Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1950/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş ziyan qismində 60000 manat pul məbləğinin tutularaq A Agro MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC, cavabdeh və "xxxx" MMC ilə birlikdə 17 mart 2010-cu il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. Cavabdeh eyni zamanda Cəmiyyətin baş müdiri təyin edilmişdir. Bununla yanaşı cavabdeh həmin vaxtda Aqro Yurdu da yeganə təsisçisi olmuşdur. 16 aprel 2010-cu il tarixdə A Agro, Aqro Yurdla borc müqaviləsi bağlamışdır. Borc müqaviləsi A Agro adından cavabdeh tərəfindən imzalanmişdir. Borc müqaviləsinə əsasən A Agro Aqro Yurda 60000 manat məbləğində borc vermişdir. Aqro Yurd həmin borcu 2011-ci ildən başlayaraq 2013- cü ilin birinci rübün sonunadək birdəfəlik və ya hissə-hissə ilə qaytarmalı idi. Borcun götürülməsində məqsəd Aqro Yurdun Azərbaycan Beynəlxalq Bankına olan borcunun ödənilməsi olmuşdur. Aqro Yurd borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün A Agro borcun qaytarılması məqsədilə məhkəməyə müraciət etmiş, A Agro da öz növbəsində məhkəmədə borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə çıxış etmişdir. Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və hər iki iddia rədd edilmişdir. Qərardad Konstitusiya Məhkəməsinə verilmiş şikayət də sonuncu tərəfindən icraata qəbul edilmədən geri qaytarılmışdır. İş üzrə qəbul olunan məhkəmə aktlarını nəzərdən keçirərkən aydın olur ki, A Agro tərəfindən Aqro Yurda borcun verilməsi cavabdeh tərəfindən düzgün sənədləşdirilmədiyi üçün, onun səhlənkarlığı və ya qərəzli davranışı nəticəsində A Agro məhkəmədə öz mövqeyini lazımı şəkildə edə bilməmiş, iddiasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Borcun geri alınması üçün A Agro mümkün olan bütün hüquqi vasitələrdən istifadə etsə də buna nail ola bilməmişdir. Nəticədə borcun Aqro Yurddan geri qaytarılması hüquqi olara mümkünsüz olmuşdur. Bütün göstəriilənlər cavabdehin təqsiri üzündən baş verdiyi üçün iddiaçı onun tərəfindən A Agroya vurulmuş zərərin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)- 2221/2020 saylı qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi barədə” iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-nin direktoru və "xxxx" (Kəndli Fermer) MMC-nin yeganə təsisçisi olmuşdur. "xxxx" (Kəndli Fermer) MMC-nin “Azərbaycan Beynəlxalq Bankı ASC-də kredit borcu olduğundan "xxxx" MMC-nin 11 mart 2010-cu il tarixli təsis yığıncağının qərarı ilə "xxxx" (Kəndli Fermer) MMC-nin banka olan borcunu ödəməsi üçün 60000 manat borc verilməsi qərara alınmış, iclas protokolunda borc müqaviləsinin bağlanması cavabdehə həvalə olunduğu xüsusi vurğulanmış və həmin iclasın protokolunu Cavabdeh şəxsən imzalamış və ödənilən pulun təyinatı barəsində məlumatlı olmuşdur. Lakin, ödəniş sənədlərində "xxxx" MMC tərəfindən "xxxx" (Kəndli Fermer) MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatı borc kimi göstərilməmişdir. 16 aprel 2010-cu il tarixli, 01 saylı ödəniş tapşırığına nəzər salsaq görərik ki, həmin məbləğin təyinatı "xxxx" (Kəndli Fermer) MMC-nin bankdan alınmış kredit borcunun qaytarılması kimi göstərilmişdir. "xxxx" MMC-nin Nizamnaməsinin 12.1-ci maddəsinə əsasən müqaviləyə uyğun olaraq namizədliyi irəli sürülən və bu nizamnamənin 10.2 bəndinin müddəalarına əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Baş Müdir Cəmiyyətin təkbaşına icra orqanı və qanuni nümayəndəsi olmaqla Cəmiyyətin gündəlik fəaliyyətinin idarə edilməsini həyata keçirir. Nizamnamənin 12.2-ci maddəsinə əsasən Baş Müdir, Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından bütün növ əqdləri, o cümlədən hazırki Nizamnaməyə uyğun olaraq təyin edilmiş auditorla müqavilə bağlayır, rəsmi sənədləri imzalayır, qanunvericilik və hazırki Nizamnamə ilə Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının və ya müşahidə şurasının səlahiyyətinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Nizamnamənin 13.1-ci maddəsinə əsasən Nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa Cəmiyyətin baş müdiri Cəmiyyətin adından bötün növ əqdləri bağlamaq və Cəmiyyəti etibarnaməsiz təmsil etmək hüququna malikdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələbinin əsasını təşkil edən halları sadalamaqla artıq qanun qüvvəsini almış məhkəmə aktına istinad edərək iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə "xxxx" MMC-nin direktoru olmuş Cavabdeh Cəmiyyətin hesabından 60.000 manat pul vəsaitini təsisçisi olduğu "xxxx" (Kəndli Fermer) MMC-nin borcunu ödəmək üçün istifadə edərkən vicdanlı olub-olmamasını, bağlanmış kredit müqaviləsinin əslinin saxlanılmamasını, sənədləşmənin sonradan Cəmiyyəti çıxılmaz vəziyyətə salacağı vəziyyətdə aparmasını, qeyri-peşəkar və məntiqli olubolmamasını araşdırmalı idi. Bundan əlavə, işə baxan birinci instansiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə aktından da görünür ki, həmin mülki iş üzrə cavabdeh olan "xxxx" (Kəndli Fermer) MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini, 16 aprel 2010-cu il tarixli borc müqaviləsinin mövcud olmaması, yəni 60.000 manat pul vəsaitinin borc münasibətlərinin nəticəsi olaraq ödənilmədiyi ilə deyil, müqavilənin əslinin olmaması və əsli təqdim edilərsə həmin müqavilədə borcun qaytarılmasının "xxxx" (Kəndli Fermer) MMC-nin gəliri hesabına həyata keçirilməsi göstərildiyi və MMC-nin 2010-cu ildən hazırkı dövrədək gəlirinin olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının bir daha nəzərinə çatdırırlar ki, Cavabdeh "xxxx" (Kəndli Fermer) MMC-nin yeganə təsisçisi olmuşdur. Hesab edirlər ki, cavabdehin "xxxx" MMC-nin direktoru olduğu zaman "xxxx" (Kəndli Fermer) MMC-nin hesabına 60000 manat məbləğində pul vəsaitini köçürərkən sənədləşməni vicdanla, peşəkar qaydada və məntiqlə aparmamış və nəticədə Cəmiyyətə ziyan vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində Cəmiyyətə ziyan vurulması qanuni qüvvəsini almış məhkəmə aktı və iş üzrə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin bu hallarım araşdırmamış və qətnaməsində iddia tələbini rədd etməsi səbəbini əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)- 3213/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-5655/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(006)-2221/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh 17 mart 2010-cu ildən 01 sentyabr 2011-ci ilədək "xxxx" MMC-nin direktoru olmuşdur. Həmçinin kredit müqaviləsinin mövcudluğunu qəbul etmirlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 60000 (altmış min) manat pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2010-cu il tarixli borc müqaviləsinə əsasən A Agro MMC Aqro Yurd kəndli-fermer MMC-yə 60000 manat məbləğində borc pul vermiş, Aqro Yurd kəndli-fermer MMC borc məbləğini 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik ödəniş və ya hissə-hissə ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 aprel 2010-cu il tarixli ödəniş tapşırığından görünür ki, A Agro MMC Aqro Yurd kəndli-fermer MMC-nin xeyrinə 60000 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 19 iyul 2017-ci il tarixli 2-2(102)-293/2017 saylı qərarın surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 20 noyabr 2017-ci il tarixli 2-2(105)-88/2017 saylı qətnaməsinin surətindən görünür ki,cavabdeh Agro Yurd MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı A Agro MMC-nin cavabdeh Agro Yurd (Kəndli-Fermer) MMC-nə qarşı əsas borc qismində 43823,7 manat, faiz borcu qismində 9531 manat olmaqla cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmiş, Agro Yurd (Kəndli-Fermer) MMC-nin A Agro MMCnə qarşı ilki iddianın rədd edilməsi və 16 aprel 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli 2-2(102)-168/2018 saylı qərarın surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin kasasiya şikayəti təmin edilməmişdir, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 20 noyabr 2017-ci il tarixli 2-2(105)-88/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının "xxxx" MMC-nin müdiri Pərviz Haqverdiyevin şikayətinə dair qərardadın surətindən görünür ki, Pərviz Haqverdiyevin şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2010-cu il tarixli "xxxx" MMC-nin Təsis Müqaviləsindən görünür ki, Azərbaycan Respublikasında 17 sentyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış, Cavabdeh tərəfindən təmsil olunan və hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 1əsi), ev 60 olan "xxxx" (kəndli-fermer) MMC, Azərbaycan Respublikası vətəndaşı və AZE №06801201 saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh və Azərbaycan Respublikasında 18 mart 2008-ci il tarixdə dövlət qeydiyyatına alnmış, Baş Menecer Toğrul Mqasud oğlu Köçərli tərəfindən təmsil olunan və hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 2vestisiya Şirkət” QSC "xxxx" MMC-ni təsis etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru Haqverdiyev Pərviz Cümşüd oğlu tərəfindən apellyasiya məhkəməsinin sorğusuna cavab məktunundan görünür ki, Cavabdeh "xxxx" MMC-nin həm təsisçisi, həm də 17 mart 2010-cu il tarixdən 01 sentyabr 2011-ci il tarixədək direktoru olmuşdur. Lakin 10 ildə çox vaxt keçdiyindən Cavabdehlə bağlı heç bir sənəd MMC-də saxlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaəitini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin iddiası rədd olunarkən, həmin MMC və “Aqro Yurd (Kəndli Fermer)” MMC arasında bağlanmış kredit müqaviləsinin əsli mövcud olmamışdır. Bununla da, iddia sübut olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir və məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, hazırki iddianın əsasını tərəflərin təsisçiləri olduqları MMC-lərin arasında olan kredit müqaviləsi deyil, cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu dövrdə sonuncuya ziyan vurulması ilə nəticələnən hərəkətlər etməsi təşkil edir. Belə olan halda "xxxx" MMC-nin iddiası üzrə qəbul edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan məhkəmə aktları ilə "xxxx" MMC-nin iddiası həmin MMC və “Aqro Yurd (Kəndli Fermer)” MMC arasında kredit münasibətlərinin olmaması əsası ilə deyil, kredit müqaviləsinin əslinin mövcud olmaması əsası ilə rədd edilmişdir. Yəni həmin məhkəmə aktları ilə tərəflər arasında kredit münasibətlərinin mövcud olması inkar olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd ki, həmin işdə “Aqro Yurd (Kəndli Fermer)” MMC kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia versə də, həmin iddia da rədd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir. ... Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa; - hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa. ...Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyripeşəkarlığı və məntiqsizliyi aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə; - qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə; - müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmələr hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmamasına qiymət verməli, hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş həmin şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyripeşəkarlığına və (və ya) vicdanlı, məntiqli olmasına dəlalət edən halları araşdırmalıdırlar. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, "xxxx" MMC-nin iddiası rədd olunarkən, həmin MMC və “Aqro Yurd (Kəndli Fermer)” MMC arasında bağlanmış kredit müqaviləsinin əsli mövcud olmamışdır. Bununla da, məhkəmələr belə nəticəyə gəlmişlər ki, iddia sübut olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə əsassız olmuşdur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hazırki iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehin onların birgə təsis etdikləri "xxxx" MMC-nin qanuni nümayəndəsi olması ilə yanaşı, kredit alan “Aqro Yurd (Kəndli Fermer)” MMC-nin yeganə təsisçisi olmasını və bu səbəbdən sonuncu şirkətə verilmiş kreditin qaytarılmamasında maraqlı olmaqla, müvafiq kredit müqaviləsinin əslini MMC-də olmamasına görə məsuliyyət daşıdığını iddia etmişdir. Yəni iddiaçının mövqeyinə əsasən cavabdehin şəxsi maraqları təmsil etdiyi hüquqi şəxsin maraqları ilə toqquşmuş və bu səbəbdən əqd bağlanıldıqdan sonra vicdansızcasına hərəkət etmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə hazırki iddia üzrə araşdırmalı olan məsələlər cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi olub-olmaması, hansı dövrdə olması, həmin vəzifəyə təyin edilərkən və vəzifədən azad olunarkən MMC-nin maliyyə sənədlərinin lazımi qaydada təhvil alınıbverilməsi, mübahisələndirilən kredit müqaviləsinin MMC-nin hansı vəzifəli şəxsində saxlanılması, həmin sənədlər itirildiyi və ya məhv olunduğu halda, cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması və iddiaçının qarşısında mülki məsuliyyətinin yaranıbyaranmaması olmalıdır. Lakin iş materiallarından müəyyən olunur ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma aparmamış, tətbiq etməli olduğu MM-in 49.3-cü maddəsini tətbiq etməmiş, əksinə hazırki iddiaya aidiyyəti olmayan MM-in 87.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq mülki iş üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh 17 mart 2010-cu il tarixdə 01 sentyabr 2011-ci il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi (Baş müdiri) olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsinin 12.1ci maddəsindən görünür ki, müqaviləyə uyğun olaraq namizədi irəli sürülüən və bu nizamnamənin 10.2-ci bəndinin müddəalarına əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Baş müdir Cəmiyyətin təkbaşına icra orqanı və qanuni nümayəndəsi olmaqla Cəmiyyətin gündəlik fəaliyyətinin idarə edilməsini həyata keçirir. Nizamnamənin 12.2-ci maddəsinə görə Baş Müdir Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından bütün növ əqdləri, o cümlədən hazırki Nizamnaməyə uyğun olaraq təyin edilmiş auditorla müqavilə bağlayır, rəsmi sənədləri imzalayır, Qanunvericilik və hazırki Nizamnamə ilə Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının və ya müşahidə şurasının səlahiyyətinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Nizamnamənin 13.1-ci maddəsinə görə isə Nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa Cəmiyyətin baş müdiri Cəmiyyətin adından bütün növ əqdləri bağlamaq və Cəmiyyəti etibarnaməsiz təmsil etmək hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin təsis yığıncağının 11 mart 2010-cu il tarixli protokolu ilə “Aqro Yurd (Kəndli Fermer)” MMC tərəfindən "xxxx" ASC-dən alınmış kreditin qaytarılması məqsədi ilə Cəmiyyətin dövlət qeydiyyatına alınmasından sonra Cəmiyyət tərəfindən “Aqro Yurd (Kəndli Fermer)” MMC-yə bağlanılacaq müvafiq faizsiz borc müqaviləsinə əsasən 60000 manat məbləğində borcun verilməsi qərara alınmışdır. Eyni zamanda "xxxx" ASC-nin Debet haqqında bildiriş adlı sənədinə əsasən "xxxx" MMC tərəfindən 16 aprel 2010-cu il tarixdə "xxxx" MMC-nin aldığı kreditin qaytarılması üçün sonuncunun hesabına 60000 manat məbləğində vəsait mədaxil edilmişdir. Göründüyü kimi, Cavabdeh "xxxx" MMC-də (17 mart 2010-cu il tarixdə 01 sentyabr 2011-ci il tarixədək) Baş müdiri vəzifəsində olarkən yığıncağının protokoluna əsasən borc müqaviləsinin bağlanması cavabdehə həvalə olunduğu xüsusi vurğulanmış və həmin iclasın protokolu Cavabdeh şəxsən imzalamış və ödənilən pulu təyinatı barəsində məlumatlı olmuş, lakin ödəniş sənədlərində "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatı borc kimi göstərilməmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə borcun verilməsi cavabdeh tərəfindən düzgün sənədləşdirilmədiyi və ya səhlankar davranışı nəticəsində "xxxx" MMC məhkəmələrdə öz mövqeyini lazımı şəkildə müdafiə edə bilməmişdir. Yekunda borcun "xxxx" MMC-dən geri qaytarılması mümkün olmamış və nəticədə "xxxx" MMC-yə 60.000 manat ziyan dəymişdir. Kollegiya hesab edir ki, Nizamnamə ilə maliyyə sənədlərinin saxlanılması hər hansı şəxsə ötülmədiyindən və Cavabdeh "xxxx" MMC-nin təkbaşına icra orqanı vəzifəsini həyata keçirdiyindən qanuni təmsilçisi olduğu dövrdə sənədlərin lazımı qaydada tərtib edilməsi və saxlanılmasına cavabdeh də məhz odur. Cavabdehin nümayəndəsinin apellyasiya icraatı zamanı vermiş olduğu izahatından da görünür ki, cavabdeh müqavilənin mövcudluğunu qəbul etmir. Bu halda da kassasiya məhkəməsinin göstərişi üzrə, yəni maliyyə sənədlərinin (müqavilənin) lazımi qaydada təhvil verilib-verilməməsi barədə əlavə araşdırma aparılmasına da lüzum yoxdur. Kollegiya xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işin mübahisələndirilməyən haldır ki, Cavabdeh "xxxx" MMC-nin təsisçisi olmuş və "xxxx" MMC təsis edilərkən də "xxxx" MMC-nin direktoru olmaqla yeganə təmsiliçisi olmuşdur. Bu onu deməyə əsas verir ki, Cavabdeh "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatını göstərməməkdə və sənədlərin lazımı qaydada saxlamamaqda maraqlı olmuşdur. Apellyasiya şikayətinə etirazında cavabdeh qeyd etmişdir ki, hazırki vəziyyətdə İddiaçı QSC "xxxx" MMC-nin təsisşilərindən biridir. İddiaçı QSC-yə "xxxx" MMC-nin nizamnamə kapitalında 68% payın mülkiyyətçisidir. Belə olan halda İddiaçı QSC ehtimal olunan borc məbləğinin bütün hissəsinə iddiası nəyə əsaslanır? Onun ehtimal olunan zərərin ümumi məbləği nəzəri olaraq da 68%-dən çox ola bilməz. Kollegiya cavabdehin etirazı ilə bağlı qeyd edir ki, İddiaçı QSC hazırki halda tələb etdiyi pulu özü üçün deyil, təsisçisi olduğu "xxxx" MMC-nin hesabına ödənilməsini tələb edir. Bu halda QSC təsisisçisi olduğu "xxxx" MMC-nin maraqlarını müdafiə etməklə dəyən zərərin tam həcimdə tələb etməkdə haqlıdır. Belə ki, MM-nin 49.3-cü maddəsinə görə hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Ona görə də etirazın qeyd edilən dəlili əsassızıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu dövrdə maliyyə sənədlərinin lazımi qaydada saxlanılmasına cavabdeh olduğundan və vəzifədən azad olunarkən MMC-nin maliyyə sənədlərinin lazımi qaydada təhvil verdiyi sübut olunmadığından Cavabdeh MMC qarşısında bir başa mülki məsuliyyəti yaranmışdır. Ona görə də İddiaçı QSC Cavabdeh qarşı hazırki iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 60000 (altmış min) manat pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)- 2221/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 60000 (altmış min) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1950/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1950/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver