə bağlı qərarlar qəbul ediblər. Lakin məhkəmə sözügedən qərarların tarixləri, nömrələri, məzmunu ilə bağlı heç bir araşdırma aparmayıb, işdə belə bir qərar olmamaqla yanaşı, iddiaçı tərəf də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Hər bir halda mülkiyyətin özgəninkiləşdirilməsi kontekstində sözügedən qərarlara istinad edilməsi düzgün olmayıb, çünki mülki qanunverciliyə görə, xüsusi mülkiyyətçisi olan əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının hər hansı səlahiyyətləri, habelə cavabdehin mülkiyyətindən məhrum edilməsinin qanuni əsası olmayıb. Demək ki, cavabdehin mülkiyyətinə müdaxilə “qanunda nəzərdə tutulmuş qaydada” olmayıb. Ona görə də cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Çünki, qətnamə ilə cavabdehin mənzilə olan mülkiyyət hüququna xitam verilərkən açıq-aşkar Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin, habelə Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. Göstərilənlərdə yanaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2006cı il tarixli qərardadı ilə qətnamə, 100.000 ABŞ dolları pul vəsaiti Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürüldükdən sonra dərhal icra edilib və cavabdehin mənzilinin yerində iddiaçıya aid tikililər inşa edilib. Bu cür vəziyyətdə cavabdehin ümumi sahəsi 84,0 kv.metr olan mənzilə pozulmuş mülkiyyət hüququ, mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla və ona bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödənilməsi yolu ilə bərpa edilməlidir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, “Təzə Pir” məscidinin yaxınlığında, ünvan 1 evdə yerləşən 1 otaqlı, yaşayış sahəsi 17,6 kv.metr olan 1 saylı mənzilin, 2004-cü ildə mənzildə müəyyən yaxşılaşdırma və tikinti işləri aparıb və nəticədə mənzilin ümumi sahəsi 84,0 kv.metr, yaşayış sahəsi isə 33,6 kv.metrədək artması, bundan sonra, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2005-ci il tarixli qərarı ilə əlavə otaqların inşa edilməsi yolu ilə (qonaq otaqları, zal, mətbəx, mansard və sair) mənzilin ümumi sahəsinin 84,0 kv.metrədək artması faktı təsdiq edildiyindən və 03 iyun 2005-ci il tarixdə isə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh mənzilin ümumi sahəsinin 84,0 kv.metr, yaşayış sahəsinin 33,6 kv.metr olmasını təsdiq edən Çıxarış verildiyindən cavabdehin ümumi sahəsi 84,0 kv.metr olan mənzilə pozulmuş mülkiyyət hüququ, mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla və ona bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödənilməsini təmin etmək məqsədilə ümumi sahəsi 84,0 kv.metr olan yaşayış sahəsinin(evin, mənzilin) 2006-cı ilin avqust ayının əvvəllərində və hal-hazırda sökülməsəydi real bazar dəyəri (həm ABŞ dolları ilə, həm də həmin dövrün məzənnəsinə uyğun manatla ayrıayrılıqda göstərilməklə) nə qədər təşkil etdiyi, qeyd olunan mənzilin 33,6 kv. metr hissəsinə 2006-cı ilin avqust ayında 100000(yüz min) ABŞ dolları(həmin dövrdə manatın məzənnəsinə uyğun) ödənildiyindən qalan 50,4 kv. metrinin 2006-cı ilin avqust ayının əvvəllərində və hal-hazırda sökülməsəydi real bazar dəyəri (həm ABŞ dolları ilə, həm də həmin dövrün məzənnəsinə uyğun manatla ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil etməsini müəyyən etmək üçün qiymətləndirmə təyin edilmiş və rəyin verilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir. Qiymətləndirici tərəfindən verilmiş MB 15/0423 saylı, 21.04.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı 1 saylı mənzilin ümumi sahəsi 84,0 kv.metr olan hissənin 2006-cı ilin avqust ayı üçün bazar dəyəri dollarla -116.301 ABŞ dolları, manatla -104.415 manat; 2022-ci ilin aprel ayı üçün isə bazar dəyəri dollarla - 118.941 ABŞ dolları, manatla -202.200 manat təşkil edir; ödənilməyən hissə olan 50,4 kv.m sahəsinə hesablanmış real bazar dəyəri 2006-cı ilin avqust ayı üçün bazar dəyəri dollarla - 69.726 ABŞ dolları, manatla -62.600 manat; 2022-ci ilin aprel ayı üçün isə bazar dəyəri dollarla -71.353 ABŞ dolları, manatla -121.300 manat təşkil edir. Mübahisəli mənzilin kompensasiya ödənilməyən hissəsinin bazar dəyərinin həm 2006-cı ildə, həm də 2022-ci ilin aprel ayında göstərilən məbləğ təşkil etməsini tərəflər mübahisələndirmədi, əksinə qiymətləndiricinin müəyyən etdiyi qiymətlərin həqiqi olduğu ilə razılaşdılar. Əgər iddiaçı sökülmüş mənzilin tam hissəsinin, yəni 84 kv.metrin əvəzinə bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödəmək vəzifəsini icra etsəydi yaxud etmək istəsəydi, yəqin ki, bu ana qədər bu məsələni həll edərdi. Demək etmədiyi üçün üzərinə məhkəmə qərarı əsasında öhdəliyini, yəni tələbinin həcminə uyğun kompensasiya ödəməli olduğunu məcburi icra etmək vəzifəsi qoyulmalıdır. Çünki, mübahisə birdəfəlik həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin mülkiyyətində olmuş ümumi sahəsi 84 kv. metr olan evi söküldüyündən, 33.6 kv.metr hissəsinə 2006-cı ildə kompensasiya ödənildiyindən, hazırda məhz kompensasiya olaraq həmin evin 50,4 kv.metrinə görə bazar dəyəri olan 121300(yüz iyirmi bir min, üç yüz) manat da sonuncuya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi ona görə bu qənaətə gəlir ki, iddiaçının mənzilinin ümumi sahəsi 84 kv. metr olmuş və bu evin tam sahəsinə görə artıq ədalətli, bazar qiymətinə uyğun olmayan kompensasiya ödənməklə sökülmüşdür. Deməli, iddiaçı cavabdehə mənzilin tam həcminə görə, yəni 50.4 kv. metrə görə də kompensasiya verməlidir. Çünki, cavabdehin mənzilinin ümumi sahəsi 84 kv. metr olmuşdur. Sökülməsəydi cavabdeh öz mənzilindən və orada yaşamaqdan məmnun idi. İddiaçının cavabdehə qarşı belə bir tələbi olmasaydı və sonuncunun mənzili sökülməsəydi, yəqin ki, aralaranda bəlkə də heç bir mülki hüquq münasibəti yaranmayacaqdı. Ancaq tərəflər arasında artıq mülki hüquqi mübahisə yaranmışdır və bu mübahisə də həllini tapmalıdır. İddiaçı cavabdehə mənzilin 50.4 kv. metrinə ona görə 121300(yüz iyirmi bir min, üç yüz) manat ödəməlidir ki, həmin ölçüdə təmirli mənzilin hazırki bazar dəyəri, o məbləği təşkil edir. Mənzilin bu ölçüdə hissəsinə görə 2006-cı ilin avqust ayına olan bazar dəyəri, yəni 62600(altmış iki min altı yüz) manat ödənilməsi isə yolverilməzdir. Çünki, cavabdeh nə həmin 62600(altmış iki min altı yüz) manat vəsait hesabına eyni ərazidə 50.4 kv. metr sahəsi olan tam təmirli mənzil ala bilməz, nədəki eyni ərazidə və ölçüdə təmirli mənzilin hazırki bazar dəyəri 62600(altmış iki min altı yüz) manat təşkil etmir və bu faktı iddiaçı tərəf də mübahisələndirməmişdir. Birdəki cavabdehə mənzilin 50.4 kv. metrinə görə hazırki dövrün bazar qiymətlərinə uyğun kompensasiyanın verilməməsi ən azından hazırki işin təkrarən Avropa Məhkəməsinin icraatına daxil olmaqla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin yenidən pozuntusuna səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı “Təzə Pir” məscidi dini icması tərəfindən Cavabdeh mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəliyev küçəsindəki 7 nömrəli evin, ümumi sahəsi 84 kv. metrdən ibarət, 1 nömrəli mənzilinin 33.6 kv.metr hissəsinə kompensasiya ödənilməklə qeyd olunan mənzil artıq söküldüyündən iddia tələbinin digər hissələri (qabaqcadan dəyəri ödənilməklə əmlakın özgəninkiləşdirilməsi,yaşayış sahəsindən çıxarılma və.s) demək olar ki, əhəmiyyətini itirmişdir. Buna baxmayaraq, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu tanıdığından, hazırki şikayət üzrə qeyd olunan mənzilin 50,4 kv.m hissəsinə kompensasiya ödənilməklə Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi məsələsi həll edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi ləğv və iddia qismən təmin edilməli; İddiaçı “Təzə Pir” məscidi dini icması tərəfindən Cavabdeh mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəliyev küçəsindəki 7 nömrəli evin, ümumi sahəsi 84 kv. metrdən ibarət, 1 nömrəli mənzilinin(33.6 kv.metr hissəsinə ödənilmiş kompensasiya məbləği nəzərə alındığı üçün), 50,4 kv.m hissəsinə 121300(yüz iyirmi bir min, üç yüz) manat kompensasiya ödənilməli və Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. İddiaçı “Təzə Pir” məscidi dini icması tərəfindən Cavabdeh mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəliyev küçəsindəki 7 nömrəli evin, ümumi sahəsi 84 kv. metrdən ibarət, 1 nömrəli mənzilinin(33.6 kv.metr hissəsinə ödənilmiş kompensasiya məbləği nəzərə alındığı üçün), 50,4 kv.m hissəsinə 121300(yüz iyirmi bir min, üç yüz) manat kompensasiya ödənilsin və Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilsin. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat iddiaçı “Təzə Pir” məscidi dini icmasından tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar