Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1954/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X1 və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(003)-1866/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə satmaq üçün qızıl verməli, cavabdeh isə qızılı satıb əldə olunan pulu ona verməli idi. 2.İddiaçı cavabdehin öhdəliklərini icra etmədiyinə ona 50000 manat bocu yarandığının iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat məbləğində borc pulun və 240 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 50000 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə qəbul etmiş, satacağına və əldə olunan gəliri iddiaçı ilə böləcəyinə vəd versə də, buna əməl etməmişdir. Belə ki, o, 2021-ci ilin iyun ayının əvvəllərində tanış olmuş və tanışlıq yarandıqdan sonra cavabdeh qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olduğunu bildirmiş və ona təklif etmişdir ki, qızıllarını 1 ay müddətinə dəyərindən baha qiymətə satsın. Cavabdehin təklifi ilə razılaşmış və ilk dəfə 1600 manat dəyərində qızıl-zinət əşyalarını satmağa vermişdir. Bir ay tamam olduqdan sonra cavabdeh ona 1800 manat pul vermiş və əldə olunan 200 manat gəlir aralarında bölünmüşdür. Həmin vaxtdan sonra cavabdehə etibarı yaranmış, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyalarının satışı həyata keçirilmişdir. Həmin vaxt cavabdehə verilmiş qızıl-zinət əşyaları satılmış və əldə olunan qazanc yarı bölünmüşdür. 2021-ci ilin dekabr ayında isə iddiaçı hesablayaraq 50000 manat dəyərində qızılzinət əşyalarını vermiş, cavabdeh isə həmin qızılların pulunu ödəməyi gecikdirmişdir. Cavabdehin bu hərəkətindən sonra aralarında mübahisə olmuş və iddiaçıya məlum olmuşdur ki, cavabdeh qızıl-zinət əşyalarını sataraq öz borclarını qaytarmışdır. Sonradan bu məsələ ilə bağlı cavabdehin atası Zaur adlı şəxslə danışıq olmuş və atası onlara məxsus torpağı satacağını və qızının borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq, bu günə kimi heç bir ödəniş edilməmişdir. Bundan sonra o, cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-də cavabdeh düzgün olmayan izahat verərək bu günə kimi 9200 manat borcunun olduğunu bildirmişdir. Cavabdehin ona 50000 manat borcunun olmasına dair səs yazıları, qızılların şəkilləri və digər sübutlar mövcuddur. Xəzər RPİ 2-ci PB tərəfindən çıxarılan qərara əsasən təhqiqat materialları istintaq aidiyyəti üzrə göndərilsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri onu ciddi maddi zərərə məruz qoymuşdur. Belə ki, qohumlarına 50000 manatdan çox borcu yaranmışdır. 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında münasibət 2021-ci ilin oktyabr ayında yaranmışdır. O, cavabdehə qohumundan aldığı qızılları satması üçün vermişdir. İlk vaxtlar cavabehə az miqdarda qızıl-zinət əşyaları vermiş, o da həmin qızıl-zinət əşyalarını satdıqdan sonra dəyərini ona ödəmişdir. Əsas böyük miqdarda qızıl-zinət əşyalarını cavabdehə 2021-ci ilin noyabr-dekabr aylarında vermişdir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, etiraz ərizəsini təqdim etmiş, bildirmişdir ki, iddia ərizəsində qeyd olunur ki, “iddiaçı 2021-ci ilin iyun ayının əvvəllərində Cavabdeh ilə tanış olmuş və tanışlıq yarandıqdan sonra cavabdeh qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul oldugunu bildirmiş və iddiaçıya təklif etmişdir ki, qızılları 1 ay müddətinə dəyərindən baha qiymətə satsın. Cavabdehin təklifi ilə iddiaçı razılaşmış və ilk dəfə 1600 manat dəyərində qızıl-zinət əşyalarını satmağa vermişdir. Bir ay tamam olduqdan sonra cavabdeh ona 1800 manat pul vermiş və əldə olunan 200 manat gəlir aralarında bölünmüşdür. Həmin vaxtdan sonra iddiaçının cavabdehə etibarı yaranmış, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyaların satışı həyata keçirilmişdir. Həmin vaxt cavabdehə verilmiş qızıl-zinət aşyaları satılmış və əldə olunan qazanc yarı bölünmüşdür. 2021-ci ilin dekabr ayında isə iddiaçı hesablayaraq 50.000 manat dəyərində qızıl-zinət əşyalarını vermiş cavabdeh isə həmin qızılların pulunu ödəməyi gecikdirmişdir.” Həmin iddia ilə aşağıda qeyd olunanlara əsasən razı deyil: Onlar iddiaçı ilə 2021-ci ilin iyun ayinda deyil, həmin ilin oktyabr ayının əvvəllərində tanış olmuşlar. Həmin vaxt iddiaçı - İddiaçı Buzovna qəsəbəsi ərazisində yerləşən mağazada qab-qacaq satışı ilə məşğul idi. Bir neçə dəfə ondan alış-veriş etdikdən sonra onun Whatsappda olan statuslarda qızıl-zinət əşyaları satdığını görmüş və iddiaçıya qızılların satılmasında köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra həmin ilin oktyabr ayının 20-də iddiaçı satmaq üçün 1200 manat dəyərində bir ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük verdi. Həmin qızılları azyaşlı övladı ilə eyni sinifdə oxuyan uşağın valideyninə satmışdır. Həmin qızılların pulunu 2 dəfəyə ödəməklə 1250 manata satmışdır. Həmin şəxs ilk dəfə 600, daha sonra isə 650 manat pul ödəmişdir. Pulu aldıqca iddiaçıya çatdırmışdır. 2021-ci ilin noyabr ayının ortalarından iddiaçı onların evinə gələrək ona 14200 manat dəyərində müxtəlif qızıllar verərək onları satmağı təklif etdi. İddiaçının təklifi ilə razılaşdıqdan sonra 1 ay müddət keçməsinə baxmayaraq qızıllar satılmadığı üçün həmin qızılları iddiaçıya geri qaytarmaq istəyib. Lakin iddiaçı bununla razılaşmadı, qızılları sataraq pulunu verməyini tələb etdi. Halbuki əvvəlcədən razılaşmaya əsasən qızıllar satılmadığı təqdirdə geri qaytaracaqdı. Bu səbəbdən də aralarında mübahisə baş verdi, çıxılmaz vəziyyətdə qalaraq valideynləri bilməsin deyə həmin qızılları 5000 manata sataraq pulunu iddiaçıya ödəmişdir. Yerdə qalan 9200 manat pulu isə ödəmək üçün iddiaçıdan vaxt istəmişdir. İddiaçı isə razılaşmadı. Sonradan isə həqiqətə uyğun olmayan danışıqlar etdi, vatsapla səs atdı ki, guya ki, onun 50000 manat borcu var. Bunu eşitdikdə yoldaşı ilə iddiaçının evinə getmiş və bildirmişdir ki, 9200 manat borcu qalıb, 50000 manat borc hardan əmələ gəlib. İddiaçı isə cavabında bildirdi ki, faiz hesablayıb. O, etiraz etmişdir ki, onlar faiz danışmamışlar, 14200 manatlıq qızıl almış, 5000 manat qaytarmış, 9200 manat borcu qalıb. İddiaçı hədə-qorxu gəlmişdir ki, pulu verməsə onu polisə verəcək. Həmin ilin dekabr ayının 26-da iddiaçı anası və yoldaşı ilə onların evinə gələrək atası Zaura bildirib ki, guya onun borcu var, istəməyə gəlib. Atası soruşanda isə borcun əvvəlcə 50000, sonra isə 25000 manat olduğunu deyib. Həmin vaxt orada onun yoldaşı və bacısının yoldaşı olublar. O, atasına bildirib ki, iddiaçıya cəmi 9200 manat borcu qalıb. Atası evini satıb 9200 manat pulu ödəyəcəyini öz ohdəsinə götürüb, İddiaçı və əri Məhəmməd Səfərovdan 3 ay vaxt istədi. Atası evi satışa çıxarsa da, ev satılmadığı üçün pulu ödəyə bilməmişlər. 2022-ci ilin mart ayında Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Arif Rzayev onlara gələrək bildirdi ki, İddiaçı şikayət edərək 25000 manat pul istəyir. O, İddiaçı 9200 manat borcu qalmağı barədə yazılı izahat vermişdir. 7.Əlavə etmişdir ki, iş materiallarında olan diskdəki səs həqiqətən də ona məxsusdur, səs qeydində iddiaçıya 23000 borcu olduğunu bildirir. Həmin səs qeydini o, iddiaçıya göndərib. 055 367 07 41 mobil nömrə ona məxsusdur. Lakin belə bir səs göndərməyini ondan iddiaçı xahiş edib, başqa alıcıya göstərəcəkdi. Ona görə də iddia tələbinin 9200 manat hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. 8.Həmçinin, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdehin izahatındakı xüsusatları qeyd edərək əlavə etmişdir ki, İddiaçı Cavabdeh ona 50000 manat borclu olmasına dair məhkəməyə heç bir sübut, dəlil təqdim edə bilməmişdir. İddia ərizəsində qeyd edilib ki, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyalarının satşı həyata keçirilmişdir. Lakin Məhkəmə zamanı iddiaçı hakimin sualına cavab olaraq bildirdi ki, cavabdehə ilk dəfə oktyabr ayında qızıl verib. Verdiyi qızılların çəkilərini, adlarını deyə bilmədi. İddia ərizəsində guya onların arasında 100000 manat alver etdiklərini və xeyiri aralarında böldüklərini qeyd etsə də, məhkəmə zamanı hakimin sualına cavabdehında cavabdeh verilən qızıllara görə iddiaçıya 18-20 min manat pul verdiyini bildirdi. Sonra ifadəsində şifahi olaraq iddia etdiyi 50000 manatdan 25000 manata düşdü. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi mesajlarda və səs yazısında Cavabdeh iddiaçıya 50000 manat borclu olması təsdiq olunmur. Cavabdeh iddianı qismən etiraf edərək iddiaçıya 9200 manat borcunun olmasını etiraf edir. Odur ki, iddia tələbinin 9200 manat hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. 9.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 sentyabr 2022-ci il tarixli, 2(003)-1866/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Emin Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh 23000,0 manat məbləğində pul vəsaiti və 110,0 manat dövlət rüsumu olmaqla, cəmi 23110,0 manat pulun alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun 130,0 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 10.Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısının yoldaşıdır. Mübahisəli qızılları onun lombardında qalmış qızıllardır. Həmin lombard indi də fəaliyyət göstərir. Qızılları şəxsən özü 3 dəfə Səriyyə xanıma verib. 2021-ci ilin noyabr-dekabr aylarında, Rahat marketin qarşısında, Qara Qarayev metrosunun çıxışında vermişdir. 260 qram qızılı Səriyyə xanıma vermiş, iki dəfə isə “Mercedes” markalı maşınla gələn şəxsə, cavabdehin tapşırığı ilə vermişdir. Səriyyə noyabr ayından sonra verdiyi qızılları qaytarmadı. Aytac onu Səriyyədən başqa heç kəslə tanış etməyib. 11.Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, Aytac onun həyat yoldaşıdır. Səriyyənin əri isə onunla işləyib. Onları 3-4 ildir tanıyır. Şəxsən o özü cavabdehin evinə qızıl aparıb. 12.İş materiallarına “Whatsapp” sosial şəbəkəsindən yazışmalar əlavə olunmuş, həmin yazışmalarda qızılların şəkillərinin göndərilməsi və bu barədə söhbətlər əks olunmuşdur. 13.İş materiallarında olan təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə aprel 2022 tarixli qərarın surətindən görünür ki, İddiaçı vəkili Qədirli X4 Səriyyə Elxan qızının barəsində şikayət ərizəsi ilə Xəzər RPİ-nin 2-ci PŞ-yə müraciət etmişdir. Cavabdeh izahat verərək, Aytacdan 14200 manat dəyərində müxtəlif növ qızıllar aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, qalan 9200 manat isə qaytaracağını bildirmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı qızıl-zinət əşyalarının satılması barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdehə verilmiş 50000 manat dəyərində əşyaların pulu ödənilməmiş qalmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, ondan 14200 manat dəyərində qızıl əşyalarını aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirir. 15.Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan əşyalar almaq və hüququna malik olduğu kimi, eyni zamanda tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan qızıl əşyalarını almasına dair hüquqlarından istifadə etmiş, tapşırığın icrası nəticəsində əldə olunan pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı satmaq üçün verdiyi qızılların dəyərini tələb etməkdə haqlıdır. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 50000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirsə də, verilmiş qızılların məhz tələb olunan miqdarda olmasına dair öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim olunan “Whatsapp” yazışmalarında əks olunan söhbətlər kifayət qədər aydın olmadığından, hazırkı tələb üzrə hər hansı faktın təsdiqi üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının təşəbbüsü ilə şahid qismində dəvət olunmuş şəxslər öz ifadələrində cavabdehə qızıl-zinət əşyalarının verildiyini təsdiq etsələr də, məhkəmə, iddiaçının maraq və mənafeyinə uyğun verilməklə işin digər halları ilə uyğunlaşmayan şahid ifadələrini inandırıcı saymamışdır. Odur ki, tələbin tam təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. 17.Məhkəmə qeyd etmişdir ki, mülki işdən görünür ki, cavabdeh 14200 manat dəyərində qızılları iddiaçıdan aldığını, həmçinin iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında 23000 manat məbləği etiraf edir. İddiaçı iddia tələbində cavabdehə 50000,0 manat dəyərində qızılzinət əşyaları verilməsini bildirsədə məhz həmin dəyərdə qızıl-zinət əşyalarının verilməsi iş materialları eləcə də işin araşdırılmış faktiki halları ilə öz təsdiqini tapmır. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, cavabdeh də məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edir. İşin mübahisəli halı isə yalnız verilmiş əşyaların dəyəri ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçıdan cəmi 14200,0 manat qızılzinət əşyalarını aldığını ondan 5000,0 manatını qaytarmaqla hazırda iddiaçıya 9200,0 manat borcunun olmasını bildirmişdir. 18.Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda aldığı qızıl-zinət əşyalarına görə 5000,0 manat ödəniş etdiyini bildirsə də, məhkəmə iclasında iddiaçı, eləcə də cavbdeh təsdiq etdilər ki, cavabdeh iyul ayından iddaçıdan az dəyərdə qızıl-zinət əşyaları götürmüş və həmin əşyaların dəyərini iddiaçıya ödəmişdir. Lakin həmin məbləğində nə qədər olmasını, yəni cavabdeh tərəfindən həmin qızıllara (əvəllər az miqdarda verilmiş qızıl-zinət əşyaları) görə hansı məbləğdə iddiaçıya ödəniş etməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərk hesab edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi olsada, yəni iddaçı həqiqətən satması üçün cavabdehə qızıl-zinət əşyaları versədə iddiaçı cavabdehə hansı miqdarda qızıl-zinət əşyaları verməsini, cavabdeh isə hansı məbləğdə ödənişlər etməsini sübut edə bilmədi. 19.Lakin məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış iki fərqli vaxtda aparılmış səs yazıları dinlənilmişdir. Ümumilikdə həmin səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 23000,0 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh son nəticədə həmin səs yazısında aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya 23000,0 manat pul qaytarmalı olmasını bildirdiyindən və həmin səs yazısı cavabdeh tərəfindən öz istəyi ilə, özünə məxsus “Whatsapp” sosial şəbəkəsindən iddiaçıya məxsus “Whatsapp” sosial şəbəkəsinə göndərildiyindən həmin səs yazıları sübut kimi qəbul edilməlidir. 20.Məhkəmə cavabdehin həmin səs yazılarının ona məxsus olduğunu, həqiqətən də orada iddiaçıya 23000 manat pul verməli olduğunu bildirməsini, lakin buna baxmayaraq həmin səs yazılarının iddiaçının xahişi ilə iddiaçıya göndərilməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Bundan əlavə, cavabdeh, iddiaçı ilə razılaşdıqdan 1 ay sonra qızıllar satılmadığı üçün onları iddiaçıya geri qaytarmaq istəməsini, lakin iddiaçının bununla razılaşmamasını və iddiaçının ondan qızılların dəyərini istəməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının qızılları qəbul etməməsi, yaxud cavabdehin qızılları satmağa məcbur edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 782.1, 385.1, 442-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın qismən-9200 (doqquz min iki yüz) manat məbləğində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhv olaraq onun iddiaçıya 16000 və 23000 manat borclu olduğunu qeyd edir ki, bu da düz deyil. O, heç bir yerdə iddiaçıya 16000 və 23000 manat borclu olduğunu bildirməmişdır. Məhkəmənin əsaslandığı səs yazısına görə o, məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ona Namiq və Samir adlı şəxslərə borcunun olduğunu bildirmişdi. Namiqə 16000, Samirə isə 23000 manat borcu var idi. İddiaçı ondan xahiş etmişdi ki, ona borclarını qaytarmaq üçün başqa şəxslərdən pul istəyir sonra satmaq üçün Samirdən əlavə qızıllar alıb ona verməli idi. Cavabdeh də ona inanıb xalasına və başqa şəxlərdən borc pul da istəmişdir. Lakin heç kim vermədi. O, həmin səs yazısında bunları demişdir. Qətnamədə iş üçün əhəmiyyətli olan hallar sübut edilmir və iş üzrə mövcud olan faktlar ya qeyri mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdehin səs yazısı ilə müəyyən olunur ki, həqiqətən ona borcu vardır. Əslində qətnamə ilə onun xeyrinə az məbləğdə pul tutulsa da, o, bundan şikayət verməmişdir. Cavabdehin apellyasiya şikayətində yazdıqları həqiqətə uyğun deyildir. Cavabdeh özü səs yazısında 23000 manat borcunun olmasını etiraf edir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin, qətnamə dəyişdirilmədən saxlanılsın. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 777.1.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 30.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 31.Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 32.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası iddiaçının izahatını dinlayib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.İlk öncə kollegiya qeyd edir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsinin bağlanması barədə mübahisənin qanuni əsasının müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. 41.Belə ki, işin halları ondan ibarətdir ki, vəkalət verən olan iddiaçı qızıl-zinət əşyalarının satılması barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. İddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdehə verilmiş 50000 manat dəyərində əşyaların pulu ödənilməmiş qalmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, ondan 14200 manat dəyərində qızıl əşyalarını aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirmişdir. 42.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 14200 manat dəyərində qızılları iddiaçıdan aldığını, 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirsə də, iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında 23000 manat məbləği etiraf etdiyindən, məhkəmə düzgün olaraq iddianın məhz həmin məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmişdir. 43.Kollegiya “Whatsapp” səs yazısının məhkəmədə sübut kimi qəbul olunması məsələsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini qeyd edir. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 44.Belə ki, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində iki fərqli vaxtda aparılmış səs yazıları məhkəmə kollegiyası tərəfindən dinlənilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 23000,0 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olduğunu bildirmişdir. 45.Kollegiya apellyatorun- “iddiaçı ona Namiq və Samir adlı şəxslərə borcunun olduğunu bildirmişdi. Namiqə 16000, Samirə isə 23000 manat borcu var idi. İddiaçı ondan xahiş etmişdi ki, ona borclarını qaytarmaq üçün başqa şəxslərdən pul istəyir, sonra satmaq üçün Samirdən əlavə qızıllar alıb ona verməli idi. Cavabdeh də ona inanıb xalasına və başqa şəxlərdən borc pul da istəmişdir. Lakin heç kim vermədi. O, həmin səs yazısında bunları demişdir” kimi qeyd etdiyi dəlilini əsassız hesab edərək, qeyd edir ki, səs yazılarında qeyd olunan hallar öz təsdiqini tapmamış, cavabdeh qeyd etdiyi dəlilini təsdiq edən heç bir sübut təqdim etməmişdir. 46.Digər tərəfdən cavabdehin iddiaçının xahişi ilə iddiaçıya qeyd olunan səs yazısını göndərməsi ilə bağlı qeyd etdikləri əsassız olmaqla, kollegiya qeyd edir ki, aralarında pul məbləğinin ödənilməsi ilə bağlı mübahisə olduğu halda, iddiaçının belə bir xahişinə görə cavabdehin qeyd olunan səs yazısını göndərməsi inandırıcı olmamaqla, heç bir mötəbər sübutla təsdiq edilmir. 47.Bundan əlavə, cavabdeh, iddiaçı ilə razılaşdıqdan 1 ay sonra qızıllar satılmadığı üçün onları iddiaçıya geri qaytarmaq istəməsini, lakin iddiaçının bununla razılaşmamasını və iddiaçının ondan qızılların dəyərini istəməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qızılları qəbul etməməsi, yaxud cavabdehin qızılları satmağa məcbur edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. 48.Beləlikə qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası məhkəmənin mübahisələndirən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(003)-1866/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirlən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(003)-1866/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fərrux Qasımov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1954/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1954/2023
15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver