Məhkəmə qərarları › İş №2(103)-1956/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1956/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1956/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin e-2(004)-4509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, Müəyyən etdi:

1. Yasamal Rayon Məhkəməsinin e-2(004)-4509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia tələbi rədd edilməmişdir.

2. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün olmadığından mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

4. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.

5. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

6. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

7. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (135.5)

8. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

9. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

10. Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

12. “Azemis Elektron informasiya” sistemindən görünür ki, mübahisələndirilən qətnamə iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir.

13. Bununla da müəyyən olunur ki, iddiaçı apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq şikayət vermə müddətini ötürmüş, müddətin bərpasına dair ərizə (vəsatət) təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən apellyasiya şikayətinin müddət ötürülməklə verilməsinə baxmayaraq, onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

15. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

16. Belə olan halda Məhkəmə kollegiyanın qənaətinə görə, hazırda iş üzrə iddiaçının şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 130, 363 və 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Yasamal Rayon Məhkəməsinin e-2(004)-4509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar